Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3545/2021 29.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdehnın iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə 05.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2600 (iki min altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirir ki, Cavabdeh 2020-ci ilin iyul ayında işlədiyi şirkətdə yanına gələrək texnikanı işlətmək üçün istəmiş, onlar öz növbəsində əvvəlki borcunu ödədikdən sonra ona texnikanı verə biləcəyini bildirmişlər. O da əvvəlki borcunu ödəyərək texnikanı işlətmək üçün şirkətdən götürmüşdür. Daha sonra borcu yığılaraq 3600 manat təşkil etmiş, xeyli vaxt keçdikdən sonra cavabdeh şirkətə olan 3600 manat borcundan 1000 manatını ödəmiş, daha sonra şirkət cavabdehdən borcu tələb etdikdə cavabdeh ondan borcunu ödəmək üçün həmin 2600 manat məbləği borc olaraq istəmiş və tezliklə həmin borcu qaytaracağını bildirmişdir. Daha sonra o, 2600 manat məbləğində pulu Cavabdeh borc olaraq vermişdir. Cavabdeh borc aldığı pulu dəfələrlə yalan danışaraq qaytaracağını bildirsə də, hələ də borcunu qaytarmamışdır. Ən son telefonla danışdığında 15.04.2021 -ci il tarixdə qaytaracağına söz versə də bugünə kimi qaytarmamışdır. Qeyd edir ki, cavabdehlə aralarındakı telefon danışığı zamanı özünü əvvəlcədən xəbərdar edərək səsini telefona qeyd etdiyini və borcunu ödəmədiyi halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh öz növbəsində buna etiraz etməmiş və yuxarıda da qeyd etdiyi kimi borcunu aprel ayında qaytaracağına söz vermişdir. Həmin səs qeydini CD formatda ərizəyə əlavə etmişdir. Dəfələrlə Cavabdeh borclu olduğu pulu tələb etməyinə baxmayaraq, borcunu etiraf edir, lakin borcunu ona qaytarmamışdır. Onun həmin pula son dərəcə ehtiyacı var və cavabdeh pulu ödəməməklə onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iş materiallarına əlavə edilmiş diskdə əks olunan səs yazısı onundur, lakin həmin səs yazısında ondan əlavə pul tələb edirlər. O, öhdəliyinə düşən pulu vermişdir. Onların arasında hansısa müqavilə olmamışdır. Müqavilə yoxdursa ondan pul tələb edilə bilməz. Həmin iddia edilən 2600 manat məbləğində olan pul texnikanın işləməyən günlərinə əsasən hesablanmışdır. İddiaçı ona müqavilə təqdim etməlidir. Müqavilə isə yoxdur. O, qəbzlərlə ödəniş etmiş, qəbzləri iddiaçıya göndərmişdir. Lakin hazırda qəbləri məhkəməyə təqdim edə bilmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış 28.10.2020-ci il tarixli ərizənin surətinə əsasən Cavabdeh “Azərneftmaş” şirkətindən İddiaçı icarəyə götürdüyü “Hidromek” markalı ekskavatora görə 3600 manat qalan pulu 01.12.2020-ci ilədək ödəməyi öhdəsinə götürmüşdür. Ərizə Cavabdeh tərəfindən imza edilmişdir. İş materiallarına əlavə edilmiş diskdə olan səs yazısından müəyyən olunur ki, cavbadeh Zalıyev X1 Rövşən Hamlet oğlundan borc aldığını etiraf etmiş, lakin 2600 manat məbləğində olan borcunu ödəyə bilmədiyini bildirmişdir. İş materiallarında olan iddiaçı ilə cavabdehin elektron yazışmasından çıxarışdan müəyyən olunur ki, cavabdeh iddiaçıya olan borcunu ödəyə bilmədiyini bildirmişdir. İşin müəyyən edilmiş halları odur ki, iddiaçı cavabdehin şirkətə olan borcunu bağlaması üçün ona 2600 manat məbləğində borc verdiyini bildirir. İddiaçı bildirir ki, cavabdeh pulunu qaytaracağını telefon danışıqları zamanı bildirsə də qaytarmır. Cavabdeh isə iddiaçıya borcunun olmadığını bildirir. İddiaya etiraz edərək bildirir ki, iddiaçı ilk növbədə məhkəməyə müqavilə təqdim etməlidir. Məhkəmə iclasında tərəflərin daşığını əks etdirən sübutun tədqiqi zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya 2600 manat məbləğində borcunun olmasını etiraf edir və borcunu 15 aprel tarixədək qaytaracağını bildirir, iddiaçı isə onun səsini yazdığını və pulunu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət edəcəyini cavabdehə bildirir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 2600 manat məbləğində borcunun olması iş materialları ilə öz təsdiqini tapdığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 2600 (iki min altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3545/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3545/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver