Məhkəmə qərarları › İş №2(004)-3560/2019

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3560/2019

01.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3560/2019 01.08.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbi"nədair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat əsas borc, icranı gecikdirməyə görə 450 manat, cəmi 4950 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh uzun müddətdir ki tanıyır. xx.xx.2015-ci il tarixdə cavabdeh iş görmək adı ilə və bir il ərzində qaytarmağ şərtilə iddiaçıdan 5000 manat məbləğində pul almışdır. 2016-cı ilin iyun ayında cavabdeh borcundan iddiaçıya 500 manat qaytarmışdır. İddiaçı ona borcundan 4500 manat qaldığını və onu qaytarmağını xahiş etmiş, cavabdeh isə iddiaçıya yenidən borc pul verəcəyi təqdirdə xaricdən maşın gətirib sataraq pulunun hamısını və üstəlik qazanc verəcəyini bildirmişdir. Lakin iddiaçıya borcundan heç bir məbləğdə pul qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehlə əlaqə saxlayaraq borcunu qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Həmçinin cavabdeh öhdəliyini vaxtında icra etmədiyi üçün Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 4500 manat borca görə illik beş faiz miqdarında, faiz ödəməyə borcludur. Cavabdeh sonuncu dəfə iddiaçıya olan borcundan 2016-cı ildə ödəniş etdiyinə görə iki il üçün borclu qaldığı pulun illik 5 faizini, yəni iki il üçün 10 faizini ödəməlidir. Bu baxımdan 4500 manatın 10%-i miqdarında, yəni 450 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunan iltizamdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə iş görmək məqsədi ilə İddiaçı 5000 manat məbləğində borc almış və həmin borcu 1 il ərizində qaytaracağı barədə öhdəlik götürmüşdür. Məhkəmə ilkin olaraq iddia tələbinin borc müqaviləsi üzrə ödənilməli olan 4500 manat tələb üzrə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə iş görmək məqsədi ilə İddiaçı 5000 manat məbləğində borc almış və həmin borcu 1 il ərizində qaytaracağı barədə öhdəlik götürmüşdür. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə qismən icra edərək həmin borcun 500 manat hissəsini geri qaytarmış, qalan hissəsini isə qaytarmayaraq, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 4500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bundan əlavə məhkəmə idda tələbinin icranı gecikdirməyə görə tələb olunan 450 manat tələbi üzrə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh tərəfindən 4500 manat məbləğində pulun qaytarmaq öhdəliyi 2 il ərzində gecikdirildiyi üçün 450 manat məbləğində pul (4500 manat / 100 x 5% = illik 5% hesablamaqla ilə 225 manat x 2 ilə = 450 manat) faiz tələb etmək hüququ yaranmış və həmin pul vəsaiti həmçinin cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 4500 manat əsas borc, icranı gecikdirməyə görə 450 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4980 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat əsas borc, icranı gecikdirməyə görə 450 (dörd yüz əlli manat) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4980 (dörd min doqquz yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar