Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3391/2022 25.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən ona vurulan zərərin əvəzi olaraq 75 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 8 fevral 2022-ci ildə "xxxx" MMC-nin Azadlıq mağazasında TEFAL markalı, MB450B30 modeli, seriya nömrəsi ********** olan blender almışdır. Blenderi almaq üçün mağazaya yekun olaraq 75 manat pul ödəmişdir. Blenderin saz vəziyyətdə olduğunu tam yoxlamadan almış və aldıqdan qısa müddət sonra blenderin qüsurlu olduğunu öyrənmişdir. Bununla bağlı dərhal Baku Elektronics” MMC-nin Azadlıq mağazasına müraciət etmişdir. "xxxx" MMC-nin əməkdaşları tərəfindən ona həmin blenderi geri qaytarmağının mümkün olmadığını bildirmişlər. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Çağrı Mərkəzinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar aparılmış araşdırma zamanı Cavabdeh MMC tərəfindən Dövlət Xidmətinə daxil olunmuş 544/22 nömrəli xx.xx.2022-ci il tarixli məktubda servis mərkəzi tərəfindən məhsula baxış keçirildiyi, məhsulda hər hansı qüsurun aşkar edilmədiyi bildirilmişdir. Həmçinin "xxxx" MMCnin mövqeyi ilə razılaşmadığı halda “İstehlahkçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunun 26-cı maddəsinə əsasən məhkəmə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Odur ki, hazırda pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, blenderi yalnız bir dəfə işlətmiş, qüsurlu olduğunu görmüşdür. Bundan sonra blenderi işlətməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, mütəxəssis tərəfindən cihaza texniki baxış keçirilərək, yoxlanılmış və texniki qüsurunun olmadığı müəyyən edilmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd eidlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında Zəmanət talonun məzmunundan görünür ki, İddiaçı Cavabdeh MMC-dən qiyməti 75 manat olan “Tefal markalı blenderi (model:MB450B30; seriya **********) almışdır. Əşya istehlakçıya ötürüldüyü gündən 2 illik zəmanət müddəti müəyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3391/2022 nömrəli qərardadı əsas mülki iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə eidlmişdir.Məhkəmə Ekspertizası Mərkəzi Mühəndis-texniki ekspertizalar şöbəsində məişət avadanlıqları və məişət avadanlıqlarında yaranmış qüsur və onun səbəbinin müəyyən edilməsi məhkəmə mühəndis-texniki ekspertizaları şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid olmadığından mühəndis-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Bu səbəbdən mənkəmə mühəndis-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3391/2022 nömrəli qərardadına əsasən, "xxxx"-MMC tərəfindən təqdim edilmiş 03 oktyabr 2022-ci il tarixli texniki rəydən görünür ki, cihaz yoxlanılmış, texniki qüsurunun olmadığı və texniki şərtlər daxilində işlədiyi, nəticə olaraq təmirə ehtiyacının olmadığı müəyyən edilmişdir. Eyni zamanda məhsulun istifadə edildiyi və əmtəə görnüşünün pozulduğu da müəyyən edilmişdir. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllənin 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Mülki Məcəllənin 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə, alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin maddənin 2-ci bəndinə əsasən isə, satıcı (icraçı) istehlakçıdan lazımı keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Sadalanan qanunvericilik normalarının tələbinə əsasən, əşyada aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Hazırki halda iddiaçı Cavabdeh MMC-dən aldığı blenderin qüsurlu olduğunu və bu səbəbdən işləmədiyini iddia edərək, ödədiyi məbləğin geri qaytarılmasını tələb etsə də, əşyanın texniki qüsurun olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3391/2022 nömrəli qərardadına əsasən "xxxx"-MMC-nin mütəxəsissləri tərəfindən təqdim edilmiş 03 oktyabr 2022-ci il tarixli texniki rəyə əsasən müəyyən edilmişdir ki, cihazın texniki qüsuru yoxdur. Blender texniki şərtlər daxilində işləyir və təmirə ehtiyacı yoxdur. Eyni zamanda məhsulun istifadə edildiyi və əmtəə görünüşünün pozulduğu da müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisə predmeti olan əşyanın texniki qüsurunun olmadığı və blenderin texniki şərtlər daxilində işlədiyi müəyyən edildiyindən, bununla da iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3391/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3391/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver