Məhkəmə qərarları › İş №2(004)-3245/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3245/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3245/2022 21.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh2, Cavabdeh3 Əlimusa qızının və Cavabdeh4 Əlimusa qızının nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Əlimusa qızına, Cavabdeh4 Əlimusa qızına və Cavabdeh1 qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Əlimusa qızına, Cavabdeh4 Əlimusa qızına və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əlimusa qızı və Cavabdeh4 Əlimusa qızından 35000 manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1996-cı ilin dekabr ayında özünə məxsus Əhmədli qəsəbəsində Sarayev küçəsində yerləşən 22 nömrəli evin 169 nömrəli mənzilini satıb, 1997-ci ilin əvvəllərində ünvan 1 ünvanında yerləşən evi Mərifət adlı bir qadından almışdır. Mərifət adlı qadın onun verdiyi pul ilə özünə Pirşükür qəsəbəsində 3 otaqlı mənzil almış, onun pulunu aldıqdan sonra onunla birgə alqı-satqıya gəlməmişdir. Mərifət, həyat yoldaşı Rəcəbov Ağamusadan 3 uşaqla ayrılmış, Hacıağa adlı adamla evlənmişdir. Qeyd olunan bu mənzili ona Hacıağa tikmişdir. İddiaçı 25 ildir ki, 7 nəfərdən ibarət ailəsi ilə birlikdə həmin qeyd olunan mənzildə yaşayır. Ailə tərkibində olan şəxslərdən heç biri işləmir. 2018-ci ildə cavabdehlər qeyri-qanuni yollarla çıxarış və texniki pasport düzəltməklə ünvan 2 ünvanında yerləşən evin iki otağını öz adlarına rəsmiləşdirmişlər. Daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sözügedən mənzilin iki otağından onun və ailə üzvlərininin çıxarılmasını tələb etmişlər. Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4590/2020 saylı qətanməsi ilə Cavabdeh1 iddiası təmin olunmuşdur. Sözügedən qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-1786/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Yasamal rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuş, cavabdehlər İddiaçı, X1, X2 Bakı şəhər, Yasamal rayonu, Vasif Əliyev küçəsində yerləşən 189 nömrəli evin texniki pasportunda göstərilən tikililərdən çıxarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən onun tərəfindən kassasiya şikayəti verilmiş, lakin şikayəti təmin olunmamışdır. O, ünvan 3 ünvanında yerləşən mənzili ödəniş edərək almış və 25 ildir ki, orada ailəsi ilə birlikdə yaşayır. Həmçinin, həmin mənzildə əsaslı təmir və bərpa işləri həyata keçirərək xeyli miqdarda xərc çəkmişdir. Həmin mənzildə yerləşən sayğaclar onun adına olmuş və bununla bağlı ödəniş qəbzlərini məhkəməyə təqdim edir. Bu səbəbdən cavabdehlərdən həmin evin iki otağında çıxarılacağı üçün bunun qarşılığında evi alarkən ödədiyi məbləği və evin təmirinə çəkdiyi 35000 manat məbləği tələb etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh2, Cavabdeh3 Əlimusa qızının və Cavabdeh4 Əlimusa qızının nümayəndəsi Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, qeyd edilən mənzil Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Eyni zamanda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4590/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı və qeyrilərinin həmin mənzildən çıxarılması qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İddiaçı ilə də nə onun, nə də digər cavabdehlərin arasında heç vaxt həmin evin alqı-satqısına dair hə hansı bir razılaşma olmamış və iddiaçı ailəsi ilə birlikdə həmin evdə sadəcə müvəqqəti yaşamışdır. Evdə isə nəinki təmir işləri görülmüş, əksinə qaldıqları müddətdə evi bərbad vəziyyətə salmışlar. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı evi nə ondan, nə də digər cavabdehlədən almamışdır. Belə olan halda o və digər cavabdehlər ümumiyyətlə bu iddiaya cavab verməli şəxslər də sayılmır. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı evin alqı-satqısından sonra (əgər həqiqətən də belə bir alqı-satqı olmuşdursa) 26 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini çoxdan ötürmüşdür. Cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh2, Cavabdeh3 Əlimusa qızının və Cavabdeh4 Əlimusa qızının nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, qeyd edilən evlər 1958-ci ildə tikilmişdir. Evin sənədi, texniki pasportu və s. mövcud olmuşdur. İddiaçı ilə də nə onun, nə də digər cavabdehlərin arasında heç vaxt həmin evin alqı-satqısına dair hə hansı bir razılaşma olmamış və iddiaçı ailəsi ilə birlikdə həmin evdə sadəcə müvəqqəti yaşamışdır. İddiaçı mənzili təmir etməsi barədə tələbi əsasızdır. İddiaçı evdə heç bir təmir işləri görməmiş, əksinə qaldıqları müddətdə evi bərbad vəziyyətə salmışlar.Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(004)-4590/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı və qeyrilərinin Cavabdeh2, Cavabdeh3 Əlimusa qızının, Cavabdeh4 Əlimusa qızının və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Vasif Əliyev küçəsində yerləşən 189 saylı evdən çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 1786/2021 nömrəli qətnaməsinə əsasən, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və cavabdehlər İddiaçı və qeyrilərinin Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsində yerləşən 189 saylı evin texniki pasportunda göstərilən tikililərdən çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6043/2021 nömrəli qərarına əsasən, İddiaçı tərəfindən verrilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-1786/2021 nömrəli qətnaməsii dəyişdirilmədən saxlanılmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən mübahisəli ev 1996-cı il tarixdə iddiaçıların qardaşı arvadı Mərifə adlı qadından 8000 ABŞ dollarına almaları barədə heç bir sənəd yoxdur. Cavabdehlərin evin bir hissəsinə sahiblik etməsinin hüquqi əsası olmadığına görə bu sahiblik qanunsuz sahiblik hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsində yerləşən 189 saylı ev Cavabdeh2, Cavabdeh3 Əlimusa qızının, Cavabdeh4 Əlimusa qızının və Cavabdeh1 paylı mülkiyyətindədir və evin 3/6 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülki Məcəllənin 157.6-ci maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının əmlakın təmir edilməsinə sərf etdiyi vəsaitin mülkiyyətçi olaraq cavabdehlərdən tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə iddiaçının evi 1996-cı il tarixdə cavabdehlərin qardaşı arvadı Mərifə adlı qadından 8000 ABŞ dollarına almaları barədə heç bir sənəd yoxdur və iddiaçının evin bir hissəsinə sahiblik etməsinin hüquqi əsası olmadığına görə bu sahiblik qanunsuz sahiblik hesab olunur. İddiaçı mübahisəli evin bir hissəsində heç bir hüquqi əsas olmadan yaşayaraq, bununla da həmin hissəyə sahiblik hüququnun olmadığını bilmiş və yaxud da bilməli olmuşdur. Onun tərəfindən məhkəmə təqdim edilmiş mənzildə yerləşən sayğacların onun adına olmasını təsdiq edən sənədlər isə, onun həmin evə qanuni əsaslarla sahiblik etdiyini deyil, orada yaşadığını təsdiq edir ki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də təsdiq edilir və cavabdeh tərəfindən mübahisələndirilmir. Ona görə də, iddiaçının vicdansız sahib olaraq yaşadığı müddətdə əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəfləri tələb etmək hüququ yoxdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əmlakın təmir edilməsi üçün 35000 manat xərc çəkdiyini iddia etsə də, nə yaşadığı müddətdə evi təmir etməsi, nə də iki otaq üçün həmin məbləğdə vəsait xərcləməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İddia tələbi əsassız olduğundan prosessual qənaət prinsipinə əsasən, məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirmir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Əlimusa qızına, Cavabdeh4 Əlimusa qızına və Cavabdeh1 qarşı “pul” tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Əlimusa qızına, Cavabdeh4 Əlimusa qızına və Cavabdeh1 qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 195 (bir yüz doxsan beş) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar