Məhkəmə qərarları › İş №2(004)-3389/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3389/2024

30.08.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3389/2024 30.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “şəxsin ölmüş elan edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1954-cü il təvəllüdlü X8 ərizəçinin əri olmuşdur. X8 həvəskar balıq-ovçu olmuşdur. O, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində tanışı X4 ilə birlikdə “Kazanka” adlanan motorlu qayıq ilə Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizinə balıq ovuna çıxmışlar və geri qayıtmamışlar. Həmin gün hava kəskin dəyişmiş, dənizdə külək və fırtına olmuşdur. Dənizə balıq ovuna gedərkən müvafiq qurumdan müvafiq icazə alınmış, lakin, geri qayıtmaları barədə müvafiq məlumat qeydə alınmamışdır. Ailə üzvləri dərhal hüquq mühafizə orqanlarına məlumat vermişlər. Axtarışlar nəticəsində müsbət nəticə əldə edilməmişdir. Hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılmışdır. X2 meyiti xx.xx.2023-cü il saat 17 radələrində Böyük Zirə adası sahilində aşkarlanmış, faktla bağlı Xətai rayon prokurorluğunda 647-C-23 nömrəli material üzrə araşdırma aparılmışdır. Araşdırma nəticəsində X2 ölüm faktının ictimai təhlükəli əməl nəticəsində baş vermədiyi müəyyən olunmuşdur. Araşdırmalar nəticəsində X6 meyiti aşkar edilməmiş və ya sağ olması ilə bağlı bu günədək hər hansı məlumat əldə edilməmişdir. X1 ailə üzvləri tərəfindən ona məxsus əmlak üzərində sərəncam verilməsi üçün, X6 xx.xx.2023-cü il tarixdə ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində Şahid1 və Şahid2 izahat verərək ərizədə göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan İİİ-ЖГ 418842 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1954-cü il tarixdə Salyan rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 37 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X5 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 04 yanvar 2024-cü il tarixli qərarından görünür ki, X2 itkin düşməsi faktı ilə əlaqədar toplanmış materiallar üzrə onun ölümündə cinayət hadisəsi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Sözügedən qərarın təsvisi-əsaslandırıcı hissəsinə əsasən müəyyən edilir ki, araşdırma üzrə 4 (dörd) nəfər şahidin izahatları alınmış və şahidlər göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 314.1-ci maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki prosessual qanunvericiliyinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizəçi haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Məhkəmə iclası zamanı araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, X8 tanışı X4 ilə birlikdə 11 noyabr 2023-cü il tarixdə “Kazanka” adlanan motorlu qayıq ilə Bibiheybət qəsəbəsi istiqamətində Xəzər dənizinə balıq ovuna çıxmış və geri qayıtmamışlar. Onların balıq ovuna çıxdığı 11 noyabr 2023-cü il tarixdə hava kəskin dəyişmiş, dənizdə külək və fırtına olmuşdur. Hüquq mühafizə orqanları tərəfindən aparılmış araşdırmalar nəticəsində X2 meyiti aşkar edilmiş və onun ölüm faktının ictimai təhlükəli əməl nəticəsində baş vermədiyi müəyyən olunmuşdur. X3 barəsində bu günədək hər hansı məlumat əldə edilməmişdir. X6 baş vermiş hadisə nəticəsində ölməsi ağlabatan və əsaslı olmaqla sübuta yetirilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X8 bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşmüşdür və ondan artıq həlak olduğu güman edilən 11 noyabr 2023-cü il tarixdən etibarən doqquz ay ərzində xəbər çıxmamışdır. Odur ki, ərizə təmin olunmalı, xx.xx.1954-cü il təvəllüdlü X8 oğlunun həlak olduğu güman edilən 11 noyabr 2023-cü il tarixdə Bakı şəhərində ölmüş elan edilməlidir. Məhkəmə qətnaməsi Maraqlı şəxsnə münasibətdə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas kimi çıxış etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüş elan edilsin. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə münasibətdə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas kimi çıxış etsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elekton məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar