Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-312/2022 09.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 42 saylı Notariat ofisinə qarşı xüsusi icraat qaydasında verilmiş “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 42 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X5 miras qalmış Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində olan fərdi yaşayış evinin onun tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası X15 22.11.2020-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evi miras əmlak kimi qalmışdır. Həmin miras əmlakı faktiki olaraq o qəbul etmişdir. Belə ki, o həm mərhum anasının sağlığında, həm də anası vəfat edəndən sonra mütəmadi olaraq həmin evə gedib-gəlmişdir. Eyni zamanda həmin evə dair mülkiyyət hüququnu təsdiq edən bütün sənədlər də hal-hazırda ondadır. Mərhum anası son 5 ili onun yanında qalmış və o, anasına qulluq etmişdir. Anasının bütün maddi təminatı onun tərəfindən ödənilmişdir. O, mərhum anasından qalmış miras əmlakı faktiki olaraq qəbul etsə də, bununla əlaqədar vərəsəlik haqqında şəhadətnamənin alınması üçün notariat ofisinə müraciət etməyin hansı müddətlərdə lazım olduğunu bilməmişdir. Hüquqi savadı olmadığından vərəsəlik hüququ haqqında şəhadətnamənin istənilən vaxt alınması mümkün olduğunu fikirləşmişdir. Covid-19 pandemiyası ilə əlaqədar o və həyat yoldaşı müalicə olunduğundan vaxtında notariat ofisinə müraciət edə bilməmişdir. Bu səbəbdən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili xüsusi icrat qaydasında verilmiş ərizədə qeyd olunan tələbi müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs ünvan 1 ünvanlayaraq məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 122182 nömrəli Ölüm haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 22.11.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 30.11.2020-ci il tarixdə 1289 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 385317 nömrəli Doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. X4, anası X11r. İş materiallarında olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evi 27.07.2017-ci il tarixdə ********** nömrə ilə X8 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 42 saylı Notariat ofisinin Ərizəçi “mirasın qəbul edilməsi və miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə” müraciətinə cavab olaraq ünvanladığı 22.08.2021-ci il tarixli 131 nömrəli məktubundan görünür ki, tərəfin təqdim etdiyi sənədlərə əsasən sözügedən miras əmlak istər qanunla müəyyən edilmiş müddətdə, istərsə də qanunda nəzərdə tutulmuş qaydada faktiki olaraq qəbul edilmədiyindən Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin seriyası AZE №13642572 olan Abdullayeva Fəridə qızının, şəxsiyyət vəsiqəsinin seriyası AZE №17335158 olan X6, şəxsiyyət vəsiqəsinin seriyası AA1591821 olan X2 Tovuz RİHB-nın Yuxarı Öysüzlü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş ərizələrində qeyd olunmuşdur ki, onların qonşuluğunda yerləşən mərhum X12 məxsus olan fərdi yaşayış evinə onun qızı Ərizəçi həm mərhum anasının sağlığında, həm də onun vəfatından sonra mütəmadi olaraq gəlib-getmişdir. İş materiallarında olan Tovuz RİHB-nın Yuxarı Öysüzlü kənd İƏD-si üzrə nümayəndəliyinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6833/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, 22.11.2020-ci il tarixdə vəfat etmiş X15, uzun müddətdir ki, Yuxarı Öysüzlü kəndinin ərazisində yaşamayıb. X8 Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olması, eləcə də onun adına ərazidə torpaq sahəsinin və ya hər hansı bir əmlakın olması barədə nümayəndəliyin təsərrüfatbaşına kitablarında heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan Bakı şəhəri 42 saylı Notariat ofisinin 19 yanvar 2022-ci il tarixli 13 nömrəli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı məktubda qeyd olunmuşdur ki, 22.11.2020-ci il tarixdə vəfat etmiş X15 adına 21.05.2021-ci il tarixdə Bakı şəhəri 42 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Məhkəməyə təqdim olunmuş vərəsəlik işində olan Bakı şəhəri 42 sayı Notariat ofisinə X9 tərəfindən verilmiş **********754 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizədən görünür ki, o, anası X5 irs qalmış Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evindən ibarət mirası qəbul edir. Onunla yanaşı X3 və Ərizəçi da vərəsədirlər. İş materiallarında olan AZ seriyalı 503336 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 27.06.1963-cü ildə Tovuz şəhərində anadan olmuş, anası X19, X4dur. İş materiallarında olan AZ seriyalı 190691 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 17.06.1962-ci ildə Tovuz şəhərində anadan olmuş, anası X19, X4dur. İş materiallarında olan AR Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-i tərəfindən verilmiş 16.02.2021-ci il tarixli arayışdan görünür ki, X15 Bakı Şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 9 da yeləşən 53 saylı mənzildə 26.03.2007-ci ildən 10.09.2015-ci ilədək mərhum həyat yoldaşı X16 ilə birlikdə, həmin tarixdən 22.11.2020-ci ilədək (ölənədək) qeydiyyatda olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsində qeyd olunmuşdur ki vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsində qeyd edilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə iş materiallarını araşdırıb, yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, Bakı şəhəri 42 saylı Notariat ofisinin 19 yanvar 2022-ci il tarixli 13 nömrəli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı məktubla Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi sənədlərin surətindən görünür ki, Ərizəçi mərhum X8 yeganə vərəsəsi deyil onunla birlikdə X9 və X3 da qanun üzrə vərəsədirlər. X1 da Ərizəçi ilə yanaşı Bakı şəhəri 42 sayı Notariat ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə ilə müraciət etmişdir. Habelə, digər vərəsələrlə Ərizəçi arasında mirasın Ərizəçi tərəfindən qəbul edilməsinə razılığı ifadə edən razılaşma yoxdur. Qeyd olunanlarla yanaşı iş üzrə əlavə edilmiş Bakı şəhəri 42 saylı Notariat ofisinin Ərizəçi “mirasın qəbul edilməsi və miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə” müraciətinə cavab olaraq ünvanladığı 22.08.2021-ci il tarixli 131 nömrəli məktubundan da görünür ki, tərəfin təqdim etdiyi sənədlərə əsasən sözügedən miras əmlak istər qanunla müəyyən edilmiş müddətdə, istərsə də qanunda nəzərdə tutulmuş qaydada faktiki olaraq qəbul edilmədiyindən Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Habelə, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin seriyası AZE №13642572 olan Abdullayeva Fəridə qızının, şəxsiyyət vəsiqəsinin seriyası AZE №17335158 olan X6, şəxsiyyət vəsiqəsinin seriyası AA1591821 olan X2 Tovuz RİHB-nın Yuxarı Öysüzlü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş ərizələrində qeyd olunmuşdur ki, onların qonşuluğunda yerləşən mərhum X12 məxsus olan fərdi yaşayış evinə onun qızı Ərizəçi həm mərhum anasının sağlığında, həm də onun vəfatından sonra mütəmadi olaraq gəlib-getmişdir. Lakin Tovuz RİHB-nın Yuxarı Öysüzlü kənd İƏD-si üzrə nümayəndəliyinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6833/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli sorğusuna cavabından görünür ki, 22.11.2020-ci il tarixdə vəfat etmiş X15, uzun müddətdir ki, Yuxarı Öysüzlü kəndinin ərazisində yaşamayıb. X8 Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olması, eləcə də onun adına ərazidə torpaq sahəsinin və ya hər hansı bir əmlakın olması barədə nümayəndəliyin təsərrüfatbaşına kitablarında heç bir qeydiyyat aparılmamışdır. Sözügedən sənədlər arasında uyğunsuzluq vardır. Sözügedən şəxslərin ərizələri miras əmlakın faktiki olaraq Ərizəçi tərəfindən qəbul edilməsini təsdiq etmir, habelə ərizəçiyə miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul edilməsini təsdiq edəcək şahidlərin məhkəmə iclasında iştirakını təmin edilməsi təklif edilsə də, şahidlərin iştirakı təmin edilməmişdir. Beləliklə, iş üzrə ərizəçinin tələbini əsaslandıracaq mötəbər sübutlar ərizəçi tərəfindən məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Ərizəçi xüsusi icraat qaydasında verilmiş “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xüsusi icraat qaydasında verilmiş “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-312/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-312/2022
09.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver