Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3498/2025 21.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçının hüquqi varisinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 (onun hüquqi varisi İddiaçı) Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal r-nu, A.M.Şərifzadə küçəsi, ev 164A, 1 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun oğlu X9 Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur və həmin nikah Qaradağ rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahından iki qız övladı - xx.xx.2011 -ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X12 anadan olmuşlar. Qeyd edir ki, cavabdeh oğlu ilə bir müddət mehriban yaşasa da, sonradan onların münasibətləri pisləşmiş və Elnuranın təşəbbüsü ilə xx.xx.2020-ci ildə nikahları Yasamal rayon Qeydiyyat Şöbəsində ləğv edilmişdir. Artıq xeyli müddətdir ki, cavabdeh ona məxsus, qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal r-nu, A.M.Şərifzadə küçəsi, ev 164A, mənzil 1 və faktiki yaşadığı ünvan 1 ünvanda yaşamır. Onunla bir gəlin olaraq onun və oğlu tərəfindən hər hansı bir öhdəlik üzərlərinə götürməmişlər. Uşaqlara hər ay məhkəmə tərəfindən təyin edilmiş aliment məbləği vaxtında ödənilir. Uşaqlar cavabdehin hinayəsindədir. Artıq cavabdeh rəsmən onun ailə üzvləri siyahısından çıxmış kənar bir şəxsdir. Məhkəmə prosesinin gedişində iddiaçı X4 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iddiaçını onun hüquq varisi İddiaçı ilə əvəz etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçı tərəf onun mənzildən pay hüququ olmaması üçün hazırki iddia tələbini qaldırmışdır. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2649/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh X9 arasında 22 iyul 2011-ci il tarixdə Qaradağ Rayon Qeydiyyat Şöbəsində 808 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan xx.xx.2013-cü il tarixdə anadan olmuş X11, xx.xx.2015-ci il tarixdə anadan olmuş X7 iddiaçı Cavabdeh yanında saxlanması, xx.xx.2013-cü il tarixdə anadan olmuş olmuş X11, xx.xx.2015-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X5 hər ay qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi, alimentin tutulma müddətinin xx.xx.2020-ci il tarixdən hesablanması qət edilmişdir. ƏMDX DƏDK və RPHŞ Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrinin **********56 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə X6, ½ hissədə X2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2025-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X4 ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X9 (xx.xx.1981), Cavabdeh (xx.xx.1984) və X8r (xx.xx.2013). Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-53/2-H-17849 nömrəli məktubdan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq Maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildirilmişdir ki, mülkiyyətində olan ünvan 4 ünvanından Cavabdeh qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə bilər. Bakı şəhəri 8 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 811 nömrəli arayışdan görünür ki, xx.xx.1953-cü il tarixdə anadan olmuş (Fin nömrəsi:OZLOK3Y) xx.xx.2025-ci ildə ölmüş X1 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə mirasın qəbulu barədə ərizə ilə Bakı şəhəri 8 saylı notariat ofisinə arvadı İddiaçı tərəfindən müraciət daxil olmuş və tərəflərindən 109/2025 nömrəli vərəsəlik işi açılmışdır. Bildirilir ki, qanunla müəyyən olunmuş müddət tamamlanmadığı üçün vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 ilə İddiaçı xx.xx.1979-cu ildə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində 69 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. Nikaha A.Hüseynovun xx.xx.2025-ci ildə ölməsi (ölüm dövlət qeydiyyatına alınmışdır: xx.xx.2025-ci ildə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində, akt qeydi № 358) səbəbindən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 228-ci maddəsinin 1-ci bəndinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228-ci maddəsinin 5-ci bəndinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.” Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 2020-ci il 24 sentyabr tarixli Qərarında göstərilmişdir:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu X9 Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş və iddiaçıya məxsus mənzildə yaşamağa başlamışdırlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2649/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Hazırda qeyd olunan mənzil iddiaçının xüsusi mülkiyyətindədir və cavabdeh həmin mənzildə yaşamır. Hazırkı iddianın əsasından görünür ki, iddiaçı cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir, bunun üçün isə cavabdehin mənzildən “istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mənzil iddiaçının xüsusi mülkiyyətindədir, cavabdeh iddiaçıya məxsus məznildə qeydiyyatda olsa da, onun oğlu ilə nikahlarına xitam verildikdən sonra mənzildə yaşamamış, lakin qeydiyyatı formal olaraq qalmışdır. İddiaçı cavabdehin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində vəfat etdiyindən məhkəmə iddiaçını onun hüquq varisi olan həyat yoldaşı İddiaçı ilə əvəz etmişdir. İddiaçının hüquqi varisi iddianın təmin edilməsini xahiş edir. Məhkəmə mülki qanunvericliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin həmin mənzildən istifadə hüququ itirilmiş hesab olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Odur ki, hazırki mübahisəyə dair məhkəmə qətnaməsi Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında'' Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından birbirindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 2008ci il 27 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 2016-cı il 29 mart tarixli və s. Qərarlarında da ifadə edilmişdir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir.” Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 5 ünvanında yerləşən 1 saylı mənzildən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 5 ünvanında yerləşən 1 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ayşən Sultanova-Məmmədova