Məhkəmə qərarları › İş №2(004)-3332/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3332/2021

17.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3332/2021 17.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, İddiaçının nümayəndəsi və vəkili X10, Cavabdeh1, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 1 saylı notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı “şəhadətnamələrin ləğvi və vərəsə kimi tanınma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 1 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı “şəhadətnamələrin ləğvi və vərəsə kimi tanınma” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik hüququ haqqında 12.01.2021-ci və 22.02.2021-ci il tarixli şəhadətnamələrin ləğv edilməsi və İddiaçı mərhum X4 qanun üzrə vərəsəsi kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu miras qoyan X11 uzun müddət Azərbaycan Respublikasının Müdafıə Nazirliyinin N saylı hərbi hissəsində və Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin 444 saylı kəşfiyyat idarəsində xüsusi tayinatlı kimi xidmət etmiş, 31.10.2020-ci il tarixdə vəfat etmişdir. X1 Fərqiyyə Xanlar qızı ilə rəsmi nikah münasibətlərində olmuş, bu nikahdan 26.03.2020-ci il təvəllüdlü X16 və 11.06.2018ci təvəllüdlü X17 dünyaya gəlmişdir. X11 31.10.2020-ci il tarixdə vəfat etdikdən sonra ondan geriyə qalmış miras əmlak anası İddiaçı, həyat yoldaşı Cavabdeh1 və övladları X16 və X17 arasında qanun üzrə vərəsəlik qaydasında bölünmüşdür. X4 vəfatından sonra Müdafiə Nazirliyi tərəfindən ailəsinə 56.874 manat məbləğində birdəfəlik müavinət, Dövlət Sığorta Şirkəti tərəfındən isə 11.000 manat məbləğində sığorta ödənişi hayata keçirilmişdir. Müdafiə Nazirliyi tərəfindən verilmiş birdəfəlik müavinətin ½ hissəsinə mülkiyyət hüququ 22.02.2021-ci il tarixli şəhadətnaməyə əsasən Cavabdeh1 məxsus olmuş, digər hissəsi isə miras əmlaka daxil edilmişdir. İddiaçı qalmış əmlakın gəlini Cavabdeh1 tərəfindən qəbul edilməsini istəmiş, etibarnamə vermək niyyəti ilə gəlini ilə birlikdə Sumqayıt şəhəri 1 saylı notariat ofisinə getmişlər. İddiaçı gəlininin adına etibarnamə vermək istədiyini bildirdiyi halda, Sumqayıt şəhəri 1 saylı notariat ofisi ona etibarnamə vermək adı altında 09.01.2021-ci il tarixli, **********145 nömrəli ərizəni imzalatmış, həmin ərizədə isə iddiaçının X3 qalmış bütün miras əmlakdan imtina etdiyi qeyd edilmişdir. Həmin ərizəyə istinadən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 12.01.2021-ci il tarixli şəhadətnamə əsasında oğlunun ailəsinə Dövlət Sığorta Şirkəti tərəfindən verilmiş 11.000 manat sığorta məbləği, habelə 22.02.2021-ci il tarixli şəhadətnamə əsasında Müdafiə Nazirliyi tərəfindən verilmiş 56.874 manat məbləğində birdəfəlik müavinətin miras əmlaka daxil olan 1/2 hissəsi gəlininə verilmişdir. Gəlini miras əmlakdan ipoteka yolu ilə əldə etdikləri və hazırda yaşadıqları mənzildən geriyə qalan borcun ödənilməsi məqsədi ilə istifadə edəcəyini bildirmişdir. Son aylarda gəlini ilə münasibətləri pisləşmiş, sonuncu iddiaçını birgə yaşadıqları həmin mənzildən məcburi çıxarmış, mənzilin giriş qapısının kilidini dəyişdirmiş, hətta onu nəvələri ilə görüşməkdən də məhrum etmişdir. Bundan sonra iddiaçı oğlundan miras qalmış əmlakdan istifadə etmək məqsədi ilə aidiyyəti qurumlara üz tutmuş, məhz onda ona məlum olmuşdur ki, heç bir miras əmlak iddiaçıya məxsus deyildir, oğlundan qalmış miras əmlakdan bütünlüklə gəlininin xeyrinə imtina edilmişdir. Miras əmlakdan gəlininin xeyrinə imtina haqda 09.01.2021-ci il tarixli, **********145 nömrəli ərizəni imzalaması Sumqayıt şəhəri 1 saylı notariat ofisi ilə gəlini tərəfindən qurulmuş hiyləgər plana əsasən baş vermiş, onlar iddiaçının yaşlı və savadsız olmasından istifadə edərək onu aldatmışlar. Cavabdehlərin iddiaçıya məxsus əmlakı aldatma nəticəsində bağlanmış əqd vasitəsi ilə əldə etmələri onların əsassız varlanmasına, iddiaçının isə ona məxsus əmlakdan iradəsinə zidd şəkildə məhrum olmasına səbəb olmuşdur. Ona görə də iddiaçı qeyd olunan şəhadətnamələrin ləğv edilməsi və İddiaçı mərhum X4 qanun üzrə vərəsəsi kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək vərəsəlik hüququ haqında 12.01.2021-ci il tarixli və 22.02.2021-ci il tarixli şəhadətnamələrin ləğv edilməsi, İddiaçı mərhum X4 qanun üzrə vərəsəsi kimi tanınması, şəhid X6 vəfat səbəbi ilə AR Müdafiə Nazirliyi tərəfindən ailəsinə ödənilmiş 56.784 manat məbləğində birdəfəlik müavinət, AR Dövlət Sığorta Şirkəti tərəfindən isə 11.000 manat məbləğində sığorta ödənişinin miras əmlaka daxil edilməməsinə, ödənilən müavinət və sığorta ödənişi üzərində İddiaçı payının (1/5) müəyyən edilərək iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabeh Sumqayıt şəhəri 1 saylı notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabeh Sumqayıt şəhəri 1 saylı notariat ofisinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X18 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin 23 iyun 2021-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X18 izahatının iddia ərizəsinin və dəqiqləşməyə dair ərizənin məzmununa uyğun olduğunu, Cavabdeh1 imtina ərizəsindən istifadə edərək 11.000 manatla yanaşı 56.000 manatı da qəbul etdiyini, 56 min manatdan xəbəri olmayan iddiaçının öz payından 11.000 manat pulu düşünərək cavabdehin xeyrinə imtina etdiyini, iddiaçının imtina kağızı alınanadək gəlininin yanında yaşadığını, aldıqdan sonra Cavabdeh1 İddiaçı evdən çıxardığını, qayınatanın bu məsələlərə qarışmamaq və cavabdehlə üzləşməmək üçün iddia qaldırmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia ərizəsinə etiraz edərək iddia tələbini qəbul etməmiş, iş üzrə iddiaçı olan qayınanası ilə heç bir probleminin olmadığını, mərhum yoldaşının vəfatından 1 il keçməmiş baldızının özünə xeyir iş görmək istəməsi ilə əlaqədar aralarında mübahisənin yarandığını, habelə heç vaxt uşaqlarının qayınanası ilə görüşməsinə maneçilik törətmədiyini, miras əmlakdan ipoteka yolu ilə əldə etdikləri və hazırda yaşadıqları mənzildən geriyə qalan borcun ödənilməsi məqsədi ilə istifadə etdiyini bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq cavabdeh bütün notarial hərəkətlərin qanuna uyğun şəkildə aparıldığını, qayınana və qayınatasının onunla birgə notariusa gedərək öz paylarından onun xeyrinə imtina etdiklərini, mərhum yoldaşının ilk nikahından Aytən adında bir övladı olduğunu, həmin uşağa da miras əmlakdan 1/5 hissə verildiyini, yoldaşının 5 illik maaşının, yəni 45.000 manat məbləğində pulun birdəfəlik müavinət kimi verildiyini, yoldaşının sağlığında ev aldıqlarını, ona çatan toplam məbləğin 32.000 manatı ilə evə görə olan borcları ödədiyini bildirmişdir. Hazırkı mübahisənin əsas səbəbini baldızının 6000 manat məbləğində borcu olması və həmin məbləğin ondan istənilməsi ilə əlaqələndirmişdir. Cavabdeh1 həmçinin izahatında iddiaçının yalan danışdığını, hara getsə də qayınata, baldız, yaxud da qayınatasının bacısı oğlunun onunla birgə getdiyini, iddiaçının 56.000 manat puldan xəbəri olduğunu, həmin günü qayınatasının bacısı oğlu Fəridin də onunla birlikdə Bakıya gəldiyini, bankda olarkən yanında oturduğunu, 56.000 manat puldan 11.000 manatının yoldaşının birinci ailəsindən olan qızına çatdığını, qalan 45.000 manatın isə ona verildiyini, yoldaşının adına tikdirdiyi bulağa 4.500 manat xərcləndiyini, qayınatasının bu bulağın tikintisinə şəxsən nəzarət etdiyini, 32.000 manat pul ilə yoldaşının sağlığında ev almaq üçün götürdükləri borcları qaytardığını, hazırda onda təxminən 10.000 manat pul qaldığını, ümumiyyətlə bütün məbləğin həmişə beş yerə bölündüyünü, həmin dövrdə iddiaçının onunla bir yerdə qaldığını və pulların nəyə xərclənəcəyindən xəbəri olduğunu, birlikdə yoldaşının götürdüyü borcları paylaşdırdıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 23 iyun 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu, notariusa gedəndə 11.000 manatdan gəlininin xeyrinə imtina etməyinə dair qol çəkdiyini, mərhum oğlundan ona çatası payı istədiyini, hazırda qızının evində qaldığını, onun da kredit borcu olduğunu, ona baxmağa imkanı olmadığını, cavabdehlə münasibətlərinin əvvəllər çox yaxşı olduğunu, oğlu şəhid olandan sonra gəlininin yanında qaldığını, “çox ağlayırsan” deyərək onu evdən çıxardığını bildirmişdir. Məhkəmənin 23 iyun 2021-ci il tarixli iclasında şahid qismində iştirak edən X8 məhkəməyə verdiyi ifadəsində iddiaçının qızı olduğunu, Cavabdeh1 etibarnamə almaq məqsədi ilə anasını notariusa apardığını, anasının 11.000 manatdan gəlininin xeyrinə imtina üçün getdiyini, sonradan təkcə 11.000 manat deyil, 56.000 manat miras əmlakın olduğunu öyrəndiklərini, cavabdehin ailələrinə qarşı hörmətsizlik etdiyini, onun üstünə şər atdığını, notariusa gedənə qədər münasibətlərinin yaxşı olduğunu bildirmişdir. Məhkəmənin 23 iyun 2021-ci il tarixli iclasında şahid qismində iştirak edən X12 məhkəməyə verdiyi ifadəsində iddiaçının həyat yoldaşı olduğunu, oğlunun şəhid olduğu ərəfədə stresdə olduqlarını, getdiyi hər yerə onları aparmamaq adıyla cavabdehin onları aldadaraq etibarnamə verilməsini istədiyini, həmin etibarnamə ilə onların 11.000 manata razılıq verdiklərini, 56.000 manata razılıq vermədiklərini, gəlinin onlara hörmətsizlik etdiyini və “Şəhidlər xiyabanında Həşimovlar ailəsini tanımıram” dediyini bildirmişdir. Məhkəmənin 16 iyul 2021-ci il tarixli iclasında şahid qismində iştirak edən X24 məhkəməyə verdiyi ifadəsində şəhid Fərrux Həşimovun onun dayısı oğlu olduğunu, Cavabdeh1 ilə də münasibətlərinin normal olduğunu, notariusa, banka, dost mərkəzinə, hərbi hissəyə gedərkən onunla birgə getdiyini, getdiyi yerlərin çoxunda dayısı qızının da onlarla olduqlarını, lakin ailənin içində olsa da, götürülən pulların məbləğindən xəbəri olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan 09.01.2021-ci il tarixli **********145 saylı notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, İddiaçı X3 miras qalmış əmlakın ona çatası hissəsindən Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarında olan 09.01.2021-ci il tarixli **********144 saylı notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X2 Fərrux Mirzəmməd oğlundan miras qalmış əmlakın ona çatası hissəsindən Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarında olan 12.01.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh1 (3/5 hissədə), X16 (1/5 hissədə) və X17 (1/5 hissədə) 31.10.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri kimi tanınmış, şəhatədnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin 08.01.2021-ci il tarixli 826 saylı arayışına əsasən 11.000 manat sığorta ödənişindən ibarət olmuşdur. İş materiallarında olan 22.02.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh1 (3/5 hissədə), X16 (1/5 hissədə) və X17 (1/5 hissədə) 31.10.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri kimi tanınmış, miras əmlak Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15.02.2021-ci il tarixli 15/524 saylı arayışına əsasən 56.874 manat kompensasiya məbləğinin ½ hissəsindən ibarət olmuşdur. İş materiallarında olan 22.02.2021-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh1 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ notarial qaydada təsdiq olunmuş, ümumi birgə əmlak Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15.02.2021-ci il tarixli 15/524 saylı arayışına əsasən 56.874 manat kompensasiya məbləğindən ibarət olmuşdur. İş materiallarında olan Sumqayıt şəhəri 1 saylı notariat ofisinin 19.05.2021-ci il tarixli 337 №-li məktubundan görünür ki, 31.10.2020-ci il tarixdə vəfat etmiş X4 miras əmlakına dair vərəsəlik işi 09.12.2020-ci il tarixdə mərhumun ilk nikahdan olan övladı X13 ərizəsinə əsasən açılmış, 09.01.2021-ci il tarixdə isə mərhumun hazırda nikahda olan arvadı Cavabdeh1 öz adından və azyaşlı oğlu X14 adından müraciət edərək miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsini istəmiş, mərhumun anası İddiaçı və atası X12 miras əmlakdan gəlinləri Cavabdeh1 xeyrinə imtina etmələri barədə ərizə vermiş, ərizə qəbul edilərkən onlara mirasdan imtinanın hüquqi nəticələri barədə xüsusi notarius X15 tərfindən ətraflı məlumat verilmiş, İddiaçı və X5 vərəsəlik şəhadətnaməsinin ləğvi barədə 28.04.2021-ci il tarixli eyni məzmunlu ərizələrinə aidiyyəti notariat ofisi tərəfindən müvafiq cavab verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 03.08.2021-ci il tarixli, 15/2138 №-li məktubundan görünür ki, şəhid X4 arvadı Cavabdeh1 müvafiq hərbi hissəyə müracət edərək şəhidin ailəsi üçün nəzərdə tutulan 5 illik pul təminatı məbləğində kompensasiyanın hesablanaraq ödənilməsini xahiş etmiş, mərhumun ailəsinə 56.874 manat hesablanmış və vərəsələrinin dairəsi dəqiqləşdirildikdən sonra kompensasiya təqdim edilmiş bank hesablarına köçürülmüşdür. Beləliklə, məhkəmə, iş materiallarını, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, miras əmlak qanun üzrə vərəsələr tərəfindən notarial qaydada verilmiş şəhadətnamələr əsasında təhvil alınmış, İddiaçı və onun həyat yoldaşı X12 miras əmlakdan notarial qaydada təsdiqlənmiş ərizələr əsasında Cavabdeh1 xeyrinə imtina etmişlər. Məhkəmə qeyd edir ki, mirasdan imtina barədə ərizə geri götürülə bilməz və iş materialları ilə notarial qaydada təsdiq olunmuş ərizələrin iddiaçının iddia etdiyi kimi aldatma və ya vacib əhəmiyyətli yanılma nəticəsində imzalandığı müəyyən edilməmişdir. Beləliklə, İddiaçı və X5 miras əmlakdan öz iradələrinə əsasə gəlinləri Cavabdeh1 xeyrinə imtina etmələri, həmin ərizələr əsasında Cavabdeh1 və mərhumun iki övladı qanun üzrə vərəsə kimi tanınmaqla onlara qanunun tələbinə uyğun olaraq şəhadətnamələrin verilməsi iş üzrə toplanmış sənədlərlə öz təsdiqini tapır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən 31.10.2020-ci il tarixdə vəfat etmiş X4 əmlakının 3/5 hissəsinə arvadı Cavabdeh1, hər birinə 1/5 hissə olmaqla övladları X16 və X17 vərəsədir. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin 08.01.2021-ci il tarixli 826 saylı arayışına əsasən 11.000 manat sığorta ödənişi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15.02.2021-ci il tarixli 15/524 saylı arayışına əsasən 56.874 manat kompensasiya məbləğinin ½ hissəsindən ibarət olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15.02.2021-ci il tarixli 15/524 saylı arayışına əsasən ödənilmiş 56.874 manat kompensasiya həyat sığortası olduğundan miras əmlaka daxil edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15.02.2021-ci il tarixli 15/524 saylı arayışına əsasən ödənilmiş 56.874 manat kompensasiya məbləğinin ½ hissəsi 22.02.2021-ci il tarixli mülkiyyət hüququ haqqında şəhatədnaməyə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak kimi Cavabdeh1 verildiyindən, həmin məbləğin digər ½ hissəsi qanun üzrə vərəsələrə verilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, iş üzrə dindirilən şahidlərin ifadələri, onlar iddiaçı ilə qohumluq münasibətlərində olduğundan mötəbər sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1257-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür. Həmin Məcəllənin 1268-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı vərəsəlik hüququ haqında 12.01.2021-ci il tarixli və 22.02.2021-ci il tarixli şəhadətnamələrin ləğv edilməsi, İddiaçı mərhum X4 qanun üzrə vərəsəsi kimi tanınması, şəhid X6 vəfat səbəbi ilə AR Müdafiə Nazirliyi tərəfindən ailəsinə ödənilmiş 56.784 manat məbləğində birdəfəlik müavinət, AR Dövlət Sığorta Şirkəti tərəfindən isə 11.000 manat məbləğində sığorta ödənişinin miras əmlaka daxil edilməməsinə, ödənilən müavinət və sığorta ödənişi üzərində İddiaçı payının (1/5) müəyyən edilərək ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar