Məhkəmə qərarları › İş №2(004)-3205/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3205/2024

25.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3205/2024 25.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mənzilə köçürülmə) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5ünvanında yerləşən yataqxananın 4 saylı otağına yaşamaq hüququnun tanınaraq, ora köçürülməsi və 100 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən yataqxananın 4 saylı otağında pasport qeydiyyatındadır. Ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciətindən sonra həmin yataqxanada qeydiyyata alınaraq, yaşamağa başlamışdır. Qeyd edilən otaqda uzun müddət yaşamışdır. Lakin bir gün mənzilə gələrkən otağın açarının dəyişdirildiyini gördü və şikayətlərdən sonra məlum olmuşdur ki, otaq məcburi köçkünlər tərəfindən zəbt edilmişdir. Qeydiyyatda olduğu mənzilin həmin məcburi köçkünlər tərəfindən zəbt edildiyi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə də təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə edilən sorğu ilə bağlı iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, cavabdehlər “müvəqqəti olaraq Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prokpekti 5 ünvanında yerləşən (X9 İdarəsi) 4 saylı yataqxanada məskunlaşmışlar. Mənzilində məskunlaşan sözügedən məcburi köçkün ailəsinin işğaldan azad olunmuş öz doğma yurduna geri köçürüləndə, qanunamüvafiq olaraq zəbt olunmuş mənzillər boşaldırlaraq aidiyyəti üzrə təhvil veriləcək. Verilən cavabdan da bir daha görünür ki, iddiaçının yaşadığı otaqda adları iddia ərizəsində göstərilən cavabdehlər (məcburi köçkünlər) yaşayış və həmin mənzil onlar tərəfindən qanunsuz zəbt edilmişdir. Hazırda həmin məcburi köçkün ailəsi zəbt etmiş olduğu mənzilə onun yaşamasına icazə vermir, ona görə də hazırda mənzilə dair mübahisə olduğundan iddia ərizəsi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Uzun illərdir ki, öz mənzilindən məhrum olaraq, başqa ünvanlarda kirayələrdə və qohum əqrəbanın evində yaşamağa məhkum olunmuşdur. Hazırda onun yaşamağa başqa mənzili yoxdur, tənha qadındır.

3. Cavabdeh iddiaya etiraz edərək idda tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, o məlum hadisələrlə əlaqədar 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür. Həmin tarixdən, yəni 1993-cü il tarixdən etibarən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən yataqxananın 4cü otağında yaşayır. Bunu 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 157 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2018 tarixli, 240 saylı arayış təsdiq edir. Bundan başqa, həmin yataqxanada məskunlaşan digər məcburiköçkünlər-qonşular da notarial qaydada təsdiq edilmiş ərizələrində onun 1993-cü il tarixdən etibarən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən yataqxananın 4-cü otağında yaşamağı faktını qeyd etmişlər. Həmin şahidlər zərurət olarsa, bunu məhkəmə iclasında öz ifadələri ilə də təsdiq edə bilərlər. Bundan başqa, iddiaçı və onun mərhum qardaşı iddia etdiyi kimi heç vaxt, nəinki, həmin otaqda, ümumiyyətlə həmin yataqxanada yaşamamışdır. Bu faktı da həmin yataqxanada yaşayan sakinlər təsdiq edə bilərlər. Həmin adamları nə o, nə də ki binada yaşayan digər sakinlər heç vaxt görməmişlər və tanımırlar. İddiaçının isə iddia ərizəsində göstərdikləri isə tamamilə absurd və yalandır. Çünki heç vaxt həmin mənzildə yaşamışdır və həmin mənzil üzərində onun hər hansı hüququnu təsdiq edən sənəd yoxdur. İddiaçı 2003-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında qeydiyyata düşməsini qeyd etsə də, hansı sənədlər əsasında həmin ünvana qeydiyyata düşdüyünü göstərməmişdir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İş materiallarından da göründüyü kimi iddiaçının həmin ünvanda qeydiyyata alınması üçün heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Bundan başqa iddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanına qeydiyyat alınmışdır. Həmin qeydiyyat sənədində nə mənzilin, nə də ki otağın nömrəsi göstərilməmişdir. Əslində göstərilə də bilməzdi. Çünki şəxs heç vaxt həmin binanın heç bir mənzildə yaşamışdır. Elə təkcə bu fakt iddianın əsassızlığını sübut edir. Qanunvericiliyin tələblərinə əsasən isə şəxsin qeydiyyatı faktiki yaşadığı yer üzrə olmalıdır. Faktiki yaşadığı yerdə qeydiyyat olmamağına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən Vətəndaşın yaşadığı yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir. Həmçinin Azərbaycan Respublikası sosial dövlət olduğu üçün X11 Əliyev və onun siyasətini layiqli davamçısı cənab X8 məcburi köçkün düşdükləri andan etibarən daim məcburi köçkünlərə qayğı göstərmişlər və bu qayğı hal-hazırda da davam etməkdədir. Bunun məntiqi nəticəsidir ki, Qaçqınlar və Məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə ölkə Prezidenti tərəfindən 18 fərman və sərəncam imzalanmış, Milli Məclis tərəfindən 2 qanun, Nazirlər Kabinetinin isə 64 qərar və sərəncamı qəbul edilmişdir, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş Əlavələr təsdiq edilmişdir. X11 Əliyev tərəfindən imzalanmış “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 895 saylı sərəncamına əsasən məcburi köçkünlərin 1992-1994-cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısı alınmalıdır, həmin ailələrin məskunlaşdıqları evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlər hüquqi qüvvəsini müvəqqəti dayandırılmalıdır və bu sahəyə hüquqmühafizə orqanlarının nəzarəti gücləndirilməlidir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli, 298 sayl Sərəncamına əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Göründüyü kimi cənab Prezident öz sərəncamında qərara almışdır ki, hətta xüsusi mülkiyyət olsa belə, məcburi köçkünlər məskunlaşdıqları yerdən çıxarılmamalıdır. Buna görə də hazırki iddia tələbi əsassız olduğu qədər də qanunsuzdur və Dövlətin, Hökümətin yürütdüyü siyasət xəttinə tam ziddir. Bundan başqa, iddiaçı tərəfindən hüquqlarının yaranmasını təsdiq edən bir dənə də olsa normatik hququ akta istinad etməmişdir. Əslində bu başa düşüləndir ki, absurd bir iddianı hüquqi cəhətdən əsaslandırmaq da mümkün deyildir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, sözügedən evdə 1993-1994-cü illərdən etibarən yaşayır. Həmin dövrdən bu yana iddiaçı burada heç vaxt yaşamamışdır. İddiaçı bir neçə dəfə əsassız olaraq onun yaşadığı mənzilə gəlmiş, onlarla işi olmadığını, bu binanın hansı mərtəbəsindən olur olsun ev istədiyini bildirmişdir. O və ailəsi həmin mənzilə məcburi köçkün kimi köçürülmüşdür və onlara yaşayış yeri verilməyənə kimi heç kimin onları mənzildən çıxarmağa ixtiyarı yoxdur. Bununla bağlı Prezidentin fərmanı var. Buna görə də iddiaçının ərizəsi əsassızdır.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd olunmalıdır.

10. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavabdan görünür ki, Zamanova X2 prospekti 5 ünvanında 2003-cü ildən pasport qeydiyyatındadır. Nəyin əsasında pasport qeydiyyatına alınması haqqında məlumat yoxdur. İnşaatçılar pr. 5 saylı bina Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin balansında olmaqla dövlət mülkiyyətindədir. xx.xx.1964-cü il təvəllüdlü İddiaçı İnşaatçılar pr.5 ünvanında yerləşən hansı otağın ayrılması, hansı dövrdə və hansı otaqda yaşaması haqqında heç bir məlumat və sənəd yoxdur. 4 saylı otaqda Ağdam rayonunda məcburi köçkün ailəsi Cavabdeh1,həyat yoldaşı Cavabdeh2 müvəqqəti olaraq pasport qeydiyyatları olmadan yaşayırlar. Mənzil özəlləşdirilməmişdir.

11. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Ağdam şəhərindən məcburi köçkünlər – Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və övladı Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən (X9 idarəsi) 4 saylı yataqxanada (1995-ci il qeydiyyat kartı əsasında) müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Cavabdeh1 və Cavabdeh3 məcburi köçkün statusuna malikdir. Hal-hazırda komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinn siyahıları üzrə müvafiq işlər aparılmaqdadır və həmin siyahılar üzrə Cavabdeh1 adı da qeyd olunan ailə üzvləri ilə birgə sözügedən ünvan üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışla bağlı Ağdam rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı sözügedən ailənin də öz doğma yurduna köçürülməsi həyata keçiriləcək. Köçürmə ərəfəsində sözügedən yaşayış sahəsi boşaldılaraq aidiyyəti üzrə təhvil veriləcək.

12. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatl Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 157 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Zamanova X2 prospekti, ev 5 ünvanında qeydiyyatdadır.

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2003cü il tarixdən bugünədək ünvan 7 ünvanında qeydiyyatdadır və şəxsiyyət vəsiqəsinin statusu aktivdir.

14. Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi Mənzil-Kommunal Təsərrüfat İdarəsi Birləşmiş Ümumi yataqxanadan tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 578 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən İnşaatçılar prospekti ev 5-də daimi qeydiyyatdadır.

15. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 22 nömrəli məktubdan görünür ki, Ağdam rayonundan olan məcburi köçkün Cavabdeh1 ailəsi ilə birlikdə İnşaatçılar pr.bina 5 4 saylı mənzildə məskunlaşıb. İddiaçı 2003-cü ildən İnşaatçılar prospekti ev 5 4 saylı mənzildə uzun müddət yaşamışdır, lakin bir müddətdən sonra onun mənzili məcburi köçkünlər tərəfindən zəbt edilmişdir. 2003-cü il tarixdə İnşaatçılar pr. 5 saylı bina X5 balansında olmuşdur. Həmin bina xx.xx.2015-ci il tarixli 25S nömrəli Baş Nazirin sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin balansına verilmişdir. Yəni bina 2015-ci ildən etibarən 157 saylı MKİS-in xidmət sahəsinə keçmişdir. İddiaçı 4 saylı mənzildə yaşaması və həmin mənzilin məcburi köçkün tərəfindən zəbt olunması haqqında məlumatları yoxdur.

16. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, sonuncu Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 35 nömrəli Sərəncamı əsasında ümumi əsaslarla mənzil uçot siyahısındadır.

17. Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı "xxxx" QSC tərəfindən Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı yataqxanada bir otaqlı mənzil verilmişdir, lakin orada yaşamadığından ona verilən mənzildə məcburi köçkün məskunlaşmışdır. Eyni zamanda, o, yaşayış yeri üzrə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 35 nömrəli sərəncamına əsasən ümumi əsaslarla mənzil uçot siyahısındadır, sıra nömrəsi 2112-dir. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzillə təmin olunması və mənzil şəraitinin yaxşılaşdırılması üçün Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətlər ünvanlamış, ünvan 9ün Bakı şəhəri İcra Hakimiyyətinə məktub ünvanlanmasını xahiş etmişdir. Göstərilənlərlə əlaqədar sonuncunun İnşaatçılar prospekti 5 saylı yataqxanda mənzillə təmin olunmasına köməklik göstərilməsi xahiş olunmuşdur

18. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil – Kommunal Təsərrüfat Departamentinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət Proqramına müvafiq olaraq ayrı-ayrı təşkilatlara məxsus olmuş yataqxanalar dövlət mənzil fonduna daxil edilməklə yerli icra hakimiyyəti orqanlarının balansına verildiyindən yataqxana statusundan çıxarılmışdır. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. İddiaçı qeyd edilən ünvanda mənzillə təmin olunması barədə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Ona görə də, ərizəçiyə qaldırdığı məsələ ilə bağlı köməklik göstərilməsi mümkün olmamışdır.

19. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 35 nömrəli sərəncamından görünür ki, İddiaçı 2003-cü ildən ünvan 12 ünvanda yerləşən yataqxanada pasport qeydiyyatındadır. O, rayon İcra Hakimiyyətinə müraciətində özünün mənzilinin olmaması səbəbindən ağır şəraitdə yaşadığını bildirərək, gələcəkdə yaşayış şəraitinin yaxşılaşdırılması üçün mənzil növbəsinə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı yaşayış yeri üzrə mənzil uçotuna götürülmüş və ümumi əsaslarla mənzil-uçot siyasına daxil edilmişdir.

20. Azərbaycan Repsublikası Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən 4 saylı yataqxana Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansıdır.

21. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 14 ünvanında qeydiyyatsız yaşayır.

22. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 592 nömrəli arayışdan görünür ki, Ağdam rayonundan olan məcburi köçkün Cavabdeh1 X9 İdarəsinin yataqxanasında Yasamal rayon sektorunda 076011 saylı kartdan olan məlumata əsasən xx.xx.1995-ci ildən İnşaatçılar pr. 5 ünvanında müvəqqəti qeydiyyatdadır.

23. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

24. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

26. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

28. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 107-ci maddəsinə əsasən yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir.

29. 2009-cu ilin oktyabr ayının 01-dən qüvvədə olan Azərbaycan Resbpikası Mənzil Məcəlləsinin 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur.

30. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi Mənzil-Kommunal Təsərrüfat İdarəsi Birləşmiş Ümumi yataqxanası tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 578 nömrəli arayış əsasında Zamanova X2 prospekti ev 5-də daimi qeydiyyata alınmışdır. Lakin iddiaçı mübahisəli yataqxanada qeydiyyata alınması ilə bağlı müvafiq orqanların qərarını və orderi sübut qismində təqdim etməmiş, verilmiş sorğulara cavab məktublarında da iddiaçının yataqxanda hansı əsasla qeydiyyata alınması barədə məlumat aşkar olunmamışdır. Halbuki, münasibətlərin yarandığı dövrdə, yəni 2003-cü ildə qüvvədə olan Mənzil Məcəlləsinin normalarına əsasən yataqxanalarda mənzil sahəsi verilməsi müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı və order əsasında həyata keçirilir.

31. Digər tərəfdən Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi Mənzil- Kommunal Təsərrüfat İdarəsi Birləşmiş Ümumi yataqxanası tərəfindən verilmiş arayışda iddiaçının yataqxananın məhz 4 saylı otağında qeydiyyat olması ilə bağlı heç bir qeydiyyat aparılmamışdır. Eyni zamanda hazırda həmin bina yerli icra hakimiyyəti orqanlarının balansına verildiyindən yataqxana statusundan çıxarılmış və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olmaqla dövlət mülkiyyətindədir.

32. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının həmin yataqxana ilə bağlı order və ya müvafiq orqanların qərarının olduğunu ehtimal etsək belə, həmin yataqxana artıq digər dövlət orqanının idarəçiliyinə verildiyindən yataqxana statusundan çıxmış, yəni həmin müqaviləyə xitam verilmişdir.

33. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünkü hazırkı iş üzrə isə iddiaçının mübahisəli mənzilin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

34. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdehin hazırki ailə üzvləri ilə birlikdə mübahisəli evdən çıxarılmasına dair iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir.

35. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

36. Həmçinin iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

37. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar