Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-314/2022 12.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X7 qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "İcbari Sığorta Bürosu" HŞİ-yə qarşı “əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "İcbari Sığorta Bürosu" HŞİ-yə qarşı “əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi ilə əvəz olunması və eyni vəzifəyə, eyni əmək haqqı ilə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 24.12.2018-ci il tarixindən İcbari Sığorta Bürosu X1 İcraçı direktorun müavini vəzifəsində çalışır. İşə götürənlə əmək müqaviləsi bağlayarkən tutacağı vəzifənin müvəqqəti xarakter daşımadığı nəzərə alınaraq müddətsiz əmək müqaviləsinin bağlanılmasını xahiş etmişsir. Lakin işə yeni başlayacağını, eləcə də, tanışlıq mərhələsində olduğunu diqqətə çatdıraraq işəgötürən onunla əmək müqaviləsini 1 illik müddətə bağlamışdır. Müavinlik vəzifəsinin ştatda müvəqqəti xarakterli vəzifə olmadığını nəzərə alaraq hesab edir ki, əmək müqaviləsi bağlanılarkən hüquqları pozulmuşdur. Əmək məcəlləsinin 47-ci maddəsinin f bəndində tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanılmasının mümkünlüyü təfsir edilir. Lakin sirr deyil ki, istənilən vəzifəyə işçi götürülərkən onunla işəgötürən arasında əmək müqaviləsinin imzalanması zamanı işəgötürən üstün tərəfdir. Eləcə də işəgötürəndən müəyyən tələblərin edilməsi vəzifənin əldə edilməməsi ilə nəticələnə bilər ki, bu da artıq əmək məcəlləsinin 47-ci maddəsinin f bəndinin pozulmasına səbəbdir. İşlədiyi dövrdə nöqsanı olmamış, bununla bağlı heç vaxt hər hansı bir irad bildirilməmişdir. Həmçinin, Rəşad Əhmədov, müqavilənin bitməsinə 2 ay qalmış, 2020-ci ilin oktyabr ayında onun müraciəti əsasında əmək haqqını qaldıraraq müqavilənin uzadılması və çalışmaq niyyətini ifadə etmişdir. Daha sonra R.Əhmədov onu hədələyərək xəstəliyi dövründə tibb məntəqəsi tərəfindən xəstəlik vərəqəsi bağlanmadığı halda bülleteni təqdim etməsini, etməyəcəyi təqdirdə isə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə çıxaracağını dəfələrlə vurğulamışdır. Bu hal konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bundan əlavə xəstəlik müddətində R.Əhmədovdan çalışdığı illər üzrə istifadə etmədiyi əmək məzuniyyəti günlərinin əvəzinə kompensasiya ödənişinin verilməsini tələb etdikdə belə, o yenə də daha bir haqlı tələbini görməzdən gələrək öz mülahizələrinə əsasən qanunun tələbini icra etməmiş, qanunvericiliyin tələblərinin icrasında kobud surətdə və hüquqazidd olaraq yayınmışdır. Belə ki, Əmək məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək məcəlləsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü yəni xəstəlik müddəti əmək stajına daxildir. Bu isə 135-ci maddənin mənim halıma şamil olduğuna əsasdır. Lakin R.Əhmədov əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar dəfələrlə əmək müqaviləsinə xitam veriləcəyi barəsində ona xəbərdarlıq edilməsini və 135-ci maddənin 2-ci bəndinin şamil olunmadığını əsas gətirərək istifadə etmədiyi əmək məzuniyyəti günləri üzrə kompensasiya ödəməkdən qanunazidd şəkildə boyun qaçırmışdır. İş üzrə cavabdeh “İcbai Sığorta Bürosu” X4 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi məntiqsiz, qanunsuz və heç bir hüquqi əsası olmayan iddia olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı ilə “Büro” arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanmaqla, o, Büroda icraçı direktorun müavini vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin müddətini ehtiva edən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinini 4-cü bəndinə əsasən bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, əmək hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Əmək Məcəlləsində müddət müəyyən edilmədən bağlanılan əmək müqaviləsinin dairəsi müəyyən edilərkən sözügedən Məcəllənin 47-ci maddəsində təsbit edilən hallar istisna olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər. Qeyd edilməsi zəruridir ki, iddiaçının iddia tələbinin istər faktiki halları kimi istinad etdiyi xüsusatlar, istərsə də iddiasının hüquqi əsası kimi istinad etdiyi hüquq normalarının təvsiri yalnız onun formal və subyektiv mülahizələrinə əsaslanır. Sözsüz ki, iddiaçının hüquqşünas olmaması və onun tərəfindən iddia ərizəsi tərtib edilərkən hüquqşünas köməyindən istifadə edilməməsi iddia tələbinin əsası kimi istinad etdiyi faktiki halların və hüquqi əsaslandırmanın yanlış olması, eləcə də onun tərəfindən hüquqi əsası olmayan iddia tələbi ilə məhkəməyə müraciət olunması ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, hətta iddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətli bağlanmalı olmadığını, bu müqavilənin müddətsiz bağlanmalı olduğunu iddia etməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində təsbit olunan iddia müddətini ötürmüşdür. Digər tərəfdən nəzərə alınmalıdır ki, əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması işçi ilə işəgötürənin Azərbaycan Respublikasının Əmək Məcəlləsində təsbit olunan müstəsna hüququdur və bu hüququn praktiki realizasiyası məhkəmənin səlahiyyəti daxilində deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45- ci maddəsinin 5-ci hissəsinin tələbinə görə yalnız müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətdə davam etdiyi halda bu müqavilə müddətsiz əmək müqaviləsi hesab edilir ki, hazırkı halda da bu müddəanın tətbiqi üçün hüquqi əsas, yəni iddiaçının Büroda 5 ildən artıq müddətdə fasiləsiz olaraq işləməsi halı mövcud deyildir. İddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinin müddətinin başa çatmasına iki gün qalmış, 22.12.2020-ci il tarixdən xəstələnməsi səbəbindən işə çıxmamış və qeyd olunan tarixdən 30.09.2021-ci il tarixədək xəstə olması ilə bağlı müxtəlif tibb müəssisələrindən aldığı xəstəlik vərəqələrini poçt vasitəsi ilə Büroya göndərmişdir. Göründüyü kimi, İddiaçı uzunmüddətli xəstəliyi də onun öz vəzifəsini icra etməsini istisna etmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən İddiaçı tərəfindən Büronun icraçı direktoruna ünvanlanmış 15.09.2021-ci il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 143-cü maddəsinin 1-ci hissəsinə əsaslanaraq 20.09.2021-ci il tarixindən istifadə etmədiyi əmək məzuniyyətinin günləri də nəzərə alınmaqla əmək məzuniyyətinə buraxılmağını, məzuniyyətin sonuncu gününün onun işdənçıxma tarixi hesab edilməsini xahiş etmişdir. İddiaçı həmin ərizədə ifadə etdiyi arzusu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 143-cü maddəsinin, eləcə də əmək qanunvericiliyinin tələblərinə uyğun olduğundan Büronun icraçı direktorunun 17.09.2021-ci il tarixli, 11X nömrəli “əmək məzuniyyətinin verilməsi, məzuniyyətin sonuncu günündən müddətli əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı digər məsələlərin tənzimlənməsi barədə” əmri ilə İddiaçı 20.09.2021-ci il tarixdən 30.12.2021-ci il tarixədək olmaqla, istifadə etmədiyi, ümumilikdə 102 gün müddətinə əmək məzuniyyətinə buraxılmış, onun əmək məzuniyyətinin müddətinin qurtardığı gün, yəni 30.12.2021-ci il onun sonuncu iş günü olmaqla, həmin tarixdən İddiaçı ilə bağlanmış 24.12.2018-ci il tarixli müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir. İddiaçı tutmuş olduğu vəzifəyə yeni işçinin götürülməsi barədə yazılı xəbərdarlıq göndərilmişdir. (xəbərdarlığın surəti, eləcə də xəbərdarlığın və 17.09.2021-ci il tarixli, 11X №-li əmrin İddiaçı tərəfindən alındığını təsdiq edən poçt qəbzinin surəti əlavə edilir) Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə verərək, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş, məhkəmədən iddia tələbinin əsassız olduğuna görə rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci, 45-ci, 68-ci, 73-cü, 83-cü, 287-ci, 292-ci və 294-cü maddələrinə əsasən iş materiallarında olan sənədləri araşdırmaqla müəyyən etmişdir ki, "İcbari Sığorta Bürosu" HŞİ-nin icraçı direktor Rəşəd Əhmədov İddiaçı arasında bağlanmış 24.12.2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmaqla, iddiaçı, Büroda icraçı direktorun müavini vəzifəsinə təyin edilmişdir. “İcbai Sığorta Bürosu” X2 icraçı direktor Rəşəd Əhmədovun 17.09.2021-ci il tarixli, 11X nömrəli “əmək məzuniyyətinin verilməsi, məzuniyyətin sonuncu günündən müddətli əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı digər məsələlərin tənzimlənməsi barədə” əmri ilə İddiaçı 20.09.2021ci il tarixdən 30.12.2021-ci il tarixədək olmaqla, istifadə etmədiyi, ümumilikdə 102 gün müddətinə əmək məzuniyyətinə buraxılmış onun əmək məzuniyyətinin müddətinin qurtardığı gün, yəni 30.12.2021-ci il onun sonuncu iş günü olmaqla, həmin tarixdən İddiaçı ilə bağlanmış 24.12.2018-ci il tarixli müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan mediator X3 tərəfindən tərtib olunmuş 30.09.2021-ci il tarixli, 002/09/2021 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mübahisə üzrə 30.09.2021 tarixində, 16:00-17:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İcrabi Sığorta Bürosunun nümayəndəsi iştirak etməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilə bilər. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 292-ci maddəsinin 1-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.. 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə görə isə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə görə fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmçinin, qeyd olunmalıdır ki, işçinin işəgötürənə və işəgötürənin işçiyə qarşı pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı müddətli əmək müqaviləsi əsasında İcbari Sığorta Bürosu HŞİ-də icraçı direktorun müavini vəzifəsində çalışmışdır. Onunla bağlanmış 24.12.2018ci il tarixli (əlavə və dəyişikliklərlə) müddətli əmək müqaviləsinin müddəti 24.12.2021-ci il tarixində başa çatmışdır. “İcbai Sığorta Bürosu” X2 icraçı direktor Rəşəd Əhmədovun 17.09.2021-ci il tarixli, 11X nömrəli “əmək məzuniyyətinin verilməsi, məzuniyyətin sonuncu günündən müddətli əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı digər məsələlərin tənzimlənməsi barədə” əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 06.08.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, hazırda İddiaçı cavabdeh İcbari Sığorta Bürosu HŞİ ilə aralarında 24.12.2018-ci tarixli əmək müqaviləsinin müddətli bağlanmasının əmək qanunvericiliyinin tələblərinə zidd olduğu ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində ehtiva edilən “tələb" müddətli əmək müqaviləsinə xitam verilməmişdən əvvəl işçiyə hər hansı bir yazılı ( və ya şifahi) tələbin verilməsini deyil, tərəflərin iradə ifadəsini əks etdirən hərəkəti, hazırki mübahisədə isə işəgötürənin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tələbini ifadə edir. Əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin məhz onun müddətinin bitdiyi gün deyil, bu müddətdən sonrakı bir həftə ərzində xitam verilməsinin mümkünlüyünü ehtiva etmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanarkən cavabdeh İcbari Sığorta Bürosu HŞİ tərəfindən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam əməl edilməsini, iddiaçının işdən qanunsuz azad olunması barədə dəlillərinin məhkəmə baxışında təsdiqini tapmamasını nəzərə alıb qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "İcbari Sığorta Bürosu" HŞİ-yə qarşı “əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-314/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-314/2022
12.01.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver