Məhkəmə qərarları › İş №2(004)-3253/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3253/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3253/2024 31.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əliş oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə xərclənmiş vəsaitin geri qaytarılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə xərclənmiş vəsaitin geri qaytarılması” tələbinə dair ərizə ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün kimi Bakıya gələrək cavabdehə məxsus ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Həmin vaxt sözügedən mənzilin təmiri olmamışdır. Hal-hazırda da həmin mənzildə yaşayır. Cavabdeh mülkiyyətçi qismində iddiaçıdan mənzili boşaltmağı tələb edir. İddiaçı isə yalnız dövlət tərəfindən evlə təmin edildikdən sonra cavabdehə məxsus mənzili ona təhvil verməyi düşünür. Təxminən 6 il əvvəl iddiaçı mənzili tam təmir etdirmiş və ümumilikdə təmirə 26.000 manat pul xərcləmişdir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, mübahisə predmeti olan 26.000 manat xərci 1993, 1995 və 1998-ci illərdə mənzilə çəkdiyini bildirmiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı Cavabdeh məxsusdur (mülki işin mübahisəsiz halıdır). İş materiallarında olan Yasamal Rayon MKTB-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında Cavabdeh qeydiyyatdadır və yaşamır. Zəngilan rayonundan olan məcburi köçkün İddiaçı tərəfindən mənzil zəbt edilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2343/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdehlər İddiaçı, X1 və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları və mənzilin iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia tələbinin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə isə qeyd oluan heç bir şərt ödənilmir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, müəyyən edilir ki, Zəngilan rayonundan olan məcburi köçkün İddiaçı və ailə üzvləri Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə məskunlaşmışlar və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq indiyə qədər həmin mənzildən çıxmamışlar (mülki işin mübahisəsiz halıdır). İddiaçı Cavabdeh mülkiyyət hüquqlarını pozur və sonuncunu mülkiyyət hüququndan qanunsuz olaraq məhrum edir. Uzun illərdir ki, İddiaçı cavabdehə məxsus olan sözügedən mənzildə yaşayır və ondan qanunsuz olaraq istifadə edir. İddiaçı əgər həmin mənzildə yaşayırsa cari xərcləri çəkməklə cari təmir işlərini görməklə mülkiyyətçini varlandırmır, əksinə mənzildən öz istifadəsi məqsədilə özü faydalanır və təmirin nəticəsindən özü və ailəsi istifadə etməklə yararlanır. Belə ki, təmir üzrə faydalanan da, təmirə pulu xərcləyən də İddiaçı özüdür. Deməli, İddiaçı özü faydalanıbsa, hüquqi əsası da elə özüdür, öz puludur. Yəni, hüquqi əsas olmadan və ya aradan qalxmış hüquqi əsasa görə varlanma halı aşkar olunmur. Nəticədə, əsassız varlanma hüquq institutu üzrə dispozitiv şərtlərin heç biri tələb üzrə yerinə yetirilmir. Nəzərə almaq lazımdır ki, İddiaçı mübahisə predmeti olan mənzilə münasibətdə mülki qanunvericiliyin (MM-in 157-ci maddəsi) tələbləri baxımından “vicdanlı sahib” statusu yoxdur. Məhkəmə qeyd edir ki, əgər, mənzilə xüsusilə əsaslı xərclər qoyulardısa və ya mənzilin bazar dəyərinin xüsusilə artmasına səbəb olan əhəmiyyətli işlər görülərdisə, bu halda Cavabdeh əsassız olaraq varlanması xüsusatına bəlkə diqqət yetirmək olardı. Həmçinin iddia ərizəsi üzrə iddiada qeyd olunan işlərin görülməsi tarixi dəqiq olaraq müəyyən edilmədiyindən məhkəmə əsassız varlanma üzrə 2 illik iddia müddətinin (KMPnin hüquqi mövqeyinə əsasən həmin müddət kəsici müddət deyildir) tətbiq edilməsini, iddia müddətinin axımının başlanma tarixinin müəyyən edilməsini aşkar edə bilmir (baxmayaraq ki, ilkin iddiaçı iddia tələbinin faktiki hallarını qeyd etməklə əsaslandırmalı idi). “Prosessual qənaət” prinsipi əsas götürülməklə məhkəmə ilkin iddia üzrə məbləğin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, ekspertiza rəyinin məhkəmənin tələb üzrə gələcəyi hüquqi nəticəyə müvafiq olaraq hər hansı əhəmiyyəti olmayacaqdır. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən, dövlət qaçqınların və ya məcburi köçkünlərin mənzil şəraitini digər vətəndaşların mülkiyyət hüquqlarının pozulması və ya mülkiyyətlərindən məhrum edilməsi hesabına yaxşılaşdıra bilməz. Bu yaxşılaşdırma həyata keçirilərsə, dövlətin öz hesabına həyata keçirilməklə digər subyektlərinin hüquqlarının pozulması ilə nəticələnməməlidir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia tələbi üzrə iddiaçı tərəfindən sübutetmə funksiyası həyata keçirilməmiş, iddia tələbinin əsaslılığına dəlalət edən zəruri sənəd, sübut və ya material (lar) məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə xərclənmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar