Məhkəmə qərarları › İş №2(004)-3310/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3310/2024

31.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3310/2024 31.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə yazılı ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsi əsası ilə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına İddiaçı əmək kitabçasının surəti əlavə olunmuşdur. İş materiallarına əsasən müəyyən edilir ki, İşəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-1/3-4-262/2024 nömrəli əmrinə əsasən müəyyən olunur ki, İşçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir (mülki işin mübahisəsiz halıdır). İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, İddiaçı 1958,12 manat son haqq-hesabı işəgötürən tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən müəyyən edilir ki, İddiaçı ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi arasındakı mediasiya prosedurası xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2024-cü il tarixdə bitmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsasının aşağıdakı hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Beləliklə, müəyyən edilir ki, işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-1/3-4-262/2024 nömrəli əmrinə əsasən müəyyən olunur ki, İşçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir (mülki işin mübahisəsiz halıdır). xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, İddiaçı 1958,12 manat son haqq-hesabı işəgötürən tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən müəyyən edilir ki, İddiaçı ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi arasındakı mediasiya prosedurası xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2024-cü il tarixdə bitmişdir. İddiaçı məhkəməyə verdiyi izahatlar əsas götürülməklə onun əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsinə xitam verildiyi gün, yəni xx.xx.2024-cü il tarixdə, ona xx.xx.2024-cü il tarixdən təxminən 1 həftə sonra son haqq-hesabın ödənilməsindən məlumatı olmuşdur. Lakin, ona əmək kitabçası və müvafiq əmr gecikdirilməklə təqdim edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olması vaxtından (son haqq-hesabın ödənildiyi 15 fevral 2024-cü il) sonra 1 aylıq müddəti ötürülməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclaslarında müdafiəsini o istiqamətdə qurmuşdur ki, iddia müddətinin axımı əmək kitabçası və müvafiq əmrin işçiyə təqdim edildiyi gündən iddia müddətinin axımı başlayır. Məhkəmə sözügedən arqumentə münasibətdə bildirir ki, iddia müddətinin axımını formal xüsusatlardan asılı etmək əsaslı hesab edilə bilməz. İddia müddətinin axımı şəxsin öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Məhkəmə xüsusilə nəzərə alır ki, iddiaçı ona ödənilmiş son haqq-hesabdan dərhal məlumatlı olmuşdur. Bu səbəbdən, məhkəmə iddia müddətinin axımını xx.xx.2024cü il tarixdə nəzərə alır. Bundan əlavə, iddiaçının digər arqumenti olan övladının xəstə olması səbəbindən buraxılmış iddia müddətinin bərpa edilməsi xüsusatına münasibətdə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə sözügedən normanın geniş formada təfsir edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə normanın dispozisiya şərtlərinə müvafiq olaraq uşağın xəstələnməsini “digər obyektiv hallar”a aid edilə biləcəyini nəzərə alsa da, iddia müddəti bir neçə gün deyil (bu halda buraxılmış müddətin bərpası nəzərdən keçirilə bilərdi), uzun müddət ötürülmüşdür. Məhkəmə iddiaçı vətəndaş İddiaçı qanunu bilməməsi ehtimalını nəzərə alır. Lakin, məhkəmə iddiaçı vətəndaşa izah edir ki, məhkəmənin özü də qanundan asılıdır və imperativ (məcburi) hüquq normasını tətbiq etməkdən başqa hüquqi imkanı mövcud deyildir. Nəticədə, cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi tətbiq olunmalı, iddia müddəti ötürülmüş hesab edilməlidir. İddia tələbinin digər hissəsi olan vurulmuş mənəvi zərərin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, İşəgötürən əmək qanunvericiliyinin müvafiq normasını əsas götürərək əmək müqaviləsi xitam vermişdir (iddia müddəti ötürülməsəydi əmrin qanuni olub-olmaması isə araşdırma mövzusudur). Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Beləliklə, mülki iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya mənəvi zərərin vurulması xüsusatı da daxil olmaqla iddia tələbi üzrə yuxarıda qeyd olunan heç bir dispozitiv şərt yerinə yetirilmir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hüquq normaları konkret və müəyyən olmaqla bütün subyektlərə eyni qaydada tətbiq olunmalı, məhkəmənin əsassız mülahizəsi ilə geniş mənada və ya səhv təfsir edilməməlidir. Hüquqi müəyyənlik prinsipi rəhbər tutulmaqla aydın, anlaşılan, müəyyən olan hüquq norması hüquq tətbiq edən məhkəmələr tərəfindən şərtsiz tətbiq edilməlidir. Yalnız hüquq normaları arasında ziddiyyət (kolliziya) olduqda və ya tənzimləyici norma olmadıqda məhkəmə tərəfindən müvafiq anologiya (hüququn və ya qanunun anologiyası) üzrə təfsir tətbiq edilə bilər. Qanunu (hüququ) bilməmək məsuliyyətdən azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar