Məhkəmə qərarları › İş №2(004)-3582/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3582/2024

11.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3582/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh MMŞ-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMŞ-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMŞ-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMŞ-dən ümumilikdə (57 ay) 24384 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü ilədək Cavabdeh MMŞ-də nəzarətçi vəzifəsində çalışmışdır. Bu müddət ərzində digər nəzarətçilərlə eyni vəzifə, eyni iş saatı, eyni ərazi üzrə, eyni öhdəlikləri daşımağına baxmayaraq, onun aylıq əmək haqqı digər nəzarətçilərin əmək haqqından 441 manat az ödənilmişdir. İşlədiyi ərazi üzrə 30a yaxın nəzarətçi çalışırdı. İş öhdəliklərində heç bir fərq yox idi. Amma əmək haqqı heç bir səbəb göstərilmədən digərlərinə nisbətən 45% az ödənilirdi. Məsələnin həlli üçün dəfələrlə mühafizə rəisinə, kadrlar şöbəsinə iradını bildirmişdir. Onun da əmək haqqının digərləri ilə bərabər qaydada ödənilməsini xahiş etmişdir. Hər dəfə ona məsələnin tezliklə həll olunacağı bildirildi. Sonradan isə problem barədə rəhbərliyə bildirdiklərini, məsələnin ancaq Fərid Axundov tərəfindən həll oluna biləcəyini deyiblər. O özü Fərid Axundovun qəbulunda olmağa çalışsa da, qəbul baş tutmamışdır. Ona qarşı olan bu ədalətsizlik və ayrıseçkilik işlədiyi son günə qədər həllini tapmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunu ilə oxşar məzmunlu izahat verərək əlavə olaraq izahatında bildirmişdir ki, işçilər arasında ayrı seçkilik var, onunla eyni vəzifədə çalışanlar daha yüksək maaş alır. Bu barədə rəhbərliyə şifahi müraciətlər etmiş, lakin nəticəsi olmamışdır. Hər dəfə müraciətlərə cavab olaraq əmək haqqının qalxacağı deyilmişdir. Artıq sonuncu dəfə müraciət edəndə müqaviləyə xitam verildiyini bildirmişlər. Bundan əlavə bildirmişdir ki, 6 ildir eyni yerdə işləyir və son iki ildir şirkətin adı dəyişmişdir, lakin eyni şirkətdir. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMŞ-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə qəbul etməyərək izahatında bildirmişdir ki, müqavilə azadlığı prinsipi vardır. Başqasının yüksək əmək haqqı alması həmin şəxslərin təhsil səviyyəsindən, şəxsi keyfiyyətlərindən və iş qabiliyyətindən asılı ola bilər. Hər dəfə müqavilə bağlanarkən əmək haqqı müqavilədə qeyd olunmuş və iddiaçının da bundan məlumatı olmuşdur. Odur ki, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMŞ ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən Cavabdeh MMŞ işçi İddiaçı nəzarətçi vəzifəsinə 01 iyul 2020-ci il tarixədək işə götürmüşdür. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən işəgötürən işçiyə 766,48 manat məbləğində ümumi aylıq əmək haqqı ödəniləcək. Cavabdeh MMŞ-nin xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli dəyişiklikdən görünür ki, əmək müqaviləsinin müddəti 01 iyul 2019-cu il tarixində qüvvəyə minir və 01 iyul 2023-cü il tarixədək etibarlı hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi-işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 5-ci bəndinə əsasən, işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinin ə bəndinə əsasən, əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı, ünvanı və fərdi identifikasiya nömrəsi (FİN); b) işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, fərdi identifikasiya nömrəsi (FİN); c) əsas və ya əlavə iş yeri olması barədə qeydlə birlikdə işçinin iş yerinin ünvanı, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Həmin Məcəllənin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156-cı maddəsinin 1-ci bənsinə, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMŞ arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və İddiaçı həmin şirkətdə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqaviləyə dəyişiklik edilərək müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Tərəflər arasında həmin müqavilə bağlanarkən əmək haqqı 766,48 manat müəyyən edilmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçı əmək müqaviləsində göstərilən məbləğdə əmək haqqı almışdır. Hazırda isə İddiaçı Cavabdeh MMŞ-dən ümumilikdə (57 ay) 24384 manat pul vəsaiti tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı əmək müqaviləsini bağlayan zaman müqavilənin şərtlərindən, yəni əmək haqqının 766,48 manat təşkil etməsindən məlumatlı olmuşdur. Odur ki, tərəflər arasında bağlanmış müqavilə hər iki tərəfin razılığına əsasən bağlandığından, yəni İddiaçı əmək haqqının 766,48 manat təşkil etməsi barədə müqavilənin şərti ilə razılaşdığından iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikasının Müki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMŞ-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar