Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3119/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb edilməklə cavabdeh Statistika Mənzil İstehlak Kooperativinə qarşı istifadə edilməmiş məzuniyyətə görə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə premeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb edilməklə cavabdeh Statistika Mənzil İstehlak Kooperativinə qarşı istifadə edilməmiş məzuniyyətə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2007-2022-ci illər üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 02 aprel 2007-ci il tarixdən Cavabdeh Mənzil İstehlak Kooperativində müxtəlif vəzifələrdə işləmişdir. İşəgötürən "Statistika" Mənzil İstehlak Kooperativinin sədri X3 31 avqust 2022-ci il tarixdə 01 sentyabr 2022-ci il tarixdən işdən azad olunduğunu ona şifahi olaraq bildirmişdir. O, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməmiş əmək haqqı və son haqq-hesab üzrə ödənilməli digər ödəmələrin verilməsini tələb etdikdə cavabdeh ona pul verməyəcəyini bildirmişdir. Məlum olmuşdur ki, cavabdehlə onun arasında bağlanmış əmək müqaviləsi cavabdeh tərəfindən ümumiyyətlə rəsmiləşdirilməmişdir. Belə ki, onun əmək kitabçasında cavabdeh tərəfindən heç bir qeydiyyat aparılmamış əmək müqaviləsinin bağlanması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata salınmamışdır. Amma cavabdeh tərəfindən imzalanmış əmrlər və digər sənədlər də təsdiq edir ki, o, hansı dövrlərdə hansı vəzifələri icra etmişdir. İş icrası işlədiyi dövrdə ona qarşılıqsız olaraq əlavə vəzifələr də həvalə edilmişdir. Əmək hüquqlarının pozulması ilə əlaqədar Yasamal rayon prokurorluğuna müraciəti nəticəsində cavabdeh barəsində aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən ARlXMnin 192.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəfindən onun hüquqların pozularaq 2007-2022-ci illər üzrə ona əmək məzuniyyəti və istifadə etmədiyi məzuniyyətə görə kompensasiya verilməmiş, həmçinin Dövlət Sosial Müdafiə Fonduna heç bir ödəniş edilməmişdir. Nəticədə onun işlədiyi dövrə görə pensiya kapitalından da məhrum olur. Hesab edir ki, ona dəymiş maddi ziyan cavabdeh tərəfindən ödənilməli və onun hüquqları bərpa edilməlidir. Cavabdeh Statistika Mənzil İstehlak Kooperativinin nümayəndəsi X4 məhkəmənin hazırlıq iclasında iddia ərizəsinə yazılı etirazını təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hesab edir ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. İddiaçı göstərib ki, 2007-2022-ci illərdə Cavabdeh MİK-də işləmişdir. Bildirir ki, İddiaçıƏ xx.xx.2007-ci il tarixdə Cavabdeh MİK-ə ştat cədvəlinə uyğun olaraq 60 manat maaşla iş başa çatana qədər iş icraçısı vəzifəsinə qəbul edilmişdir. Buna müvafiq olaraq əmək müqaviləsi də bağlanmışdır. Dövlət Sosial Müdafiə Fonduna müvafiq köçürmələr də edilmişdir. Vəzifə təlimatına əsasən iş icraçısı tikinti sahəsinin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir, müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir. Tikinti 2011-ci ildə başa çatmışdır. Bu, dövlət orqanlarının müvafiq sənədləri ilə təsdiq edilir, baxmayaraq İddiaçı ərazini tərk etməmişdir. 2013-cü ilin avqustunda tikintidə təhlükəsizlik qaydalarını pozduğundan haqqında AR CM-nin 2-ci maddəsi ilə cinayət işi açılmış, xx.xx.2014-cü il tarixində barəsində hökm çıxarılaraq 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş və aylıq qazancından hər ay 20% məbləğində pulun dövlət nəfinə tutulması nəzərdə tutulmuşdur. İş yeri olmadığından bu hökmlə əlaqədar cəzaçəkmə məntəqəsinə getməmək üçün İddiaçı xahişi ilə Nizami rayon İcra şöbəsinə təqdim etmək üçün xx.xx.2014-cü il tarixdə kooperativdə 125 azn maaşla fəhlə işləməsi barədə arayış verilib. Bu arayışın heç bir qanuni qüvvəsi olmadığını Orucov bilirdi. Buna baxmayaraq yenə də ərazidən getmədi. Orada özbaşına sakinlərin təmir alqı-satqı işləri, kommunal ödənişlərin toplanması ilə məşğul olurdu. Ərazidən getmədiyini də ərizə verib, müqavilə bağlamasını bildirmişdir. Lakin heç bir hərəkət olmamışdı. Sonradan öyrənmişdir ki, 2009-cu ildən pensiya alırmış. Kooperativə qarşı da heç bir tələbi olmamışdır. 2020-ci pensiya araşdırılaraq dayandırıldıqdan sonra əsassız iddialar irəli sürməyə başlamışdır. Ona ərizə verməsinin vacibliyini bildirsə də iddiaçı ərizə verib müqavilə bağlamaqdan imtina etmişdir. Külli miqdarda pul tələb edir, bu pulu almayacağı təqdirdə şikayət edəcəyini bildirir. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddia ərizəsini rədd etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək bildirmişdir ki, iddiaçıya dəfələrlə kooperativlə əmək müqaviləsi bağlanması təklif olunmuş, o isə hər dəfə imtina etmişdir. Qeyd edir ki, Koronavirus pandemiyası səbəbi ilə 2020-ci ildə Azərbaycan Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid ədbirlərini həyata keçirdi. 4 may 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi dövründə saliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edildi. Həmin dövrdə yalnız rəsmi qeydiyyatda olan işçilərə iş yerinə gəlməyə icazə verilirdi. Dərhal İddiaçı müqavilə bağlamaq barədə təklif etmiş, yenə də imtina etmişdi. Sonradan məlum oldu ki, başqa bir təşkilatda adı rəsmi qeydiyyatdadır. Oradan aldığı arayışla istədiyi raxt əraziyə gəlirdi. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin ıəlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı ən azı 2020-ci ildə rəsmi qaydada qeydiyyata düşmədiyini bilirdi və bunun aradan qaldırılması içün heç bir cəhd etmirdi. İddiaçı iddiasının iddia müddətinin ötürülməsi səbəbiylə rədd edilməsinə dair qətnamə qəbul edəsiniz. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Statistika Mənzil İstehlak Kooperativinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdir. Cavabdeh Statistika Mənzil İstehlak Kooperativinin nümayəndəsi X4 elektron məhkəmə sistemi vasitəsilə ərizə yükləyərək səhhəti ilə əlaqədar olaraq məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Statistika MİK ilə İddiaçı arasında bağlanmış 02 aprel 2007-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən iş başa çatana qədər tikinti işlərinin icraçısı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respbulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı 04.11.22-ci il tarixli məktubunda qeyd olunur ki, aparılan araşdırma zamanı məzuniyyət huquqlarının pozulduğu, eləcə də əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyi müəyyən edildiyindən Cavabdeh Mənzil İstehlak Kooperativinin sədri X3 barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 192.4 və 192.5-ci maddələrinə əsasən İnzibati xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.5-cl maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibatı tənbeh vermə haqqında qərar qəbul edilmişdir İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun İddiaçı ünvanladığı 07.10.22-ci il tarixli məktubunda qeyd olunur ki, rayon prokurorluğu tərəfindən araşdırma aparılmış X4 barəsində 19 iyul 2022-ci il tarixdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı Ziba Manafovanın Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1700 manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 04 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan MN 1290971, 04 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Statistika MİK-in sədri X4 İddiaçı məzuniyyət üquqlarının pozulmsı, ona əmək məzuniyyətinin verilməsi, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə qanunla müəyyən edilmiş kompensasiyanın ödənilməməsi səbəbindən Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1700 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Cavabdeh Mənzil İstehlak Kooperativinin 20 aprel 2007-ci il tarixli, 2 A saylı Əmrinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 5-də yerləşən Cavabdeh MİK tərəfindən inşa olunan 3 saylı, /2 mərtəbəli, 7 girişli yaşayış evinin tikintisində təhlükəsizliyi təmin etmək məqsədi ilə həmin tikinti obyektində qaldırıcı qurğuların təhlükəsiz istismarına cavabdeh iş icraçısı İddiaçı təyin olunmuşdur. İş materiallarında olan 2 nömrəli əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsi əsasında iş icraçısı vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 15/k saylı əmrin surətindən görünür ki, İddiaçı 01 iyul 2014-cü il tarixdən ştat cədvəlinə uyğun olaraq fəhlə kimi işə qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə uyğun ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh Mənzil İstehlak Kooperativi xx.xx.2005-ci il tarxdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 780 manat, qanuni təmsilçisi isə X2r. İş materiallarınd olan Cavabdeh Mənzil İstehlak Kooperativinin 18 iyul 2014-cü il tarixli, 360- 1807/14 nömrəli arayışında qeyd olunur ki,İddiaçı Cavabdeh MİK-də fəhlə işləyir. Aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 125 manat təşkil edir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli cədvəldə qeyd olunur ki, iş icraçısının əmək haqqı 60 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Mənzil İstehlak Kooperativində xx.xx.2007-ci il tarixdən tikinti işlərinin icraçısı vəzifəsində çalışmışdır. İşlədiyi dövrlərdə əmək məzuniyyətinə görə haqların ödənilməməsi ilə əlaqədar prokurorluğa şikayət etmiş, onun şikayəti əsasında Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 04 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarına uyğun olaraq Cavabdeh MİK-in sədri X4 Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1700 manat məbləğində inzibati cərimə olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etdiyi zaman iddiaçı tərəfindən məzuniyyətdən istifadə edilməsini mübahisələndirmədiyindən, eləcə də məzuniyyət dövrləri üçün edilmiş ödənişlərə dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, bu, işin mübahisəsiz halıdır. Məhkəmə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddia müddəti tətbiq edilərək, əvvəlki illərə dair hissədə iddia rədd edilməli, iddiaçıya son bir il ərzində istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı iddiaçının Cavabdeh MİK-də işləməsinə dair əmək bildirişinin sistemə daxil edilməməsi, lakin onun həmin müəssisədə faktiki olaraq 2007-2022-ci illərdə işləməsi iş materialları ilə müəyyən edildiyindən, işçinin qanunla müəyyən edilmiş minimum əmək haqqı məbləğindən az olmayaraq əmək haqqı almaq, eləcə də məzuniyyət və istifadə etmədiyi məzuniyyətə görə əmək haqqına uyğun kompensasiya almaq hüququ olduğundan, işlədiyi 2022ci il üzrə aylıq əmək haqqı məbləği barədə rəsmi sənədlər təqdim edilmədiyindən məhkəmə məzuniyyət haqqının hesablanması zamanı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamının əsas götürülərək 2022-ci il üzrə minimum əmək haqqı məbləğinin 300 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. AR Əmək Məcələsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. AR Əmək Məcələsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkəndə tətbiq edilir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 2022-ci il üzrə minimum aylıq əmək haqqı məbləği 300 manat müəyyən edilməklə həmin əmək haqqı məbləğinə uyğun istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi öhdəliyi cavabdeh Statistika Mənzil İstehlak Kooperativinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı 2022-ci il üzrə minimum aylıq əmək haqqı məbləği 300 manat müəyyən edilməklə həmin əmək haqqı məbləğinə uyğun istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi öhdəliyi cavabdeh Statistika Mənzil İstehlak Kooperativinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Babazadə