Məhkəmə qərarları › İş №2(004)-3092/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3092/2023

13.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3092/2023 13.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 Ağcan oğlu və Cavabdeh2 qarşı "ailəsi ilə (arvadı, uşaqları) birlikdə fərdi yaşayış evinə köçürülmə və evdən istifadə hüququnun həyata keçirilməsinə dair maneələrin cavabdehlərə qadağan olunması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 Ağcan oğlu və Cavabdeh2 qarşı " ailəsi ilə (arvadı, uşaqları) birlikdə fərdi yaşayış evinə köçürülmə və evdən istifadə hüququnun həyata keçirilməsinə dair maneələrin cavabdehlərə qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Xəqazni Dadaşov küçşəsi, 47 ünvanında yerləşən fərdi evdə doğulmuş, həmin evdə iki uşağı doğulmuş, hazırda özü və uşaqları həmin evdə qeydiyyatdadırlar. Cavabdehlərdən biri atası, digəri isə əmisi qızıdır. Cavabdehlər uzun müddətidir ki, iddiaçını azyaşlı uşaqları ilə birlikdə evdən çıxarmış və həmin evdə yaşamağa icazə vermirlər. Qeyd olunanlar nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı məhkəməyə yazılı qaydada müraciət edərək iddia ərizəsinə əlavə etdiyi sübutlar əsasında işə baxılmasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq verilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Xəqazni Dadaşov küçşəsi, 47 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi üzərində xx.xx.1978-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1988-ci il tarixdə, digər hissəsi üzərində isə xx.xx.2014-cü il tarixli 4Ə-01-214 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh2 paylı mülkiyyət hüququ qeydə alınmış, həmin fərdi yaşayış evinin 1-/16 hissəsi Cavabdeh2 paylı mülkiyyətindədir. Sözügedən məktuba əsasən müəyyən edilir ki, cavabdeh X2 həmin daşınmaz əmlak üzrə mülkiyyətçi kimi qeydə alınmamışdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, şəxsiyyət vəsiqəsinin surəti, iddiaçının əlillik vəsiqəsinin surəti, müvəqqəti qeydiyyat barədə arayışlar və iddiaçının uşaqlarının doğum haqqında şəhadətnamələridir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, aktiv prosessual fəaliyyət həyata keçirməmiş, tələbin təmin edilməsi istiqamətində işin faktiki və ya hüquqi halları barədə sənəd sübut, material təqdim etməmiş, mübahisənin faktiki vəziyyətini, hüquq münasibətlərinin yaranması tarixi, əsaslarını müəyyən etməkdən ötrü şifahi formada da olsa məhkəməyə mülahizə, fikir bildirməmişdir. İddia ərizəsi əsaslandırılmadığından və tələbə dair sübutlar təqdim edilmədiyindən iddia tələbinin təmin olunması mümkün hesab edilmir. Araşdırma nəticəsində müəyyən edilir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi olan Cavabdeh2 iddiaçının əmisinin qızıdır. Bu səbəbdən, sonuncu iddiaçının ailə üzvü hesab edilə bilməz. İddiaçının ailə üzvü olan atası Cavabdeh1 Ağcan oğlu isə mübahisə predmeti olan daşınmaz əmlaka münasibətdə mülkiyyətçi kimi çıxış etmir. Anoloji normalar olaraq məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mübahisə predmeti fərdi yaşayış evində formal qeydiyyatda olmaq istifadə hüququnun yaranmasının əsası qismində çıxış edə bilməz. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 Ağcan oğlu və Cavabdeh2 qarşı "ailəsi ilə (arvadı, uşaqları) birlikdə fərdi yaşayış evinə köçürülmə və evdən istifadə hüququnun həyata keçirilməsinə dair maneələrin cavabdehlərə qadağan olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar