Məhkəmə qərarları › İş №2(004)-3583/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3583/2020

05.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3583/2020 05.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilməsi, işlədiyi vəzifəyə bərpa edilməsi, xx.xx.2019-cu il tarixdən məcburi iş buraxmağa görə işə bərpa olunduğu günə kimi əmək haqqının və dəymiş 5000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdən Cavabdeh MMCdə topograf köməkçisi vəzifəsində işləmiş, əmək haqqı son bir ildir 700 manat olaraq müəyyən edilmişdir. Eyni zamanda, əlavə işlərə cəlb edildiyi müddətə görə də əlavə əmək haqqı da hesablanıb rəsmi qaydada cavabdeh müəssisə tərəfındən təqdim edilmiş əmək haqqı kartına köçürülmüşdür. Lakin, heç əsas olmadan və ona xəbərdarlıq etmədən şirkətin xx.xx.2019-cu il tarixli əmri ilə işdən azad olunmuşdur. Halbuki, Cavabdeh MMC ilə aralarında imzalanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin 9.2-ci bəndinin tələbinə görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdar edilir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilməsi əsası olaraq AR Əmək Məcəlləsinin 68.a) bəndi və tərəflərdən birinin təşəbbüsü göstərilmişdir. Lakin, qeyd edilməlidir ki, qeyd olunan əmr xəbəri olmadan qəbul edilmiş və bu yaxınlarda məlumat almasına baxmayaraq həmin əmrin surətinin təqdim edilməsi tələb olunsa da. ona yalnız əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişin surəti təqdim edilmişdir. Həmin bildirişi və əmək kitabçasının surətinin xx.xx.2020-ci il tarixdə imza etməklə əldə etmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, cavabdeh müəssinin rəhbərliyi tərəfindən ona 2019-cu ilin dekabr ayında hal-hazırda işlərin azlığı ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bir müddət işə çağırılmayacağı, yeni layihə icra olunacağı təqdirdə onu yeni aktiv işləyə cəlb edəcəkləri bildirilmişdir. Eyni zamanda, yaranmış vəziyyətə baxmayaraq rəsmi işçi olaraq tutduğu vəzifədə saxlanılacağı bildirilmişdir. Lakin, deyilənlərin əksi olaraq uzun müddət keçməsinə baxmayaraq onu işə çağırmamış, əmək haqqı ödənişini təmin etməmiş və vəziyyətlə maraqlandıqda işdən azad edildiyi bildirilmişdir. Hesab edir ki, bu hərəkətlərin hamısı qabaqcadan düşünülmüş və məqsəd onu bu bəhanə ilə işdən azad edərək son haqq hesabın ödənilməsindən yayınmaq olmuşdur. Cavabdeh MMC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, ıddıaçı İddiaçı xx.xx.2018-cı il tarıxındə Cavabdeh MMC-yə Topoqraf köməkçisi vəzifəsinə qəbul edilmiş və xx.xx.2019-cu il tarixində öz xahişi ilə (müvafıq ərizənin surəti əlavə olunur) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İşdən azad edildiyi gün, yəni xx.xx.2019-cu il tarixdə son haqq-hesab onun bank hesabına köçürülmüşdür. Buradan da görünür ki, işdən azad olunması iddiaçının xahişi əsasında həyata keçirilmiş, Əmək Məcəlləsinin müvafiq maddəsi düzgün tətbiq edilmiş və X2 tələblərinə uyğun olaraq xitam rəsmiləşdirilmişdir. Guya xəbəri olmadan işdən azad edilməsi mülahizəsi əsasında tərtib edilmiş iddia ərizəsi tamamilə qanunsuzdur və iddia müddəti ötürülərək verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Yəni iddiaçı xx.xx.2020-ci il tarixədək məhkəməyə müraciət etməli olduğu halda 6 aydan sonra, xx.xx.2020-ci il tarixində müraciət etmişdir. Göstərilənlərə əsasən, yuxarıda qeyd olunanlan nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Məmmədov Müşviq iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məznuna uyğun izahat vermiş, iddia tələbi əsassız olduğundan və iddia müddəti ötürülməklə verildiyindən təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, İddiaçı xx.xx.2018-cı il tarıxındə Cavabdeh MMC-yə Topoqraf köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixində ərizə verərək öz xahişi ilə işdən azad olunmasını xahiş etmiş, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli, 488K saylı əmri ilə xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci Maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmiş və bu barədə bildiriş həmin tarixdə X3 daxil edilmişdir. Hazırda iddiaçı qeyd edilən əmri mübahisənləndirərək, işə bərpa olunması və məcburi iş buraxmaya görə hesablanılmış əmək haqqının tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. İddiaçı işəgötürənin onu aldatması nəticəsində işdən çıxmağa məcbur olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hüquqlarının pozulduğunu, habelə ona mənəvi zərər vurulduğunu iddia etmişdir. Qarşı tərəf məhkəməyə iddia tələbinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından bəlli olmuşdur ki, tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin xx.xx.2019-cu il tarixli əmri ilə xitam verilmişdir.Bir sözlə, işçinin hüquqlarının pozulduğunu iddia etdiyi gün həmin tarixdən hesablanmalıdır. İddiaçı Əmək qanunvericiliyin tələblərinə görə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində, habelə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.Habelə mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi iddia müddətinin keçməsi əsasında rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar