Məhkəmə qərarları › İş №2(004)-3516/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3516/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3516/2021 11.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 02.03.2016-cı il tarixli, 125-02-03-2016-MR-FE saylı kredit müqaviləsi üzrə 62512,83 manat əsas, 4992,77 manat faiz borcu olmaqla, cəmi 67505,60 manat kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10,65 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30,77 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.1 kv.m olan mənzilə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə, onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, həmçinin mənzil satıldıqdan sonra Cavabdeh1 mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, mənzilin ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə tərk etməsi, əks təqdirdə mənzildən məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış 02.03.2016-cı il tarixli, 125-02-03-2016-MR-FE saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 8%-lə hesablanmaqla 68609 manat məbləğində məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh1 arasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 192, M6, m. 1 ünvanında yerləşən ümumi sahəsi 42.1 kv.m olan mənzilin ipotekaya qoyulması barədə 30.01.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi, həmçinin, Bankla Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında zaminlik müqavilələri bağlanmışdır. Yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Cavabdeh1 02.03.2016-cı il tarixli, 125-02-03-2016-MR- FE saylı saylı kredit müqaviləsi üzrə 02.09.2021-ci il tarixinə 62512.83 manat əsas, 4992,77 manat faiz borcu, cəmi 67505,60 manat kredit borcu mövcuddur. Cavabdehlər kreditin qaytarılması haqqında xəbərdar olunmuş, lakin müqavilələr üzrə öhdəliklər tam olaraq yerinə yetirilməmişdir. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün cavabdehlərdən hesablanmış kredit borcunun tələb edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. Cavabdehlərə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş 15.03.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsini qəbul edərək, izahatında bildirdi ki, o, əvvəllər müəyən gecikmələr olsa da, aylıq 574, 600, 650 manat olmaqla ödənişləri edirdi. Lakin pandemiya ilə əlaqədar olaraq mart ayından işdən çıxdığı üçün ödənişləri edə bilməmişdir. Lakin artıq işləyir. Pulun tutulmasına da heç bir narazılığı yoxdur. Sadəcə olaraq istəyi odur ki, kredit müqaviləsinin müddəti işləmədiyi müddətəödənişlər edə bilmədiyi vaxta görə bir il uzadılsın. Hal-hazırda da o ödənişləri etməkdə davam edir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış 02.03.2016-cı il tarixli, 125-02-03-2016-MR-FE saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 8%-lə hesablanmaqla 68609 manat məbləğində məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. 15.07.2021-ci il tarixli, 9/4847 saylı ekspert rəyinə əsasən cavabdeh – borc alanın banka 02.03.2016-cı il tarixli, 125-02-03-2016-MR- FE saylı kredit müqaviləsi üzrə 18.06.2021-ci il tarixə əsas borc üzrə 62512,83 manat, faiz borcu üzrə 4649,28 manat, ekspert rəyi verilən tarixə, yəni 15.07.2021-ci il tarixə 62512,83 manat əsas borc, faiz borcu üzrə 5024,35 manat borcu olduğu müəyyən edilmişdir. Lakin ekpert rəyi məhkəməyə daxil olduğdan sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 02.03.2016-cı il tarixli, 125-02-03- 2016-MR-FE saylı kredit müqaviləsi üzrə cavabdehdən 03.09.2021-ci il tarixədək 62512,83 manat əsas, 4992,77 manat faiz borcu olmaqla, cəmi 67505,60 manat kredit borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, kredit müqaviləsinin təminatı kimi, həmçinin, Bankla Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında 02.03.2016-cı il tarixli zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan 03.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 02.03.2016-cı il tarixli, 125-02-03-2016-MR-FE saylı müqavilə üzrə 62512,83 manat əsas, 4992,77 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativi də zaminlik müqavilələri əsasında üzərlərinə götürdükləri öhdəliklərə görə borclu Cavabdeh1 ilə eyni məsuliyyəti daşıyır. Beləliklə, iddiaçı cavabdehlərdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdehlər isə müqavilə üzrə üzərlərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdehlər öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativi zaminlik müqavilələri üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiklərindən iddia tələbi 02.03.2016-cı il tarixli, 125-02-03-2016-MR-FE saylı kredit müqaviləsi üzrə 62512,83 manat əsas borc, 4992,77 manat faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 02.03.2016-cı il tarixli, 125-02- 03-2016-MR-FE saylı Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh1 arasında sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 192, M6 ünvanında yerləşən 1 saylı mənzilin ipotekaya qoyulması barədə 30.01.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. 28.07.2021-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 192, M6 ünvanında yerləşən 1 saylı mənzilin likvid dəyəri 69300 manat təşkil edir. Cavabdeh tərəf ipoteka predmetinin dəyərini mübahisələndirməmişdir. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10,65 manat və 30,77 manat dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlər iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və digər xərclər cavabdehlərə aid edilməli və onlardan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, 15.07.2021-ci il tarixli, 9/4847 saylı ekspert rəylərindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.1 kv.m olan mənzil satıldıqdan sonra Cavabdeh1 mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, mənzilin ən geci bir ay ərzində tərk etməsi, əks təqdirdə mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, qeydiyyatda olan şəxslərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin təhvil verilməsi tələbi ilə iddia qaldırmaq, subyektiv hüquq olaraq mənzilin mülkiyyətçisinə aid olduğundan, mənzili əldə etmiş yeni mülkiyyətçisi tərəfindən qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət oluna bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.1 kv.m olan mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində Cavabdeh1 fərdi yaşayış evini könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada 02.03.2016-cı il tarixli, 125-02-03-2016- MR-FE saylı kredit müqaviləsi üzrə 62512,83 manat əsas borc, 4992,77 manat faiz borcu olmaqla, cəmi 67505,60 manat məbləğində borc, iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10,65 manat, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30,77 manat tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 192, M6 ünvanında yerləşən 1 saylı mənzilə yönəldilərək, açıq hərracda satılmalı, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 192, M6 ünvanında yerləşən 1 saylı mənzilin ilkin satış qiyməti 69300 (altmış doqquz min üç yüz) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 192, M6 ünvanında yerləşən 1 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh1 verilməli, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 192, M6 ünvanında yerləşən 1 saylı mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 192, M6 ünvanında yerləşən 1 saylı mənzil açıq hərracda satıldıqdan sonra həmin mənzil 1 (bir) ay ərzində boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada 02.03.2016-cı il tarixli, 125-02-03-2016-MR-FE saylı kredit müqaviləsi üzrə 62512,83 (altmış iki min beş yüz on iki manat səksən üç qəpik) manat əsas borc, 4992,77 (dörd min doqquz yüz doxsan iki manat yetmiş yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 67505,60 (altmış yeddi min beş yüz beş manat altmış qəpik) manat məbləğində borc, iddia ərizəsi üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10,65 (on manat altmış beş qəpik) manat, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30,77 (otuz manat yetmiş yeddi qəpik) manat tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xeyrinə tutulsun. İddia tələbi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 192, M6 ünvanında yerləşən 1 saylı mənzilə yönəldilərək, açıq hərracda satılsın. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 192, M6 ünvanında yerləşən 1 saylı mənzilin ilkin satış qiyməti 69300 (altmış doqquz min üç yüz) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 192, M6 ünvanında yerləşən 1 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh1 verilsin. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 192, M6 ünvanında yerləşən 1 saylı mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 192, M6 ünvanında yerləşən 1 saylı mənzil açıq hərracda satıldıqdan sonra həmin mənzil 1 (bir) ay ərzində boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar