Məhkəmə qərarları › İş №2(004)-3304/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3304/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3304/2022 27.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul tələbi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 62000 manat məbləğinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin bacısı X9 ilə ailə qurmuşdur. Əvvəlcə Yasamal rayonu, Haqverdiyev küçəsində yerləşən evdə yaşayıblar. Həmin evi öz vəsaiti hesabına təmir etmişdirmişdir. İki övladları olub. Ailələri böyüdüyünə görə ipoteka yolu ilə ev almaq qərarına gəliblər. İpoteka yolu ilə ev alınmasında bankda çalışan tanışı Müseyib adlı şəxs ona köməklik göstərmişdir. Yaşamış olduqları evi 52000 manata satmışlar. Evin satılmasında Tural adlı makler də köməklik etmişdir. Həmin satışdan 38000 manat pulu bank yolu ilə götürmüşdür. Qalanını isə beh yolu ilə vermişdir. Həmin ümumi puldan 30000 manatı qaynanası ilə yoldaşı götürüb. 2012-ci ilin aprel ayında təxminən 87000 manata ipoteka yolu ilə ev almışlar. Həmin dövrdə münasibətləri normal olduğuna görə ev cavabdehin yüksək əmək haqqı olduğuna görə ev ipoteka yolu ilə onun – Fidanın adına sənədləşdirilmişdir. 2012-ci ilin may ayından etibarən 2021-ci ilin aprel ayına kimi bütün ödəmələr iddiaçı tərəfindən həyata keçirilib. Bu ödəmə qəbzləri ilə təsdiq edilir. Sığorta da iddiaçı tərəfindən ödənilib. Bəzən ödənişləri tanışları edib. Qəbzlər var. Qeyd edilən bütün bu hallar və faktları təsdiq edə biləcək şahidlər də var. Onlar ərizədə bu evin 60000 manat olduğunu qeyd edirlər. Yalnış fikirdir. Bu evin real bazar qiyməti 120-130 min manatdır. H.Cavid prospektində yerləşən ev 60000 manat ola bilməz. İddiaçı bu evlə bağlı çəkdiyi, xərclədiyi vəsaiti tələb edir. Bu isə cəmi 62000 manat təşkil edir. Bu halı sənədlər, qəbzlər və şahidlər təsdiq edir. Pulun ödəniləcəyi halda mənzildən çıxmağa etiraz etmir. Cavabdeh məhkəməyə İddiaçı Cavabdeh qarşı “pul tələbi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək ərizəsində qeyd etmişdir ki, İddiaçı iddiada göstərdikləri tamamilə əsassızdır. Cavabdehin bacısı, onun iki övladı və cavabdeh bir ailə kimi cavabdehin himayəsində yaşayırlar. Onlara məlum oldu ki, atasına məxsus Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 7, 4 saylı mənzil 35380 manata deyil, İddiaçı vasitəsilə özünün qeyd etdiyi Tural adlı şəxsin vasitəsilə 52000 manata satılıb. Cavabdehin atasının mənzilindən əldə edilmiş 16620 manat pul məbləğini onlardan gizlədərək mənimsəmişdir. 52000 manat – 35380 manat = 16620 manat. Necə ola bilər ki, 2012-ci ildə ipoteka yolu ilə 87000 manata mənzil alınıb. Mənzili rəsmi oarq 60000 manata qiymətləndiriblər və cavabdeh də 45000 manata ipoteka krediti götürmüşdür. 25 il müddətində hər ay 347,32 manat olmaqla kredit ödəyir və 2037-ci ilədək də ödəyəcək. Cavabdeh tərəfindən cəmi 15000 manat ödənilib. 45000 ipoteka krediti + 15000 nağd = 60000 manat və yaxud 60000 + 45000 = 104000 manat. Yenə də əgər 52000 manata satılıbsa, ipotekaya qoyulan mənzil isə 87000 manata alınıbsa, cavabdeh də 45000 manat kredit götürmüşdür. 52000 + 45000 = 97000 manat. Bəs 10000 manat haradadır. Cavabdeh İddiaçı qeyd etdiyi kimi onun bankda olan tanışı Müseyb və makler Tural adlı şəxslə cavabdehin atasına məxsus mənzilin satılmasında xeyli miqdarda pulu mənimsəmişdir. Bundan başqa cavabdehin əmisinin övladı, varisi yox idi. Əmisi vəfat edəndən sonra onun da ikiotaqlı mənzili xx.xx.2013-cü ildə 51678 manata İddiaçı inandıqları üçün onun vasitəsilə satıldı. Satılmış mənzilin pulundan 20000 manat götürmüş və qaytaracağını söyləmişdir. Bu günədək qaytarmayıb. İddiaçı qeyd edir ki, satılmış mənzilin 30000 manatını qaynanası və yoldaşı götürüb. Cavabdehin anası rəhmətə gedib və bacısı da ondan boşanıb. Onun, yəni iddiaçının bu və digər hərəkətlərinə görə cavabdehin bacısının ailəsi də dağılmışdır. Necə ola bilər ki, şəhərin mərkəzində iki mənzilləri satılsın, ipoteka kreditinə girsinlər, üstəlik evsiz qalsınlar. İddiaçı məhkəməyə təqdim etdiyi qəbzlərin ödənişini cavabdehdən alıb, həmin qəbzlər ipotekaya qoyulmuş mənzildə qalıb, iddiaçı da onu ələ keçirib özündə saxlayıb. İddiaçının evinin bazarlığınadək, toy, bayramlarınadək cavabdehin üstündə olmuşdur. Uşaqlarına aliment belə vermir. İddiaçının iddiada yazdıqları hamısı uydurmadır. İddiaçı övladlarına, ailəsinə baxmayan bir insan olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 2006-cı ildə o ailə quranda yoldaşının atasından ev qalmışdır. O ev təmirsiz idi. O, evdə yaşamaq istəməmişdir. O evin qiyməti 25000-30000 civarında olardı. İddiaçı o evə 15000 dollar təmirinə görə pul qoymuşdur. Sonra ailə üzvləri artdı və 4 nəfər oldular. Ev almaq gücü olmadı. O, özü X17 polis mühafizəçisi olmuşdur. Hüseyn müəllimidə oradan tanımışdır. Hüseyn müəllim Atabankın sədr müavini idi. İddiaçı ondan ipoteka ilə ev xahiş etmişdir. Birinci evi iddiaçı öz adına götürmək istəmiş, lakin mümkün olmamışdır. Çünki maaşı 600 manat olmasına baxmayaraq, vəzifə maaşı 300 manat olmuşdur. Alınmadığına görə baldızının adına götürmüşlər. Ancaq bütün pulu özü ödəmişdir. Bəzən o işdən çıxa bilmədiyi üçün pulu verib və iş yoldaşları onun əvəzindən ödənişləri etmişlər. Hətta ödəniş qəbzləri də var. Birdəfə gecikməsi olmuş və gecikməyə görə baldızının maaşında tutmuşlar. 2012-ci ildən 2021-ci ilin aprel ayına kimi ödədiyi pulu, 15000 evi alanda banka ödədiyi pulu, 2012-ci ildən 2021-ci ilə kimi ödədiyi sığorta pulu, 2016-cı ildən 2021-ci ilə kimi də mülkiyyət kimin adına olmuşsa onun sığorta pulunu ödəmişdir. İndi hazırda həmin pulları tələb edir. O evi iddiaçı 85000-87000 manata almışdır. O, mənzilin sahibinə 5000- 7000 manat beh vermişdir. 20000 manat əlbəəl vermişdir. 45000 manat bank tərəfindən ödənilmiş və Fidan xanım gəlib qol çəkmişdir. İpoteka üzrə ilkin ödəniş kimi ödənilmiş 15000 manatın qəbzindəki imza Cavabdeh məxsusdur. Təqdim etdiyi qəbzlərdə 347 manat məbləğində olan ödənişlər ipoteka ilə bağlı olan ödənişlərdir. Qəbzlərin içərisində 150-200 manat, 6 manat məbləğində sığorta ödənişləri var. Həmin məbləğdə ipoteka ödənişləri olmayıb. Cavabdeh adına olan bəzi qəbzlərdə də imza iddiaçınındır. Cavabdeh imzası olan qəbzlər də var, lakin həmin məbləği iddiaçı ona vermiş, o da ödəniş etmişdir. Yüksək məbləğdə olan qəbzlər də ipoteka ödənişləri ilə bağlıdır. Bəzən gecikmələr olduğu üçün iddiaçı bir neçə ayı bir yerdə ödəmişdir. Üzərində imza olmayan hökumət ödəniş portalından bəzi mədaxil qəbzləri var. Həmin ödənişləri iddiaçının etməsi ilə bağlı bankın işçiləri şahid kimi fikir bildirə bilərlər, əlavə olaraq həmin imzasız qəbzlərlə bağlı heç bir sübut yoxdur. xx.xx.2015-ci il, xx.xx.2015-ci il tarixli qəbzlərdəki imzalar iddiaçıya məxsus deyil. Qəbzlərin arasında X4 adına olan qəbzdəki imza Ağayeva Firəngizə məxsusdur. İddiaçı pulu Ağayeva Firəngizə vermiş, o da ödənişi etmişdir. KÖMİS sistemi üzrə mədaxillə bağlı qəbzlərdə imza iddiaçıya məxsusdur. "xxxx" ləğv olunandan sonra iddiaçı ödənişləri “Rabitəbank” və “Xalq Bank”a ödəmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Onların mənzili – Haqverdiyev küçəsində olan 1 otaqlı mənzil satılıb, məbləğin üstü düzəlib və ev alıblar. Haqverdiyev küçəsi ev 7, mənzil 4 Şükürov Fuadın adına olub, vərəsəliklə Firəngizin adına keçib. 2005-ci ildə Şükürov Fuad vəfat edib, 2006-cı ildə Firəngizlə Elnur ailə həyatı qurublar. Evlənəndən sonra Elnur bəylə Firəngiz xanım Haqverdiyevdə qaynatanın evində yaşayıblar. Sonra söhbət olub ki, bir otaqlı mənzil kiçikdir, onu sataq, iki otaqlı mənzil alaq. 2012-ci ildə vərəsəliklə Fidan və Firəngizə keçmiş evi satırlar. Ev 52000 manata satılır. 35380 manata rəsmiləşdirirlər. Sonra Fidan xanım gedir öz adına ipoteka ilə ev götürür. Həmin evin pulunu hələ də Fidan xanım ödəyir və 2037-ci ilə qədər də ödəyəcək. Mübahisəsi gedən Hüseyn Cavid prospektində yerləşən evi ipotekaya qoyub 45000 manat pul götürüblər. Ordan da ilkin ödəniş olaraq Fidan xanım 15000 manat ödəyib. Fidan xanım o evi özü alıb. Həmçinin atasından və əmisindən qalma evi satıb alıb. Qarşı tərəf bildrir ki, Fidan xanımın maaşı yüksək olduğuna görə onun adına almışıq. Ancaq iddiaçının da maaşı kifayət qədər yaxşı olub. Eyni zamanda, Elnurun iş yoldaşları Fidanı şəxsən tanımırlar. Fidan yüksək maaş alır. Həmçinin inandığı üçün pulu Elnura verib, Elnur da yoldaşlar vasitəsi ilə ödəniş edib. Elnurun pulu olsa idi, evi öz adına alardı. Fidan xanımın öz adına aldığı evi də ona görə Elnur müəllimə verib ki, yoldaşı ilə küçədə qalmasın. O evdə Elnur və Fidanın bacısı uşaqları yaşayıblar. Fidan deyib ki, əminin də, atanın da evi yoxdur. Uşaqlar da onun yanındadırlar. Hal-hazırda da Fidan uşaqlara sahib çıxır. O evə Elnurun ödəniş etməsini qəbul etmir, Elnurun elə imkanı yoxdur. Fidan elə yerdə işləyir ki, oradan çıxa bilmir. Ona görə də Fidan pulu Elnura ödəməsi üçün etibar edib. Elnur işdən çıxa bilmədiyi vaxtlarda pulu iş yoldaşlarına ödəməyə verib. Onlar da ödəyiblər. Ödəniş sənədində olan imza Fidana məxsusdur. Bütün ödənişlərin pulunu Fidan xanım verib. İmzalar Fidanın da, Elnurun da imzasına oxşayır. Lakin bütün ödənişlərdə Fidan özü şəxsən iştirak edib və ödəyib. 2021-ci il 21 aprel tarixinə kimi Fidan ödənişləri etmək üçün pulu Elnura verib. 2021-ci il 21 apreldən bu günə kimi isə ödənişləri Fidan özü ödəyir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında bildirmişdir ki, onlar İddiaçıla birgə nikah dövründə bacısı Cavabdeh adına ipoteka götürərək ev almışdırlar. Atasının evi satılıb. Bacısı da bankdan pul götürüb üzərinə qoyub və ev alıb. Onlar evlənəndə Elnurun evi olmamışdır. Evi almaqda bacıları onlara köməklik etmişdir. Bacısı "xxxx"dan 45000 manat pul götürmüşdü. Bank, sənəd işləri ilə o maraqlanmamışdır. O, sadəcə uşaqlarla birliklə evdə olmuşdur. Bank işləri ilə isə bacısı və Elnur məşğul olmuşlar. 15000 manat məbləğində ilkin ödənişi bacısı edib, qəbzdəki imza da ona məxsusdur. Yoldaşının elə də yüksək maaşı yox idi ki, evi ala bilsin. Ev alınandan sonra ipoteka ödənişlərini bacısı ödəmişdir. Hətta pulu Elnura ödəmək üçün vermişdir. Bəzən də bacısı pulu ona verirdi, o ödəyirdi. Onun adına olan qəbzlərdə də imza ona məxsusdur. Onların ailəsinin maddi durumu zəif olmuşdur. Bir neçə ay yoldaşı işsiz qalmış, buna görə də bacısı onlara kömək etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, əməkdar jurnalist, yazıçı, X2 sədridir. Tərəflərdən yalnız İddiaçı tanıyır. Ona prezident tərəfindən ev verilmişdi və ora köçdüyü üçün əvvəlki evini satmaq istəmişdir. Makler Elnur bəyi gətirmişdir. Söhbət əsnasında Elnurun şuşalı olduğunu öyrənmiş və çox qiymət mübahisəsi etməmişidir. Evi İddiaçı satmışdır. Elnur bəy ilk öncə beh vermiş, sonra isə sənədləşmə məsələləri olmuşdur. Evi 2012-ci il aprel ayında satmışdır. Ünvan bir neçə dəfə dəyişilmişdir. Sonuncu ünvan H.Cavid prospekti, ev 5, mənzil 14 olmalı idi. Ev ikiotaqlı idi. Onun evə dair çıxarışı var idi. Elnur ona 60000 manat bank vasitəsi ilə, 20000 manat nağd şəkildə ödəmişdir. Evi ümumi 80000 manata satmışdır. 20000 manat ona lazım olduğu üçün belə danışmışlar və Elnur nağd şəkildə ona 20000 manat ödəmişdir. Pulu ona Elnur verib və başqa heç kəsdən pul almamışdır. Rəsmiləşmə prosesində də Elnurla birlikdə "xxxx"a getmişdirlər. Onu hər yerə Elnur aparmışdır. İşləri çox olduğu üçün Elnura hər şeyi hazır etməyini, sonra nəyə lazımdırsa, gəlib imza atacağını demişdir. Elnur evi alan zaman başqa heç bir xanımın adını çəkməmişdir. Pulun Elnura məxsus olması və ya başqa bir şəxsdən alıb verməsi barədə söhbət olmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, tərəflərdən yalnız İddiaçı tanıyır. Elnur onun iş yoldaşı olub. Fidan xanımı tanımır. Hazırki məsələni tam dəqiqliyi ilə bilmir, sadəcə olaraq Elnur ona evlə bağlı olduğunu söyləmişdir. Elnurla birlikdə metropolitendə işləmişlər. O, hal-hazırda da orada polis kimi fəaliyyət göstərir. Elnur onu "xxxx"a pul ödəmək məqsədilə göndərib. Bəzən Elnurun işləri çox olurdu, özü çıxa bilmirdi, ona görə də banka əsasən onu və iş yoldaşıları Muradı göndərmişdir. Elnurun onu pul ödəmək məqsədi ilə banka göndərməsi halı 2-3 dəfə olub. Elnurun verdiyi pulun məbləğini xatırlamır. Sadəcə olaraq İddiaçı ona pulu verib və o, Elnurun adından pulu banka ödəyib qəbzi özünə təqdim etmişdir. Evin kimin adına olduğunu bilmir və bu barədə maraqlanmayıb. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, tərəflərdən yalnız İddiaçı tanıyır. Əvvəllər metropolitentə polis şöbəsində Elnurla birlikdə işləyib. Hal-hazırda da o, metropolitendə polis şöbəsində işləyir. Mübahisə ilə bağlı dəqiq məlumatı yoxdur. Dəfələrlə Elnur ona banka ödəməsi üçün pul verib. Hansı bank olduğunu dəqiq xatırlamır. Bank Ədliyyə Nazirliyinə yaxın yerləşirdi. Elnur onu banka evin krediti ilə bağlı ödənişləri etmək üçün göndərmişdir. Elnurun verdiyi məbləğ təxminən 300-400 manat olardı. Onlar Elnurla bir yerdə işləyirdilər və yaşca ondan böyük idi, ona görə də işdən özü çıxa bilməyəndə onu ödənişləri etmək üçün göndərirdi və özü deyirdi ki, bu ödənişlər evin ipotekası ilə bağlıdır. Evi neçəyə və necə almasını Elnurun özündən soruşmamışdır. Bank ona qəbz verirdi və o, qəbzi Elnura verirdi. Evin ipotekasından başqa ödənişlər üçün Elnurun onu banka göndərdiyi hal olmayıb. 10-15 dəfə Elnur onu banka ödənişlər etmək üçün göndərib. Elnur ipotekanın bir xanımın adına olduğunu deyirdi. Lakin adı xatırlamır. Elnur evin öz evi olduğunu demişdir. Pulun özünə məxsus olması və ya kimdənsə alması barədə soruşmamışdır. Pulu ona Elnur şəxsən özü vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını, şahid ifadələrini dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-l 133298 nömrəli, 05 fevral 2005-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X12 29 yanvar 2005-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-l 564969 nömrəli, 12 sentyabr 2012-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2012-ci ildə ölmüşdür. İş materiallarında olan AN-l ******* nömrəli, 03 iyun 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, X9 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,4 kv.m, yaşayış sahəsi 29,2 kv.m olan iki otaqlı mənzili X5 51678 manata satmışdır. İş materiallarında olan AN-l ******* nömrəli, 10 aprel 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, X9 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29,2 kv.m, yaşayış sahəsi 16,1 kv.m olan bir otaqlı mənzili X3 51678 manata satmışdır. İş materiallarında olan ******* nömrəli, xx.xx.2012-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 43,5 m2, yaşayış sahəsi 26,6 m2 olan mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan 256 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, Şahid 2 otaqlı, ümumi sahəsi 46 m2, o cümlədən yaşayış sahəsi 28 m2 olan, ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 8 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində 14 saylı mənzili Cavabdeh mülkiyyətinə vermişdir. Mənzilin satış qiyməti 60000 manatdır, mənzilin dəyərinin 15000 manatı alıcı-ipoteka qoyanın özü, yəni Cavabdeh tərəfindən, 45000 manatı isə kreditor-ipoteka saxlayan, yəni "xxxx" ASC tərəfindən Cavabdeh verilmiş kredit vəsaiti hesabına ödənilir. Kreditin məbləği 45000 manatdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2622/2022 nömrəli qətnaməsinə əsasən iddianın təmin edilməsi və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 5, 14 saylı mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 05411522A3222 nömrəli arayışa əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri vəzifəsində xidmət etmişdir. xx.xx.2018-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İş materiallarında olan AtaBank tərəfindən verilmiş əmanət kitabçasından görünür ki, xx.xx.2013-cü il tarixdə X9 tərəfindən 18 ay müddətinə 20000 AZN məbləğində pul vəsaiti əmanət qismində bank hesabına mədaxil edilmişdir. İş materiallarında olan Bakı Şəhər Yasamal Rayon İcra X1 ünvanlanmış xx.xx.2022ci il tarixli, xx/xx-188092/17 nömrəli məktuba əsasən müəyyən olunur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4129/2021-008 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək icra sənədi üzrə borclu İddiaçı xx.xx.2021-ci il tarixdən hesablanmqla hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. Həmin məhkəmənin 2(004)-4129/2021-008 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən isə İddiaçı xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay 2 uşağın yetkinik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə təqdim edilmiş məlumatdan müəyyən olunur ki, borclu İddiaçı X6 cəmi 50 manat ödəmiş və xx.xx.2022-ci il tarixə 3450 manat aliment borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iş materiallarında olan 256 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Şahid 2 otaqlı, ümumi sahəsi 46 m2, o cümlədən yaşayış sahəsi 28 m2 olan, ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 8 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində 14 saylı mənzili Cavabdeh mülkiyyətinə vermişdir. Həmin müqavilənin 1.6.1.-ci maddəsinə əsasən ipoteka predmeti ilə bağlı öhdəlik kimi kreditin məbləği 45000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 1.6.4cü maddəsinə əsasən kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 347,32 manat məbləğində bərabər hissələrlə ödənilir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının təqdim etdiyi qəbzlərin arasında olan iki qəbzdəki – 1130 manat və 15000 manat məbləğində ödənişlərlə bağlı olan qəbzlərdəki imza Cavabdeh, 4 qəbzdəki – xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli qəbzlərdəki imzalar X6 məxsusdur. Bu hal iddiaçının özü tərəfindən də təsdiqlənmişdir. 11 qəbzdəki imzalar naməlum insanlar tərəfindən imzalanmışdır, belə ki, bu qəbzlərdən 9-u Cavabdeh, 2-i isə kimliyi məlum olmayan şəxslərin adınadır. 16 qəbz hökumət ödəniş portalından imzası olmayan mədaxil qəbzləridir. 6 qəbz məhkəmə iclasında dindirilmiş şahidlər tərəfindən edilmiş ödənişlərlə bağlıdır. Bu qəbzlərdən 4-ü cəmi 1393,31 manat olmaqla ipoteka ödənişi, 2-i cəmi 337,45 manat olmaqla isə sığorta ödənişi ilə bağlıdır. 57 qəbzdəki imza İddiaçı məxsusdur, ipoteka ödənişləri ilə bağlıdır və cəmi 21866,39 manat təşkil edir. 17 qəbzdəki imza da həmçinin İddiaçı məxsusdur, həmin qəbzlər sığorta ödənişləri ilə bağlıdır və cəmi 1032,02 manat təşkil edir. İddiaçı tərəfindən ödənilmiş məbləğ 21866,39 manat ipoteka ödənişləri, 1032,02 manat sığorta ödənişləri, məhkəmə iclasında dindirilmiş şahidlər tərəfindən ödənilmiş məbləğ 1393,91 manat ipoteka ödənişləri, 337,45 manat sığorta ödənişləri olmaqla cəmi 24629,77 manat təşkil edir. Həmçinin iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2622/2022 nömrəli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 5, 14 saylı mənzildən çıxarılması qət edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddiaçının reqress hüququ yarandığından, iddia tələbi qismən əsaslıdır və həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Bundan əlavə həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranır. İş materiallarında olan 256 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Şahid 2 otaqlı, ümumi sahəsi 46 m2, o cümlədən yaşayış sahəsi 28 m2 olan, ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 8 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində 14 saylı mənzili Cavabdeh mülkiyyətinə vermişdir və iş materiallarında olan qəbzlərdən aydın olur ki, 21866,39 manat ipoteka ödənişləri, 1032,02 manat sığorta ödənişləri, məhkəmə iclasında dindirilmiş şahidlər tərəfindən ödənilmiş 1393,91 manat ipoteka ödənişləri, 337,45 manat sığorta ödənişləri olmaqla cəmi 24629,77 manat İddiaçı tərəfindən ödənilmişdir. Buna baxmayaraq məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 mübahisəli mənzil alınan zaman ər-arvad kimi birgə yaşamışlar, ümumi təsərrüfat aparmışlar. Göründüyü kimi ipoteka predmeti olan mənzil alınan zaman və həmin mənzilə görə iddiaçı tərəfindən bütün ödənişlər edilən dövr onların birgə nikah müddətinə təsadüf edir. Nikah müddəti dedikdə, ər-arvadın birgə yaşadığı, ümumi təsərrüfat apardığı dövr başa düşülməlidir. Belə olduğu halda yuxarıda göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh adına rəsmiləşən ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 8 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində 14 saylı mənzilə görə ipoteka borcu və mənzil sığortasına görə müəyyən olunmuş ödənişlərin məbləğinin (24629,77 AZN) ½ hissəsi (12.314,88 AZN) cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunmalıdır ki, iddiaçının tələbini əsaslandıran hallara dair məhkəməyə təqdim etdiyi digər sübutlar işin həllində səmərəli olmamış, habelə iddianın təmin olunması üçün əsas olmamaqla mübahisənin həllində effektiv sayılmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ərarvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 12.314,88 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 12.314,88 (on iki min üç yüz on dörd manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar