Məhkəmə qərarları › İş №2(004)-3387/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3387/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3387/2024 10.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun və ödənilən 50 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tanışı Cavabdeh 2022-ci ilin yanvar ayında özünə məxsus Bakı şəhəri Xəzər rayonu, Şagan qəsəbəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin 3000 manat məbləğində santexnik işləri ona gördürərək əvəzində ona Masallı rayonunda yerləşən evin təmir işlərini 25.000 (iyirmi beş min) manata görəcəyimi demiş və daha sonra isə 3000 manat verəcəyi pulu özünə məxsus Tukson markalı avtomobilin ilkin ödənişi kimi bildirərək ona əlavə 10000 manat pul verdikdən sonra həmin avtomobili onun adına rəsmiləşdirəcəyini demişdir. Daha sonra isə həmin avtomobilin müəyyən detalları 2 ay ərzində təzələnmiş və sonda avtomobilin sürət ötürücüsündə problem yarandığından və həmin hissənin təmiri üçün isə 3000 manat lazım olduğundan avtomobili Mahmuda qaytardı və bildirdi ki, 3000 manat pulu qaytaracaqdır. Qeyd edir ki, Mahmuda məxsus evin santexnik işlərinin görülməsi ilə əlaqədar ona hər hansı bir məbləğdə pul verməmişdir. Lakin onun evində işləyərkən ona həmin işdə köməklik göstərən Ramin adlı tanışına o öz cibindən həmin evdə əlavə görülmüş işlərin pulunu da Raminə vermişdir. Mahmud isə onun üçün gördüyü işin dəyərindən artıq qiymətə iş verməli idi. Lakin Mahmud ona qabaqcadan danışdığı işin pulunu nə də ki, əlavə görülmüş işlərin pullarını verməmişdir. Yəni 25 min manata görüləcəyini demişdir. Bu iş xeyli müddət keçdikdən sonra o bildi ki, bu iş baş tutmamış onu aldadırmış. Daha sonra o bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Görülən işlərin dəyəri cəmi 3000 manat edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçının ona borcu var. O isə məhkəməyə verərək pul almaq istəyir. İlkin olaraq qeyd etmək istəyir ki, iddia ərizəsindən göstərilən məlumatlarda yanlışlıqlar var. Belə ki, İddiaçı onun bağ evini 2021-ci ildə təmir etmişdir. Yəni onun bu hadisə onun iddia ərizəsində qeyd etdiyi kimi 2022-ci ildə olmamışdır. Onun göstərdiyi santexnika işlərinə görə ödənişlər etmişdir. Ona Masallı rayonunda bir iş verəcəyini demişdir, amma həmin evin sahibi özünə başqa usta tapmış və bu iş baş tutmamışdır. Burada onun təqsiri olmamışdır. Onun bağ evini təmir edən zaman pandemiya vaxtı idi. İşlər müəyyən aralıqlarla edilirdi. O İddiaçı gördüyü işin əvəzində 2000 manat vermişdir. Onlar onun gördüyü işin haqq-hesabını etmişlər. İndi isə ona qarşı qaldırdığı iddianın əsassız olduğuna görə rədd edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaları öz təsbitini tapmışdır. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. İşin halı bundan ibarətdir ki, iddiaçı cavabdehin göstərdiyi bağ evində təmir işləri görmüşdür. Cavabdeh iddiaçı tərəfindən həmin işlərin görülməsini etiraf edir. İddiaçı gördüyü işlərə görə 3000 manat tələb etsə də, xidmətin dəyərinin 3000 manat olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh isə görülmüş işlərin dəyərinin 2000 manat olduğunu izahatında bildirmiş və həmin məbləğin iddiaçıya ödənildiyini qeyd etmişdir. Lakin bu hissədə də cavabdeh sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 2000 manat məbləğində işin görülməsi cavabdehin etirafı ilə təsdiq edilir. Həmin məbləğin ödənilməsi iş materialları ilə sübuta yetmədiyindən iddia qismən əsaslı olmaqla, cavabdehdən iddiaçının xeyrinə 2000 (iki min) manat məbləğində pul tutulmalıdır. Mülki Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, iddia qismən təmin olunduğundan, ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 33,30 (otuz üç manat otuz qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə idiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 33,30 (otuz üç manat otuz qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə idiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar