Məhkəmə qərarları › İş №2(004)-3357/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3357/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3357/2022 27.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4896 manat borcu, 2 manat komissiya haqqı və 69 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bir müddət əvvəl dostluq münasibətləri olduğundan o, 2020-ci ilin fevral ayının əvvəlində “Finca Azerbaijan” X1 Bank Kredit Təşkilatından ailə biznes fəaliyyətinin qurulmasından ötrü 6000 manat məbləğində kredit götürəcəyini və ona zamin durmağını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh Lənkəran şəhərində olarkən onunla birlikdə xahişi ilə qeyd edilən kredit təşkilatının Lənkəran filialına gedərək onunla təşkilat arasında bağlanmış 6000 manat məbləği olan kredit borcu müqaviləsi üzrə zamin olmuşdur. Həmin kredit müqaviləsinin bağlanmasına görə cavabdehdən heç bir məbləğ almamışdır. Həmin ilin noyabr ayının sonlarında bank əməkdaşları ona zəng edərək 1750 manata yaxın məbləğdə gecikmə olduğunu, ya həmin məbləğin tamamilə ödənilməsini, ya da onun iş yeri üzrə yuxarı orqana ərizə ilə müraciət olunacağını bildirmişlər. İddiaçı yenidən cavabdehlə əlaqə saxlasa da, o hazırda maddi imkanı olmadığından pulu ödəyə bilməyəcəyini qeyd edərək telefonu söndürdüyündən məcbur qalıb həmin kredit müqaviləsi üzrə gecikmədə olan 1745 manat pulu əmək haqqısı və qohumlarından aldığı borc hesabına ödəmişdir. Cavabdeh həmin pulu ona qaytaracağına söz versə də, bunu etməmişdir. 2021-ci ilin apel ayında bank əməkdaşları ona zəng edərək artıq müqavilənin müddətinin başa çatdığını və borcun ödənilmədiyini bildirdilər və işin məhkəməyə göndəriləcəyini dedilər. Bu barədə cavabdehlə danışdıqda o, imkanı olmadığından borcunu ödəyə bilməyəcəyini demişdir. O da məcbur qalıb vaxtı keçmiş 3151 manat kredit borcunu cavabdehin yerinə ödəməklə krediti bağlamışdır. Ümumilikdə cavabdehin əvəzinə 4896 manat kredit borcu və həmin məbləğləri ödəmək üçün hər ödənişə 1 manat olmaqla, 2 manat komissiya haqqı ödəmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələblərinin əsaslandırdığı hallar təqdim olunmuş sübutlarla təsdiq edildiyindən iddia təmin edilməlidir. “Finca Azerbaijan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********0392 saylı kredit müqaviləsinə əsasən təşkilat tərəfindən cavabdehə 12 ay müddətinə illik 27 faizlə 6000 manat məbləğində kredit vəsaiti verilmişdir. “Finca Azerbaijan” X1 Bank Kredit Təşkilatı ilə bağlanmış xx.xx.2020-ci il tarixli **********0***-******* saylı zaminlik müqaviləsinə əsasən iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2020-ci il tarixli **********0055 saylı Sazişə əsasən kredit müqaviləsi üzrə qalıq borc 5889 manat məbləğinin illik 27 faizlə 11 ay müddətinə ödənilməsi barədə tərəflər öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, “Finca Azerbaijan” X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və İddiaçı həmin kredit müqaviləsi üzrə Cavabdeh zamin durmuşdur. İddiaçı kredit müqaviləsi üzrə borcu tam ödəmişdir. "xxxx" MMC-nin qəbzləri ilə iddiaçı tərəfindən zamin olaraq Cavabdeh - borcalanın əvəzinə 4896 manat kredit borcunun və 2 manat komissiya haqqının ödənilməsi təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hessab edir ki, iddiaçının zamin olaraq cavabdehin əvəzinə banka ödədiyi 4896 manat borc və 2 manat komissiya haqqı tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 69 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4896 (dörd min səkkiz yüz doxsan altı) manat borc, 2 (iki) manat komissiya haqqı və 69 (altmış doqquz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar