Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3307/2022 29.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “X3” X6rşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X3” X6rşı “pul” tələbinə dair iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məkhəməyə müraciət edərək heyvandarlığın inkişafı proqramı əsasənda məşğulluğun təşkili məqsədilə maldarlıq üzrə kiçik ailə-kəndli təsərrüfatının yaradılması məqsədilə ona verilmıli olan 5032 (beş min otuz iki) manat dəyərində iki baş inək, 1020 (bir min iyirmi) manat dəyərində 400 kq qarışıq yem, 2019-cu ilin oktyabr ayından hazırkı vaxtadək əldən çıxmış faydaya görə isə 9400 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,52 (yüz yetmiş dörd manat əlli iki qəpik) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, özünüməşğulluq proqramına cəlb edildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Biləsuvar rayon Məşğulluq Mərkəzi adından Mərkəzin direktoru X2 ilə iddiaçı arasında özünüməşgulluğa kömək göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, 2019/ÖM-036 nömrəli müqavilə bağlanmışdır. Lakin cavabdeh təşkilat tərəfindən bağlanmış müqavilədə göstərilmiş 5032 manat dəyərində iki baş inək, 1020 manat dəyərində 400 kq qarışıq yem hazırkı vaxta qədər iddiaçıya verilməməklə Mülki Məcəllənin tələblərinə əməl edilməmişdir. Əgər cavabdeh təşkilat 2019-cu il tarixdə 5032 manat dəyərində 2 baş yerli cins inəyi və 1020 manat dəyərində qarışıq yemi iddiaçıya vermiş olsaydı, artıq iki il müddət ərzində 2 baş yerli cins inək onda olardı. Bir yerli cins inəyin gündə 10 litr süd verməsi və hər inəyin bir doğuşdan sonra 8-10 kq süd verməsi, südün hər litrinin Biləsuvar rayonunda 50 qəpiyə satılması nəzərə alınarsa, deməli cavbdeh təşkilatın günahı ucbatından iki yerli cins inək 2019-cu ildə iddiaçıya verilmədiyindən iki ildə 5400 manat gəlir əlimdən çıxmışdır. Yəni, bir inək gündə 10 litr, bir ayda 300 litr, 9 ayda 2700 litr süd verir. Südün bir litri Biləsuvar rayonunda 50 qəpikdən satılmaqla ildə bir inəkdən 1350 manat, iki inəkdən 2700 manat, iki ildə isə isə 5400 manat qazanc əldə etmək olar. Bundan başqa inəklərin hər birinin balası Biləsuvar mal bazarında 1000 manatdan satılmaqla iki inəyin balası 2000 manata, iki ildə isə 4000 manata satmaqla 4000 manat qazanc əldə etmək olardı. Beləliklə, cavabdeh təşkilatın müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən 9400 manat gözlənilən fayda iddiaçının əlindən çıxmışdır. Buna görə də həmin pul cavabdeh təşkilatdan alınaraq iddiaçıya verilməlidir. Əlavə olaraq bildirir ki, heyvanlar təhvil veriləndə təhvil-təslim aktı olmalı, sağlamlıq vəziyyəti yoxlanılıb verilməli idi, lakin bunlar olmamışdır. İddiaçıya 2 baş xəstə heyvan verilmişdir. Aktivlər 5000 manat qiymətləndirilsə də, onlar həmin bazar qiymətinə satmaq istədikdə isə alıcılar heç 1400 manat vermədilər. Onların fikri satıb biraz da pul qoyaraq nə isə etmək idi. Bu alınmayanda isə oranın keçmiş direktoruna bildirmişlər ki, gəlib heyvanları dəyişdirmək üçün aparsınlar. Heyvanları təxmini noyabr ayında naməlum qazellə gəlib apardılar, sonra qaytarmadılar. Üzərindən xeyli vaxt keçsə də, bir şey baş verməmişdir. Sonra məhkəməyə müraciət etməli olmuşlar. Onlarla, yüzlərlə ailə bu problemi yaşayır, sadəcə hüquqlarını bilmədikləri üçün haqqlarını tələb etmirlər. Suala cavab olaraq bildirir ki, həmin heyvanlar xəstə olduğu üçün satmağa cəhd etdilər, lakin xəstə heyvanların bazar qiymətini 1400 manat dedilər. Onlara heyvanları dəyişmək bir neçə dəfə təklif edilmişdir, lakin eyni tipli heyvanlar olduğu üçün imtina etmişlər. Aktivləri aldıqdan 20 gün - 1 ay sonra müraciət etmişlər, heyvanlardan biri yemirdi, biri tərləyirdi. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirir ki, özünəməşğulluq vətəndaşların məşğulluğunu təmin etmək üçün məqsədyönlü formada həyata keçirilən bir proqramdır. Aktivlər vətəndaşa verildikdən sonra 1 il müddətində X1 mülkiyyətində olur, vətəndaşa isə sadəcə istifadəyə verilir. Müqavilədə də qeyd olunmuşdur ki, vətəndaş əgər həmin aktivlərdə hər hansı qüsur aşkar edirsə, təsdiqedici sənədlərlə bərabər mərkəzə məlumat verməlidir. İddiaçı şifahi məlumat verdiyini bildirsə də, bunu təsdiqedici heç bir sübutu və sənədi yoxdur. Həqiqətən hər hansı bir aktivdə qüsur ola bilər və vətəndaş həmin qüsur barədə təsdiqedici sənədləri təqdim edir, bunun əsasında isə fəaliyyət aparılır. Əgər vətəndaşa aktivləri verəndən sonra vətəndaş bir neçə gündən sonra bildirirsə ki, o, bu aktivləri istəmir, aydın məsələdir ki, bu aktivlər onların mülkiyyəti olduğu üçün vətəndaşa deyə bilməzlər ki, aktivləri satsın ya bildiyi kimi etsin. Onların bu cür səlahiyyəti yoxdur. İddiaçı mərkəzə məlumat verdiyini bildirsə də, həmin məlumatın hansı müddətdə verildiyini göstərə bilmir. Adətən, dərhal təsdiqedici sənədlərlə vətəndaş müraciət etdikdə onlar dəyişdirməyə imkan verirlər. Yəni ki, həmin aktivi geri alaraq, eyni predmet üzrə eyni aktivi vətəndaşa verirlər. İddiaçının özü də etiraf edir ki, onlar bir neçə dəfə dəyişməyi təklif etmiş, lakin o razılaşmamışdır. Nə məşğulluq haqqında qanunda, nə də Özünə Məşğulluğun təşkili ilə bağlı Nazirlər Kabinetinin qaydalarında verilən aktivlərin maddi qarşılığının vətəndaşa verilməsi formasında hansısa münasibətlər nəzərdə tutulmamışdır. Bu münasibətlərin əsas xarakteri odur ki, vətəndaşlar kiçik bizneslər qursunlar və məşğulluqlarını təmin etsinlər. Daha sonra həmin kiçik bizneslər böyüyərək orta və böyük biznesə çevrilir və digər şəxslərin də məşğulluğunun təmin olunmasında bir növ dövlətin apardığı siyasətə yardımçı olur. Hər hansı bir formada nəğd şəkildə həmin aktivlərin dəyərinin ödənilməsi ilə bağlı hansısa qayda nəzərdə tutulmamışdır. Ümumiyyətlə aktivlərin alınması fəaliyyəti Dövlət Satınalmaları haqqında qanunvericiliyə uyğun tənzimlənir. Yəni, tender həyata keçirilir, tenderdə iştirakçılar olur. Bu şəkildə aktivlərin alınması həyata keçirilir. Yəni, X3 hansısa qapıya və ya fermaya gedib heyvan alıb, gətirib vətəndaşlara vermir. Bunlar tenderlə həyata keçirilir. Aktivlərin dəyişdirilməsi ümumiyyətlə müqavilədə də nəzərdə tutulmamışdır. Onlar sadəcə vətəndaşyönümlü fəaliyyətdən doğan mənəvi öhdəliyini yerinə yetirirlər. Onlar hansısa tenderdə qalib gələn şirkətin aldıqları aktivlərin sağlamlığı ilə bağlı təsdiqedici sənədlər alırlar. Ola bilir ki, bəzi hallarda vətəndaşların səhlənkarlığı ucbatından, saxlanma şəraitinin uyğunsuzluğu baxımından və.s. hallarda həmin aktivlər sağlam fəaliyyətlərini davam etdirə bilmirlər. Bu halda da yenə də təsdiqedici sənədlər lazımdır. Hazırki iş materiallarında heç bir təsdiqedici sənəd yoxdur. Hər hansı baytar tərəfindən müayinə aktı, heyvanların xəstəliyinə dair hər hansı təsdiqedici bir sənəd yoxdur. Onlar gedib həmin aktivləri götürmüşlər. Daha sonra vətəndaş tərəfindən hər hansı bir hərəkətsizlik olubsa, bu heç bir halda cavabdehin hərəkəti və ya hərəkətsizliyi qismində hər hansı qayda pozuntusu olaraq qiymətləndirilə bilməz. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/ÖM-036 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilənin surətinə əsasən X5 müqaviləyə 1 saylı əlavədə göstərilən əmlakı müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, İddiaçı isə iki il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2019/ÖM-036 nömrəli müqaviləyə 1 saylı əlavənin surətinə əsasən müqaviləyə uyğun olaraq iki baş yerli cins inək və 400 kq qarışıq yem İddiaçı verilmişdir. İşin müəyyən edilmiş halları odur ki, iddiaçı ilə Biləsuvar rayon Məşğulluq Mərkəzi arasında müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçıya iki baş yerli cins inək və 400 kq qarışıq yem verilmişdir. Hazırda İddiaçı heyvanların xəstə olduğunu və yemlə birlikdə geri qaytarıldığını bildirərək onların dəyərinin və əldən çıxmış faydanın cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdehin nümayəndəsi isə bildirir ki, heyvanların xəstə olması və nə zaman qaytarılması barədə sübut yoxdur. İddiaçı özü də etiraf edir ki, heyvanların dəyişdirilməsi iddiaçıya təklif edilsə də o, bundan imtina etmişdir. Həmçinin özünüməşğulluq üçün nəzərdə tutulmuş heyvanların satılması və ya dəyərinin verilməsi isə nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı müqavilə əsasında ona verilmiş heyvanların xəstə olduğunu və geri qaytardığını bildirsə də, bu hal iş materialları ilə sübut olunmur. Eyni zamanda iddiaçı özü etiraf edir ki, cavabdeh tərəfindən heyvanların dəyişdirilməsi bir neçə dəfə təklif olunmuş, lakin o bundan imtina etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/ÖM-036 nömrəli müqavilənin 3.2.6-cı bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxsin təhvil aldığı əmlakda hər hansı bir qüsur aşkar olunduğu və ya əmlakın məhv olması hallarında bu barədə dərhal mərkəzə məlumat vermək, habelə qüsurların və ya məhv olma hallarının yaranmasının və səbəblərini təsdiq edən sənədləri mərkəzə təqdim etmək vəzifəsi vardır. Belə olan halda cavabdehdən iki baş inək və 400 kq qarışıq yemin dəyərinin, həmçinin maddi ziyan olaraq 9400 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasının hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh “X3” X6rşı heyvandarlığın inkişafı proqramı əsasında məşğulluğun təşkili məqsədilə maldarlıq üzrə kiçik ailə-kəndli təsərrüfatının yaradılması məqsədilə ona verilmıli olan 5032 (beş min otuz iki) manat dəyərində iki baş inək, 1020 (bir min iyirmi) manat dəyərində 400 kq qarışıq yem, 2019-cu ilin oktyabr ayından hazırkı vaxtadək əldən çıxmış faydaya görə isə 9400 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumuna əvəzi olaraq 174,52 (yüz yetmiş dörd manat əlli iki qəpik) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmliş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X3” X6rşı heyvandarlığın inkişafı proqramı əsasında məşğulluğun təşkili məqsədilə maldarlıq üzrə kiçik ailə-kəndli təsərrüfatının yaradılması məqsədilə ona verilməli olan 5032 (beş min otuz iki) manat dəyərində iki baş inək, 1020 (bir min iyirmi) manat dəyərində 400 kq qarışıq yem, 2019-cu ilin oktyabr ayından hazırkı vaxtadək əldən çıxmış faydaya görə isə 9400 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,52 (yüz yetmiş dörd manat əlli iki qəpik) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3307/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3307/2022
29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver