Məhkəmə qərarları › İş №2(004)-3105/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-3105/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3105/2022 27.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1741 (min yeddi yüz qırx bir) manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh təqribən 2020-ci ilin sentyabr ayında tanımışdır. İddiaçı müəllimlərin işə qəbul imtahanını (MİQ) verdikdən sonra Quba rayonu A.Aslanov adına Qonaqkənd tam orta məktəbinə azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmişdir. Cavabdeh həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyirdi. İddiaçının qalmağa yeri olmadığı üçün Cavabdeh məxsus evdə ayı 50 manata kirayə qalırdı. 2021-ci ilin aprel ayında cavabdehin ehtiyacı olduğu üçün bankdan iddiaçının adına kredit götürüb ona verməyini xahiş etmiş və aylıq ödənişləri kredit qurtaranadək özü ödəyəcəyini bildirmişdir. İddiaçı ondan nəyə görə öz adına kredit götürmədiyini soruşduqda özü başqasına zamin durduğu üçün kredit götürə bilmədiyini demişdir. İddiaçı bir iş yoldaşı, həm də evində kirayədə qaldığı şəxs kimi ona inanaraq 23 aprel 2021-ci il tarixdə “Unibank" ASC-nin Quba Filialından 12 ay müddətinə 18% dərəcəsi ilə 3050 manat kredit götürüb bankın inzibati binası daxilində cavabdehə vermişdir. Tərəflər arasında olan razılaşmaya əsasən faizlə birgə 3356 manat kerdit borcunu Cavabdeh hər ay 288 manat olmaqla qrafik üzrə Unibank ASC-yə ödəməli idi. Cavabdeh 2021-ci ilin oktyabr ayı daxil olmaqla cəmi 1633 manat ödəmişdir. Qalıq 1723 manat və gecikmə faizi ilə cəmi 1741 manat noyabr ayından başlayaraq iddiaçı bütün aylıq ödənişləri etmiş və kredit borcunu tam həcmdə ödəmişdir. Hazırda Cavabdeh iddiaçıya 1741 manat borcu qalmışdır. Ərizəyə əlavə edilmiş audio diskdə Cavabdeh iddiaçıyla olan danışıqlar zamanı ona olan borcunu etiraf etmişdir. İddiaçı hər dəfə Cavabdeh ona boclu qaldığı 1741 manatı ödəməsini xahiş etsə də müracətləri heç bir nəticə verməmişdir İddiaçının bütün cəhdlərinə baxmayaraq Cavabdeh ona olan borcunu ödəməkdən müxtəlif bəhanələrlə əsassız olaraq boyun qaçır. Həmin ərizəyə əlavə edilmiş audio diskdə Cavabdeh iddiaçıya olan borcunu təsdiq edir. Eyni zamanda, 2021-ci ilin oktyabr ayından iddiaçı iş yerini Ağdam rayonu Baharlı-1 qəsəbə tam orta məktəbinə dəyişmişdir. İddiaçı iş yerini dəyişən vaxtdan Cavabdeh kredit üzrə aylıq qrafik üzrə ödənişini dayandırmışdır. İddiaçı məhkəmədən Cavabdeh 1823 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 1417 (min dörd yüz on yeddi) manat məbləğində pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Yasamal Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" Kommersiya Bankı ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1038sQUBA/21 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən İddiaçı 60 ay müddətinə 10.000 (on min) manatadək məbləğində kredit limiti ayrılmışdır, ona bank hesabı açılmışdır və ödəniş kartı təqdim edilmışdır. İş materiallarında olan "xxxx" KB ASC və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 6484sQUBA/20 saylı kredit müqaviləsinə 2 saylı əlavədən müəyyən olunur ki, kreditor borcluya verilmiş 3.050 manat məbləğində pulu illik 18 faiz olmaqla 12 ay müddətində xx.xx.2022-ci il tarixinədək borcun bağlanması şərti ilə verilmişdir. İş materiallarında olan AA 347930 nömrəli məcbu köçkün vəsiqəsindən görünür ki, İddiaçı Ağdam rayonunundan çəcburi köçkündür. İş materiallarına əlavə edilmiş AUDİO CD diskdə olan səs yazısından müəyyən olunur ki, Cavabdeh İddiaçı borc pul götürdüyünü və borcu bir neçə aya ödəməyə başlayacağını bildirmişdir. Beləliklə, işin mübahisəsiz halıdır ki, Cavabdeh İddiaçı borclu olduğunu etiraf etmişdir. Hazırda iddiaçı cavabdehə 3050 manat borc verdiyini və qalıq 1417 manat məbləğində borcun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və işin halları ilə bağlı heç bir etiraz və ya sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı aldığı pul vəsaitini qaytarmalı olmasına dair öhdəliyin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən öhdəliyi tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia təmin edilməli, 1417(min dörd yüz on yeddi) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1417 (min dörd yüz on yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar