Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3097/2022 27.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilənin ləğvi və pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilənin ləğvi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 MMC şirkətini təmsil edən Cavabdeh1 arasında bağladığı xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin ləğv olunması və həmin podrat müqaviləsi əsasında ödədiyi 12000 manat məbləğində pulun Cavabdeh2ndən alınaraq barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 6 nəfər ailə üzvü ilə birlikdə kirayə yaşayırdılar. Ev balaca və şəraitsiz olduğundan iddiaçı bankdan pul götürüb ailənin normal mənzillə təmin olunması üçün 28 iyul 2021-ci il tarixdə cavabdehlə Cavabdeh2 təmsil edən Cavabdeh1 ilə podrat müqaviləsi bağlayaraq, 40 000 manat dəyərində olan Abşeron rayonu Masazır qəsəbəsi Ç.Mustafayev küçəsi, döngə 2-də yerləşən 60 kv m olan 1 mərtəbəli 10 daş kürsü üzərində 3 otaqlı mətbəxli, dəhlizli, tam təmirli fərdi yaşayış üçün hazır vəziyyətində təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı 40000 manat puldan 12000 manat pulu müqavilə bağladığı gün notarius depoziti hesabı vasitəsilə ödəmişdir. Qalan 28000 manat pul vəsaiti isə hər ay 467 manat ödəmək şərti ilə xx.xx.2026-cı il tarixinə kimi ödəməyi öhdəsinə götürmüşdür. Bildirir ki, Cavabdeh2 ilə iddiaçı ilə bağlanan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Abşeron rayonu Masazır qəsəbəsi Ç.Mustafayev küçəsi, döngə 2-də yerləşən 60 kv m olan 1 mərtəbəli 10 daş kürsü üzərində 3 otaqlı mətbəxli, dəhlizli, tam təmirli xx.xx.2021-ci il tarixdə ona verəcəyini öhdəsinə götürmüşdür. Lakin müqavilələrin üstündən uzun müddət keçməsinə baxmayaraq ev tikilmir. Hər dəfə soruşanda isə müxtəlif bəhanələr gətirildi. Axırıncı dəfə isə telefonlara cavab verilməməyə başlanılmış və iddiaçı da Bakı şəhəri Nəsimi RPİ-nin 19-cı PŞ-nə müraciət etməyə məcbur olmuşdur. Lakin işdə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş və müki qaydada məhkəməyə müraciət etmk məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, icraçı, Cavabdeh2 ilə sifarişçi Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə əsasən icraçı öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında faktiki istifadəsində oran 112 kv,m torpaq sahəsində inşa edilən 3 metr daxili hündürlüyü, daxili və xarici divarları mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, giriş qapısı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel-metlax, ümumi sahəsi 60 kv.m. olan 1 mərtəbəli, 10 daş kürsü üzərində 3otaqlı, mətbəxli, dəhlizli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək, müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 40000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 12000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 28000 manat pul vəsaitini isə hər ay 467 manat olmaqla xx.xx.2026-cı il tarixədək ödəməyi öhdəsinə götürür. İcraçı sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx.xx.2021-ci iı il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürür. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında fərdi yaşayış evini tikintisi üçün İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli podrat müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə uyğun ilkin ödəniş qismində iddiaçı tərəfindən notariusun depozit hesabı vasitəsi ilə 12000 manat məbləğində pul Cavabdeh2nə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həminhərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli podrat müqaviləsi ləğv edilməli, Cavabdeh2ndən 12000 manat məbləğində pul və 128 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. İddia tələbi cavabdeh " Cavabdeh1 münasibətdə əsaslandırılmadığına, bu səbəbdən də, əsassız olduğuna görə təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi ləğv edilsin. Cavabdeh2 MMC-dən 12000 (on iki min) manat məbləğində pul və ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3097/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3097/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver