Məhkəmə qərarları › İş №2(004)-3119/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3119/2022

28.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3119/2022 28.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 4 ünvanındakı 76 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı 76 saylı mənzil onun mülkiyyətindədir. Cavabdeh uzun müddətdir ki, qeyd edilən ünvanda yaşamır. Həmin evdə övladları ilə birlikdə yaşayır. Cavabdeh keçmiş əridir. Həmin şəxs uzun illər boyunca onun mənzilində yaşamamasına baxmayaraq həmin mənzildə qeydiyyatda qalmaqdadır. Belə ki, Cavabdeh Bakı şəhəri, 29 saylı notariat ofisində 1 dekabr 2020-ci il tarixdə bağlanmış müqavilə ilə aliment borclarının silinməsi əvəzi olaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 4 ünvanındakı 76 saylı mənzildən 1 ay ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş, mənzilə dair bütün hüquqlarından imtina etmiş, gələcəkdə mənzilə dair hər hansı iddia irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixli teleqram ünvanlayaraq İddiaçı tərəfindən verilmiş iddianı qəbul etdiyini bildirmiş və ünvan 1 ünvanındakı 76 saylı mənzildə 2011-ci il tarixdən yaşamadığını və həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4685/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə (üçüncü şəxs Cavabdeh) qarşı ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(103)-1959/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4865/2022 saylı, 01 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4865/2022 saylı, 01 mart 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, o, İddiaçı ona qarşı olan iddia tələbini qəbul edir və ünvan 1 ünvanındakı 76 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 4 ünvanında yerləşən 76 saylı mənzil üzərində istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia ərizəsi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 4 ünvanında yerləşən 76 saylı mənzil üzərində istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar