Məhkəmə qərarları › İş №2(004)-3190/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3190/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3190/2022 29.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Cavabdeh oglu ondan xx.xx.2019-cu il tarixdə 2300 manat pul almışdır. Qeyd olunan məbləğ ondan şahidlər X2 və X1 iştirakı, onların şahidliyi ilə alınmışdır. Cavabdeh həmin məbləği iş görəcəyi adı ilə almış və xx.xx.2019-cu il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Qeyd olunan məbləği xx.xx.2019-cu il tarixə qədər qaytaracağına söz versə də həmin müddətə qədər aldığı məbləği geri qaytarmamışdır. O, məcbur qalaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət etmiş, bölmədə araşdırmalar aparılmış və ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Suala cavab olaraq bildirir ki, iddia tələbi 2500 manat olmasına baxmayaraq borc 2300 manatdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı arasında sadə yazılı qaydada bağlanmış razılaşmaya əsasən Cavabdeh İddiaçı iş görmək üçün 2300 manat aldığını və əgər iş alınmasa xx.xx.2019-cu ildə qaytaracağını bildirmişdir. İş materiallarında olan Suraxanı RPİ-nin 31 Polis Bölməsi tərəfindən tərtib olunmuş izahatın surətinə əsasən Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı ona 15 gün ərzində qaytarmaq şərti ilə pul vermişdir. İşi ziyana getdiyinə görə verdiyi vədə əməl edə bilməmişdir. O, İddiaçı götürdüyü 2300 manat pulu qısa zamanda qaytaracağına söz verir. Vermədiyi halda isə məsuliyyət daşıdığını bildirir. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, cavabdeh iddiaçıdan yazılı qaydada 2300 manat pul almışdır və daha sonra Cavabdeh İddiaçı 2300 manat borclu olduğunu etiraf etmişdir. Hazırda iddiaçı cavabdehə 2500 manat borc verdiyini bildirərək borcun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və işin halları ilə bağlı heç bir etiraz və ya sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Çünki iddiaçı cavabdehə 2500 manat məbləğində borc verdiyini bildirsə də, iş materialları ilə yalnız 2300 manat məbləğində borc verilməsi sübut olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2300 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2300 (iki min üç yüz) manat pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar