Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3085/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “işə bərpa və əmək haqqı tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı “işə bərpa və əmək haqqı tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1995-ci ildən başlayaraq fasiləsiz olaraq dövlət orqanında, 2005-ci ildən isə dövlət qulluğu statusunda işləməyini nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən verilən 600 manat əmək haqqı ilə “ştatdankənar işçi” vəzifəsinə təsdiq olunmağı və işdən azad olunmağı Azərbaycan Respublikası Konstitusiyasının, Əmək Məcəlləsinin tələblərinin kobud surətdə pozulması ilə aparıldığı üçün 17 avqust 2020-ci il tarixdən “ştatdankənar işçi” vəzifəsinə təyin olunmağı və 20 noyabr 2020-ci il tarixdən işdən azad olunmağı barədə əmrlərin ləğv olunaraq həmin tarixdən müddətsiz müqavilə ilə Fondun Xaçmaz xidmət nümayəndəliyində ərazi mütəxəssisi vəzifəsinə təyin olunmağı, işləmədiyi və əmək haqqı ödənilməyən bütün müddət üçün əmək haqqının ödənilməsi, göstərilən tarixdən ona ödənilən faktiki əmək haqqı ilə mütəxəssis vəzifəsinin əmək haqqı arasındakı fərqin ödənilməsi, nazirliyin əmrinə əsasən 29.07.2020-ci il tarixdən işdən azad olunmağına və fondun əmrinə əsasən 17.08.2020-ci il tarixdən işə başlamağı nəzərdə tutulsa da faktiki olaraq 30.07.2020-ci il tarixdən 17.08.2020-ci il tarixə kimi işə çıxıb vəzifə funksiyalarını yerinə yetirdiyi üçün həmin müddətin əmək haqqının mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsinə göstərilən tələblərin yerinə yetirilməsi barədə öhdəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulması və Fondun bütün əmrləri razılaşdırmalı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07 avqust 1976-cu il təvəllüdlü olub 1993-cü il tarixdə orta məktəbi bitirmişdir. Həmin ildə Bakı Rabitə Kollecinə daxil olmuşdur. 1995-ci ildə Kolleçin “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” fakültəsini mühasib ixtisası üzrə fərqlənmə ilə bitirmişdir. Həmin ilin oktyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xaçmaz Rayon X1 sektoruna mühasib işinə qəbul olmuş, daha sonra aparıcı-məsləhətçi nəzarətçi-mühasib vəzifəsinə təyin olunmuş və hal-hazıra kimi həmin vəzifədə çalışmışdır. Əmək fəaliyyəti müddətində təxminən 25 il fasiləsiz olaraq eyni vəzifədə işləmişdir. İşlədiyi müddətdə dəfələrlə aparılan struktur dəyişiklikləri ilə əlaqədar işlədiyi idarənin və tutduğu vəzifənin adı dəyişdirilmişdir. 2005-ci ildən 2020-ci ilin avqust ayına kimi dövlət qulluqçusu statusunda fəaliyyət göstərmişdir. Dövlət qulluğu vəzifəsinə qəbul olunmaq üçün ali təhsil tələb olunmağına baxmayaraq həmin qanuna kimi işləməyi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin tələblərinə uyğun olaraq əmək fəaliyyətimə maneəçilik törədilməmişdir. Təxminən 2020-ci ilin may ayından onlara problemlər yaradılmağa başlanıldı. Əvvəl bildirildi ki, dövlət qulluğu statusuna xitam veriləcək, işlədikləri təşkilat publik hüquqi şəxsə çevriləcək və nəticədə orta ixtisas təhsilli kadrların işinə xitam veriləcək. Sonradan isə məlumat verildi ki, əvvəl əməkdaşların peşəkar biliklərinin yoxlanılması aparılacaq və keçid balı toplamış şəxslər ştata uyğun olaraq işlə təmin olunacaq. Təxminən 2020-ci ilin iyun ayının sonları, iyul ayının əvvəlləri Fonddan öz arzusu ilə işdən azad olunmağı və yeni işlə təmin olunmağı barədə yazmalı olduqları ərizələrin nümunələri göndərildi və həmin ərizələrin tərtib olunması üçün təzyiqlər etdilər. Ərizələrdə tərtib olunma tarixi göstərilməmişdir və onlar da ərizəni yazarkən tarix qoymamışlar. Nəticədə ərizəni yazmalı olmuşlar. Halbuki “Əmək Məcəlləsi”nin 56 və 63-cü maddələrinə əsasən əmək şəraitinin şərtləri və mülkiyyətçi dəyişdikdə əvvəlki mülkiyyətçi ilə bağlanmış müqavilə dəyişdirilmədən saxlanılaraq davam etdirilməlidir. İşdən çıxarılma barədə ərizə formaları əvvəl adi məzmunda göndərilsə də, sonradan işçilərin bütün hüquqlarının məhdudlaşdırılması üçün ərizənin məzmununa “1 ay xəbərdarlıq müddətini gözləmədən” sözü əlavə olunub. Eyni zamanda Fonddan onlara bildirildi ki, keçid balını toplamış əməkdaşlara problem yaradılmayacaq. Beləliklə 23-24 iyul 2020-ci il tarixdə şöbədə əməkdaşların peşəkar biliklərinin yoxlanılması aparıldı. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn yerlərdə müvafiq idarələrinin yaradılması barədə **********68 nömrəli 23.07.2020-ci il tarixli qərarı daxil olmuşdur. Peşəkar biliklərin yoxlanılması zamanı mühasibat uçotu sektorunun işçisi kimi 35 keçid balına qarşı 45 bal toplamışdır. Əldə etdiyi nəticəyə əsasən daimi işlə təmin olunacağını gözlədiyi halda 27 iyul 2020-ci il tarixdə onlara Fondun bütün yerli şöbələrinin əməkdaşlarının 29 iyul 2020-ci il tarixdən öz xahişləri ilə işdən azad olunmaqları barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********6 nömrəli 27 iyul 2020-ci il tarixli əmri daxil oldu. Maraqlıdır ki, təxminən bir ay əvvəl yazılan ərizəyə hansı tarix qoyulub və kim tarixi qoyub. Nazirliyin əmrindən belə çıxır ki, bütün ölkə üzrə yerli orqanların işçiləri eyni vaxtda öz xahişləri ilə işdən çıxıblar. Nazirliyin məqsədi belə görünür ki, əslində keçid balı toplamayıb ixtisar ilə əlaqədar işdən azad olunmalı əməkdaşları işsizliyə görə müavinət almaq hüququndan məhrum etmək olub. Həmçinin peşəkar biliklərin yoxlanılmasının nəticələri barədə cədvəldə balı düzgün qeyd olunsa da imtahan verdiyi sektor düzgün qeyd olunmamışdır. Özü də bu hal tək onda yox, kimi azad etmək istəyirlərsə hamısında ediblər. Ən acınacaqlı hal isə bundan sonra baş verib. 14.08.2020-ci il tarixdə bir ay sınaq müddəti olmaqla üç aylıq müqavilə ilə əməkdaşların 17 avqust 2020-ci il tarixdən işə qəbul edilməsi barədə Fondun **********6 nömrəli 14 avqust 2020-ci il tarixli əmri daxil oldu və onun 45 bal toplamağına baxmayaraq guya orta ixtisas təhsilli olduğu üçün özlərindən “ştatdankənar işçi” vəzifəsi ixtira edərək 600 manat əmək haqqı ilə həmin vəzifəyə təyin etdilər. Dövlət idarəsində elə bir “ştatdankənar işçi” vəzifəsi olmasa da, əmək haqqını da əvvəlki əmək haqqından aşağı müəyyən edərək ştat ilə texniki işçiyə müəyyən edilən əmək haqqı həddində müəyyən etdilər. “Əmək Məcəlləsi”nin 45 və 47-ci maddələrinə əsasən müddətli əmək müqaviləsi mövsümü işlərə və ilk dəfə işə götürülənlərlə bağlanılır. Onunla əvvəldən işlədiyi üçün “Əmək Məcəlləsi”nin 56 və 63-cü maddələrinə əsasən müddətsiz müqavilə bağlanmalı idi. Ştatların az olmasını da bəhanə gətirə bilməzlər. Çünki Xaçmaz rayonu xidmət nümayəndəliyi olaraq Quba rayonunda yaradılmış 2 saylı regional ərazi filialına tabedir. Xidmət nümayəndəliyində 14 ştat, 2 saylı regional ərazi filialında isə ilkin olaraq 41 ştat nəzərdə tutulmuş, sonradan 42 ədəd ştat da əlavə edilmişdir. Ən aşağı maaş isə mütəxəssis vəzifəsi üçün 1000 manat müəyyən edilmişdir. Belə ki, orta ixtisas təhsilli olduğu üçün ən pis halda ali təhsilliləri regional ərazi filialına təyin etməklə onu xidmət nümayəndəliyində işlə təmin etməli idilər. Publik hüquqi şəxs haqqında Azərbaycan Respublikasının Qanununda və Xidmət nümayəndəliyinin əsasnaməsində işə qəbul zamanı ali təhsilin tələb olunması nəzərdə tutulmayıb. Eyni zamanda onları 29 iyul 2020-ci il tarixdən işdən azad edərək 17 avqust 2020-ci il tarixdən işə qəbul edilmiş və arada olan müddət üçün əmək haqqı hesablanılmamışdır. Deməli həmin müddətdə idarə tamam bağlı olub və pensiyaçılara xidmət göstərilməyib? Həmin müddətdə əməkdaşlar işləmiş və bunu işə davamiyyət jurnalında olan imzalar, həmin müddətdə elektron qaydada idarədən çıxan və daxil olan yazışmalar da sübut edir. “Əmək Məcəlləsi”nin 49-cu maddəsinə əsasən işçi işə başladığı gündən əmək müqaviləsi bağlanmış hesab olunur və ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib olunmalıdır. Yuxarı təşkilatda qanunların tələblərinə o dərəcədə laqeyd yanaşılır ki, onlara hətta yazılı müqavilə də bağlanması təklif olunmamışdır. Ancaq oktyabr ayının 30-da müqavilələrin imza olunması üçün göndəriləcəyi barədə və imza olunmalı sonuncu vərəq elektron məlumat qaydasında daxil olub. Qanunvericiliyin tələblərinə əsasən müqavilə 2 nüsxədə tərtib olunaraq 1 nüsxəsi işçidə qalmalı olduğu halda məlumatda müqavilənin 2 nüsxədə tərtib olunacağı tam təsdiq olunmur. Faktiki müqavilə 2 nüsxədə təqdim olunub və qanunvericiliyin tələbləri pozularaq heç bir nüsxəsi işçidə saxlanılmayıb. O, elektron qaydada iş yeri barədə məlumatı araşdırarkən onun vəzifəsinin mütəxəssis kimi qeyd edilməsi aşkar edilib. Deməli onun işə qəbul olunmağı rəsmiləşdirilərkən vəzifəsi sənəddə qanunvericiliyə uyğun olmayaraq “ştatdankənar işçi”, elektron məlumatda isə düzgün olaraq “mütəxəssis” kimi qeyd olunub və həmin müddətdə əmək haqqım 1000 manat əvəzinə 600 manat məbləğində ödənilib. 16 noyabr 2020-ci il tarixdə isə müqavilənin müddətinin bitməsi ilə əlaqədar işinə xitam veriləcəyi barədə elektron qaydada xəbərdarlıq göndərilib. Həmin tarixdə yenidən elektron qaydada göndərilən əlavə məlumatda əməkdaşların qiymətləndirmədə əldə etdiyi nəticələrin nəzərə alınacağı bildirilib. 17 noyabr 2020-ci il tarixdə isə xəbərdarlığı yalnız orta təhsili olan əməkdaşların imzalamalı olması barədə məlumat daxil olub. 26.11.2020-ci il tarixdə imzalamadığı müqavilənin müddətinin qurtarması ilə əlaqədar 20 noyabr 2020-ci il tarixdən işinə xitam verilməsi barədə **********8 nömrəli 26.11.2020-ci il tarixli əmr daxil olmuşdur. Nəticədə ona və bütün əməkdaşlara qarşı edilmiş qanunsuz hərəkətlərə son verilmiş oldu. Burda da “Əmək Məcəlləsi”nin tələbləri pozulub. Belə ki, işdən çıxma əmrində tarix 20.11.2020-ci il göstərilib və əmr 26.11.2020-ci il tarixdə elektron qaydada göndərilib. Lakin 23.11.2020-ci il tarixdə noyabr ayı üçün əmək haqlarının hesablanması üçün tabel tələb olunduqda ştatdankənar işçilərin məsələsinin hələ tam bilinmədiyi və əmrləşmə aparılmadığı barədə məlumat daxil olub. Deməli əmrin rəsmiləşdirilməsində də uyğunsuzluq olub. Azərbaycan Respublikasının Prezidenti öz çıxışlarında dəfələrlə əhalinin incidilməməsi, hai-hazırkı şəraitdə heç kimi işdən çıxarmamaq barədə xəbərdarlıq etdiyi halda hələ də qanunsuzluqlara yol verilir. X2 də dəfələrlə bildirib ki, pandemiya dövründə işçilərin işdən çıxarılması yol verilməzdir, özü isə tək bizim rayondan təxminən 25 nəfəri işdən azad edir. Aparılan struktur dəyişiklikləri vəsaitə qənaət etmək məqsədilə edilibsə, bəs onda Fondun tərkibində çox yüksək əmək haqqı ilə əlavə filial və departamentlər və bir işçinin işini 5-6 işçiyə bölərək yüksək maaşlı əlavə ştatlar nə üçün yaradılır? Hətta yeni qurumda mütəxəssis kimi işləmək üçün ali təhsil tələb olunsa da, dəyişiklikdən əvvəl işlədiyi üçün həmin tələb ona aid ola bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki çəxslərin vəziyyətinin pisləşməsinə səbəb olan normativ hüquqi aktlar geri şamil olunmur. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyət orqanlarının borcudur. Azərbaycan Respublikası Prezidentinin 2020ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 7.5-ci bəndinə əsasən Cavabdeh işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. Prezident Fərmanına və digər Qanunlara ciddi yanaşılırsa, bu qədər işçinin işdən çıxarılması hansı Qanuna əsaslandırılmışdır. İddiaçı 25.05.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi 14.08.2020-ci il tarixdə bağlanmışdır. Müqavilənin müddətli olması işçi və işəgötürənin qarşılıqlı razılığı əsasında baş vermişdir. Həmin əmək müqaviləsində müqavilənin hansı müddətə bağlanması, işçinin hansı vəzifəni tutacağı, bütün digər məsələlər öz əksini tapmış və müqavilə işçi və işəgötürən tərəfindən imzalanmışdır. Müqavilənin müddəti 14.11.2020-ci il tarixdə bitmişdir. Qanunvericiliyə əsasən müddətli əmək müqaviləsinin müddəti bitdikdən bir həftə sonra tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsini tələb edərsə, həmin müqaviləyə xitam verilir. 20.11.2020-ci il tarixdə iddiaçının əmək fəaliyyətinə xitam verilməsi barədə əmr verilmişdir. 17.11.2020-ci il tarixdə işçi müqaviləyə xitam verilməsi barədə xəbərdar edilmişdir. Beləliklə o, hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak cavabdehin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27.07.2020-ci il tarixli, **********6 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh yerli bölmələrinin işçisi İddiaçı 2020-ci il 29 iyul tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Cavabdehn 14.08.2020-ci il tarixli, **********6 saylı Əmrindən görünür ki, İddiaçı ilə 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə ştatdankənar işçi kimi müqavilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Cavabdeh 20.11.2020-ci il tarixli, **********28 saylı əmrindən görünür ki, İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 47-ci maddəsinin f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi əsaslarındandır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 14.08.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Cavabdehn 14.08.2020-ci il tarixli, **********6 saylı Əmrindən görünür ki, İddiaçı ilə 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə ştatdankənar işçi kimi müqavilə bağlanmışdır. Müqavilə bitdikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Cavabdeh 20.11.2020-ci il tarixli, **********28 saylı əmri ilə İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı Cavabdehna qarşı “işə bərpa və əmək haqqı tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 avqust 2020-ci il tarixdən “ştatdankənar işçi” vəzifəsinə təyin olunmağı və 20 noyabr 2020-ci il tarixdən işdən azad olunmağı barədə əmrlərin ləğv olunaraq həmin tarixdən müddətsiz müqavilə ilə Fondun Xaçmaz xidmət nümayəndəliyində ərazi mütəxəssisi vəzifəsinə təyin olunmağı, işləmədiyi və əmək haqqı ödənilməyən bütün müddət üçün əmək haqqının ödənilməsi, göstərilən tarixdən ona ödənilən faktiki əmək haqqı ilə mütəxəssis vəzifəsinin əmək haqqı arasındakı fərqin ödənilməsi, nazirliyin əmrinə əsasən 29.07.2020-ci il tarixdən işdən azad olunmağına və fondun əmrinə əsasən 17.08.2020-ci il tarixdən işə başlamağı nəzərdə tutulsa da faktiki olaraq 30.07.2020-ci il tarixdən 17.08.2020-ci il tarixə kimi işə çıxıb vəzifə funksiyalarını yerinə yetirdiyi üçün həmin müddətin əmək haqqının mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsinə göstərilən tələblərin yerinə yetirilməsi barədə öhdəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulması və Fondun bütün əmrləri razılaşdırmalı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd edilmiş qanunvericilik aktlarından və iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 14.08.2020-ci il tarixli əmək müqaviləsi 3 ay müddətinə tərəflərin razılığı ilə və qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Həmin müddət qurtardıqdan sonra işə götürən işçi ilə əmək münasibətlərini davam etdirmək niyyətində olmaması barədə işçiyə məlumat vermiş və müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanuna uyğun və əsaslı olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilmədiyindən iddia tələbi iddiaçının işləmədiyi müddət üçün əmək haqqının ödənilməsi hissəsində təmin edilə bilməz. Həmçinin məhkəmə, iddia tələbinin iddiaçının 30.07.2020-ci il tarixdən 17.08.2020-ci il tarixə kimi işə çıxıb vəzifə funksiyalarını yerinə yetirdiyi üçün həmin müddətin əmək haqqının mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsinə göstərilən tələblərin yerinə yetirilməsi barədə öhdəliyin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulması hissəsi üzrə də qeyd edir ki, həmin müddətdə iddiaçının işə çıxmasına dair iş materiallarına heç bir sənəd əlavə edilməmiş və iddiaçının həmin müddət ərzində işə çıxıb vəzifə funksiyalarının yerinə yetirilməsi öz təsdiqini tapmır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3085/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3085/2021
26.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver