Məhkəmə qərarları › İş №2(004)-3155/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3155/2022

27.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3155/2022 27.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR, Stepanakert rayonu, Daşbulaq kəndində xx.xx.1960-cı il tarixdə doğulmuş X1 doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1960-cı il tarixdə Azərbaycan SSR, Stepanakert rayonu, Daşbulaq kəndində doğulmuşdur. Doğum haqqında şəhadətnamənin əslini itirmişdir. Şəhadətnaməni əldə etmək üçün Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etsə də, şəhadətnamə ona məlum səbəblərdən verilməmişdir. X9 müharibəsində bütün arxiv sənədlərinin işğalda olmuş ərazilərdə qalaraq məhv edilməsi nəticəsində doğum haqqında şəhadətnaməni bərpa etməyin qeyri-mümkün olmasıdır. Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, xx/xx-3238/15 saylı imtina məktubu verilmişdir. Qeydiyyat şöbəsinin müraciətdən imtinası qanunsuzdur. Odur ki, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. X8 Daşbulaq kəndində doğulmuşlar. Hamısının sənədləri itmişdir. Qardaşı 1960-cı ildə anadan olub. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İşdə olan Xİ-JQ 287131 seriya nömrəli Şuşa rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.1930-cu il tarixdə Malbəyli kəndində anadan olmuşdur. Şəhadətnamə xx.xx.1985-ci il tarixdə verilmiş və bu barədə akt qeydləri kitabında 9 nömrə ilə qeyd edilmişdir. İşdə olan Rusiya Federasiyasına məxsus 25 17 484040 seriyalı xx.xx.2018-ci il tarixdə verilmiş pasportdan görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Azərbaycan Respublikası, Stepanakert rayonu, Daşbulaq kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Ədliyyi Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 14 mart 2022-ci il tarixli məktubuna əsasən Ərizəçi doğumu haqqında akt qeydinin və şəhadətnamənin surətinin istənilməsinə dair Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq bildirmişdir ki, Dağlıq Qarabağ uzun illər (xx.xx.2020-ci ilədək) Ermənistan Respublikası silahlı qüvvələrinin işğalı altında olduğundan, habelə həmin ərazilərdə tərtib edilmiş vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri həmin ərazinin qeydiyyat şöbələrinin arxivində saxlanıldığından Ərizəçi doğumu haqqında akt qeydinin surətinin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, tədqiq olunmuş sübutlarla ərizəçinin doğum akt qeydinin məhkəmədən kənar əldə edə bilməməsi, onun doğum faktının müəyyən edilməsinin ərizəçiyə hüquqi rəsmiləşdirmə işləri ilə əlaqədar lazım olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçinin doğum faktı, yəni 16 mart 1960-cı il tarixdə Azərbaycan SSR, Stepanakert rayonu, Daşbulaq kəndində doğulması faktı müəyyən edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 16 mart 1960-cı il tarixdə Azərbaycan SSR, Stepanakert rayonu, Daşbulaq kəndində doğulması faktı müəyyən edilsin. “Vətəndaşın soyadı” qrafasında Şahverənov, “adı, atasının adı” qrafasında Telman Məhərrəm oğlu, “doğulduğu tarix” qrafasında 16 mart 1960-cı il , “doğulduğu yer” qrafasında Stepanakert rayonu, Daşbulaq kəndi, “atası” qrafasında X3 göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar