Məhkəmə qərarları › İş №2(004)-3169/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3169/2024

03.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3169/2024 03.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı , Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisi və Cavabdeh2 qarşı “miras əmlakın açıq qalan hissəsinə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisi və Cavabdeh2 qarşı “miras əmlakın açıq qalan hissəsinə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzil və ünvan 2 həyətində yerləşən qaraja dair açıq qalan 1/3 hissəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmaqla, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Əlavə olaraq bildirilir ki, ünvan 4 ünvanında yaşamış anası X3 xx.xx.2017-cı il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra xx.xx.2022-ci il tarixdə vərəsəlik işinin açılması barədə Bakı şəhəri 19 saylı Notariat ofisinə müraciət etmişdir. Müraciət əsasında, vərəsəlik işi açılmış, miras aktivləri barədə digər vərəsə olan X6 iddiaçının xeyrinə imtina etmişdir. Eyni zamanda, ünvan 5 ünvanında yerləşən əmlaka və ünvan 6tində yerləşən qaraja dair 2/3 hissədə pay hüququ tanınmış, sözügedən əmlaklara dair 1/3 hissə cavabdeh qardaşı Cavabdeh2 mirası qəbul etməməsi nəticəsində açıq qalmışdır. Bununla əlaqədar olaraq, iddiaçı xx.xx.2022-ci il tarixdə vərəsəlik işinin açılması barədə Bakı şəhəri 19 saylı Notariat ofisinə müraciət edərək, həmçinin hələ mərhum anasının (mirasqoyanın) sağlığından hazırkı miras əmlakında yaşayaraq, o cümlədən ona maddi mənəvi dəstək göstərərək, onun miras əmlakını faktiki idarə edərək mirası qəbul etdiyini nümayiş etdirmişdir. Bununla əlaqədar olaraq bildirir ki, o daim anasına baxmış, ona maddi və mənəvi köməklik göstərmişdir. Anası vəfat etdikdən sonra da, onun əmlakını faktiki idarə edərək, onun miras aktivlərini faktiki qəbul etmişdir. Beləliklə, ünvan 5 ünvanında yerləşən mənzil və ünvan 6tində yerləşən qaraja dair açıqda qalan 1/3 hissə barədə vərəsəlik hüququ tanınmalıdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı qaldırdığı Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi ev 30, mənzil 9 və Bakı şəhəri Yasamal rayonu, Nazim Hikmət küçəsi 30 saylı binanın həyətində yerləşən qaraja dair açıq qalan 1/3 hissəsinə vərəsəlik hüququnun tanınması barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi qanunverciliyin vərəsəlik hüququ haqqında müddəalarına zidd olduğundan təmin edilə bilməz. Əvvəla Cavabdeh2 anasından qalmış miras əmlakdan imtina etməmiş, qeyd olunan əmlakı qəbul etmiş, lakin bununla bağlı vərəsəlik şəhadətnaməsi almamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul elmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “mirasdan imtina" anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Beləliklə, qeyd olunan qərarın məzmunundan göründüyü kimi vərəsə miras paydan imtina etmədiyindən onun qeyd olunan mirası qəbul etməsi hesab olunur. Qanunun tələbinə uyğun olaraq Cavabdeh2 ona anasından qalmış miras paydan imtina etmədiyindən Notariat orqanı tərəfindən mirasın 2/3 hissəsinə vərəsəlik şəhadətnaməsi verilərək, Cavabdeh2 çatacaq digər 1/3 hissə açıq saxlanılmışdır. Bununla belə, iddiaçı əmlakı faktiki idarə etdiyi üçün miras aktivlərini faktiki qəbul etməsini, ona görə əmlakın qalan 1/3 hissəsinə də vərəsəlik hüququnun tanınmalı olduğunu qeyd etsə də iddiaçının həmin mövqeyi tamamilə əsassızdır. Qeyd edildiyi kimi, Cavabdeh2 anasından qalmış mirasdan imtina etməyərək onun həmin mirası qəbul etməsi, yəni miras əmlakın mülkiyyətçisi olması, hətta iddiaçının qeyd etdiyi kimi əmlakı idarə etməklə faktiki qəbul etsə belə əmlakın 1/3 hissədə mülkiyyətçisi hesab edilən Cavabdeh2 payının da ona keçməsi üçün əsas ola bilməz. Qeyd olunan hallar qanunun tələblərinə ziddir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi X2 adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhədətnamənin surətinə əsasən X3 xx.xx.2017-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 106 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 622 nömrəli məktuba əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş 1934-cü il təvəllüdlü X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhədətnamənin verilməsi ilə bağlı Bakı şəhər 19 saylı notariat ofisinə oğlu İddiaçı tərəfindən müraciət daxil olunmuşdur. X2 vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X4 ərizəsinə əsasən X6 xx.xx.2017-ci ildə vəfat etmiş mərhum anası X2 adına qalan əmlakın ona düşən payından İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan Bakı şəhər 19 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhədətnamənin surətinə əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 vərəsələri: ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı və o miras əmlakdan 2/3 hissədə pay almalıdır. Yerdə qalan 1/3 hissə açıq saxlanılır. Şəhədətnamə əsasında verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.75 kv/m, yaşayış sahəsi 46.75 kv/m, 3 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan Bakı şəhər 19 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhədətnamənin surətinə əsasən, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 vərəsələri: ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı və o miras əmlakdan 2/3 hissədə pay almalıdır. Yerdə qalan 1/3 hissə açıq saxlanılır. Şəhədətnamə əsasında verilən miras əmlak ünvan 2 həyətində yerləşən ümumi sahəsi 40.8 kv/m olan qeyri-yaşayış binasından (qarajdan) ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi 2/3 hissədə İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. 1/3 hissədə X2 adına açıq qalır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. 1159.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1301.1.-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2.-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3.-cu maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi olan oğlu X6 miras əmlakın ona düşən payından İddiaçı xeyrinə imtina etmiş, beləliklə, İddiaçı miras əmlakdan 2/3 hissədə pay almışdır. Yerdə qalan 1/3 hissə açıq saxlanılmışdır. Miras əmlaklar: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.75 kv/m, yaşayış sahəsi 46.75 kv/m, 3 otaqlı mənzil və ünvan 2 həyətində yerləşən ümumi sahəsi 40.8 kv/m olan qeyri-yaşayış binasından (qarajdan) ibarətdir. Məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun zamansız olması, başqa sözlə, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin vərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Beləliklə, qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat ofisi və Cavabdeh2 qarşı “miras əmlakın açıq qalan hissəsinə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar