Məhkəmə qərarları › İş №2(004)-319/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-319/2025

25.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-319/2025 25.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (əri) Nümayəndə3, Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək iş vaxtından artıq işlədiyi dövr üçün ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək iş vaxtından artıq işlədiyi dövr üçün ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-də işə qəbul olunmuş və işdən çıxarıldığı günədək iş stajı 5 il 6 ay təşkil etmişdir. Əmək müqaviləsi 5 ildən artıq davam etdiyindən onun əmək müqaviləsi müddətsiz xarakter daşımışdır. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, lakin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 29103)- 4297/2021 nömrəli qətnaməsi ilə həmin əmr ləğv edilmiş və iddiaçı işə bərpa edilmişdir. Cavabdeh işəgötürən iddiaçı və ailə üzvlərinə qarşı qərəzlidir. Belə ki, iddiaçının əri və gəlininin də əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmişdir. İddiaçının 2-ci qrup əlil olması nəzərə alınmaqla cavabdeh tərəfindən iddiaçı 5 il 6 aylıq əmək fəaliyyəti dövründə hər gün 4 saat artıq işlədilmişdir. Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. xx.xx.2021-ci il tarixədək olan dəyişikliyə əsasən, həmin normada 1-ci və 2-ci qrup əlil olan şəxslər kimi göstərilmişdi. Həmçinin, əmək müqaviləsindəki imza iddiaçıya aid deyildir. Odur ki, iddiaçının işə bərpa edilməsi, artıq işləmiş olduğu saatlara görə ödənilməmiş əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (əri) Nümayəndə3 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh tərəfindən tələblər üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. İş materiallarına İşçi İddiaçı ilə İşəgötürən Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi və əmək müqaviləsi bildirişi əlavə edilmişdir. Əmək müqaviləsinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılaraq Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2019-cu il tarixədək bağlanmışdır. Əmək müqaviləsinin 4.10-cu bəndinə əsasən, işçi gündə 8 saat, həftədə isə 40 saatdan çox olmayaraq işləyir. İş materiallarında olan İşəgötürən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən müəyyən olunur ki, İşçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılaraq Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək bağlanmışdır. İş materiallarında olan İşəgötürən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən müəyyən olunur ki, İşçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 4297/2021 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh MMCnin xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmri (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında qəbul edilmiş) İddiaçı dair hissədə ləğv edilmiş, iddiaçı işə bərpa edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/2047/2024 nömrəli, 28 fevral 2025-ci il tarixli ilkin rəyinə əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2024-cü il tarixli əmək müqavilələrində “işçi” qrafasında olan imzalar İddiaçı tərəfindən icra edilmişdir. Tədqiqat dəyəri 137 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/545-9/2230 nömrəli, 30 may 2025-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, İddiaçı həftəlik iş saatı məhkəmə tərəfindən 36 saat olmaqla müəyyənləşdirildiyi təqdirdə Cavabdeh MMC tərəfindən İddiaçı 2019-2024-cü illər ərzində artıq işlədiyi iş saatları üzrə ödənilməli olan əmək haqqı 1665,06 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əlavə iş saatları üzrə ödənilməli olan əmək haqqı 363,25 manat təşkil edir. Tədqiqat dəyəri 150 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1301 nömrəli, 14 avqust 2025-ci il tarixli təkrar rəyinə əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2024-cü il tarixli əmək müqavilələrində “işçi” qrafasında olan imzalar İddiaçı tərəfindən icra edilmişdir. Tədqiqat dəyəri 127 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Maddə 8. 3-cü hissə. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Maddə 42. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. 1-ci hissə. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2-ci hissə. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 3-cü hissə. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 4-cü hissə. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 5-ci hissə. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 46. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Maddə 68. 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68. 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. “e” bəndi. Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 73. 1-ci hissə. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur (hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya). Maddə 154. 1-ci hissə. Əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 155. 3-cü hissə. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Maddə 296. 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296. 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296. 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296. 6-cı hissə. “Fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı 2-ci qrup əlildir, hazırda 70 yaşı vardır. İddiaçı Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılaraq Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2019-cu il tarixədək bağlanmışdır. Əmək müqaviləsinin 4.10-cu bəndinə əsasən, işçi gündə 8 saat, həftədə isə 40 saatdan çox olmayaraq işləyir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 4297/2021 nömrəli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmri (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında qəbul edilmiş) İddiaçı dair hissədə ləğv edilmiş, iddiaçı işə bərpa edilmişdir. İşəgötürən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən, İşçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. İddiaçı Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılaraq Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək bağlanmışdır. İşəgötürən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən, İşçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/2047/2024 nömrəli, 28 fevral 2025-ci il tarixli ilkin rəyinə əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2024-cü il tarixli əmək müqavilələrində “işçi” qrafasında olan imzalar İddiaçı tərəfindən icra edilmişdir. Tədqiqat dəyəri 137 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/545- 9/2230 nömrəli, 30 may 2025-ci il tarixli rəyinə əsasən, İddiaçı həftəlik iş saatı məhkəmə tərəfindən 36 saat olmaqla müəyyənləşdirildiyi təqdirdə Cavabdeh MMC tərəfindən İddiaçı 2019-2024-cü illər ərzində artıq işlədiyi iş saatları üzrə ödənilməli olan əmək haqqı 1665,06 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əlavə iş saatları üzrə ödənilməli olan əmək haqqı 363,25 manat təşkil edir. Tədqiqat dəyəri 150 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1301 nömrəli, 14 avqust 2025-ci il tarixli təkrar rəyinə əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2024-cü il tarixli əmək müqavilələrində “işçi” qrafasında olan imzalar İddiaçı tərəfindən icra edilmişdir. Tədqiqat dəyəri 127 manat təşkil etmişdir. Məhkəmə sözügedən rəyləri sübut qismində mötəbər və əsaslı hesab edir. Cavabdeh MMC tərəfindən icra olunan "İşsizin DOSTu” proqramına əsasən işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi müddətli nəzərdə tutulmuş, müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə uzadılması şərti qeyd edilmişdir. Beləliklə, həmin müqavilə əsasında tərəflər müqavilə münasibətlərini işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edildiyi 2024-cü ilin avqust ayınadək davam etdirmişlər. Lahiyənin mahiyyətindən irəli gələn xüsusatlar nəzərə alınmaqla və müqavilənin müddətinin bitməsinə əsaslanmaqla işçinin əmək müqaviləsinə işəgötürənin əmri ilə xitam verilmişdir. Məhkəmə nəzərə alır ki, hazırki mübahisə üzrə işəgötürən MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab edir. Məhkəmə nəzərə alır ki, dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır. Lakin, müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır. Lakin, hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Nəzərə alınır ki, hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübə müəyyən edən qərarlarında (müvafiq üç ulduzlu qərarlar) qeyd edilən hüquqi mövqelərə əsasən məhkəmə bildirir ki, iddiaçının əmək müqaviləsinə xitam verilən zaman o, pensiya yaşına çatmışdı. Odur ki, onun əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Pensiya yaşına çatmış işçinin əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Hər dəfə 1 ildən çox olmayaraq əmək müqaviləsinin müddətinin uzadılması işəgötürənin vəzifəsi deyil, hüququdur. İddia tələbi üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin təqdim edilməsi nəzərə alınmaqla, iddia müddəti tətbiq edilməlidir. Cavabdeh MMC tərəfindən İddiaçı son 1 il üzrə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əlavə iş saatları üzrə ödənilməli olan 363,25 manat əmək haqqının cavabdehdən tutulması hissəsində əsaslı, qalan hissələrdə isə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı 2-ci qrup əlil olmasına baxmayaraq əmək müqaviləsi üzrə gündəlik 8 saat, həftəlik isə 40 saat iş vaxtı müəyyən edilmiş, əmək qanunvericiliyinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, həftəlik is vaxtı 36 saatdan artıq olmamalı idi. Bununla da, iddiaçı hər gün əlavə olaraq 4 saat işləmişdir. Cavabdeh qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi, vətəndaşlara müvafiq əlillik dərəcələrinin də həmin nazirliyin tabeliyində olan qurum tərəfindən həyata keçirilmiş olması, vətəndaşın əmək hüquqlarını bilməməsi, əmək hüquqlarının qorunmasında daha üstün tərəf olan işəgötürənin mükəlləf edilməsi nəzərə alınmaqla sözügedən xüsusat cavabdeh işəgötürən tərəfindən aydınlaşdırılmalı idi. Cavabdeh tərəfindən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi barədə inzibati aktın mübahisələndirilməsi hazırki mülki iş üzrə icraatın dayandırılmasına əsas deyildir. Nəzərə alınmalıdır ki, inzibati aktın (əlverişli və ya əlverişsiz inzibati akt) etibarsız sayılmasının əsasları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənmişdir. İnzibati aktın etibarsız sayılması və ya ləğv edilməsi ayrı-ayrı hüquqi institutlardır, dispozitiv şərtləri və nəticələri tamamilə fərqlidir. xx.xx.2024-cü il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə xitam verilməsi və 1 gün sonra eyni şərtli əmək münasibətlərinin yenidən rəsmiləşdirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, belə təəssürat yarana bilər ki, işəgötürən 5 illik fasiləsiz əmək münasibətlərinin qarşısının alınması üçün sözügedən formal əmrləri qəbul etmiş, fasilə yaratmağa çalışmış, lakin, iddiaçının deməsinə görə o, həmin əmrdən məlumatlı olmamış, həmin gün ərzində işçi kimi faktiki olaraq əmək münasibətlərinin icrasını davam etdirmişdir. Məhkəmə izah edir ki, əgər həmin hal baş vermişdirsə, bu tipli formal əmrlərin qəbul edilməsi əmək qanunvericiliyinin qarşısına qoyduğu məqsədlərə uyğun deyildir, əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır, pərdələnmiş məqsədlərə xidmət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş üzrə aparılmış ekspertiza üzrə 414 (dörd yüz on dörd) manat məbləğində ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Mülki iş üzrə ödənilmiş mediasiya xərci İddiaçı aid edilməlidir. Məhkəmə xərcləri bölünərkən iddiaçının yaşı və sosial durumunu, cavabdehin işəgötürən olaraq daha üstün və maliyyə imkanları geniş olan subyekt olmasını, iddiaçının məhkəmə qətnaməsi üzrə əldə etdiyi aktivin cəmi 363,25 manat (ekspertiza xərcindən az miqdarda) təşkil etməsini (iddia müddətin tətbiq barədə ərizə əsasında həmin məbləğ son 1 il üzrə tutulmuşdur), həmçinin, mediasiya xərcinin iddiaçının özünə aid edilməsini, cavabdeh tərəfindən iddiaçının əmək hüquqlarının və əmək qanunvericiliyinin tələblərinin pozulması xüsusatlarını nəzərə alaraq, xərcləri ədalətli formada bölüşdürməyi qarşısına məqsəd qoyur. Cavabdehin dövlət büdcəsindən maliyyələşməsi və maliyyə imkanlarının genişliyi diqqətə alınır. Dövlətin sosial siyasət istiqamətlərindən biri də əmək hüquqlarının qorunması, pozulmuş hüquqların bərpasıdır. Həmin siyasət icra hakimiyyəti orqanı olaraq əsas etibarilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Cavabdeh qurum sözügedən nazirliyin tərkibində fəaliyyət göstərir. Dövlət pozulmuş hüquqların müdafiəsində, ətraflı araşdırılmanın aparılmasında (nəticədən asılı olmayaraq) özü maraqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin vəsatəti üzrə cavabdeh barəsində xüsusi qərardadın çıxarılmasına hüquqi əsas yoxdur. Belə ki, bu barədə əsaslı hallar müəyyən edilmir. Lakin, iddiaçı vətəndaş kimi prokurorluq və digər hüquq mühafizə orqanlarına baş verdiyini iddia etdiyi cinayət hadisələri barədə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əlavə iş saatları üzrə ödənilməli olan 363,25 (üç yüz altmış üç manat iyirmi beş qəpik) manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək iş vaxtından artıq işlədiyi dövr üçün ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əlavə iş saatları üzrə ödənilməli olan 363,25 (üç yüz altmış üç manat iyirmi beş qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə aparılmış ekspertiza üzrə 414 (dörd yüz on dörd) manat məbləğində ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Mülki iş üzrə ödənilmiş mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar