Məhkəmə qərarları › İş №2(004)-3309/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3309/2024

06.08.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3309/2024 06.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Yasamal rayon Bələdiyyəsinə qarşı "icarə müqaviləsinin bağlanması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yasamal rayon Bələdiyyəsinə qarşı "icarə müqaviləsinin bağlanması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən Bələdiyyəyə məxsus 1.81 ha boş torpaq sahəsində lazımi təmizlik işləri apararaq uzun illərdir ki, oradan istifadə və sahiblik etməklə, ərazidə müxtəlif tikinti işləri apararaq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yasamal rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, həmin torpaq sahəsinin sənədləşdirilməsinə kömək göstərilməsi xahiş edilmişdir. Rayon İcra Hakimiyyəti müraciətinə cavab olaraq torpaq sahəsinin eskiz-planını və həmin torpaq sahəsi uzun illərdir İddiaçı faktiki istifadəsində olduğunu təsdiq edərək, qanunvericiliyə uyğun İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi bağlanmasını tövsiyyə etmişdir. Ona görə də, Xidmətə ərizə ilə müraciət edib onunla icarə müqaviləsi bağlamağı xahiş etmiş, lakin Əmlak Məsələləri Dövlət Xidməti 3-21-3/2-Z-0064/02- 8/2024 saylı 01 aprel 2024-cü il tarixli məktubla bildirmişdir ki, həmin torpaq sahəsinin istifadəyə ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı, ayrıc aktı və ya yerquruluşu planı təqdim edildikdən sonra müraciətdə qaldırılmış məsələnin həlli üçün Xidmət tərəfindən qanunamüvafiq tədbir görüləcəkdir. Qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2000-ci il tarixli, 906 saylı "Bələdiyyələrin torpaqları və mülkiyyətinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında" sərəncamla göstərilən torpağ sahəsinin Yasamal Bələdiyyəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi Bələdiyyənin ərazisində olduğu üçün və icarəyə verilməsi Bələdiyyənin səlahiyyətlərinə aid edildiyindən, cavabdeh Bələdiyyəyə müraciət edərək bildirilmişdir ki, istifadəsində olan torpaq sahəsinə dair heç bir sənədləşdirilmə aparılmadığına görə tərəflərindən müəyyən edilmiş vergi və rüsumların ödənilməsini təmin edə bilmirlər. Sahibkarlıq fəaliyyətinin lazımi qaydada inkişaf edilməsi qeyri-mümkün olduğuna görə Rayon İcra Hakimiyyətinin məktubunda göstərilənlərə əsaslanaraq Bələdiyyəyə məxsus 1.81 ha boş torpaq sahəsinin müəyyən olunmuş tariflərlə onunla icarə müqaviləsi bağlanmasına dair qərar qəbul edilməsindən ötrü Bələdiyyə üzvlərinin müzakirəsinə çıxarılması xahiş edilmişdir. Cavabdeh Bələdiyyə 710 saylı, 22 may 2024-cü il tarixli məktubla bildirmişdir ki, həmin torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmadığına görə icarə müqaviləsi bağlanması imkanları xaricindədir və bu məsələ ilə bağlı məhkəməyə müraciət olunmalıdır. Cavabdeh Yasamal rayon Bələdiyyəsi iddia ərizəsinə etiraz ərizəsi ilə müraciət edərək, bildirmişdir ki, İddiaçı Yasamal Məhkəməsinə cavabdeh Yasamal Bələdiyyəsinə qarşı "İcarə müqaviləsinin bağlanması" tələbinə dair iddia ərizəsi ilə şikayəti vermişdir. "İddiaçı şikayəti qanunsuz və əsassız olduğu üçün Yasamal Bələdiyyəsi iş üzrə etiraz bildirərək hesab edir ki, Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən 1.81 ha boş torpaq sahəsini abadlaşdırılması məqsədilə uzun illərdi ki, özünün etiraf etdiyi kimi qanunsuz zəbt edərək, həmin torpaq sahəsindən istifadə və sahiblik etməklə, müxtəlif tikinti işləri apararaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan müxtəlif qurumlara zəbt etdiyi torpaq sahəsinə dair, icarə müqaviləsi bağlanmasını xahiş etsə də, həmin torpaq sahəsinin istifadəyə ayrılmasıda dair Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı, ayrıc aktı və ya yerquruluşu planı təqdim olunduqdan sonra icarə müqaviləsinin bağlanması məsələsinə baxılaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyeestr Xidməti tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. X3 Yasamal Bələdiyyəsinə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyətinin 26 sentyabr 2000-ci il tarixli 906 saylı "Bələdiyyə torpaqları və mülkiyyətinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında" sərəncamın nəzərə alınmasını və onunla bələdiyyə arasında Torpaq İcarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bir daha bildirir ki, Bakı şəhəri İcra Hakimiyyətinin 26 sentyabr 2000-ci il tarixli 906 saylı "Bələdiyyə torpaqları və mülkiyyətinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında" Sərəncamında Yasamal rayon ərazisində olan müəyyən olunmuş küçələrdəki torpaq sahələri bələdiyyə mülkiyyətinə ayrılsa da, M.Müşfiq küçəsində yerləşən 1.81 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahələrinin hüdudları xaricindədir. Eyni zamanda bildirir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Yasamal Bələdiyyəsinin ərazisində yerləşən həmin torpaq sahələrinə dair Baş Planı və ayrıc Aktı təhvil verilməmişdir. Həmçinin qeyd edir ki, Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalarla, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Ona görə də bələdiyyə ərazisində yerləşən torpaq sahələrinin icarəyə verilməsi mümkünsüzdür. Odur ki, İddiaçı, 2(004)-3309/2024 saylı xx.xx.2024-cü il tarixli mülki işi ilə bağlı "icarə müqaviləsinin bağlanması" şikayətinə dair iddia ərizəsi qanunamüvafiq olmadığı üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil mülki işin məhkəmə aidiyyatı üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 mülki işin məhkəmə aidiyyatı üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçı vergi ödəyicisi olan fiziki şəxs olduğundan və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 3-cü bəndindən görünür ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPMin 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Həmin qərarın 23-cü bəndinə əsasən mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı sahibkarlıq subyekti olduğundan, onun bələdiyyəyə qarşı tələbi mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, məhkəmə tərəfindən işin obyektiv və məhkəmə aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədi ilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 32-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Yasamal rayon Bələdiyyəsinə qarşı "icarə müqaviləsinin bağlanması" tələbinə dair 2(004)-3309/2024 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar