Məhkəmə qərarları › İş №2(004)-3506/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3506/2024

11.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3506/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ilkin olaraq, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 12 saylı evin 45 saylı mənzilindən cavabdehlər Cavabdeh1, X2, X6, X7 və Cavabdeh5 ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 12 saylı evin 1 (bir) otaqlı sahəsi 16,59 kv.metr olan 45 saylı mənzili ona 2 (iki) nəfər ailə tərkibi ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-ci il tarixli 131/47 saylı sərancamı ilə verilmiş və bu sərəncam əsasında ona 020815 saylı, xx.xx.1993cü il tarixli order verilmişdir. Bundan sonra onun adına həmin mənzil üçün şəxsi hesab vərəqəsi açılmış və o, bu mənzilə pasport qeydiyyatına düşmüşdür. Mənfur erməni vandallarının məlum hərəkətləri nəticəsində Qarabağ torpaqları işğal olunan zamanı cavabdeh ailəsi ilə birlikdə Ağdam rayonundan Bakı şəhərinə köçərək, çətin və ağır bir məcburi köçkün həyatı yaşadıqları vaxtda onun mənzilində məskunlaşdılar. Bu həmin vaxtlar idi ki, Ulu Öndərimiz mətbuatda vətəndaşlara müraciət edərək bildirirdi ki, hər bir vətəndaşımızın mənəvi borcudur ki, məcburi köçkün ailələrinin məskunlaşmasına kömək etsinlər. Məhz doğma yurd-yuvanın itirilməsinin necə ağır olduğunu bildiyinə görə və Qarabağ torpaqları erməni işğalçıları tərəfindən işgal olunan zamanı Ağdam rayonundan Bakı şəhərinə pənah gətirən məcburi köçkün ailəsinə hər bir Azərbaycanlı ailəsi kimi qucaq açaraq öz mənzilində müvəqqəti olaraq məskunlaşmasına heç bir iradı olmamışdır. Qarabağ torpaqları erməni işğalçılarından azad olunmayınca Ağdam rayonundan məcburi köçkün düşmüş cavabdehlərin ailəsini narahat etmədi. Qarabağ torpaqları erməni işğalçılarından azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev dəfələrlə öz çıxışlarında Qarabağa “Böyük Qayıdışın” yaxın zamanlarda başlayacağını bildirmişdir. Bu yaxınlarda da Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi cənab Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirmişdir ki, hazırda Qarabağ ərazisində yerləşən bütün rayonlarda çox böyük quruculuq işləri gedir və yaxın zamanlarda Qarabağın bütün rayonlarında məcburi köçkün ailələrinin məskunlaşdırılması gözlənilir. Bu xəbərdən sonra cavabdehlərlə əlaqə saxladılar ki, onlar nə vaxt onun mənzilini boşalda bilərlər. Cavabdehlər isə şifahi olaraq bildirdilər ki, onların doğma torpaqlarına qayıtmaq fikirləri yoxdur və bu mənzildə daimi yaşamaq niyyətindədirlər. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Daha sonra İddiaçı, Cavabdeh6 da, əlavə cavabdeh qismində cəlb edilməsi barədə ərizə və eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər X5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 və onların azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 12 saylı evin 45 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi X5 iddia tələbinə etiraz verərək bildirmişdir ki, məhkəmə prossesləri dövründə, xx.xx.2024-cü il tarixində hazırlıq iclasında isə tərəfindən verilmiş qarşılıqlı iddialarından imtina etdikdən sonra iddiaçı və onun nümayəndəsinin özlərini ifadə etməsindən, prossesdən və ondan kənarda onlara qarşı davranışlardan sonra iddia ərizəsi bir daha nəzərdən keçirtdilər: - İddiaçı iddiası aşağıdakı faktlara əsasən təmin edilməyərək rədd olunmalıdır. Belə ki, may 1993-cü il tarixində Ermənistanın ordusunun Ağdam rayonu Maqsudlu kəndinin işğalı nəticəsindən köçkü düşmüş, 1993-cü il 19 may tarixdən ailəsi ilə birlikdə gedəcək yeri olmadığından, SSSR dövlətinin dağılması və Ermənistanın Azərbaycana qarşı başladığı müharibə səbəbindən yarımçıq qalmış, tikintisi başa çatdırılmayan, yalnız beton işləri görülmüş, qapısı, pəncərəsi olmayan və içəri təmir işləri görülməmiş, yaşayış şəraiti olmayan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən, dövlətə məxsus, istismara yararsız olan bina 12, mənzil 45 yerləşdilər. Aylarla həmin mənzilin pəncərə və qapısına klyonka və müxtəlif parça tutmaqla yaşamışlar. Bu illər ərzində həmin mənzili öz hesablarına böyük vəsait yatırmaq hesabına təmir aparılmış, istismara yararlı, şəraitli yaşayış yerinə çevrilmiş, tərəflərindən axırıncı dəfə yaşayış şəraitinin yaradılmasına, qurulmasına, təmirinə və s. 25 (iyirmi beş) min manat artıq pul xərclənmişdir-yatırılmışdır. Hal-hazırda qeyd edilən məskunlaşdıqları faktiki olaraq yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 12 saylı evin 1 (bir) otaqlı 16,59 kv.m olan 45 saylı mənzildə 3 (üç) ailəsi: o, həyat yoldaşı X3, oğlanları X8, Cavabdeh3, ailələri və üç azyaşlı uşaqları ilə, cəmi 9 nəfər istifadə edirlər. Məhkəmənin diqqətinə çatdırmışlar ki, heç kəsin qapısını, pəncərəsini sındırıb və ya zorla kiminsə mənzilinə girməmişlər ki, onları da oradan zorla çıxarsınlar. Həmin dövrdə dövlətə məxsus, tikintisi yarımçıq qalmış binanın mənzilinə daxil olmuşlar və orada qeyd edilən kimi yaşayamaq üçün şəraiti qurmuşlar, indidə hesab edirlər ki, onların yandırılan evlərini, mülklərini, təhlükəsizliyini qorumayan, qorunmaq və məskunlaşdırmaq vəzifə öhdəliyi və xidməti vəzifə borcu olan dövlətə və hökümətə məxsus binalara girməkləri düzgün olmuşdur. Hesab edirlər ki,mübahisəli mənzil hələ də aşağıdakı əsaslara görə dövlətin balansındadır. May 1993-cü il tarixindən ailənin bütün üzvləri Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən faktiki məskunlaşdıqları bu yaşayış yeri üzrə qeydiyyat alınmış, məcburi köçkün statusu və vəsiqələri və qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq müvafiq imtiyazlarla təmin olunmuş və bu statusa uyğun olaraq həmin vaxtdan işıq, qaz, su, komunal və digər xərclər ödənilir. Məhkəmədən aldıqları bildirişdən və Xətai rayonu, M.Hadi küçəsi, ev 91, mənzil 56-da yaşayan İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsindən məlum olmuşdur ki, məskunlaşdıqları faktiki olaraq may 1993-cü il tarixdən yaşadıqları D.Bünyadzadə küçəsi 12 saylı evin 1 (bir) otaqlı 16,59 kv.m olan 45 saylı mənzil Bakı şəhəri, Yasamal rayon icra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 131/47 saylı sərəncamı ilə xanıma verilmiş və bu sərəncam əsasında ona 020815 saylı, xx.xx.1993-cü il tarixli order verilmiş, faktiki olaraq yaşamadıqları həmin mənzil üçün şəxsi hesab vərəqəsi açılmış və pasport qeydiyyatına alınmışdır. 1993-cü ilin may, iyun, iyul aylarında minlərlə insanların öldürüldüyü, girov götürüldüyü, yandırılan şəhər, qəsəbə, kəndlərin; on minlərlə ailələr məcburi köçkün-qaçqın vəziyyətində Bakıya pənah gətirdiyi vaxtı, bu şəhərlərin və digər yaşayış məntəqələrinin, torpaqların qorunmasına, məskunlaşdırılmasına köməklik göstərməli olan, sərişdəsiz, torpaqlarıımızın işğalına şərait yaradan bir çox rayon icra hakimiyyəti və digər dövlət qurumların vəzifəli məmurları fürsətdən istifadə edərək, evləri yandırılan, erməni işğalı nəticəsində didərgin düşmüş məcburi köçkün ailələrin yerləşdikləri - məskunlaşdıqları istifadəyə yararsız, tikintisi yarımçıq qalmış, dövlətin balansında olan binalara əsassız və qanunsuz olaraq sərəncam və orderlər paylanmış, faktiki olaraq orada yaşamayan insanlara şəxsi hesab vərəqəsi açılmış və pasport qeydiyyatına alınmışlar. Onlar, nə yaşadıqları yerə qayıtmamışlar, nə də həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilməmişlər. Bundan əlavə onlara dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri də verilməyib. Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərin doğma yerlərə köçürülməsi ilə bağlı dövlət proqramı hazırlanmış, siyahı tərtib edilmiş, növbəli köçürmələr başlamışdır, onların da ailəsi siyahıya götürülmüş, hal-hazırda növbələrini gözləyirlər. Prezidentin səlahiyyətli nümayəndəsi Emin Hüseynovun, Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət komitəsni rəhbərlərinin qəbulunda dəfələrlə olmuş, axırıncı dəfə məhkəmədən iddia ərizəsi ilə bağli bildirişi aldıqdan sonra onları evlə təmin olunmağı barədə tərəfindən yenidən müraciət edilmiş, qəbz işə baxan məhkəməyə təqdim olunmuşdur. Qanunvericiliyin normalararına uyğun olaraq məcburi köçkünlər mülkiyyətin növündən və kimliyindən asılı olmayaraq məskunlaşdıqları yerləri, yaşayış yeri ilə təmin edildiyi andan 5 gün müddətində təhvil verməlidir. Onlar da yaşayış yeri ilə təmin olunduqları təqdirdə, 5 gün müddətində mənzili mülkiyyətçiyə təhvil verəcək və həmin mülkiyyətçidə öz növbəsində ən azı axırıncı dəfə onların mənzilinin yaşayış şəraitinin yaradılmasına, qurulmasına, təmirinə və s. sərf etdikləri və xərclədikləri 25 (iyirmi beş) min manat dəyərində pulu onların hesabına ödəməlidir. Hesab edir ki, müharibənin ən ağır dövründə dövlətə məxsus, tikintisi yarımçıq qalmış məcburi köçkünlərin məskunlaşdıqları dövlətə məxsus binanın mənzillərinə verilmiş sənədlər, sərəncam, order verilməsi, pasport qeydiyyatına alınması, o cümlədən, İddiaçı təqdim etdyi sənədlərin həqiqiliyi ciddi şübhə doğurduğundan, dövlət arxivindən həmin sənədlərin arxiv çıxarışları məhkəməyə təqdim olunmalıdr. Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 1.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi, məskunlaşdırılması, departasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı müəyyən edildiyindən, Qaçqınların və X4 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəməyə çağrılmalı və baxılan mübahisəli iş ilə bağlı münasibəti öyrənilməlidir. İşə baxan məhkəmə onların mənzildən çıxarılma barədə qətnamə qəbul etdiyi halda, qətnaməsində mülkiyyətçidən dövlət tərəfindən tanınan məskunlaşdığı mübahisəli mənzildən yaşayış yerindən istifadə hüququnu itirməklərinin kompensasiyası əvəzi olaraq ən azı 14 (on dörd) min manat və tikintisi yarımçıq qalmış binanın qeyd edilən mənzilin istismara yararlı hala salınmasına, qurulmasına, təmirinə və normal yaşayış şəraitinin yaradılmasına çəkilən xərc 25 (iyirmi beş) min manat dəyərində pulu alınıb onların xeyrinə ödənilməsi də münasibət bildirməlidir. Bununla yanaşı, Zərifə xanım Əsədovanın mübahisəli mənzilə tam mülkiyyət hüququ (sərəncam vermək hüququ) yoxdur və mənzil hələ də dövlətin balansındadır. Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqd əsasında əldə edilən daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam Hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Dövlət qeydiyyatına alındıqdan sonra (yəni özəlləşdirdikdən) yaranması müəyyən edilmişdir. İddiaçı mənzildən çıxarılma haqqında tələbi barədə iddiasının tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi X5 iddia tələbini qismən qəbul edərək, etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda yaşamağa başqa yerləri yoxdur. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi onu mənzillə təmin etsə, o da iddiaçının mənzilindən çıxıb gedəcək. Bundan başqa həmin mübahisəli mənzildə oğlu Cavabdeh3, onun həyat yoldaşı Cavabdeh6 və onların yetkinlik yaşına çatmayan övladları yaşayırlar. O, hazırda yaşadığı mənzilə xeyli miqdarda xərc çəkmişdir. Lakin ona pul lazım deyil. Ona və ailəsinə yaşamaq üçün başqa yerdən və ya azad olunmuş rayonlarımızdan ev versələr, onlarda evdən çıxmağa hazırdılar. O, bu barədə Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət etsə də, onalar tərəfidən hazırda onun və ailəsinin evlə təmin edilməsindən imtina edilmişdir. O, iddiaçını da, anlayır lakin hazırda çıxmağa evi yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh6, Cavabdeh5 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qeydiyyatda olduqları və hüquqi ünvanın olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), onlar məhkəmə iclasında iştirak etməmişlər. Lakin cavabdehlər məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 020815 nömrəli, xx.xx.1993-cü il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 131/47 saylı sərancamı ilə Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, 12 saylı evin 45 saylı mənzili İddiaçı verilmiş, ailə tərkibi kimi, qızı N.T.Musazadə qeyd edilmişdir - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 02 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 37 saylı, xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 12 saylı evin 45 saylı mənzildə qeydiyyatdadır və mənzil sahibidir. Göstərilən mənzildə Ağdam rayonundan məcburi köçkün ailəsi məskunlaşmışdır: X5, onun həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh3, Cavabdeh4, gəlni Cavabdeh5. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 131/47 saylı sərancamı ilə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 12 saylı evin 1 (bir) otaqlı sahəsi 16,59 kv.metr olan 45 saylı mənzil İddiaçı 2 (iki) nəfər ailə tərkibi ilə verilmiş və bu sərəncam əsasında ona 020815 saylı, xx.xx.1993-cü il tarixli order verilmişdir. Cavabdehlər Ağdam rayonundan məcburi köçkün ailəsidir, SSSR dövlətinin dağılması və Ermənistanın Azərbaycan Respublikasına qarşı başladığı müharibə səbəbindən, onlar 19 may 1993-cü il tarixdə Bakı şəhərinə gəlmiş və Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 12 saylı evin 45 saylı mənzilinə yerləşdirilmişlər. Hal-hazırda Qarabağ torpaqları erməni işğalçılarından azad olunduqdan, iddiaçı mənzilin boşaldılmasını tələb edir, cavabdehlər isə iddia tələbini qismən qəbul edərək, onları dövlət mənzillə təmin etdikdən sonra mənzili boşaldacaqlarını bildirmişlər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalqhüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 12 saylı evin 45 saylı mənzilin iddiaçıya məxsus olmaqla həmin əmlak barəsində istifadə, sahiblik hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. İş üzrə cavabdehlər Ağdam rayonundan olan məcburi köçkünlər olmaqla həmin mənzildə 1993-cü ilin may ayından məcburi köçkün kimi yaşayırlar. Onların həmin daşınmaz əmlaka dair hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından məhkəmə hesab edir ki, iddiaçı, həmin daşınmaz əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 16 noyabr 2022-ci il № 3587 Sərəncamına əsasən yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlər görülməsi Ağdam rayonuna da şamil edilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ (gözlənilən mülkiyət hüququ) hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir.» Məhkəmə həmçinin qeyd edir ki, iş materialları ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh6 azyaşlı övladlarının olması da, (cavabdehin etiraf edici izahatı ilə) müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehlərin azyaşlı övladları ilə birgə çıxarılması tələb edildiyindən məhkəmə hesab edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilərək, cavabdehlər X5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6, onların azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 12 saylı evin 45 saylı mənzildən çıxarılmalıdırlar və sözü gedən mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6, onların azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 12 saylı evin 45 saylı mənzildən çıxarılsınlar və sözü gedən mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar