Məhkəmə qərarları › İş №2(004)-3234/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3234/2025

08.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3234/2025 08.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X7 Xidməti publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X7 Xidməti publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X7 Xidməti publik hüquqi şəxsi əsl cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsi ilə əvəz etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X7 Xidməti publik hüquqi şəxsin də əlavə cavabdeh kimi mülki iş üzrə icraata cəlb edilməsini xahiş etmişdir. Ərizələr icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 11 il 4 ay 3 gün 3 3 saylı Regional Sukanal İdarəsinin X4 istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunda sürücü vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023cü il tarixli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təçkil olunması yolu ilə regionlardakı idarələr ləğv edilərək rayon X5 İstismar İdarəsinin tabeliyinə verilmişdir. 31 oktyabr 2024-cü il tarixdə iddiaçının işlədiyi 3 saylı Regional Sukanal İdarəsinin rəhbərliyi iddiaçını dəvət edərək idarənin ləğv edildiyi, Biləsuvar X5 İstismar İdarəsinin tabeliyinə verilməklə şətatın ixtisar olunduğunu bildirmiş və bununla bağlı həmin tarixdə əmr vermişdir. X2 İstismar İdarəsinin hüquqi varisi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X7 Xidməti publik hüquqi şəxsidir. İddiaçının pensiyasına çıxmasına 2 il qalmış sözügedən qanunsuz əmrlə işdən azad edilmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər tərəf məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına 3 saylı Regional Sukanal İdarəsinin X4 İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü vəzifəsində işləyən İddiaçı ünvanlanmış “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxs 3 saylı Regional Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 601-K saylı əmrinə əsasən müəyyən edilir ki, işçi 3 saylı Regional Sukanal İdarəsinin X4 İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 056360 nömrəli vəsiqənin surətinə əsasən müəyyən edilir ki, İddiaçı 2-ci qrup müddətsiz əlildir. İş materiallarına əlavə edilmiş Həmkarlar ittifaqı komitəsinin məktubuna əsasən müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilmir. İclasın 06 saylı xx.xx.2024cü il tarixli protokoldan çıxarış iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar Su X1 İdarəsində işlə təmin olunacaq X3 siyahısına əsasən 59-cu bənddə İddiaçı adı qeyd edilmişdir. X8 X1 İdarəsinin rəhbəri Ədalət Babayev tərəfindən təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəndinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Mülki Məcəllənin 54.1-ci maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosialmədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Mülki Məcəllənin 54.2-ci maddəsinə əsasən, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı 2-ci qrup müddətsiz əlildir. İddiaçı 11 il 4 ay 3 gün 3 saylı Regional Sukanal İdarəsinin X4 istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunda sürücü vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təçkil olunması yolu ilə regionlardakı idarələr ləğv edilərək rayon X5 İstismar İdarəsinin tabeliyinə verilmişdir. 3 saylı Regional Sukanal İdarəsinin X4 İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü vəzifəsində işləyən İddiaçı ünvanlanmış “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmış, həmin bildirişin iddiaçıya təqdim edilməsi barədə qeyd olsa da, təqdim edilmə tarixi barədə məlumat qeyd edilməmişdir. İddiaçı isə həmin bildirişin əmrin verildiyi gün ona təqdim edildiyini bildirir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxs 3 saylı Regional Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 601-K saylı əmrinə əsasən işçi 3 saylı Regional Sukanal İdarəsinin X4 İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun avtomobil sürücüsü vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. Həmkarlar ittifaqı komitəsinin məktubuna əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilməmişdir. Biləsuvar Su X1 İdarəsində işlə təmin olunacaq X3 siyahısına əsasən 59-cu bənddə İddiaçı adı qeyd edilmişdir. X8 X1 İdarəsinin rəhbəri Ədalət Babayev tərəfindən təsdiq edilmişdir. Lakin, iddiaçı işlə təmin edilməmişdir. Məhkəmə nəzərə alır ki, mübahisə predmeti olan əmr cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsi tərəfindən qəbul edilsə də, iddiaçının işləmiş olduğu ştat hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X7 Xidməti publik hüquqi şəxsə aiddir. Yəni, iddiaçı işə bərpa olunacağı təqdirdə məhkəmə qərarının icrası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X7 Xidməti publik hüquqi şəxsi tərəfindən təmin edilməlidir. Yəni, işçi işə bərpa edildikdən sonra əmək funksiyalarını X7 Xidməti publik hüquqi şəxsində həyata keçirəcəkdir. Sadəcə mübahisə predmeti olan əmr “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsi tərəfindən qəbul edildiyindən sonuncu əmri qəbul etmiş subyekt kimi cavabdeh qismində iştirak etməlidir. Əvvəlki və hazırki ştat cədvəli, ştat cədvəlində dəyişikliklər və əmrin qanuniliyi barədə digər məlumatlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 8-ci bəndinə əsasən, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Nəzərə alınır ki, hazırki mübahisə üzrə işəgötürən qismində hakimiyyət funksiyalarını icra edən publik hüquqi şəxs (dövlət qurumu) çıxış edir. Nəticə olaraq, işəgötürənin müvafiq əmri ştatların ixtisarı ilə əlaqədar qəbul edilsə də, ixtisarın mahiyyət etibarilə həyata keçirilmədiyi, işçinin işləmiş olduğu vəzifə və ştatın ixtisar edilmədiyi prezmpsiyası qəbul edilir. Belə ki, müvafiq iş yeri üzrə əmək funksiyalarının icrasının mahiyyəti gərəyi sürücü ştatı hazırda mövcuddur. Əksi, cavabdehlər tərəfindən sübuta yetirilmir. Ştatların ixtisarı ilə əmək müqaviləsinin xitamının mahiyyəti işəgötürənə islahat aparılması, maliyyə xərclərinin qənaətlə idarə edilməsinə, azaldılmasına, əmək münasibətlərinin operativ və çevik təşkilinə şərait yaratmaqdır. Lakin, işəgötürənin bu hərəkətləri formal əsaslarla deyil, mahiyyəti üzrə ixtisar xarakteri daşımalı, vəzifə, ştat sayları azaldılmalı, nəticədə tərəflərin müvafiq işçilərin (qanunla müəyyən edilmiş qaydada) əmək müqaviləsinə xitam verilməlidir. İşəgötürən qurumun struktur islahatları çərçivəsində müvafiq forma, ad, vizual dəyişikliklər həyata keçirə bilər. Lakin, bu, mahiyyəti üzrə ixtisara, işçilərin işdən çıxarılmasına və həmin vəzifələrə digər şəxslərin işə götürülməsinə əsas deyildir. Hazırki mübahisə üzrə isə formal dəyişiklik də aparılmamış, ştat vahidi olduğu kimi saxlanılmışdır. Məhkəmələr isə dövlət hakimiyyətinin qolu olaraq işçilərin pozulmuş hüquq və azadlıqların bərpasını ədalət mühakiməsi çərçivəsində təmin etməlidir, sui-istifadə hallarına şərait yaratmamalı, qanunçuluğun qorunmasında üzərlərinə düşən rolu icra etməlidirlər. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdehlər tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, məhkəmə iclaslarında iştirak edilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehlərin üzərindədir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Müəyyən edilir ki, mübahisələndirilən əmr qanunsuzdur və ləğv edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxs 3 saylı Regional Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 601-K saylı əmri ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X7 Xidməti publik hüquqi şəxs tərəfindən əvvəlki vəzifəsinə işə bərpa olunmalı, məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X7 Xidməti publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X7 Xidməti publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxs 3 saylı Regional Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 601-K saylı əmri ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X7 Xidməti publik hüquqi şəxs tərəfindən əvvəlki vəzifəsinə işə bərpa edilsin. Məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X7 Xidməti publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar