Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-328/2025 16.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh1n nümayəndəsi Nümayəndə4, Cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs "Akademik M.Ə.Mirqasımov Adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxs tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli PHŞ-6-3/3- 1624/2023 saylı əmrin ləğv edilməsi, onu əvvəlki işinə bərpa edərək, məcburi işi buraxdığı müddəti üçün əmək haqqının ödənilməsini cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin yanvar ayında işlə əlaqədar Təbib onu Akademik M.Ə.Mirqasımov Adına Respublika Klinik Xəstəxanasına yönəltmiş və o, anket sivi xəstəxananın kadrlar şöbəsinə təqdim eləmişdir. Fevral ayında bir qrup şəxslər, o cümlədən, o da, şifahi test müsabiqədən (imtahanından) uğurla keçərək, çoxdan arzuladığı, hamiləliyin patoloqiya şöbəsində mama vəzifəsinə qəbul olunmuşdur. Kadrlar şöbəsində ona bildirdilər ki, işə qəbul olunanlar, 2 həftə könüllü işləyəndən sonra onlarla əmək müqaviləsi bağlanacaq. Mamaça işləmək arzusunda olduğu üçün bildirdi ki, lap 1 ayda könüllü işləyər. 1 aydan cox könüllü olaraq işləmişdir. Sonradan məlum olundu ki, onunla bərabər işə qəbul olunanlar, birbaşa könüllülük olmadan əmrlə işə qəbul olunublar. 08 may 2023-cü il tarixdə xəstəxana ilə müqavilə bağlayaraq Hamiləliyin patologiyası şöbəsində mama vəzifəsinə 1 illik 3 həftə sınaq müddəti ilə işə qəbul olunmuşdur. İlkin olaraq bildirir ki, onunla bağlanmış əmək müqaviləsi ala yarımçıqdı, nömrəsizdir və müqavilənin 4.2,- 4.3.- 4.5. qrafaları məlumatlar əks edilmir. İşlədiyi müəssisədə onun işi ilə əlaqədar xoşagəlməz söhbətlər və ona qarşı qərəzcilik edilirdi. Belə ki, ona şəkil göstərilərək bildirdilər ki, iş vaxtı yatmışdır və ondan izahat almışlar. İzahatında bildirmişdir ki, belə bir hal olmayıb. Buna baxmayaraq, deyilənə görə, müdriyyət tərəfindən ona töhmət verilib. Bundan başqa işə müsabiqə yolu ilə qəbul olunduğu üçün nə könülülük, nə də sınaq müddəti vəzifəsi ilə əlaqədar ona tətbiq edilməməli idi. Müqavilənin 1.2 bəndinə əsasən o, Hamiləliyin patoloqiya şöbəsinə “mama” vəzifəsinə qəbul olunmuşdur. Buna baxmayaraq, baş tibb bacısı Səadət xanım məcburən onu sarğı tibb bacısı kimi 1 ay işlətmişdir. Mama vəzifəsində olan iş qrafikinə müqaviləyə əsasən 2 gün işləyib, 3 gün evdə olmalı idi. Sarğı işlərini 6 gün ardıcılıqla işinin xətrinə işləmişdir. Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, bəzi işçilərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti təyin olunmur. Ancaq maraqlı məqam budur ki, həmin şəxslərə sınaq müddəti təyin olunduğu halda İnzibati Xətalar Məcəlləsində hər hansı bir cərimənin tətbiq olunması nəzərdə tutulmayıb. Sınaq müddəti nəzərdə tutulmayanlar bunlardır: yaşı 18-dən az olan şəxslər; müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlar; hamilə və 3 yaşma çatmamış uşağı olan qadınlar, habelə 3 yaşınadək uşağını tək böyüdən kişilər; təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslər; ödənişli seçkili vəzifəyə seçilmiş şəxslər; 2 ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslər. Ona təkidlə tələb edirdi ki, öz xahişi ilə ərizəsini yazsın, o isə imtina eləmişdir. Əmr veriləndən sonra əmək kitabçası ona veriləndə görmüşdür ki, işdən azad olunmağının səbəbi öz xahişinə görə olunub. Kadrlar şöbəsinə bildirəndə ki, o, ərizə yazmamış, Kadrlar şöbəsinin məsul işçisi müdriyyətlə əlaqə saxlamış və 2- 3 saatdan sonra işdən azad olunmağının səbəbini, əmək müqaviləsinə xitam verilməsi ilə təsdiq eləmişlər. Bu da bir daha subut edir ki, ona qərəzcilik edilmişdir. O, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmişdir. Təyin edilmiş mediator Vəfa Ömərova vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2024-ci il tarixli Arayış vermişdir. Mediasiya xərci olan 60 manat məbləğində pul onun tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1n nümayəndəsi Nümayəndə4 iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsində işə qəbulla bağlı keçirilmiş komissiyanın iclasında tərtib olunan xx.xx.2023-cü il tarixli, 04 nömrəli protokolun 9-cu sırasında İddiaçı tibb bacısı vəzifəsinə “namizədliyi müsbət olaraq tövsiyyə edilmədi, yekdilliklə işə qəbul edilməsi tövsiyyə edilmədi” kimi qeyd olunmuşdur. İş materiallarında olan “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin könüllü fəaliyyət haqqında müqaviləsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin hamiləliyin patologiya şöbəsinə mama sahəsində könüllü fəaliyyətə cəlb olunmuşdur. İş materiallarında olan Cavabdeh1 publik hüquqi şəxs “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6- 3/3-1-142/2023 nömrəli işə qəbul haqqında əmrinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixindən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin Hamiləliyin patologiyası şöbəsinə 3 (üç) ay sınaq müddəti olmaqla 1 (bir) il müddətinə mama vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı ilə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsi arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsinə hamiləliyin patologiyası şöbəsinə 3 ay sınaq müddəti olmaqla 1 il müddətinə mama vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh1 publik hüquqi şəxs “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6- 3/3-1-438/2023 nömrəli işçiyə intizam tənbehi verilməsi haqqında əmrinə əsasən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsin Hamiləliyin patologiyası şöbəsində mama vəzifəsində çalışan İddiaçı əmək və icra intizamını (daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğu üçün) pozaraq işində yol verdiyi nöqsanlara görə töhmət verilmişdir. İş materiallarında olan Baş tibb bacısı Cəfərova Əsli tərəfindən yazılmış xx.xx.2023cü il tarixli xidməti məruzəyə əsasən xx.xx.2023-cü il tarixindən Hamiləliyin patologiyası şöbəsində mama vəzifəsində çalışan İddiaçı çalışdığı müddət ərzində bir dəfə töhmət və dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq vəzifə borcunu və öhdəliklərini yerinə yetirməmişdir. İşçi barədə tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinin xitamı haqda bildirişə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq xx.xx.2023-cü il tarixində bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam veriləcəyi bildirilmişdir. İş materiallarında olan Cavabdeh1 publik hüquqi şəxs “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6- 3-1-624/2023 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin Hamiləliyin patologiyası şöbəsində mama vəzifəsində çalışan İddiaçı ilə bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “d" bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xx.xx.2023-cü il tarixindən etibarən xitam verilmiş, Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə Maliyyə şöbəsi tərəfindən 8 (səkkiz) təqvim günü pul əvəzi ödənilməsi və işçi lə son haqq-hesab aparılması, xx.xx.2023-cü il işçinin son iş günü hesab edilməsi əmr edilmişdir. İş materiallarında X1 adına olan ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2023cü il tarixdə “Akademik M.Ə.Mİrqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsin hamiləliyin patologiyası şöbəsinə mama vəzifəsinə işə qəbul edildiyi, xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bənində əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xitam verildiyi qeyd edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 9235/2024 nömrəli qərardadına əsasən İddiaçı iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli, 18-1/2-A- 1-8535-1-18651/2024 nömrəli məktuba əsasən işə bərpa olunma haqqında xx.xx.2024-cü il tarixli müraciətə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsidə aidiyyəti üzrə baxılmışdır. Müraciətdə qeyd olunan məsələyə Bakı İnzibati Məhkəməsində baxılmış və iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilmişdir. Müraciətlə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda həmin müraciət baxılmamış saxlanılır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 11-ci maddəsinin 1-ci hissəsinin g bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək hüququ vardır. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 51-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. 53-cü maddəsinin 4-cü hissəsinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. 70-ci maddəsinin d bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda ləğv edilə bilər. 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən–iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikasının Qanununun: 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 32.4.2-ci maddəsinə əsasən Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin hamiləliyin patologiya şöbəsinə mama sahəsində könüllü fəaliyyətə cəlb olunmuş, xx.xx.2023-cü il tarixdən hamiləliyin patologiyası şöbəsinə 3 ay sınaq müddəti olmaqla 1 il müddətinə mama vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsinə mediasiya təklifi göndərilmiş, xx.xx.2023-cü il tarixdə tərəflərin gəlməməsi səbəbindən X2 xitam verilmiş, xx.xx.2024-cü il tarixdə İMS-in keçirilməsi barədə yenidən ərizə ilə müraciət edilmiş, xx.xx.2024-cü il tarixdə İMS keçirilmiş, xx.xx.2024-cü il tarixdə İMS-in keçirilməsi barədə arayış təqdim edilmişdir. Daha sonra İddiaçı eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iddiaçı özü iclasda iştirak etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-9235/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardad xx.xx.2024-cü il tarixdə iddiaçıya çatdırılmış və iddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrdən məlumatlı olsa da, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmiş və əmək münasibətlərindən əmələ gələn tələb üzrə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini rəhbər tutub, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasında iddia müddətini tətbiq edərək hesab edir ki, iddiaçı tərəfindən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 təqvim ayı müddəti ötürüldüyündən İddiaçı cavabdehlər Cavabdeh1 və “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-328/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-328/2025
16.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver