Məhkəmə qərarları › İş №2(004)-3167/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3167/2020

05.10.2020 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3167/2020 05.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı və vəkili X7, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların nümayəndəsi və vəkili X1, qarşılıqlı iddia üzrə cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 qarşı “mənzilinə və ailə üzvlərinə qarşı hər hansı bir formada hər hansı qanunsuz müdaxilənin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk iddiası; Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X6 qarşı “qanunsuz hərəkətlərə yol verilməsinin qadağan edilməsi, vurulmuş mənəvi zərərin əvəzi kimi 100.000 manat pul tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 qarşı “mənzilinə və ailə üzvlərinə qarşı hər hansı bir formada hər hansı qanunsuz müdaxilənin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Həsən Məcidov küçəsi 5D nömrəli evin 3 nömrəli mənzilinə və ailə üzvlərinə (oğlanları X6 və X9) qarşı hər hansı bir formada hər hansı qanunsuz müdaxilənin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzi kimi 5.000 manat və mənəvi zərərin əvəzi kimi 20.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X6 qarşı “qanunsuz hərəkətlərə yol verilməsinin qadağan edilməsi, vurulmuş mənəvi zərərin əvəzi kimi 100.000 manat pul tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və X3 Cavabdeh1, Cavabdeh2 və X5 qanunsuz hərəkətlərə yol verilməsinin qadağan edilməsi, İddiaçı və X2 vurulmuş mənəvi zərərin əvəzi kimi 100.000 manat pul tutularaq Cavabdeh1, Cavabdeh2 və X5 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, ailə üzvləri X11 və X12 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Həsən Məcidov küçəsi 5D nömrəli evin 3 nömrəli mənzilində yaşayır. 2005-ci ildən aşağı mərtəbədə yerləşən Bakı şəhəri Yasamal rayonu Həsən Məcidov küçəsi 5D nömrəli evin 2 nömrəli mənzilində yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 onları daima təhqir edirlər. Onların dövlət orqanların razılığı ilə inşa etdiyi eyvanın sökülməsini cavabdehlər ondan tələb edirlər, müxtəlif bəhanələr gətirməklə, onun və oğlanlarının iş yerlərinə çox saylı şər böhtan dolu şikayətlər yazmaqla onları narahat edirlər. Cavabdeh1 yaşadıqları binanın blokunda və həyətində oğlu Rüstəmin qarşısını kəsməklə ölümlə hədələyirlər, onları ailəliklə məhv edəcəklərini söyləyirlər. Cavabdehlər onların normal yaşamalarına mane olurlar, onun özünə və övladlarına real təhlükədirlər. Cavabbdehlər kamera qoymaqla binanın çöl tərəfindən onun eyvanını və yataq otağını çəkir. O, ailə üzvləri ilə birlikdə streslər keçirirlər və mənəvi iztirablar keçirirlər. Qarşılıqlı iddianı əsassız hesab edir. Onlar cavabdehlərə qarşı hər hansı bir hüquq pozuntusu etmirlər. Sadəcə öz evlərində rahat yaşamaq istəyirlər. Bu səbəbdən iddiasının təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri və vəkili X8 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdehlər Bakı şəhəri Yasamal rayonu Həsən Məcidov küçəsi 5D nömrəli evin 2 nömrəli mənzilində yaşayırlar. İddiaçı ailə üzvləri ilə birlikdə üst mərtəbədə Bakı şəhəri Yasamal rayonu Həsən Məcidov küçəsi 5D nömrəli evin 3 nömrəli mənzilində yaşayır. İddiaçı mənzilində qanunsuz eyvan tikdirib. Bu səbəbdən tərəflər arasında narazılıq yaranıb, İddiaçı mənzilinin eyvanından aşağı zibil torbaları atır və tüpürür. Bu isə cavabdehlərə mənəvi zərər vurulmasına səbəb olur. Cavabdehlər bunları sübut etmək üçün kamera quraşdırıb və iddiaçının eyvandan yerə tüpürməsini və zibil atmasını çəkmişlər. Həmin çəkilişin olduğu DVD diski məhkəməyə təqdim edir. Hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək, nümayəndələri və vəkili X1 izahatı ilə razı olduqlarını bildirdilər. Qarşılıqlı iddia üzrə cavabdeh X11 məhkəmə iclasında qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, anası və qardaşı X12 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Həsən Məcidov küçəsi 5D nömrəli evin 3 nömrəli mənzilində yaşayır. Bakı şəhəri Yasamal rayonu Həsən Məcidov küçəsi 5D nömrəli evin 2 nömrəli mənzilində yaşayan Cavabdeh1, Cavabdeh2 və X10 onları daima təhqir edirlər. Onun iş yerlərinə çox saylı şər böhtan dolu şikayətlər yazmaqla narahat edirlər. Onlar öz evlərində rahat yaşamaq istəyirlər, heç kimin hüquqlarını pozmurlar. Hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Bu səbəbdən qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh X5 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk və qarşılıqlı iddialar əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı ailə üzvləri X11 və X12 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Həsən Məcidov küçəsi 5D nömrəli evin 3 nömrəli mənzilində yaşayır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 aşağı mərtəbədə yerləşən Bakı şəhəri Yasamal rayonu Həsən Məcidov küçəsi 5D nömrəli evin 2 nömrəli mənzilində yaşayırlar. Tərəflər arasındakı mübahisəyə səbəb İddiaçı yaşadığı mənzilin eyvanın tikilməsi olmuşdur. Bu bsəbəbdən tərəflər arasında tez-tez sözlə mübahisə baş verir. İddiaçının yaşadığı evin eyvanından binanın həyətinə əşya (zibil) atması və yerə tüpürməsi cavabdehlərin hər hansı bir hüququnu pozulmasına və onlara mənəvi zərər vurulmasına əsas səbəb kimi qəbul edilə bilməz. Həmçinin İddiaçı iddia tələbində özünün və oğlunun iş yerlərinə cavabdehlər tərəfindən təhqir və böhtan dolu məlumatlar olan şikayətlər yazıldığını, cavabdehlər onun və oğlanlarının həyatına təhlükə yaratdıqlarını, onları ölümlə hədələdiyini və məhv edəcəklərini iddia etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəməyə qeyd edir ki, İddiaçı özünü və oğlanlarını ölümlə hədələnmələri və real təhlükə olduğu halda bunun qarşısının alınması üçün hüquq mühafizə orqanlarına (polis və prokurorluğa) müraciət etmək hüquqları vardır. Çünki, bunun araşdırılması cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təhqiqat və istintaq orqanlarının vəzifəsidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdehlər biri-birinin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılara məruz qalmaları ilə bağlı halları sübuta yetirə bilməmiş, həmçinin onlara hər hansı maddi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər, yəni iddiaçı və cavabdehlər öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ilk və qarşılıqlı iddialar əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 qarşı “Bakı şəhəri Yasamal rayonu Həsən Məcidov küçəsi 5D nömrəli evin 3 nömrəli mənzilinə və ailə üzvlərinə (oğlanları X6 və X9) qarşı hər hansı bir formada hər hansı qanunsuz müdaxilənin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzi kimi 5.000 manat və mənəvi zərərin əvəzi kimi 20.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair ilk iddiası rədd edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X6 qarşı “qanunsuz hərəkətlərə yol verilməsinin qadağan edilməsi, vurulmuş mənəvi zərərin əvəzi kimi 100.000 manat pul tutulması” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu isə Cavabdeh1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar