Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3553/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2na qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə 20 oktyabr 2020-ci il tarixli 1089 saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2na qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə 20 oktyabr 2020-ci il tarixli 1089 saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1MMC-nin Baş direktorunun birinci müavini Zaman Verdiyevin onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə 20 oktyabr 2020-ci il tarixli 1089 saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməklə məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Republikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC X3 müxtəlif vəzifələrdə, sonuncu dəfə isə iqtisadçı vəzifəsində işləmişdir. Cavabdeh1 MMC Baş direktorunun birinci müavini Zaman Verdiyevin əmək müqaviləsinə xitam verilməsi barədə 20 oktyabr 2020-ci il tarixli 1089 saylı əmri ilə əmək funksiyalarımı yerinə yetirməməyi əsası ilə işdən azad olunmuşdur. Onunla əmək müqaviləsinə xitam verilməsinə əsas isə guya onun öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyi olmuşdur. O, həmin əsaslarla razı deyil, belə ki o, uzun müddətdir ki, rabitə sahəsində qüsursuz işləmişdir. 2020-ci ilin sonlarında isə o, işə gedərkən onun əmək müqaviləsinə xitam verildiyini və onun işdən azad olunmasını bildirsələr də ona işdən azad olunması barədə əmrin surəti verilməmişdir. Eyni zamanda onun həmkarların iclasında iştirakı təmin edilməyib, onun əmək müqaviləsinə xitam verilməsinə həmkarların razılığının verilməsi üçün keçirilən iclasında özünü müdafiə etmək imkanı məhdudlaşdırılmışdır. Həmin ərəfədə onun atası, anası COVİD-19 virusu ilə yoluxmalarına, sonradan atasının vəfat etməsinə, özünün və qardaşının korona virusa yoluxmağına, eyni zamanda İİ Vətən müharibəsi zamanı oğlunun səfərbərliyə çağırılmasına görə o, həmin əmri əldə edə bilməmiş və məhkəməyə müraciət edə bilməmişdir. O, hesab edir ki, onun əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir, əmək müqaviləsinə xitam verilməsi barədə ona heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh tərəfindən qərəzli olaraq işdən azad olunmuşdur. Əmək funksiyalarını yerinə yetirə bilməmə maddəsi ilə onu işdən azad ediblər. O, 21 ilə yaxın müddət ərzində Cavabdeh2nda mühəndis, iqtisadçı və s vəzifələrdə çalışıb. Bu müddət ərzində ona hər hansı bir töhmət, şifahi xəbərdarlıq və s. verilməyib. Cavabdeh1MMC-nin onun işdən çıxarılması barədə əmri ilə razı deyil, çünki elə bir əsas mövcud deyildir. Onu əsəbi halda olduğu zaman yazdığı izahatına görə işdən çıxarıblar. Hansı ki, izahatı yazarkən onu aldadıblar – şəxsən X1 yeni təyin olunmuş rəisi. İzahatda qeyd olunur ki, o, BRTQ-in binasını icarəyə vermiş və pul almışdır. Belə bir qurma iddia ilə onu işdən çıxarıblar. Həmin binanın Cavabdeh1a aid olmasına dair heç bir sənəd yoxdur. Həmin bina bələdiyyənin mülkiyyətində olub. 2006-cı ildə ATS həmin binadan köçürülüb. 2015-ci ildə binanı icarəyə vermiş və ümumilikdə icarədən 1740 manat haqq almışdır. Həmin binanın Qovşağa və Cavabdeh1a heç bir aidiyyəti yoxdur, oranın icarəyə verilməsi bina sahibi ilə onun arasında olan məsələdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı tərəfindən kənd ATS-in keçmiş binası BRTQ-na icarəyə verilmiş və qanunsuz olaraq bunun əvəzində pul alınmışdır və alınmış pul da aidiyyəti üzrə ötürülməmişdir. Belə ki, həmin bina əvvəllər ATS binası olmuşdur və sonradan ATS həmin binadan köçürüldükdən sonra bina Cavabdeh1un balansında qalmışdır. Lakin iddiaçı qanunsuz olaraq binanı icarəyə vermiş və bunun əvəzində pul almışdır. İddiaçı öz izahatında da bu faktı təsdiqləmiş, digər tərəfdən icarəyə götürənlərin də iş materiallarında izahatları var ki, onlar həqiqətən də həmin binaya görə iddiaçıya pul ödəmişdirlər. İddiaçı Cavabdeh1un işçisi olmasından istifadə edərək həmin binanı icarəyə vermiş, icarəyə götürən şəxslər də bina Cavabdeh1a məxsus olduğu üçün və iddiaçının da Cavabdeh1un əməkdaşı olduğu səbəbi ilə ona icarə haqqı ödəmişdirlər. Digər tərəfdən o, iddia müddətinin tətbiqinə dair də ərizə vermişdir. Yekun qərar qəbul edilərkən bu faktın da nəzərə alınmasını xahiş etmişdir, çünki işdən çıxarılma faktından artıq uzun bir müddət keçmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahi.ş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.04.2006-cı il tarixdən X2 işə qəbul olmuşdur. İş materiallarında olan “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC-nin 1089 saylı 20.10.2020-ci il tarixli əmrinə əsasən, Beyləqan TKQ-nin iqtisadçısı İddiaçı 20.10.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış Əmək müqaviləsinə xitam verilməklə tutuduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən Beyləqan TKQ-nin rəisi Şəmistan İbrahimova verdiyi izahatda o, 2015-ci ilin may ayından ATS-nin köhnə binasını icrayə verərək, ümumilikdə 58 ay olmaqla cəmi 1740 manat nağd şəkildə icarə haqqı aldığını bildirmişdir. İş materiallarında olan 18.06.2021-ci il tarixli aktdan görünür ki, Beyləqan rayonu Birinci Şahsevən kəndində Mədəniyyət evinin qarşı tərəfində yerləşən bir mərtəbəli beş otaqlı bina boş və istifadəsizdir. Binanın bir otağından 75 kv.m-də icarə müqaviləsi olmadan mağazanın fəaliyyət göstərdiyi aşkar olunmuşdur. Həmçinin sözügedən məhkəmə tərəfindən verilmiş sorğunun məzmununa uyğun olaraq ƏMDX-nin Beyləqan ərazi şöbəsində mövcud olan “Beyləqan rayonu ərazisində yerləşən dövlət əmlaklarının siyahısı” kitabının 151-ci səhifəsində 9-cu sətirdə 1357-ci nömrəsindəki qeydiyyata əsasən, Beyləqan TKQ-nin təqdim etdiyi 17 iyun 2021-ci il tarixli 7/55 nömrəli məktuba və Beyləqan TKQ tərəfindən təqdim olunmuş illik Registr hesabatlarındakı məlumatlara görə Beyləqan rayon Birinci Şahsevən kəndində yerləşən bir mərtəbəli binanın Beyləqan TKQ-nın balansında olduğu müəyyən edilmişdir. Sözügedən bina əsaslı təmir olunması məqsədi ilə boş və istifadəsizdir. Binada əvvəllər fəaliyyət göstərmiş TKQ-na məxsus avadanlıq və ötrücü qurğular müvəqqəti olaraq həmin kənddə yerləşən Poçt filialının binasında fəaliyyət göstərir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş məktubdan görünür ki, Beyləqan rayonu Birinci Şahsevən kəndində Mədəniyyət evinin qarşı tərəfində yerləşən bir mərtəbəli beş otaqlı bina dövlət əmlakının Registrində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Cavabdeh1 MMC-nin X1 balansında olan əmlak kimi qeydiyyata alınmışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müyyən olunmuşdur ki, İddiaçı Beyləqan TKQ-də iqtisadçı vəzifəsində işə qəbul edilmişdir. 20.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh1 və Cavabdeh2na qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə 20 oktyabr 2020-ci il tarixli 1089 saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Beyləqan rayonu Birinci Şahsevən kəndində Mədəniyyət evinin qarşı tərəfində yerləşən bir mərtəbəli beş otaqlı binanı iddiaçı icarəyə vermiş və ondan gəlir əldə etmişdir. Bu iddiaçının iş materiallarında olan izahatı ilə də təsdiq olunur. İddiaçı həmin binanın Cavabdeh1 MMC-nin X1 balansında olmadığnı iddia etsə də iş materiallarından Beyləqan rayonu Birinci Şahsevən kəndində Mədəniyyət evinin qarşı tərəfində yerləşən bir mərtəbəli beş otaqlı bina dövlət əmlakının Registrində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Cavabdeh1 MMC-nin X1 balansında olan əmlak kimi qeydiyyata alınmışdır. Həmçinin iş materiallarına əlavə edilən cavabdehin nümayəndəsinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, iş üzrə iddia müddəti tətbiq olunaraq iddia tələbinin rədd edilməsini xahiş edərək, iddiaçının Mülki Məcəllədə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş iddia müddətini ötürdüyünü bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 29.03.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı cavbadehə məxsus olan əmlakı icarəyə verməklə əmək intizamını kobud surətdə pozmuş, həmçinin o, qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin verilməsi üçün iddia müddətini ötürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı qanunsuz hərəkətlərə yol verməsi cavabdeh təşkilat tərəfindən işçi tərəfindən əmək funksiyalarının kobud pozulması kimi qiymətləndirilərək, tənbeh tədbiri qismində onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuna uyğun və əsaslı olmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi əsaslı olduğu üçün məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3553/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3553/2021
24.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver