Məhkəmə qərarları › İş №2(004)-3518/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3518/2021

10.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3518/2021 10.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh və eyni zamanda qanuni nümayəndə Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə 04.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh və övladı 30.06.2015-ci il təvəllüdlü X1 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadadə küçəsi, 187v saylı evə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddiaçı cavabdehlə 2014-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 30.06.2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. Aralarındakı nikah 03.10.2019-cu il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan olan övladının ananın yanında qalması müəyyən olunmuşdur. Nikah dövründə cavabdeh Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadadə küçəsi, 187v saylı evdə yaşamış və həmin evdə qeydiyyatı rəsmiləşdirilmişdir. Həmin ev qanun üzrə vərəsəlik əsasında atası, bacıları və ona məxsus olmuş, atası və digər ailə üzvlərinin razılığına əsasən onlar aralarında bağlanmış bağışlama müqaviləsi əsasında paylarını ona bağışlamışdır. Cavabdeh uzun müddətdir ki, həmin evdən köçmüş, Bakı şəhəri, Atatürk prospekti, ev 65B, 192 saylı mənzildə yaşayır. Mübahisə predmeti olan evdə cavabdehin heç bir əmlakı yoxdur, evə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin evə qeydiyyatının olması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadadə küçəsi, 187v saylı ev, ümumi sahəsi 127,3 m2 olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 02.09.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan birinci tərəfdən X4, X2, X5, X3 ilə ikinci tərəfdən İddiaçı arasında bağlanmış 26.08.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş miras payının bağışlanma müqaviləsinin surətinə əsasən, X4, X2, X5, X3 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadadə küçəsi, 187v saylı ev, 4 otaqlı, ümumi sahəsi 127,3 m2 olan mənzildən ibarət miras payı İddiaçı bağışlanılmışdır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən, Cavabdeh və 30.06.2015-ci il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadadə küçəsi, 187v saylı evdə qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-5690/2019 saylı, 03.10.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Səadət Sarayı-Bakı Nikah Evi tərəfindən 16.08.2014-cü il tarixdə, 1207 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 30.06.2015-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan mənzil miras payın bağışlanması müqaviləsinə əsasən iddiaçının mülkiyyətindədir. İddiaçı cavabdehlə 16.08.2014-cü ildə nikaha daxil olmuşlar. Həmin nikahdan onların biri övladı vardır. Tərəflər arasında nikah Yasamal rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçının tələbi odur ki, cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Cavabdeh övladı ilə birlikdə hazırda öz ata evində yaşayır. Onun iddiaçının mənzilində qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Çünki mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlə iddiaçının nikahı pozulmuş, birgə nikahdan olan uşaq ananın yanında saxlanılmışdır. İddiaçı ilə cavabdehin ailə münasibətlərinə xitam verildiyindən, cavabdeh artıq mülkiyyətçinin keçmiş ailə üzvüdür və onun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh və 30.06.2015-ci il təvəllüdlü X1 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadadə küçəsi, 187 v saylı evə istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və 30.06.2015-ci il təvəllüdlü X1 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadadə küçəsi, 187 v saylı evə istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh və 30.06.2015-ci il təvəllüdlü X1 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadadə küçəsi, 187 v saylı evə olan qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar