Məhkəmə qərarları › İş №2(004)-3150/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3150/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3150/2023 19.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 938 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə tanış olduqdan sonra cavabdeh iddiaçıdan xahiş etmişdir ki, iddiaçı öz adına kreditlə telefon alsın, pulu isə cavabdeh özü ödəyəcəkdir. İddiaçı “Kontakt Home” mağazalar şəbəkəsi ilə müqavilə bağlayaraq mobil telefonu kreditə alaraq cavabdehə vermişdir. Cavabdeh isə dediyinə əməl etməmiş, telefonun kredit borcunu ödəməmişdir. Bu səbəbdən, müvafiq borc iddiaçı tərəfindən ödənilir. Bu səbəbdən, iddia tələbinin təmin olunması xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan ödəniş qəbzlərinə əsasən müəyyən olunur ki, 2022-ci ilin noyabr və 2023-cü ilin may ayları arasında olan dövr üçün İddiaçı tərəfindən kredit borcu üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia ərizəsində qeyd olunan xüsusatları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə “Kontakt Home” mağazalar şəbəkəsi arasında olan münasibətlər nisyə alqı-satqı münasibətləridir və münasibətlərin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi təşkil edir. Belə ki, İddiaçı mülki dövriyyənin subyekti qismində iradə ifadəsini bildirərək etibarlı müqavilə münasibətləri üzrə “Kontakt Home” mağazalar şəbəkəsi ilə müqavilə bağlamaqla müqavilə şərtləri üzrə öhdəlik münasibətlərinə daxil olmuşdur. İddiaçının izahatına əsasən sözügedən müqavilənin etibarlı olması işin mübahisəsiz halıdır. Lakin, İddiaçı ilə Cavabdeh arasında hüquq münasibətləri və müvafiq münasibətlərinin hüquqi əsası iş materiallarına əsasən müəyyən edilmir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisəyə baxarkən mütləq qaydada mübahisənin qanuni əsası müəyyən edilərək tələbin faktiki halları ilə qanuni əsasın (hüquq norması) dispozitiv şərtləri uyğunlaşdırılmaqla iddiaya hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə tərəfindən iddiaçıya sərəncamında olan sübutların məhkəməyə təqdim edilməsi hüququ izah edilmişdir. İddiaçı ilə Cavabdeh arasında hər hansı müqavilə münasibətləri olmamışdır. Olmuşdursa da, bu xüsusat iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən, mübahisənin qanuni əsası qismində öhdəlik və ya müqavilə münasibətlərinin çıxış etməsi istisna olunur. Məhkəmə qeyd edir ki, zərər institunun 3 əsas şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Belə ki, iddia tələbi üzrə 3 (üç) dispozitiv şərtin heç biri mötəbər və əsaslı sübutlarla öz təsdiqini tapmır. Cavabdehin təqsiri, maddi zərər vurması və vurulmuş cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə nəticə arasında səbəbli əlaqənin olması sübuta yetirilmir. Deməli, mübahisənin qanuni əsası qismində delikt hüquq institununun çıxış etməsi istisna olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə heç bir şərt ödənilmir. Deməli, mübahisənin qanuni əsası qismində əsassız varlanmanın çıxış etməsi istisna olunur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbində qeyd oluna xüsusatlar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar