Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-338/2022 16.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 12219 manat borcun və 4000 manat mənəvi zərərin tutulub ona ödənilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Murac oğluna, aralarında olan şifahi razılaşma əsasında 2020-ci ilin aprel ayında 13.04.2020-ci il tarixli ******* saylı qaimə üzrə 3046 manat, 14.04.2020-ci il tarixli ******* saylı qaimə üzrə 2979 manat, 17.04.2020-ci il tarixli ******* saylı qaimə üzrə 2684 manat və 22.04.2020-ci il tarixli ******* saylı qaimə üzrə 3510 manat olmaqla, cəmi 12219 manat dəyəri olan, diri halda ətlik broyler toyuqlarını Bakı şəhəri, Suraxanı rayonu ərazisində təhvil vermişdir. Razılaşmaya əsasən Cavabdeh malın dəyərini qəbul etdiyi gündən 30 gündən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin o, malın dəyərini razılaşdıqları müddətdə ödəməmiş, müxtəlif bəhanələr gətirərək, hədsiz dərəcədə ona xahişlər edərək malın dəyərini növbəti aylar üçün ödəyəcəyini bildirmişdir. Cavabdeh başqa şəxslərdən də toyuq kəsim sexi olduğu üçün mal qəbul edirdi. Alverin zəif getməsini, mağazalara verdiyi malların pullarının yığılmasında çətinliklərin və gecikmələrin olmasını əsaslandıraraq, başqa şəxslərə ondan çox borcunun olmasını və həmin şəxslərin onu sıxmasını bildirərək, bir zonadan olmasını qabardaraq, olan vəziyyətini nəzərə alaraq, həmin şəxslərin borclarını ilkin olaraq ödənilməsinə şərait yaratmasını xahiş edirdi. Onun dediklərinə inanmış və diğər borclarının ödənilməsi üçün şərait yaratmışdır. Sonradan məlum olmuşdur ki, borclu olduğu şəxslərin bəziləri ona məxsus əmlakı görünməklə pullarını əvəzləşdirə biliblər. Onunla görüşdükdə bildirmişdir ki, başqa şəxslərə də borcu çox qalıb, bu səbəbdən özlərinə məxsus kəsim sexini sataraq bütün borclarını bağlayacaqlar. Sonradan telefonlarına cavab verməmiş, dəfələrlə, onlara məxsus kəsim sexində olmuş, sexə gəlməsinə xəbər göndərsə də əlaqə yaratmamış və gizlənərək bir daha görüşməmişdir. Bu səbəbdən Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə müraciət etmişdir. Cavabdeh ona olan borcunu qismən etiraf etmiş, lakin malların xarab olması barədə fikirləri əsassızdır və aralarında belə bir söhbət olmamışdır. Odur ki, bu müddət ərzində Cavabdeh onun etibarından sui istifadə edərək ona 4000 manat mənəvi zərər vurmuşdur. Göründüyü kimi Cavabdeh 12219 manat borcunu ödəmək istəmir, vaxt uzadaraq mənimsəmək niyyətindədir. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur . Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh iddiaçıya yalnız 2700 manatlıq malın satıldığını qəbul edir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında ümumiyyətlə alqı-satqı müqaviləsi bağlanmamışdır, iddiaçı ancaq sürücü vasitəsilə çatdırılma olduğunu qeyd edir, lakin hansı qaydada həyata keçirildiyini, sürücünün belə bir səlahiyyəti olub-olmadığını sübut etmir. Göstərilənlərə əsasən, məhkəmədən iddia tələbi əsassız olduğundan, onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21-23, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə olunmuş qaimə fakturalardan görünür ki, İddiaçı 2020-ci ilin aprel ayında 13.04.2020-ci il tarixli ******* saylı qaimə üzrə 3046 manat, 14.04.2020-ci il tarixli ******* saylı qaimə üzrə 2979 manat, 17.04.2020-ci il tarixli ******* saylı qaimə üzrə 2684 manat və 22.04.2020-ci il tarixli ******* saylı qaimə üzrə 3510 manat olmaqla, cəmi 12219 manat dəyəri olan, diri halda ətlik broyler toyuqlarını **-TH-*** d.q.n-lı avtomaşının sürücüsü X3 ilə göndərərək, Cavabdeh təhvil vermişdir. İş materiallarına əlavə olunmuş Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı X4 27.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı ərizə ilə müraciəti edərək göstərmişdir ki, Hövsan qəsəbəsində ətlik broyler toyuqlarının kəsim sexi olan Etibar adlı şəxslə sexin sahibi arasında diri toyuq alveri razılaşması olmuşdur. Həmin razılaşmaya əsasən Etibar diri ətlik broyler toyuqlarını ona verməklə bir ay müddətində ödəmə almalı idi. Daha sonra malın dəyəri olan ümumillikdə 12218 manat pulu geri ala bilməmişdir. Təxminən iki ay bundan qabaq Natiq adlı şəxs ona aid olan torpağın iki sotunu zəbt etmişdir. Cavabdeh izahat verərək bildirmişdir ki, Hövsan qəsəbəsi quşçuluq ünvanında kəsim sexi vardır. 2020-ci ilin dekabr ayında Rövşən kimdənsə 2700 manatlıq toyuq alaraq ona vermiş, Etibar həmin toyuqları kəsib sataraq pulunu Rövşənə qaytarmağı düşünmüşdür. Lakin pandemiya dövründə çölə çıxmaq qadağan olunduğu üçün işi ilə məşğul ola bilməmişdir. Buna görə də Rövşənin ona verdiyi toyuqlar xarab olmuş və həmin toyuqları tullantı etmişdir. Bundan sonra Rövşənə bu barədə məlumat vermişdir.Hazırda maddi imkanın yaxşı olmadığını, həmin obyekti satışa çıxardığını və satış həyata keçirdikdən sonra Rövşənə pulunu geri qaytaracağını bildirmişdir. Tərəflər arasında yaranmış mübahisə mülki-hüquqi xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X5 14.03.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 05.03.2022-ci il tarixdə İddiaçı ərizə ilə müraciət edərək, X2 ümümilikdə 24661 manatlıq dəyəri olan diri ətlik broyler toyuqlarını Cavabdeh malları çatdırılması üçün versə də, Cavabdeh 12219 manat borcunu vermədiyini göstərmişdir. Araşdırma zamanı izahatı alınan X3, 2020-ci il tarixdə Cavabdeh Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən toyuq sexində fəhlə kimi işlədiyini, həmin il müəyyən vaxtlarda o Cavabdeh göstərişi əsasında şirkətin **-TH- *** d.q.n-lı avtomaşının sürücüsü Fərhad Məmmədovla birlikdə İddiaçı sexinə gəlmiş, ümümilikdə 24661 manatlıq diri toyuqları qaimə fakturaları üzrə imza edərək (2020-ci ilin yanvar ayında iki dəfə, aprel ayında isə altı dəfə ) apararaq Cavabdeh kəsim sexinə təhvil verdiyini bildirmişdir. Aparılmış təhqiqat araşdırması nəticəsində müəyyən edilmişdir ki, X1 Əliyevin göstərişi əsasında şirkətin ** TH *** d.q.n-lı avtomaşının sürücüsü Fərhad Məmmədovla birlikdə İddiaçı işlədiyi sexə gəlmiş 2020-ci ilin yanvar ayında qaimə faktura üzrə 2 dəfə həmin ilin aprel ayında isə 6 dəfə qaimə faktura üzrə ümumillikdə 24661 manatlıq diri ətlik broyler toyuqlarını kəsim sexində Cavabdeh təhvil verilmişdir. Lakin Cavabdeh borcunun bir hissəsini versə də, yerdə qalan 12219 manat borcunu verməmişdir. Araşdırma müddətində məlum olmuşdur ki, kəsim sexində fəhlə kimi işləyən İ.Məmmədov və sürücü F.Məmmədov ilə birlikdə götürdüyü malların hamısını Cavabdeh kəsim sexində təhvil vermişdir. Tərəflər arasında yaranmış mübahisə mülki-hüquqi xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 2020-ci ilin aprel ayında Cavabdeh cəmi dəyəri 12219 manat olan diri halda ətlik broyler toyuqları təhvil verilmiş, cavabdeh həmin pulu iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. AR Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Belə olduğu halda, məhkəmə hesab edir ki, maddi ziyan hissəsində iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, maddi ziyan olaraq, Cavabdeh 12219 manat tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “dəymiş mənəvi zərərin əvəzi olaraq 4.000 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsində iddia tələbi iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və bunu təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə əlavə olunmuş 29.02.2020-ci il tarixdə AR DİN tərəfindən verilmiş 033852 nömrəli vəsiqədən göründüyü kimi, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, ödənilməli olan 126,65 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 12219 (on iki min iki yüz on doqquz) manat tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 126,65 (yüz iyirmi altı manat 65 qəpik) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-338/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-338/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver