Məhkəmə qərarları › İş №2(004)-3323/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3323/2021

26.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3323/2021 26.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X15 qızının katibliyi, Cavabdeh, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı "mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair" və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı qarşı “istifadə hüququ olmayan hesab edilməsi tələbinə dair” iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək himayəsində olan 11.09.2006-ci il təvəllüdlü X8, 15.02.2009-cu il təvəllüdlü X14, 16.05.2011-ci il təvəllüdlü X17 və 02.09.2019-cu il təvəllüdlü X5 Bakı şəhəri, Yasamal rayonu, 13-cü döngə, 1 nömrəli evə qaytarılması, yerləşdirilməsi, həmin evdən sahiblik,istifadə, dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 cavabdeh qismində cəlb edilməsini, 11.09.2006-ci il təvəllüdlü X8, 15.02.2009-cu il təvəllüdlü X14, 16.05.2011-ci il təvəllüdlü X17 və 02.09.2019-cu il təvəllüdlü X9 ilə birlikdə X2 mülkiyyətində olub, atası tərəfindən 15.000 manata təmir olunmuş 2 otaqlı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X16 ogluna qarşı “nikahın pozulması və alment tələbinə dair” iddia ərzəsi qismən təmin edilərək Baki səhəri Yasamal rayon məhkəməsinin 05.10 2020 ci il tarixli 2(004)-44112020 saylı qətnaməsi ilə cavabdehlə aralarında 12.04.2007-ci il tarixdə bağlanmış nikah pozulmuş, 11.09.2006-ci il təvəllüdlü X8, 15.02.2009-cu il təvəllüdlü X14, 16.05.2011-ci il təvəllüdlü X17 və 02.09.2019-cu il təvəllüdlü X9 onun yanında saxlanmış və onların yetkinlik yaşina çatana qədər saxlanmaları uçun cavabdehdən hər ay cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. X16 oglu ilə 12.04.2007-ci il tarixdə nikah qəydiyyatindan keçməklə ailə qurmuş, birgə nikahlarından 4 övladı- 11.09.2006-ci il təvəllüdlü X8, 15.02.2009-cu il təvəllüdlü X14, 16.05.2011-ci il təvəllüdlü X17 və 02.09.2019-cu il təvəllüdlü X9 dünyaya gəlmişdir. İlk övladlari nikahdan əvvəl olmuşdur. Cavabdehin işsiz olması, ona qarşı fiziki zorakılıq göstərməsi, uşaqları daimi qorxu altında saxlamağa cəhd etməsi, ailənin saxlanması və uşaqların tərbiyəsində yaxından iştirak etməməsi, xaraktərlərindəki uyğunsuzluq birgə yaşayışlarını mümkünsüz etdiyindən ayrı yaşamağa məcbur olmuşdur. Yaşamaq üçün mənzili yoxdur. Hazirda qısa müddətlərlə yaxın qohumlarının evlərində gecələməklə həmin qohumları arasında narazılıq yaranmasına səbəb olur. Qətnamə qəbul olunduqdan sonra yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 13-cü döngəsi 1№-li evdən 4 nəfər yetkinlik yaşına çatmayan övladları ilə birlikdə keçmiş əri X16 oglu tərəfindən aldatmaqla çıxarılmış, bir müddət cavabdehin kirayə tutduğu evdə ər-arvad kimi yaşamaqda davam etmişlər. Öz niyyətinə çatdıqdan sonra isə cavabdeh tutduğu evin kirayə pulunu və aliment pulunu verməkdən imtina edərək qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu,13-cü döngəsi 1 nömrəli evinə qayıdaraq orada yaşamışdır. O isə, 4 nəfər yetkinlik yaşına çatmayan övladları ilə birlikdə kirayədə olduğu evin pulunu verə bilmədiyindən çıxaraq küçədə yaşamağa məhkun olmuşlar. Hazirda yaşamağa mənzilləri yoxdur. Nıkahda olduğu müddətdə Bakı şəhəri, Yasamal rayonu,13-cü döngəsi 1 nömrəli evin həyətində olan bir otaqli mənzil atasının köməkliyi ilə təmir edib və bir otaqda tikib 4 uşaqları ilə birlikdə orada yaşamış olsalar da, nikah pozulduqdan sonra cavabdeh onu yaşamaq üçün ev verəcəyi adı ilə həmin evdən çıxarmış və vədinə əməl etmədiyindən 4 uşağı ilə küçələrdə qalmışdır. Həmin evin təmirinə və əlavə bir otağın tikintisinə atasından aldığı 15000 manat pulu xərcləmişdir. 4 uşağı ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 13-cü döngəsi ev №1-də hazırda qeydiyyatda olmaqla evlər paylı ümumi mülkiyyətdə olmasına baxmayaraq həmin evlərdən özlərinin tikdirdikləri evdə öz ailəsi ilə birlikdə yaşamışdir. Uşaqları həmin ünvanın yaxınlığındakı 176 cayla tam orta məktəbdə təhsil alırlar. Yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, 13-cü döngəsi 1 nömrəli evə himayəsində olan uşaqları ilə birlikdə qaytmaq istəsə də, cavabdeh X16 oglu və qayınatası Canbulad Əsgərov buna imkan verməmişlər. Prosesin gedişində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı qarşı “istifadə hüququ olmayan hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin oğlunun mülkiyyətində olan ünvan 1 evdən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbini onunla əsaslandırmışdırlar ki, sözügedən ev onun mülkiyyətindədir, cavabdeh oğlu, iddiaçı isə keçmiş gəlinidir, onun qaldırdığı iddia maraqlarına toxunur. Ona görə də qanunun tələbinə əsasən müstəqil tələb irəli sürən 3-cü şəxs kimi tanınmalı və iddia rədd olunmalı, iddianın rədd edilməsi İddiaçı onun mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Həmçinin işin faktiki halı kimi qeyd edir ki, iddiaçı 2007-ci ildə oğlu ilə nikaha daxil olub və aralarında nikah 2020-ci ildə pozulub, uşaqlar ananın himayəsində saxlanılıb. İddiaçı gələndə evə istifadə hüququna dair onunla heç bir notarial qaydada razılaşma olmayıb, odur ki, tələbi əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını və iddianın əsassız olduğuna görə rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə qeyd edilənləri və üçüncü şəxsin (cavabdehin) nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 izahatını dinləyib işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iş üzrə iddia tələbi təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi isə təmin edilməlidir. İş materiallarında olan Baki səhəri Yasamal rayon məhkəməsinin 05.10 2020 ci il tarixli 2(004)-44112020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların anının yanında qalması və aliment tələbinə dair” iddia tələbi qismən təmin edilərək, tərəflər arasında 12.04.2007-ci il tarixdə Yasamal Rayon VVADQ Şöbəsində 289 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 11.09.2006- cı il təvəllüdlü X10, 15.02.2009-cu il təvəllüdlü X14, 16.05.2011-ci il təvəllüdlü X17 və 02.09.2019-cu il təvəllüdlü X7 analarının yanında qalması və onların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan ÖM seriyalı, 238268 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 evin 65.3 kv.m yaşayış sahəsindən ibarət 5 otağı- X2, 2 yaşayış otağı X1 adlarına 06.07.2005-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 08.06.2021ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 17.02.2005-ci il tarixdə X3 adına ilkin qeydiyyata alınmışdır. Sözügedən mənzilin birinci mərtəbəsindən 1 otaq (№7sahəsi 7,0 kv.m, giriş №6-sahəsi 7.0 kv.m-dən ibarət) olan hissəsi 12 saylı DNK-nın 4ə-01-329 reyestr nömrəli, 23.02.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydə alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 335 saylı, 07.04.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, 13-cü Nərimanov döngəsi, 1 saylı evdə yaşayan X6 tərəfindən mənzilin birinci mərtəbəsində sahəsi 10,0 kv.m, 9 saylı girişin yaşayış otağı edilməsi, ona bitişik 8,4 kv.m giriş tikilməsi, ikinci mərtəbədə 10 saylı sahəsi 9,0 kv.m olan aynabəndin genişləndirilərək 12,25 kv.m yaşayış otağı edilməsi, ona bitişik 8,2 kv.m giriş, 1,35 kv.m dəhliz və 2,0 kv.m sanitar qovşağı tikilməsi nəticəsində mənzilin ümumi sahəsinin 118, 2 kv.m, yaşayış sahəsinin 67,25 kv.m 5 otaqdan ibarət olması faktı təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2007-cı ildə yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan hüquq münasibətlərinə hazırda qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinin tələblərinə görə isə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməklə belə nəticəyə gəlir ki, mübahisəli evin cavabdeh, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X2 paylı mülkiyyətində olması, onunla İddiaçı arasında istifadə hüququnun əmələ gəlməsi barədə notariat qaydasında təsdiqlənmiş yazılı razılaşmanın olmaması sübuta yetirilir. Ona görə də, iddia tələbi təmin oluna bilməz. Həmçinin, mülki qanunvericiliyin tələbilərinə görə iddiaçı, eyni zamanda müstəqil tələb üzrə cavabdeh İddiaçı X2 mülkiyyətində olan ünvan 1 evə istifadə hüququ mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi həmin təmin edilməli, cavabdeh İddiaçı həmin evdən istifadə hüququ olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı "mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair" iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyinə görə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxsin (cavabdehin) iddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı X2 mülkiyyətində olan ünvan 1 evdən istifadə hüququ olmayan şəxs hesab edilsin.Qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh İddiaçı alınıb iddiaçı X4 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar