Məhkəmə qərarları › İş №2(004)-327/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-327/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-327/2024 02.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MTK-ya qarşı “mənzilin təhvil verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 12-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv.m təşkil edən bir otaqlı 1358 saylı mənzilin iddiaçının sahibliyinə verilməsi, həmin mənzildə təmir- tamamlama işlərinin aparılmasına şərait yaradılması, həmin mənzilə sərbəst şəkildə daxıl olmaq, mənzildə təmir işləri aparılmasına mane olmaq hərəkətlərin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh təşkilat Cavabdeh1 MMC ilə bağlanılan 06 yanvar 2009-cıı il tarixli «Mənzil tikintisi haqqında» müqaviləyə əsasən cavabdeh cəmiyyət ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 12-ci giriş, 11-ci mərtəbə, 1358 saylı mənzili inşa edib iddiaçıya verməyi, iddiaçı isə mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərini ödəməyi, mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Bildirirlər ki, müqavilə bağlanılan gün iddiaçı mənzilin müqavilə ilə müəyyən olunan tam dəyərini - 44640 (qırx dörd min altı yüz qırx) manat pulu cavabdeh təşkilata nağd şəkildə ödəmiş və cavabdeh ləşkilai pulu qəbul edərək mənzilin tam dəyərinin ödənilməsi, borcun olmaması barədə maliyvə arayışı verilmişdir. Lakin müqavilə bağlandıqdan sonrakı dövrdə uzun müddət binada tikinti işləri getməmiş, sonradan tikinti davam etmişdir. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən mənzil hələ də iddiaçıya təhvil verilməmişdir. Hazırda yaşayış binasının inşası başa çatdırılmışdır. Lakin cavabdeh təşkilat tərəfindən mənzil ona təhvil verilməmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 12-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv.m təşkil edən bir otaqlı 1358 saylı mənzilın iddiaçıya təhvil verilməsi, həmin mənzildə təmir-tamamlama işlərinin aparılmasına şərait yaradılması, həmin mənzilə sərbəst şəkildə daxil olmaq, mənzildə təmir işləri aparılmasına mane olmaq hərəkətlərinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, tərəflər arasında bağlanılan 06 yanvar 2009-cu il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh qeyd olunan mənzili inşa edib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh təşkilat olan Cavabdeh1 MMC mənzili təhvil vermək barədə yazılı və şifahi öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı 2023-cü ilin sentyabr ayında mənzil yerləşən binaya gəldikdə ona bildirmişlər ki, binanın idarəçiliyini iş adamı kimi tanınan Şərurlu İsfəndiyara məxsus tikinti şirkəti həyata keçirir. Bundan sonra iddiaçı Yasamal rayon İcra Hakimiyyətinə müvafiq müraciət etmişdir. İddiaçının həmin müraciətinə Yasamal rayon İcra Hakimiyyətindən verilən xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki. Yaamal rayonu, Talıblı küçəsində yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamı ilə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Odur ki, hər iki təşkilat iddia tələbi üzrə cavabdeh qismində cəlb edilməlidir. Daha sonra iddiaçı ərizə təqdim edərək əsl olmayan cavabdehin əvəz edilərək, Qlobal Azəri” MMC-nin cavabdeh qismində Cavabdeh2 MTK ilə əvəz edilməsini xahiş etmişdir. Cavabdeh2 MTK-nın nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş müqavilədən göründüyü kimi müqavilə iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmışdır. Beləliklə müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi yalnız müqavilə üzrə digər tərəf olan Cavabdeh1 MMC-dən tələb edilə bilər. Lakin iddia ərizəsində əsassız olaraq müqavilə tərəfi olmayan Cavabdeh2 MTK-da (“Qlobal-Azəri MMC-nin hüquqi varisi”) cavabdeh qismində qoyulmuşdur. İddia ərizəsinə əsasən MTK- nın digər cavabdeh kimi işə cəlb edilməsinin yeganə əsası isə Bakı şəhəri Yasamal rayon Talıblı küçəsində yerləşən torpaq sahəsinin 2004-cü il tarixdə yaşayış binasının layihələndirilməsi üçün Cavabdeh2 MTK-nın (“Qlobal- Azəri MMC-nin hüquqi varisi”) istifadəsinə verildiyi qeydi olmuşdur. Bu isə tərəflər arasında öhdəliyin yaranması üçün hüquqi əsas kimi çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Tərəflər arasında bağlanmış müqavilənin formasından göründüyü kimi müqavilə podrat müqaviləsi olmuşdur. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi iddiaçı müqavilə üzrə yalnız podratçı Cavabdeh1 MMC-dən öhdəliyin icrasını tələb edə bilərdi. İkincisi iddia ərizəsindən və ona əlavə edilmiş müqavilə və maliyyə arayışdan göründüyü kimi iddiaçı müqavilə bağlanan gün yəni xx.xx.2009-cu il tarixdə mənzilin tam dəyərini (44640 azn) vəsaiti ödəyərək maliyyə arayışı almışdır. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Bu səbəbdən iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi qaçılmazdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən iddia ərizəsinə dair etirazın qəbul edilməsi və iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, İddiaçı ilə cavabdeh təşkilat Cavabdeh1 MMC ilə bağlanılan 06 yanvar 2009-cu il tarixli «Mənzil tikintisi haqqında» müqaviləyə əsasən cavabdeh cəmiyyət ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 12-ci giriş, 11-ci mərtəbə, 1358 saylı mənzili inşa edib iddiaçıya verməyi, iddiaçı isə mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərini ödəməyi, mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Bildirirəm ki, müqavilə bağlanılan gün iddiaçı mənzilin müqavilə ilə müəyyən olunan tam dəyərim - 44640 (qırx dörd min altı yüz qırx) manat pulu cavabdeh təşkilata nağd şəkildə ödəmiş və cavabdeh təşkilat pulu qəbul edərək mənzilin tam dəyərinin ödənilməsi, borcun olmaması barədə maliyyə arayışı verilmişdir. Lakin müqavilə bağlandıqdan sonrakı dövrdə uzun müddət binada tikinti işləri getməmiş, sonradan tikinti davam etmişdir. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən mənzil hələ də idiaçıya təhvil verilməmişdir. Hazırda yaşayış binasının inşası başa çatdırılmışdır. Lakin cavabdeh təşkilat tərəfindən mənzil iddiaçıya təhvil verilməmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 12ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv.m təşkil edən bir otaqlı 1358 saylı mənzilin iddiaçıya təhvil verilməsi, həmin mənzildə təmir-tamamlama işlərinin aparılmasına şərait yaradılması, həmin mənzilə sərbəst şəkildə daxil olmaq, mənzildə təmir işləri aparılmasına mane olmaq hərəkətlərinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, tərəflər arasında bağlanılan 06 yanvar 2009-cu il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh qeyd olunan mənzili inşa edib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC müqavilədən irəli gələn həmin öhdəliyi bu günə qədər yerinə yetirmədiyi üçün mülki məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Lakin cavabdeh təşkilat olan Cavabdeh1 MMC mənzili təhvil vermək barədə yazılı və şifahi öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı 2023-cü ilin sentyabr ayında mənzil yerləşən binaya gəldikdə ona bildirmişlər ki, binanın idarəçiliyini iş adamı kimi tanınan Şərurlu İsfəndiyara məxsus tikinti şirkəti həyata keçirir. Bundan sonra iddiaçı Yasamal rayon İcra Hakimiyyətinə müvafiq müraciət etmişdir. İddiaçının həmin müraciətinə Yasamal rayon İcra Hakimiyyətindən verilən xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Yasamal rayonu, Talıblı küçəsində yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamı ilə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Odur ki, hər iki təşkilat iddia tələbi üzrə cavabdeh qismində cəlb edilməlidir. Əlavə olaraq bildirirəm ki, bir müddət tikinti işləri binada getməmiş, sonradan tikinti işləri getməyə başlamış, iddiaçı tikinti işləri ilə və dəyərini ödəməklə aldıığı mənzilə maraqlanmaq üçün getmiş və ona şifahi olaraq bildirmişlər ki, hazırda tikinti işləri gedir, Cavabdeh1 MMC-nin ofisi artıq burda yerləşmir, bu bina Cavabdeh2 MTK tərəfindən inşa edilir və sizinlə Cavabdeh2 MTK arasında müqavilə bağlanmayıbdır. Buzaman orada fikir ayrılığı yaranır. İddiaçı bildirir ki, o, bu binadan dəyərini ödəməklə mənzil almışdır və onunla Cavabdeh1 MMC arasında müqavilə bağlanmışdır. Bildirmişlər ki Cavabdeh1 MMC-nin burada ofisi yoxdur və onun mənzil satmaq hüququ yoxdur. Bundan sonra iddiaçı hüquqlarının müdafiəsi ilə bağlı ona müraciət edir və onunla müqavilə bağlayır. Bundan sonra o, ilkin olaraq Yasamal rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət etmişdir. Yasamal rayon İcra Hakimiyyəti ona cavab olaraq Yasamal rayonu Talıblı küçəsində yerləşən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyəti Başçısının xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, göstərilən ünvanda inşa edilən yaşayış binasından mənzilin alınması məsələsi iki tərəfli müqavilə əsasında həyata keçirildiyindən və qaldırılıan məsələ mülkiyyətlə bağlı olduğundan mülki qaydada məhkəmə orqanlarına müraciət edə biləcəyimizi bildirmişlər. Bundan sonra o, şifahi forma da öyrəndimişdir ki, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh2 MTK-dır və onun hüquqi ünvanı Azadlıq prospektində yerləşir. Bundan sonra Cavabdeh2 MTK-nin ofisinə yaxınlaşaraq orada bildirdim ki, belə bir məsələ ilə qarşılaşmışam. Onlar nümayəndəyə şifahi olaraq bildirdilər ki, siz araşdırın ki, siz bu məsələ ilə bağlı korupsiya qarşı mübarizə idarəsinə müraciət etmisiniz ya yox. Nümayəndə də bildirmişdir ki, xeyir onlar müraciət etməmişlər və müraciət etməklərinə səbəb də yoxdur. Çünki həmin mənzilin onlardan əvvəl başqa adama satılması və bu kimi digər hallar mövcud deyildir. Onlar Cavabdeh1 MMC-dən pulunu verib mənzil almış və onun orda satış ofisi olmuşdur. Ona bildirdilər ki, onlar bir müqavilə əsasında binanın tikintisini Cavabdeh1 MMC-yə həvalə etmişlər və onun mənzil satmaq hüquq olmamışdır və bu suala onlar cavab verə bilməzlər. Bundan sonra o iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, idiaçı tərəflər arasında nə müqaviləsinin bağlanılmasını, Cavabdeh1 MMC-nin mənzili satmaq sılahiyyətinin olub-olmamasını bilə bilməzdi. Beləl ki, o tikilən binanən ofisinə yaxınlaşmış və orada da, Cavabdeh1 MMC-nin əməkdaşları olmuş və onlar tərəfindən də, tərəf qaşılanaraq müqavilə bağlanılmışdır. Hesab edir ki, burda "xxxx" MMC-nin də məsuliyyəti olmuş, onlar buna şərait yaratmış, tikintiyə, satışa nəzarət etməli olduğu halda bunu etməmişdir. Odur ki, hazırda hüquqi varisi olaraq Cavabdeh2 MTK-da məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 12-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv.m təşkil edən bir otaqlı 1358 saylı mənzilin iddiaçının sahibliyinə verilməsi, həmin mənzildə təmir-tamamlama işlərinin aparılmasına şərait yaradılması, həmin mənzilə sərbəst şəkildə daxıl olmaq, mənzildə təmir işləri aparılmasına mane olmaq hərəkətlərin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, İddiaçı ilə cavabdeh təşkilat Cavabdeh1 MMC ilə bağlanılan 06 yanvar 2009-cıı il tarixli «Mənzil tikintisi haqqında» müqaviləyə əsasən cavabdeh cəmiyyət ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 12-ci giriş, 11-ci mərtəbə, 1358 saylı mənzili inşa edib iddiaçıya verməyi, iddiaçı isə mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərini ödəməyi, mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlanılan gün iddiaçı mənzilin müqavilə ilə müəyyən olunan tam dəyərini - 44640 (qırx dörd min altı yüz qırx) manat pulu cavabdeh təşkilata nağd şəkildə ödəmiş və cavabdeh təşkilat pulu qəbul edərək mənzilin tam dəyərinin ödənilməsi, borcun olmaması barədə maliyyə arayışı verilmişdir. Müqavilə bağlandıqdan sonrakı dövrdə uzun müddət binada tikinti işləri getməmiş, sonradan tikinti davam etmişdir. Cavabdeh təşkilat tərəfindən mənzil hələ də idiaçıya təhvil verilməmişdir. Hazırda yaşayış binasının inşası başa çatdırılmışdır. Lakin cavabdeh təşkilat tərəfindən mənzil iddiaçıya təhvil verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclası cavabdehlərin nümayəndələrinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 MTK-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 MMC ilə bağlanmış 06 yanvar 2009-cu il tarixli «mənzil tikintisi haqqında» müqaviləyə əsasən mənzilin ona təhvil verilməməsini bildirmişdir. Beləliklə müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi yalnız müqavilə üzrə digər tərəf olan Cavabdeh1 MMC-dən tələb edilə bilər. Lakin iddia ərizəsində əsassız olaraq müqavilə tərəfi olmayan Cavabdeh2 MTK-da ("xxxx" MMC-nin hüquqi varisi») cavabdeh qismində qoyulmuşdur. İddia ərizəsinə əsasən MTK-nın digər cavabdeh kimi işə cəlb edilməsinin yeganə əsası isə Bakı şəhəri Yasamal rayon Talıblı küçəsində yerləşən torpaq sahəsinin 2004-cü il tarixdə yaşayış binasının layihələndirilməsi üçün Cavabdeh2 MTK-nın ("xxxx" MMC-nin hüquqi varisi») istifadəsinə verildiyi qeydi olmuşdur. Bu isə tərəflər arasında öhdəliyin yaranması üçün hüquqi əsas kimi çıxış edə bilməz. Tərəflər arasında bağlanmış müqavilənin formasından göründüyü kimi müqavilə podrat müqaviləsi olmuşdur. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi iddiaçı müqavilə üzrə yalnız podratçı Cavabdeh1 MMC-dən öhdəliyin icrasını tələb edə bilərdi. ikincisi iddia ərizəsindən və ona əlavə edilmiş müqavilə və maliyyə arayışdan göründüyü kimi iddiaçı müqavilə bağlanan gün yəni xx.xx.2009-cu il tarixdə mənzilin tam dəyərini (44640 azn) vəsaiti ödəyərək maliyyə arayışı almışdır. Göründüyü kimi iddiaçı (sifarişçi) müqavilə üzrə öhdəliyin yarandığı yəni 2009-cu il tarixdən keçən bu müddət ərzində öhdəliyin icrasını tələb etməyərək tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini tələb etmək hüququnu müddətin keçməsinə görə itirmişdir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi «köhnəlmiş» tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001 -ci il 27 dekabr tarixli Qərarı). Göründüyü kimi qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Bu səbəbdən iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi qaçılmazdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən iddia ərizəsinə dair etirazın qəbul edilməsi və iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi yalnız müqavilə üzrə digər tərəf olan Cavabdeh1 MMC-dən tələb edilə bilər. İddia ərizəsində əsassız olaraq müqavilə tərəfi olmayan Cavabdeh2 MTK-da ("xxxx" MMC-nin hüquqi varisi») cavabdeh qismində qoyulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin formasından göründüyü kimi müqavilə podrat müqaviləsi olmuşdur. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Olimpus-Az MMC xx.xx.2009-cu il tarixli müqavilədən görünür ki, Olimpus-Az MMC ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 12-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv.m təşkil edən bir otaqlı 1358 saylı mənzili payçıya verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 44640 manat təşkil edir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, sözügedən mənzilin dəyərinin İddiaçı tərəfindən tam ödənildiyi, Olimpus-Az MMC-yə borcu olmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-829/18 saylı, 08 fevral 2018-ci il tarixli qərarı ilə Kazımov Xankərəm Saqi oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2346/2017 saylı, 08 aprel 2015-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Məhərrəmova) iddia tələbi təmin edilərək, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi 4 ünvanda inşa edilən yaşayış binasının 15-ci mərtəbə, 1516 saylı ümumi sahəsi 114 kv.m olan 3 otaqlı mənzilin Cavabdeh1 MMC-dən alınaraq Kazımov Xankərəm Saqi oğluna təhvil verilməsi, 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2017-ci il tarixli, 2(103)-9609/2017 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova, X.Sarıyev və M.Məmmədov) Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2346/2017 saylı, 08 aprel 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 17 aprel 2007-ci il tarixdə "xxxx" MMC ilə “Olimpus-Az" MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən, "xxxx" MMC ona ayrılmış torpaq sahəsini və tikinti üçün tələb olunan bütün sənədləri "xxxx" MMC-yə təqdim etmiş, sonuncu isə ona təqdim olunmuş torpaq sahəsində yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz şəxsi vəsaiti hesabına tam tikib başa çatdırmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.5-ci bəndində qeyd olunmuşdur ki, müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alqı-satqı müqavilələri və digər sənədlər əsasında "xxxx" MMC adından rəsmiləşdiriləcək, əgər "xxxx" MMC öz adından rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanlar qarşısında özü məsuliyyət daşıyacaq. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi 4 ünvanda inşa edilən binada mənzilləri öz adından satmağa səlahiyyəti olmadığından, Kazımov Xankərəm Saqi oğlu ilə bağlamış olduğu 29 avqust 2008-ci il tarixdə mənzil tikintisi müqaviləsi əhəmiyyətsiz əqddir və heç bir hüquqi nəticə doğurmur. Yəni mübahisəsi gedən tikinti ilə əlaqədar alqı-satqı müqaviləsi bağlamaq "xxxx" MMC-və məxsus olduğundan, tikintiyə mülkiyyət hüququ olmayan Cavabdeh1 MMC-nin bağladığı müqavilənin hüquqi qüvvəsi yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1464/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən iddiaçı X1 Cavabdeh2 MTK-ya qarşı “mənzilin və ya onun dəyərinin təhvil verilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh2 MTK-da 30000 (otuz min) manat məbləğində pulun alınıb X3 ödənilməsi barədə iddiaçı X2 iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7301/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-946/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01,2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub- olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.” Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, Şərur MTK-nın hüquqi varisi olduğu Qlobal Azəri ilə Olimpus-Az MMC arasında birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC Qlobal-Azəri MMC-yə ayrılmış torpaq sahəsində öz vəsaiti hesabına yaşayış binasının tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin həmin müqaviləyə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin satışını Qlobal-Azəri" MMC adından rəsmiləşdirəcəkdir. Müqaviləyə əsasən Olimpus Az MMC-nin öz adından müqavilə bağlamaq səlahiyyəti olmasa da, Olimpus AZ MMC həmin şərtə əməl etməyərək öz adından İddiaçı ilə müqavilə bağlamış və mənzil satışını həyata keçirmişdir. Məhkəmə ilkin olaraq iddianın cavabdeh Şərur MTK ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllədə tərəflər arasında mülhi hüquq münasibətlərinin, həmçinin öhdəliyin yaranmasının əsasları aydın şəkildə qeyd edilmişdir. İş materialları ilə tərəflər arasında müqavilə bağlanması, həmçinin öhdəliyin yaranmasına əsas ola biləcək heç bir hal müəyyən edilməmişdir. İddiaçı Cavabdeh1 MMC ilə aralarında bağlanmış müqaviləyə istinad etsə də həmin müqavilə üzrə "xxxx" MTK-nın hansı öhdəliklərinin yaranması ilə bağlı sübut təqdim etməmişdir. Məhkəmə xatırladır ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə tərəflər üçün məcburi qaydalara uyğun gəlməlidir. İşin halları ilə Şərur MTK-nın müqavilə üzrə tərəf olması, razılaşdırılmış iradə ifadəsi göstərməsi və ya hər hansı öhdəlik götürməsi müəyyən edilmir. Həmçinin iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamı ilə "xxxx" MMC-nin istifadəsinə verilməsinə əsaslanaraq Şərur MTK-ya qarşı iddia qaldırmışdır ki, bu da tərəflər arasında öhdəliyin yaranması üçün hüquqi əsas kimi çıxış edə bilməz. Məhkəmə iddia tələbinin Olimpus AZ MMC-yə aid hissəsinə münasibətdə qeyd edir ki, artıq iş materialları ilə müəyyən edildiyi kimi Olimpus AZ MMC Qlobal Azəri MTK ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozaraq, mənzilin satışını həyata keçirməyə subyektiv hüququ olmadan mənzili iddiaçıya satmışdır. Məhkəmə qanuvericiliyin normalarını əsas tutaraq qeyd edir ki, Cavabdeh1 MMC-nin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi 4 ünvanda inşa edilən binada mənzilləri öz adından satmağa səlahiyyəti olmadığından, İddiaçı ilə xx.xx.2009-cu il tarixdə bağlamış olduğu müqavilə əhəmiyyətsiz əqddir və heç bir hüquqi nəticə doğurmur. Yəni mübahisəsi gedən tikinti ilə əlaqədar alqı-satqı müqaviləsi bağlamaq "xxxx" MMC-yə məxsus olduğundan, tikintiyə mülkiyyət hüququ olmayan "xxxx" MMC-nin bağladığı müqavilənin hüquqi qüvvəsi yoxdur. Belə olan halda tərflər arasında bağlıanmış müqavilənin hüquqi qüvvəsi olmdığından həmin müqavilə üzrə tərəflər arasında heç bir hüquqi nəticə yaratmır. Bu səbəbdən də həmin müqavilə üzə "xxxx" MMC-nin öhdəliklərinin yerinə yetirməsi barədə iddia tələbi də əsassız hesab edilməlidir. Məhkəmə eləcə də qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən edilmiş hallarını əsas götürərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdeh "xxxx" MMC yə qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olması İddiaçı izah edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MTK-ya qarşı “mənzilin təhvil verilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə eyni zamanda Cavabdeh2 MTK-nin iddia müddətinin tədbiq edilməsinə dair ərəizəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi özü-özlüyündə əsassız olduğu üçün rədd edildiyindən, məhkəmə iddia müddətinin tədbiq edilməsi məsələsinin müzakirəsinə zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MTK-ya qarşı “mənzilin təhvil verilməsi tələbi”nə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar