Məhkəmə qərarları › İş №2(004)-3461/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3461/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3461/2021 02.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı1, iddiaçıların səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh Nurbala qızına qarşı “pul tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Mürsəliyeva Mehparə Nurbala qızına qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21000 manat pulun alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onları aldadaraq 21000 manat pullarını dələduzluq etməklə ələ keçirmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzili onların vasitəsi ilə xarici vətəndaşlara kirayəyə verərək gəlir əldə etmək məqsədilə 2020-ci ilin fevral ayında 21000 manat pul götürmüş, mənzilin kirayəyə verilməsi ölkədə, o cümlədən dünyada baş vermiş Koronoviris pandemiyasına görə mümkün olmamışdır. Pulu geri tələb etdikdə o, müxtəlif bəhanələrlə onları aldadmağa, ardı- bizə yalanlar danışmağa başlamışdır. Gah demişdir ki, “evi kirayəyə verirəm, pulunuzu qaytarıram”. Bir müddət mənzili satdığını və puluu qaytaracağını söz vermiş və sonradan gizlənməyə başlamışdır. İki ay sonra onu tapa bilməyəndə həmin mənzildə gedib oğlunu görmüşlər. O da məsələdən xəbərsiz olduğunu, anası ilə danışıb onlarla əlaqə yaratmasına söz vermişdir. Bir ay keçdikdən sonra onunla danışıq zamanı mənzilinin satışına görə 15000 manat beh aldığını, alıcının gəlməməsinə görə behin batdığını, oğluna ev aldığı üçün həmin pulun ora sərf etdiyini və kredit ödədiyini bildirdi. Daha sonra mənzili guya 2000 manata kirayəyə verdiyini və yenidən evi sataraq evin satışından pulu qaytarmasına vəd versə də, onları aldatmış, nəticədə də 21000 pulu mənimsəmişdir. Onun barəsində Nəsimi Rayon Polis İdarəsinə şikayət etməyə məcbur qalmışlar. Aparılmış araşdırma zamanı Cavabdeh Nurullah qızı izahatında ş etiraf etmişdir ki, həqiqətən 2020-ci ilin fevral ayında 3300 manat pulu İddiaçı2 qəbul etdiyini, daha sonra 17700 pul qəbul etdiyini, 43 saylı notariat kontoruna gedərək müqavilə bağlamaq istədiklərini, lakin sənədlərin qaydasında olmaması səbəbindən müqavilə rəsmiləşdirilməsinin mümkün olmadığını göstərmişdir. Özünü müdafiə etmək və pulu qaytarmaq niyyətində olmadığı səbəbindən isə əlavə olaraq qeyd etmişdir ki, guya mənzil onların sərancamında olmuş və açarları ona guya 2020-ci ilin sentyabr ayının sonunda təhvil vermişlər. Guya 2020-ci ilin avqust ayında pandemiya ilə əlaqədar sərhədlərin bağlı olması və turistlərin gəlməməsi və mənzildən xeyir götürməməsi səbəbindən ondan guya pul istədikdə cavabında demişdir ki, vəziyyətini nəzərə alaraq əgər mənzili sata bilməsə, ona “şirinlik” kimi hörmət edər. Cavabdeh vermiş olduğu qismən etirafedici izahatı ilə də məlum olmuşdur ki, onlardan 21000 manat pul almışdır və geri qaytarmaq niyyətində deyildir. Cavabdeh Nurbala qızı iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçıların iddia ərizəsində irəli sürdükləri tələb tamamilə əsassızdır və heç bir mülkü normaya istinad etmir. Özünə məxsus ünvan 1 ünvanında yerləşən mənzili kirayə verərək gəlir əldə edir və həmin vəsaitlə də öz ailəsini saxlayır. 2020-ci ilin fevral ayında İddiaçı2 makler vasitəsi ilə əlaqə saxlayaraq ona məxsus mənzili davamlı müddətə kirayə götürmək istədiyini bilidrmişdir. Qarşılıqlı razılaşma nəticəsində 21000 manatın əvəzində özünə məxsus mənzili 2020-ci ilin fevral ayından həmin ilin sentyabr ayına qədər İddiaçı2 kirayə vermişdir. Müqavilənin yazılı qaydada tərtib edilməsini iddiaçıya təklif etsə də, iddiaçı bunu ertələmiş və sonra da hər hansı bir yazılı formada müqaviləni tərtib etməkdən imtina etmişdir. Bundan sonra iddiaçı, şifahi razılaşdırıldığı kimi 2020-ci ilin sentyabr ayına qədər mənizldən istifadə etmişdir və mənzil istifadəsində olan vaxtı heç bir narazıçılıq bildirməmişdir. Kirayə müddəti başa çatandan 6 ay sonra iddiaçı ərizə ilə polis orqanlarına müraciət edərək onun barəsində cinayyət işinin başlanmasını tələb etmişdir. Lakin Nəsimi rayon Polis İdarəsində şikayətə baxılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə göründüyü kimi tərəfindən heç bir mülki və yaxud da cinayət qanunvericiliyinin tələbləri pozulmamışdır. Mülkiyyətində olan mənzil tərəflərin razılaşdığı müddət ərzində kirayə verilmiş və həmin 7 ay ərzində iddiaçı tərəfindən nə müqavilənin şərtlərinin dəyişdirilməsi, nə müqaviləyə xitam verilməsi nə də ki ödənilmiş məbləğin geri tələb edilməsi barədə ona və ya məhkəməyə (polis orqanlarına və s.) müraciət olunmamışdır. İddiaçıların kirayə müddəti ərzində heç bir orqana müraciət etməməsi kirayə müddəti ərzində tərəfindən müqavilənin şərtlərinə əməl etdiyini sübuta yetirir, belə ki əks təqdirdə ödənilmiş 21000 manatın geri tələb edilməsi istiqamətində iddiaçılar tərəfindən tədbirlər görülərdi. Həmçinin ona məxsus mənzilin 7 ay ərzində iddiaçıların sahibliyi və istifadəsində olmasını mənzil yerləşən binanın mühafizəçisi də təsdiq edir. Həmçinin başqa iddiaçılar tərəfindən onlara məxsus əmlaklar cavabdehə məxsus mənzildən 2020-ci ilin sentyabr ayında götürülməsi də cavabdeh tərəfindən əqdin şərtlərinə əməl edilməsini sübuta yetirir. Bundan başqa Nəsimi rayon Polis İdarəsi tərəfindən faktla bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməsi onu sübut edir ki, əməlində hər hansı bir hüquq pozuntusu yoxdur, bu isə öz növbəsində deliktin olmaması deməkdir. Həmin qərar hələ də qüvvədə olduğundan preyudisial qüvvəyə malikdir. Belə olan haıda iddaçılar tərəfindən ödənilən pulun geri tələb edilməsi tamamilə əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1, iddiaçıların səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, MTK 39 mühafizəçi işləyir, 2 gündən bir mühafizə edir, 24 saat işləyir. Təxminən 2020-ci ilin mart ayında Rizvan və Ayazın ordan ev götürdüyünü bilmişdir. Onlar turistləri gətirib tanış edirdilər, daimi yaşayış olmurdu, 2-3 dəfə ardıcıl olmuyub, gəlib getdiklərini görmüşdür. Müştərilərdən əlavə özləri də gəliblər, açar onda da olurdu, olmayanda Mehparə xanımın özündə olurdu, olub açar elə özlərində qalıb, elə olub müştəriləri gətirib evə açar olmayıb. Nə qədər qalıblar, dəqiq bilmir. Yay aylarında kiminsə qalmağı yadına gəlmir, görməmişdir. Martdan gəlib sentyabra kimi özləri gəlib maraqlanıb gediblər, müştəri ilə isə 4-5 dəfə. Təxminən nə qədər qaldıqlarını dəqiq bilmir, gəliblər mustərisi gəlib qalıb 2-3 dəfə, pandemiyadan sonra adam qoyduqları yadına gəlmir. Axrıncı əşyalarını, televizorlarını dəqiq xatırlayır, gəlib götürüblər. Bunlara aid idi bəzi əşyalar, onu da öz işçiləri gəlib götürüblər. Payızqış ayları olardı, əşyaların götürdülər. Bunların bir işçisi var idi, pandemiya dövründə bir qız müştərilərə gəlib göstərib, payıza qədər olardı, yaz-yay ayları olardı. Məhkəmə proses iştirakçılarının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü, 385.1-386.1-ci, 675, 676, 683, 685, 689, 700 və 704-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, Orxan Əkbərovun 19.03.2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarınna əsasən, İddiaçı2 və İddiaçı1 ünvan 2 ünvanında yerləşən mənzili xarici vətandaşlara kirayə verib gəlir əldə etmək məqsədi ilə 2020-ci ilin fevral ayında həmin mənzilin sahibi X1 icarəyə götürərək sonuncuya 7 aylıq ödəniş kimi 21000 manat pul ödəmələri, koronavirus pandemiyası ilə əlaqədar xarici vətəndaşların gəlməsi mümkün olmadığından M.Mürsəlovadan ödədikləri pulu geri qaytarmasını tələb etmələri barədə ərizələri üzrə aparılmmış araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən 5 saylı mənzili təxminən 2016-cı ilin əvvəllərindən etibarən aylıq kirayə verməyə başlamış, hər dəfə kirayə verərkən kirayə müqaviləsi bağlanmış və qanunvericiliklə nəzərdə tutulmuş qaydada vergi ödənişləri edilmişdir. 2020-ci ilin fevral ayının ortalarında mənzili yenə də kirayə vermək istədiyindən dəllallara müraciət etmiş, həmin ərəfədə əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan İddiaçı2 dəllal vasitəsi ilə onunla əlaqə saxlayıb görüşmüş, birlikdə mənzilə baxmışlar. İddiaçı2 mənzilin xoşuna gəldiyini bildirmiş və aylıq 3300 manat olmaqla 5 ay müddətinə icarəyə götürməyə razılaşmış, elə mənzildəcə ona 3300 manat pu[ vermiş, o da mənzilin açarını İddiaçı2 təqdim etmişdir. Elə həmin gün axşam Ayaz onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb bir qədər endirim edərsə 7 aylıq icarə götürəcəyini və ödənişi əvvəlcədən etmək istədiyini bildirmişdir. Həmin ərəfədə müalicəsi ilə əlaqədar Türkiyəyə getməyi planlaşdırdığından və bunun üçün pula ehtiyacı olduğundan Ayazın təklifi ona sərf etmiş, bu səbəbdən də aylıq icarə haqqını 3000 manata endirmişdir. Növbəti gün Ayazla görüşmüş, Ayaz ona 17700 manat pul ödəmiş və onlar, notarial qaydada müqavilə bağlamaq üçün 43 saylı notariat kontoruna getmişlər. Lakin xatırlamadığı səbəbdən sənədlərdə problem olduğundan həmin gün müqavilə bağlanması mümkün olmamışdır. Ayaz ona demişdir ki, müqaviləni sonra özü həll edəcək, vergisini də özü ödəyəcəkdir. Bundan sonra o, müalicəsi ilə əlaqədar Türkiyəyə getmiş və təxminən 15-20 gün sonra geri qayıtmışdır. Mənzili satmaq istəmiş, bu barədə Ayaza məlumat verdikdə o, təxminən 2020-ci ilin aprel ayında onu İddiaçı1 ilə görüşdürmüş, Rizvan mənzili almaq istədiyini, pulunun bir hissəsini nağd formada ödəyəcəyini, bir hissəsinin də əvəzini başqa mənzillə barter edəcəyini bildirmişdir. Həmin mənzil 2020-ci ilin sentyabr ayının sonlarına qədər icarədə olmuş və sentyabrın sonunda mənzili və açarlarını Ayazdan təhvil almışdır. Hətta Ayaz mənzili ona 3-4 gün gec təhvil vermiş, səbəb isə bu olmuşdur ki, Ayaz mənzildə xaricdən gələn qonaqları olduğunu bildirib gec təhvil verməyi xahiş etmiş, o da razılaşmışdır. Mənzili Ayaza icarəyə verdikdən sonrakı müddət ərzində heç bir zaman mənzili və icarə haqqını geri qaytarmaq barədə aralarında heç bir danışıq olmamış, yalnız 2020-ci ilin avqust ayında Ayaz ona demişdir ki, pandemiya ilə əlaqədar sərhədlər bağlı olduğundan turistlər gəlməyib və o da mənzildən xeyir götürməyib. O, Ayazın vəziyyətini nəzərə alıb vəd etmişdir ki, əgər mənzili sata bilsə ona «şirinlik» kimi hörmət edər. Beləliklə, aparılmış araşdırma ilə Cavabdeh əməlində özgənin əmlakını etibardan sui-istifadə etmək və ya aldatmaqla ələ keçirməni nəzərdə tutan dələduzluq cinayətinin tərkibi olmadığı müəyyən edilmişdir. Belə ki, Cavabdeh ilə İddiaçı2 arasında mənzilin icarəyə verilməsinə dair mülki münasibətlər olmuş, Cavabdeh hərəkətlərində özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilməmişdir. Odur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçilərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia edir ki, Cavabdeh onun ünvan 1 ünvanında yerləşən mənzilini xarici vətəndaşlara kirayəyə verərək gəlir əldə etmək məqsədilə 2020-ci ilin fevral ayında 21000 manat pul vermişlər. Mənzilin kirayəyə verilməsi ölkədə, o cümlədən dünyada baş vermiş Koronoviris pandemiyasına görə mümkün olmamışdır. Buna baxmayaraq, iddiaçılar iddia tələbini əsaslandırmaq üçün iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmiş, həmçinin, məhkəmə baxışı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, araşdırılmış sübutlarla mübahisəli mənzilin 2020-ci ilin sentyabr ayına kimi, yəni tərəflərin razılaşdıqları müddət ərzində iddiaçıların istifadəsində olduqları müəyyən edilmişdir. Habelə, iddiaçıların gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Onlar, müdafiə etdikləri tələbi ümumiyyətlə əsaslandıra bilməmişdirlər. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Odur ki, iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özlərinə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh Nurbala qızına qarşı "pul tələbinə dair" iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar