Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3534/2024 15.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “evin girovdan azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “evin girovdan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 saylı mənzilin girovdan azad edilməsi və həmin evə dair sənədlərin ona qaytarılması öhdəliyinin Cavabdeh QSC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tanışı X6 "xxxx" ASC-dən kreditə pul götürmək istədiyini, lakin bank tərəfindən girov qoyulması üçün hər hansı bir əmlakın adının rəsmiyyət xatirinə girov müqaviləsində göstərilməyin vacib olduğunu bildirmişdir. O, ondan mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23-ü banka girov qoymağa razılıq verməyimi xahiş etmişdir. O, onun heç bir məsuliyyət daşımayacağını və bank qarşısında olan öhdəliyin də onun tərəfindən tam şəkildə icra olunacağını bildirmişdir. O, da bir yaxın tanış, qonşu kimi ona inanaraq mülkiyyətində olan mənzilin banka girov qoyulmasına razılıq vermişdir. Lakin COVİD-19 pandemiyası ilə əlaqədar bütün dünyada maddi çətinliklər yarandığı kimi onlarda da maddi çətinliklər olmuş, Cavadov Natiq tərəfindən bank qarşısında olan öhdəliklərin yerinə yetirilməsində problemlər yaranmışdır. Buna görə də bank onlara qarşı məhkəməyə iddia ərizəsi vermiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)- 1815/2021 saylı qətnaməsi ilə bankın iddiası təmin edilmiş və onlardan 19365 manat məbləğində pulun tutularaq banka ödənilməsi qət edilmişdir. Həmçinin bu qətnamə ilə borcun onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 saylı mənzilə yönəldilməsi qət edilmişdir. Bu yaxınlarda Cavadov Natiq Səfiyar oğlu bank qarşısında öhdəliklərini icra etmiş, bununla əlaqədar ona bank qarşısında olan öhdəliyinin tam şəkildə icra olunması ilə əlaqədar xx.xx.2023-cü il tarixli məktub da verilmişdir. O, bu məktubu əsas tutaraq "xxxx" QSC-yə müraciət etmişdir. O, müraciətində artıq onun evi ilə girov kimi təmin olunmuş kreditin tam şəkildə ödənildiyini və bununla əlaqədar olaraq onun mənzilinin girovdan azad olunması üçün müvafiq tədbirlər görülməsini və evə dair sənədlərinin ona qaytarılmasını xahiş etmişdir. Lakin əfsuslar olsun ki, banka olan müraciətindən artıq 1 ay vaxt keçməsinə baxmayaraq, bu günə kimi ona rəsmi cavab verilməmişdir. Ona görə də o, məcbur olub bankın Baş ofisinə getmişdi. Lakin orada onu aldadaraq bildirmişdilər ki, guya xx.xx.2024-cü il tarixində onun ev ünvanına cavab məktubu göndərmişlər. Lakin o, onların evin ərazisinə xidmət edən poçt əməkdaşları ilə maraqlandıqda, belə bir məktubun gəlmədiyini bildirmişlər. Əfsuslar olsun ki, cavabdeh qanunla üzərinə düşən öhdəliyi yerinə yetirmək əvəzinə, müxtəlif bəhanələrlə bundan boyun qaçırır. Bir halda ki, Cavadov Natiq Səfiyar oğlu tərəfindən bank qarşısında olan öhdəlikləri tam şəkildə icra olunmuşdur. Təbii ki, əgər bu öhdəlik yerinə yetirilməsəydi, onda bank tərəfindən Cavadov Natiqə belə bir məktubun verilməsi qeyri-mümkün idi. "xxxx" qarşısında olan öhdəliklər tam şəkildə icra olunmuşdur. Bu halda həmin öhdəliyin təminatı kimi girov qoyulmuş onun mülkiyyətində olan mənzil də girovdan azad edilməli və müvafiq ipoteka müqaviləsinə xitam verilməklə evə dair sənədlərlə ona qaytarılmalıdır. Cavabdeh QSC məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, iddianı qəbul etmirlər, iddia tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh QSC ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004R********** saylı krеdit razılaşması əsasında sonuncuya 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) manat məbləğində krеdit verilmişdir. Krеdit müqaviləsi üzrə Cavadov Natiq Səfiyar oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh İddiaçı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmçinin krеdit müqaviləsi üzrə Cavadov Natiq Səfiyar oğlunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İddiaçı ilə Bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 3M-1825 saylı ipoteka müqaviləsi əsasında İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsində yerləşən 23 nömrəli binanın, 55 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borclular tərəfindən kredit borcu vaxtında ödənilmədiyindən bank aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1815/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavadov Natiq Səfiyar və İddiaçı müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi 15306,86 manat əsas borcu, 3928,45 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 19335,31 manat məbləğində borc, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu, ipoteka bildirişin qeydə alınmasına görə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq iddiaçı Cavabdeh QSC-nin xeyrinə ödənilməsi; borcun ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 ünvanında yerləşən 55 kv.m ümumi sahədən ibarət mənzilinə yönəldilməsi; həmin mənzil açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 22000 manat müəyyən edilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ən gec bir ay ərzində mənzilin boşaldılması, İddiaçı və ailə üzvləri X2, X4, X5, X1 həmin mənzildən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra şöbəsi tərəfindən ipoteka predmeti olan əmlakın açıq hərracdan satılaraq realizə olunması üçün hərrac mərkəzinə sifariş verilmişdir. Keçirilmiş hərraclar nəticəsində əmlak satılmadığından yekunda ipoteka saxlayan banka təklif edilmiş, bank tərəfindən təklif qəbul edilərək əmlakın borcun bir hissəsi qarşılığında bankın mülkiyyətinə götürülməsinə razılıq verilmişdir. Hazırda əmlak Bankın mülkiyyətindədir. Əmlak bankın mülkiyyətinə götürüldükdən sonra borclular tərəfindən icra sənədi üzrə qalıq borc ödənildiyindən həmin kredit razılaşması üzrə borcun qalmaması barədə məktub verilmişdir. Borclular əmlak hərrac yolu ilə bankın mülkiyyətinə götürüldükdən sonra icra sənədi üzrə qalıq borcu ödəmişlər. Bu mənzilin girovdan azad edilməsinə əsas vermir. Əmlak qanuni əsaslarla, hərrac yolu ilə bankın mülkiyyətinə götürülmüşdür, hazırda da banka məxsusdur. Qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixinə saat 11:45-ə təyin edilmiş məhkəmə iclasının cavabdeh bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2021-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qətnaməsi qəbul olunmuş, həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və icra sənədi icraya yönəldilmişdir. Sonda mübahisə predmeti olan ev cavabdehin mülkiyyətinə keçmiş, hal-hazırda da cavabdehin balansındadır. İddiaçının halhazırda cavabdehə qarşı öhdəliyi yoxdur, çünki əmlak 2022-ci il tarixdən cavabdehin balansındadır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1815/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh QSC ilə Cavadov Natiq Səfiyar oğlu arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 004R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavadov Natiq Səfiyar oğlu və İddiaçı müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi yaranmış 15306,86 manat məbləğində əsas borcu, 3928,45 manat məbləğində faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 19335,31 manat məbləğində borcun, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, ipoteka bildirişin qeydə alınmasına görə ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının tutularaq iddiaçı Cavabdeh QSC-nin xeyrinə ödənilməsi, cavabdehlərdən tutulmalı olan borcun məbləğinin ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin İddiaçı verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzilin ilkin satış qiymətinin 22000 manat müəyyən edilməsi, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzilinə yönəldildikdən və o, satıldıqdan sonra ipoteka qoyan İddiaçı və ailə üzvləri X2, X4, X5, X3 ən geci bir ay ərzində mənzilin boşaldılaraq, həmin mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1815/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1815/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi 22 noyabr 2021-ci il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 09/22 nömrəli hərracın yekunları barədə protokola əsasən ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət olan mənzil 14025 manata Cavabdeh QSC-yə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23, mənzil –xüsusi mülkiyyət hüququ ilə Cavabdeh QSC-nin adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 063850 nömrəli, xx.xx.2023-cü il tarixli Cavabdeh QSC-nin Cavadov Natiq Səfiyar oğluna ünvanlanmış məktubuna əsasən xx/xx/2019-cu il tarixli kredit müqaviləsi üzrə 18000 AZN məbləğində kredit öhdəliyinin tam olaraq yerinə yetirildiyi bildirilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən Cavadov Natiq Səfiyar oğlu onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 ünvanında olan mənzili girov qoyaraq kredit götürmüşdür. Cavadov Natiq Səfiyar oğluna kredit müqaviləsi üzrə öhdəliklərini icra etdiyi və bununla əlaqədar bank tərəfindən ona xx.xx.2023-cü il tarixli məktub verildiyi bildirilmişdir. Hhəmin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini nəzərə alaraq, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 ünvanında ümumi sahəsi 55 kv.m. olan mənzilin girovdan azad olunması barədə notariat ofisinə məktub verilməsi, həmin mənzilin girovdan azad olunması üçün müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx/xx-281577/5 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin məktubuna əsasən cavabdehlərdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzilinə yönəldildikdən və o, satıldıqdan sonra ipoteka qoyan İddiaçı və ailə üzvləri X2, X4, X5, X3 ən geci bir ay ərzində mənzilin boşaldılaraq, həmin mənzildən çıxarılmalı olduğundan icra sənədinin icrasının xx.xx.2024-cü il saat 15:00-a təyin olunması borclu və onun ailə üzvlərinə bildirılmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. 1.0.8-ci maddəsinə əsasən əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. 34.1 və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 48.1.3-cü maddəsinə əsasən tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda ipotekaya xitam verilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh QSC ilə Cavadov Natiq Səfiyar oğlu arasında kredit müqaviləsi bağlanılmış, kredit müqaviləsinin təminatı olaraq X3 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər lazımınca yerinə yetirilmədiyinə görə Cavabdeh QSC “borc tələbi, tələbinin ipoteka predmetinə yönəldilməsi, əmlakın boşaldılması və istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1815/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh QSC ilə Cavadov Natiq Səfiyar oğlu arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 004R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavadov Natiq Səfiyar oğlu və İddiaçı müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 15306,86 manat əsas, 3928,45 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 19335,31 manat məbləğində borcun, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, ipoteka bildirişinin qeydə alınmasına görə ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının tutularaq iddiaçı Cavabdeh QSC-nin xeyrinə ödənilməsi, cavabdehlərdən tutulmalı olan borcun məbləğinin ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin İddiaçı verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzilin ilkin satış qiymətinin 22000 manat müəyyən edilməsi, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzilinə yönəldildikdən və o, satıldıqdan sonra ipoteka qoyan İddiaçı və ailə üzvləri X2, X4, X5, X3 ən geci bir ay ərzində mənzilin boşaldılaraq, həmin mənzildən çıxarılması qət edilmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət olan mənzil xx.xx.2022-ci il tarixdə 14025 manata Cavabdeh QSC-yə satılmış və xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh QSCnin adına qeydiyyata alınmışdır. Hazırda İddiaçı əmlakının girovdan azad edilməsi və evin sənədlərinin ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini Cavabdeh QSC tərəfindən Cavadov Natiq Səfiyar oğluna ünvanlanmış məktubda xx/xx/2019-cu il tarixli kredit müqaviləsi üzrə 18000 AZN məbləğində kredit öhdəliyinin tam olaraq yerinə yetirildiyinin qeyd olunması və bank qarşısında olan öhdəliyin tam şəkildə yerinə yetirilməsi ilə əsaslandırmışdır. Qanunvericiliyin mənasına görə ipotekanın (girovun) məqsədi əsas öhdəliyin icrasının ipoteka (girov) predmeti hesabına təmin edilməsindən ibarətdir. Məhdud əşya hüququ olaraq ipoteka bu hüquq sahibinə (ipoteka saxlayana) borclu öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə ipoteka predmeti olan əşyanı satdıraraq əldə olunmuş vəsait hesabına tələbini təmin etmə imkanını verir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1815/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən mübahisələndirilməmiş və qətnamə 22 noyabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin qətnamə ilə tutulmalı olan borc məbləği İddiaçı məxsus ipoteka predmeti olan mənzilə yönəldilmiş, həmin mənzilin açıq hərrac yolu ilə satışından əldə edilmiş pul vəsaiti hesabına kredit borcu bağlanmış, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması ilə ipotekaya xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı X3 Cavabdeh QSC-yə qarşı evin girovdan azad edilməsi və həmin evə dair sənədlərin ona qaytarılması öhdəliyinin Cavabdeh QSC-nin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 007038 nömrəli,xx.xx.2000-ci il tarixli vəsiqəsinə əsasən İddiaçı müharibə veteranıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-3534/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3534/2024
15.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver