Məhkəmə qərarları › İş №2(004)-3214/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3214/2021

01.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3214/2021 01.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “məcburi pay hüququndan məhrum edilmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “məcburi pay hüququndan məhrum edilmə” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı məxsus miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh İddiaçı mütəmadi olaraq nalayiq sözlərlə təhqir edir, insanların yanında ləyaqətini alçaldır. İddiaşının yaşlı və köməksiz vəziyyətində olmağından istifadə edərək, əmlak tələbi ilə iddiaçıya qarşı hədə-qorxu gəlir. İddiaçıya məxsus, yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin və digər əmlakların ona verilməsini tələb edir, əks halda onları öldürməklə hədələyir. Tez-tez ailədə heç bir səbəb olmadığı halda dava-dalaş salaraq, yüksək səslə ailə üzvlərini təhqir etməklə mənzildə səs-küy yaratmaqla qonşuları narahat edir. Binanın həyətində, blokunda qonşuların, yad insanların yanında iddiaçıya qarşı dəfələrlə nalayiq, təhqiredici ifadələr işlədib. O, daim iddiaçını əsəbləşdirib stresə, həyəcana salmaqla iddiaçının sağlığına qarşı ciddi təhlükə yaradır. Fikri-zikri yalnız iddiaçıyla mal-mülk davası etməkdir. İddiaçıyla yanaşı onun digər övladlarına qarşı da kobud, etikadan kənar davranış nümayiş etdirir. O, öz hərəkətləri ilə evdə elə bir yaşanılmaz vəziyyət yaratmışdır ki, artıq ailədə heç kim onunla bir evdə yaşamaq istəmir. Sonuncu dəfə 14.03.2021-ci ildə oğlu Marif Əzimov uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən qardaşı Elşad Əzimovun yaşadığı otağı təmir edərkən Mariflə və onun oğlu 07.06.2003-cü il təvəllüdlü X3 ilə dava edərək onlara müxtəlif bədən xəsarətləri yetirmişdir. Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin 102 Qaynar xəttinə müraciət edərək cavabdeh barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişlər. Hazırda Bakı şəhəri Yasamal rayonu 29-cu Polis bölməsi tərəfindən başlanılmış cinayət işi üzrə sadələşdirilmiş icraat üzrə yekun protokol tərtib edilərək Yasamal rayon prokurorluğuna göndərilmişdir. İddiaçının xəstə oğlu Elşad 06.04.2021-ci ildə xəstəlikdən vəfat etdi. Onun dəfni ilə bağlı bütün xərcləri iddiaçının oğlu Marif Əzimov çəkdi. Cavabdeh qardaşının dəfni və yas mərasimi zamanı da müxtəlif hərəkətlərlə ailə üzvlərinə qarşı kobud hörmətsizlik etmişdir. Onun davranışları Azərbaycan mentalitetinə, adət-ənənələrimizə və əxlaq qaydalarımıza tam ziddir. Anasına müxtəlif yollarla mənəvi əzab verməyə çalışan, ona hörmətsizlik edən bir övlad digər insanlar, cəmiyyət üçün faydalı ola bilməz. Azərbaycan mentalitetinə, adət-ənənələrimizə və əxlaq qaydalarımıza tam ziddir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirmiş, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında məhkəmədə iştirak edən hərkəsi tanıdığını, iddiaçının anası, cavabdehin isə qardaşı olduğunu, iddia ərizəsində göstərilənlərlə razı olduğunu bildirmişdir. Məsələnin danışıq yolu ilə həll olmadığını, getdikcə mürəkkəbləşdiyini, qardaşının anasını, anasının qohumlarını etikadan kənar söyüşlərlə təhqir etdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 izahatında Əzimov Elşadın uşaqlıq dostu olduğunu, onun iddiaçının oğlu, cavabdehin isə qardaşı olduğunu, Elşadın rəhmətə getdiyi gün ora gedəndə mübahisənin şahidi olduğunu, həmin vaxt cavabdehin iddiaçını təhqiramiz ifadələrlə təhqir etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında məhkəmədə iştirak edən hərkəsi tanıdığını, iddiaçının anası, cavabdehin isə qardaşı olduğunu, iddia ərizəsində göstərilənlərlə razı olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh anasını dəfələrlə təhqir etmiş, mərhum qardaşı rəhmətə gedən günü belə evdə söz-söhbət yaratmışdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehi məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar aşkar olunmamışdır. Belə ki, iddiaçının övladı olan cavabdeh bugünə qədər iddiaçıya qarşı nə cinayət əməli törətmiş, nə də bu və ya digər şəkildə əxlaqsız hərəkətlər törətmişdir. İddiaçı iddia ərizəsində cavabdehin onun qayğısına qalmamasını, onunla maraqlanmamasını əsas gətirərək onun məcburi pay almaq hüququndan məhrum edilməsini xahiş etmişdir. Lakin, məhkəmə hesab edir ki, bu hal cavabdehin əxlaqsız hərəkətləri kimi qiymətləndirilə bilməz. Beləliklə də, cavabdehin məcburi paydan məhrum edilməsi üçün əsas sayıla bilməz. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlar mötəbər hesab edilməmişdir. İddia tələbi rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, iş materiallarında olan ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur. 02.09.2016-cı il tarixdə, ********** nömrəsi ilə qeydə alınmış, tam pay müəyyən edilmişdir. Daşınmaz əmlakın ümumi sahəsi 83.62 kv.metr müəyyən edilmişdir. İş materiallarında olan 12.04.2021-ci il tarixli, 292 №-li akt qeydi ilə qeydə alınmış ölüm haqqında şəhadətnaməyə əsasən görünür ki, X6 06.04.2021-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə 3 Saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeyd edilmişdir. İş materiallarında olan 06.11.2015-ci il tarixli, 984 №-li akt qeydi ilə qeydə alınmış ölüm haqqında şəhadətnaməyə əsasən görünür ki, X2 05.11.2015-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə 3 Saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1138-ci maddəsinə əsasən miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Həmin qərarda qeyd edilmişdir ki, vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mülkiyyət hüququ kimi, vəsiyyət etmə və varis olma hüququnun da sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Beləliklə, qanunverici vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətləri iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarında göstərilir ki, mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb ola hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək, nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları ehtiva edir. Qeyd edilən qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından göründüyü kimi, miras qoyanın uşaqlarının, valideynlərinin və arvadının (ərinin) mirasda məcburi paydan məhrum edilə bilmələri üçün onların miras qoyana qarşı Mülki Məcəllənin 1137 və ya 1138-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verməsi mütləq müəyyən edilməlidir. Digər hallarda onların məcburi paydan məhrum edilməsi yol verilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin maddə əsas götürülərək hazırki iş üzrə cavabdeh o halda məcburi paydan məhrum edilə bilərlər ki, o, iddiçıya qarşı hər hansı cinayət və ya əxlaqsız xarakterli hərəkətlər törətmiş olsun. Lakin, iddia ərizəsinin məzmunundan, eləcə də məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından aydın olur ki, iddiaçının övlad olan iş üzrə cavabdeh bugünədək iddiaçıya qarşı hər hansı nə cinayət əməli, nə də bu və ya digər şəkildə əxlaqsız xarakterli hərəkətlər törətməmişdir. İddiaçı yalnız övladının ona qarşı laqeyd davranmasını, xəstə olması ilə əlaqədar onun qayğısına qalmamasını, onunla maraqlanmamasını, onu təhqit etməsini əsas gətirərək cavabdehin məcburi paydan məhrum edilməsini tələb etmişdir ki, məhkəmə hesab edir ki, bu hallar iddiaçıya qarşı yönəlmiş əxlaqsız xarakterli hərəkətlər kimi qiymətləndirilə bilməz və beləliklə də cavabdehin məcburi paydan məhrum edilmələri üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "məcburi pay hüququndan məhrum edilmə" tələbi barədə iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “məcburi pay hüququndan məhrum edilmə” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar