Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3423/2021 02.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sərhədağa oğluna və Cavabdeh3 qarşı “kredit müüqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sərhədağa oğluna və Cavabdeh3 qarşı “kredit müüqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 54406,29 manat kredit borcu, 7666,75 manat faiz borcu və 15057,37 manat cərimə borcu olmaqla, cəmi 77130,41 manat, 056R********** saylı kredit razılaşması üzrə 103986,8 manat kredit borcu, 13257.23 manat faiz borcu və 36696,66 manat cərimə borcu olmaqla, cəmi 153940.69 manat, 056R********** saylı kredit razılaşması üzrə 19322.08 manat kredit borcu, 2235.45 manat faiz borcu və 6307,58 manat cərimə borcu olmaqla, cəmi 27865.11 manat, 3 (üç) kredit razılaşması üzrə ümumilikdə cəmi 258936,21 (iki yüz əlli səkkiz min doqquz yüz otuz altı manat iyirmi bir qəpik) manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi 63 saylı evin 5 saylı mənzilinə və Cavabdeh2 Sərhədağa oğluna məxsus Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 104/32 ünvanda zirzəmidə yerləşən 149.8 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 258936 (iki yüz əlli səkkiz min doqquz yüz otuz altı) manat 21 (iyirmi bir) qəpik borcun, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi 63 saylı evin 5 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 104/32 ünvanda zirzəmidə yerləşən 149.8 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılımasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 şifahi vəsatət verərək, bildirmişdir ki, cavabdeh, yəni kredit xətti müqaviləsi və kredit razılaşmaları üzrə kredit alan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, eyni zamanda kredit razılaşmalarının məzmunundan və verilmiş kredit məbləğlərindən də görünür ki, kredit sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilmişdir və bu səbəbdən mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh2 vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsində qeydiyyatdadır. (VÖEN **********) İşdə olan "İddiaçı” QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşmalarından görünür ki, "İddiaçı” QSC tərəfindən Cavabdeh2 kredit fərdi kiçik kredit məqsədləri üçün verilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə nəticə etibarilə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsidir. Belə olan halda isə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. (32.2)Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. (32.3) Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. (32.4) Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. (32.5) “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sərhədağa oğluna və Cavabdeh3 qarşı “kredit müüqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi” tələbinə dair 2(004)-3423/2021 saylı mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3423/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3423/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver