Məhkəmə qərarları › İş №2(004)-3608/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3608/2020

07.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3608/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, onun vəkili X5, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-nin nümayəndəsi X17 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli k/ə № 509 saylı əmrinin ləğv edilməsi, onun Ağcabədi TKQ-nin rəis müavini vəziləsinə işə bərpa olunmağı, habelə əsassız olaraq işdən çıxarıldığı vaxtdan işə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqının tutalaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildən Cavabdeh MMC -nin Ağcabədi TKQ-də müxtəlif vəzifələrdə, o cümlədən sonuncu dəfə Ağcabədi TKQ-nin rəis müavini vəzifəsində işləmiş, işlədiyi müddətdə heç bir nöqsana yol verməmiş, hər hansı cəza almamışdır. Buna baxmayaraq cavabdeh təşkilatın 31,05.2020-ci il tarixli k/ə № 509 saylı əmri ilə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Buna səbəb hazırda qovşağın rəis vəzifəsini icra edən Elməddin Mamedovun guya onun və daha 5 əməkdaşın qovşağın inzibati binasında qumar oyunu təşkil etmələri barədə məlumatı olmuşdur. Cavabdeh təşkilat heç bir ətraflı araşdırma aparmadan yuxarıda qeyd edilmiş mübahisəli əmri vermişdir. Halbuki, xx.xx.2020-ci ıl tarixdə Elməddin Mamedov ərizə ilə Ağcabədi rayon polis şöbəsinə müraciət edərək qovşağın inzibati binasında söyülməsi, iş otağının dağıdılması və tərəflərindən qumar oyununun təşkil edilməsi barədə məlumat vermiş və bundan irəli gələrək Ağcabədi RPŞ-nin İB-də araşdırma aparılmışdır. Aparılmış araşdırmanın nəticəsi olaraq Ağcabədi RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X27 xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə X7 əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi başlanması rədd edilmiş, sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təbdir görülməsi, X22, İddiaçı Alik oğlu. X28, X29, X23 və X11 əməllərində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından barələrində inzibati icraat başlanılması rədd edilmişdir. Buna baxmayaraq 27 gün sonra hazırki mübahisəli əmr verilmişdir. Hesab edir ki, Cavabdeh MMC-nin 31,05.2020-ci ıl tarixli k/ə № 509 saylı əmri əsassızdır və ləğv edilməlidir. Belə ki, işdən çıxarılma barədə əmrin Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsi ilə müəyyən edilmiş forma və məzmununa cavabdeh tərəfindən əməl edilməmişdir. Mübahısəli əmrdə həmçinin müəssisənin hüquqi ünvanı ümumiyyətlə qeyd edilməmiş, onun ata adı «Afik» əvəzinə «Afiq» kimi göstərilmişdir. Faktiki olaraq mübahisəli əmr ona aid edilməmişdir. Həmkarlar ittifaqı komitəsi tərəfindən hər hansı araşdırma aparılmadan, onun izahatı alınmadan, dəvət edilmədən, ümumiyyətlə bu barədə ona hər hansı xəbərdarlıq edilmədən həmkarlar ittiaqı komitəsi onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilməyimə öz razılığını vermişdir. İddia ərizəsinə əlavə edilmiş həmkarlar ittifaqı komitəsinin üzvləri ilə telefon danışıqlarından da aydın şəkildə görünür ki, komitənin verdiyi rəy formal xarakter daşıyır, hər hansı iclas keçirilməmiş, işin faktiki halları araşdırılmamış, tərəflər dəvət edilmədən mübahisəli rəy verilmişdir. Xüsusi ilə vurğulayır ki. Ağcabədi RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X27 xx.xx.2020-ei il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə onun əməlində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından barsinmdə inzibati icraat başlanılması rədd edilmişdir. Faktiki olaraq mübahisəli əmrdə onun törətmədiyi inzibati xəta əsas göstərilməklə onunla bağlanmış əmək müqaviləsinə 27 gün sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. Halbuki onun əməlində inzibati xətanın tərkibi olmamışdır. Ümumiyyətlə Respublika ərazisində hökm sürən «COVİD19» virusu ilə əlaqədar olaraq təlbiq edilmiş sərt karantin rejimi ərəfəsində onunla bağlanmış əmək müqaviləsinə bu cür sərt formada xitam verilməsi hörmətli Dövlət Başçısı cənab İlham Əliyevin çıxışlarına və verdiyi göstərişlərə əməl edilməməsindən xəbər verir. Cavabdeh tərəfindən isə mübahisəli əmr ona rəsmi olaraq təqdim edilməmiş, əmək kitabçam bu günə qədər ona təhvil verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, həm vəzifəsindən irəli gələn öhdəlik üzrə, həm də öz şəxsi işlərini icra etmək məqsədi ilə axşamlar iş saatından sonra idarəyə gələrək, növbədə olan işçilərər nəzarət edir, eyni zamanda da, öz işlərini icra edirdi. Həmin gün də, yəni xx.xx.2020-ci il tarixində yenə işə gələrək öz otağına çıxmış, oradakı sənədlər üzərində yazı-pozu işlərini gördükdən sonra işdən gedərkən aşağıda növbədə olan digər iş yoldaşlarının vaxt keçirmək üçün kart ilə duraki oyununun oynadıqlarını görmüşdür. Ona maraqlı gəldiyindən o da, iş yoldaşlarına qoşularaq onlarla oynamağa başlamışdır. Daha sonra susuzladıqları üçün iş yoldaşlarının birinə kola almaq üçün pul uzatmış, o isə, oyun bitdikdən sonra alaram deyərək pulu geri qaytarmış, o da, pulu götürərək pulu yanına, stolun üstünə qoymuşdur. Bundan sonra Elməddin Mamedov hasardan aşaraq əlində telefon ilə çəkiliş edərək onların yanına gəlmiş, o da, öz növbəsində sonuncuya bu hərəkətin düzgün olmamasını, onların qumar oynamadıqlarını, vaxt keçirmək üçün duraki oynu oynadıqlarını bildirmişdir. Hesab edir ki, işdən çıxarılmasına dair müvafiq əmr istər ona, istərsə də, iş yoldaşlarına qarşı qərəzli şəkildə verilmişdir. Polisin ikinci qərarına gəldikdə isə həmin qərar qanunsuzdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X6 iddia tələbi ilə bağlı bildirdi ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əsassız və qanunsuzdur. Bundan başqa iddiaçının cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından, İddiaçı Afiq oğlunun barəsində AR İXM-nin 525-ci maddəsi ilə inzibati iş üzrə icraat açılmasından ötrü qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-nin İTB-nə göndərilməsindən xəbəri yoxdur və həmin qərar onlara rəsmi şəkildə təqdim edilməmişdir. İddiaçı tərəfin həmin qərardan şikayət etmək hüququ var və həmin qərar da, tərəflərindən mübahisələndirəcəkdir. Eyni zamanda qeyd edir ki, müvafiq qərar hətta qanuni qüvvəsini almış olsa belə, inzibati xətanın baş verməsindən 3 aydan çox vaxt keçdiyindən və qanunvericiliyin tələblərinə uyğun olaraq da, iddiaçı hər hansı bir inzibati məsuliyyətə cəlb edilə bilinməyəcəyindən, iş üzrə icraata xitam veriləcəkdir. Belə olan halda hesab edir ki, həmin qərara istinad edilə bilinməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini etiraf etməyərək, iddiaçının iddia tələblərini tamamilə əsassız və qanunsuz hesab etməklə rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmədiyindən göstərilənlərlə razı deyil. Belə ki, Ağcabədi TKQ-nin rəis müavini vəzifəsində işləyən İddiaçı Qovşağın rəhbər vəzifəli şəxsi olaraq, işçilərin nizamintizam qaydalarına əməl etməsinə nəzarət etməli olduğu halda, nizam-intizam qaydalarını, həmin dövrdə ölkədə mövcud olan xüsusi karantin qaydalarını pozduğundan, o cümlədən öz iş vaxtı əmək funksiyalarını yerinə yetirməyərək, əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozan bir neçə işçi ilə birlikdə müəssisədaxili normativ sənədlərin, o cümlədən normativ hüquqi aktların tələblərinə zidd hərəkətlərə yol vermdiyindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bununla bağlı 21,05.2020-ci il tarixdə Ağcabədi TKQ Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmışdır. İddiaçının istinad etdiyi xx.xx.2020-ci il tarixli Ağcabədi Rayon Polis Şöbəsinin qərarı tərəflərindən verilmiş şikayətə əsasən Ağcabədi Rayon Prokurorluğunun xx xxxx 2020-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Belə ki, Ağcabədi RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarından da görünür ki, həm iddiaçı, həm də qumar oyununun digər iştirakçıları öz izahatlarında həqiqətən də kart oynadıqlarını etiraf etmişdir. Lakin onlar həmin oyunu pulla oynamadıqlarını bildirmişdir və təbii ki bu da, özünümüdafiə xarakteri daşıyır. Ağcabədi RPŞ-nin qərarında isə qeyd edilmişdir ki, qumar oyunu üçün xarakterik olan, masanın üzərində pul olmaması səbəbindən bu oyun qumar hesab edilə bilməz. Bu zaman isə Ağcabədi RPŞ-nin baş müstəntiqi, polis mayoru Vüsal Bağırov qanuna istinad etmək əvəzinə, öz şəxsi mülahizəsinə əsaslanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində isə pulun masanın üzərində olması qeyd edilməmişdir. Həmin normaya əsasən qumar oyununda iştirak etməyə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin “qeyd” hissəsində isə göstərilir ki, bu maddədə “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür. Yəni, hətta ortalığa pul qoyulmadan, və yaxud da ümumiyyətlə uduşa pul qoymadan da qumar oynanılması mümkündür. Bundan başqa onların şikayəti əsasında X25 xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, toplanmış material üzrə araşdırılma davam etdirilməsi üçün Agcabədi rayon Polis İdarəsinə göndərilmişdir. Həmin polis idarəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən, X15, İddiaçı Afiq oğlu, X22, X29, X28, X18 və X12 əməllərində cinayət tərkibi olmadığından barələrində AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, X15 barəsində AR İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinin nəzərə alınması, İddiaçı Afiq oğlu, X22, X29, X28 və X8 barələrində AR İXMnin 525-ci maddəsi ilə inzibati iş üzrə icraat açılmasından ötrü qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Qeyd edir ki, iddiaçı tərəf müvafiq qərarın hazırki iş üzrə əhəmiyyət kəbs etmədiyini bildirsə də, məhkəmənin nəzərinə çatdırır ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçının iddiasının əsasını məhz X25 artıq ləğv edilmiş xx.xx.2020-ci il tarixli qərarı təşkil etmişdir. Hesab edir ki, iddiaçının qanunazidd əməllərini təsdiq edən kifayət qədər sübutlar, o cümlədən videogörüntülər mövcud olduğundan, adıçəkilən şəxslə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunauyğundur. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkmə baxışı zamanı tədqiq edilmiş: - Ağcabədi RPŞ-nin xx xxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK-1/1102 nömrəli material üzrə X7 əməlində cinayət tərkibi olmadığı barəsində cinayət işi başlanması rədd edilməsi, toplanmış material üzrə X15 barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilməsi, X22, İddiaçı Afiq oğlu, X28, X29, X19 və X12 əməllərində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından barələrində inzibati icraat başlanması rədd edilməsi qərara alınmışdır. - Ağcabədi RPŞ-nin 30 iyül 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə X15, İddiaçı Afiq oğlu, X22, X29, X28, X19 və X12 əməllərində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2.-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilməsi, X15 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinin nəzərə alınması, İddiaçı Afiq oğlu, X22, X29, X28 və X9 barələrində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati iş üzrə icraat açılmasından ötrü qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. - X26 Həmkarlar İttifaqı Respublika Komitəsi Ağcabədi TKQ-nin Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin xx.xx.2020-ci il tarixində onlayn iclasının 01 saylı protokolunndan görünür ki, gündəlikdə olan məsələ Cavabdeh MMC-nin baş direktoru S.Paşayevin (işəgötürən) X1 Həmkarlar İttifaqı Komitəsinə daxil olmuş xx.xx.2020-ci il tarixli 102xx/xx/0092 saylı məktubunun müzakirəsi olmuş, Ağcabədi TKQ-nin rəis müvavini vəzifəsində işləyən İddiaçı, texnik vəzifəsində işləyənlər X19, X30 və elektrik montyoru vəzifəsində işləyən X24 ilə Cəmiyyət arasında mövcud olan əmək müqavilələrinə AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. - «Əmək müqaviləsinə xitam verilməsi haqqında» xx.xx.2020-ci il tarixli, k/ə № 509 saylı əmrindən görünür ki, toplanmış materialları (izahatları və digər sübutları) və Qovşağın həmkarlar ittifaqı komitəsinin razılığını (Əmək Məcəlləsinin 80-ci maddəsinin 1ci hissəsinin tələbinə əsasən) nəzərə alaraq, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndində nəzərdə tutulmuş intizam tənbehinin verilmə hüququnu rəhbər tutaraq əmr edilir ki, Həsənov X33 TKQ-nin rəis müavini xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmr müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə vəzifəsindən azad edilsin. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-cu il tarixdə Ağcabədi şəhəri Qarabağ küçəsi, ev 13 A-da yaşayan X3 RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə rəhbərlik etdiyi idarənin əməkdaşı X7 onu iş otağında döyməsini, ünvanına nalayiq ifadələr işlətməsini və otaqdakı masanın üzərindəki əşyaları yerə dağıtmağını bildirmişdir. Müraciət üzrə Ağcabədi RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X27 tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə X15, İddiaçı Afiq oğlu, X22, X29, X28, X18 və X12 əməllərində cinayət tərkibi olmadığından xx xxx 2020-ci il tarixdə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, X7 əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati iş üzrə icraat açılmasından ötrü qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-nin İTB-nə göndərilmiş və xx xxxx 2020-ci il tarixli MN № ******* saylı, İnzibati tənbeh vermə haqqında qərara əsasən X15 Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə 50 manat məbləğində cərimə olunnmuşdur. İddiaçı tələbinin əsası kimi cavabdehin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına baxmayaraq 27 gün sonra hazırki mübahisəli əmrin qanunsuz verilməsinə istinad etsə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, sözügedən şikayət üzrə toplanmış material Ağcabədi rayon prokurorluğu tərəfindən nəzarət qaydasında tələb edilərək öyrənilmiş, İB-nin baş müstəntiqi Vüsal Bağırovun xx xxx 2020-cu il tarixli cinayət işi başlanılmasının rədd edilməsinə dair qərarının ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Ağcabədi RPŞ-nin İB-də polis baş leytenantı X31 tərəfindən aparılmış yeni araşdırma zamanı müəyyən edilmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 1 radələrində X1 inzibati binasında, rəis vəzifəsini icra edən X10 xidməti iş otağında Elməddin Mamedovla X15 arasında sözlü mübahisə yaranmış, bu zaman Ramazan Xəlilov otaqdakı masasının üzərində əşyaları vuraraq yerə dağıtmış, lakin Elməddin Mamedovu vurmamış, ona hər hansı bir xəsarət yetirməmiş, təxminən 2 dəqiqəlik sözlü mübahisədən sonra Ramazan Xəlilov otağı tərk edərək getmişdir. Belə ki, X4 Elməddin Ənvər oğlu ilə mübahisələri zamanı ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhz edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol vermişdir. Odur ki, X7 əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməlidir. Lakin X32 oğlunun əməlində Azərbaycan Respublikası İXMnin 510-cu maddəsinin tərkib əlamətləri vardır. Həmçinin, polis tərəfindən yeni araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2020cu il tarixdə saat 21 radələrində X2 inzibati binasının elektrik otağında qovşağın işçiləri İddiaçı Afiq oğlu, X22, X29, X28 və X18 aralarında pulla “Duraki” oyunu, yəni qumar oynamışlar. Belə ki, pulla “duraki” oyunu oynayan zaman oyunda iştirak edən şəxslərin hər birinə altı ədəd kart paylanır, oyunun bir qalibi olur, oyunda olan uduş, yəni pul və ya digər hər hansı bir əşya stolun kənarında bir yerə sonda oyunun qalibinin götürməsi üçün qoyulur. Ağcabədi RPŞ-nin xx xxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası İXMnin 525-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfən asılı olan oyun başa düşülür. Toplanmış material üzrə İddiaçı Afiq oğlu, X22, X29, X28 və X9 izahatlarında stolun üzərində, yəni İddiaçı Afiq oğlunun qarşısında olan pulun “ Coca-cola” içkisi almaları üçün qoymalarını bildirməsi onların məsuliyyətdən yayınmaları özlərini müdafiə üçün bildirdikləri həqiqəti əks etdirməyən fikir kimi qiymətləndirilmişdir. Göründüyü kimi, İddiaçı Afiq oğlu, X22, X29, X28 və X9 əməllərinin Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tərkib əlamətləri vardır. «Əmək müqaviləsinə xitam verilməsi haqqında» xx.xx.2020-ci il tarixli, k/ə № 509 saylı əmrin əsaslandırılmasından görünür ki, Ağcabədi TKQ-nin rəisi vəzifəsini icra edən Elməddin Mamedov tərəfindən Cavabdeh MMC-yə daxil olmuş 18/0102 nömrəli müraciəti Cəmiyyətin müvafiq struktur bölmələri tərəfindən araşdırılmışdır. Alınmış izahatlardan, o cümlədən iş üzrə digər sübutlara baxılaraq müəyyən edilmişdir ki, bir qrup şəxs xx.xx.2020-ci il tarixində, axşam saat 22:00 radələrində (Qovşağın əməkdaşları İddiaçı Afiq oğlu, X19, X29, X24 və iş yeri qovşaqda olan HMİ-nin əməkdaşları X22, X28) X1 inzibati binasında qumar oyunu təşkil etmişlər. Axşam saatlarında qovşaqda işin gedişinə nəzarət etmək məqsədilə ilə qovşağa gələn rəis vəzifəsini icra edən Elməddin Mamedov tərəfindən qeyd olunan hadisə (hal) müəyyən edilmişdir. Ağcabədi TKQ-nin rəis müavini vəzifəsində işləyən İddiaçı Qovşağın rəhbər vəzifəli şəxsi olaraq, işçilərin nizam-intizam qaydalarına əməl etməsinə nəzarət etməli olduğu halda, nizam-intizam qaydalarını, həmin dövrdə ölkədə mövcud olan xüsusi karantin qaydalarını, o cümlədən öz iş vaxtı əmək funksiyalarını yerinə yetirməyərək, əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozan bir neçə işçi ilə birlikdə müəssisədaxili normal sənədlərin, o cümlədən normativ hüquqi aktların tələblərinə zidd hərəkətlərə yol vermiş və Əmək Məcəlləsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini yerinə yetirməmişdir. İddiaçı törətdiyi əməl kifayət qədər ciddi pozuntudur və ona Əmək qanunvericiliyi ilə müəyyən edilmiş ən ağır inzitam tənbehi verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 10-cu maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, «ç» bəndinə əsasən işəgötürərənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. - 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etiansızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəsinin «e» bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir. - 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. - 186-cı madddənin 1-ci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. - 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verə bilər. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Ağcabədi RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarında həm iddiaçı, həm də qumar oyununun digər iştirakçıları öz izahatlarında həqiqətən də kart oynadıqlarını etiraf etmiş, bu oyunun qumar olmamasına dair dəlillərinə isə qiymət verilərək bu məzmunda ifadələrin onların məsuliyyətdən yayınmaları, özlərini müdafiə üçün bildirdikləri, həqiqəti əks etdirməyən fikir kimi qiymətləndirilmiş və İddiaçı Afiq oğlu ilə kart oynayan şəxslərin əməllərinin Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tərkib əlamətlərinin olması öz təsdiqi tapmışdır. Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli 224 saylı əmri ilə təsdiq edilmiş “Daxili intizam Qaydaları”nın: - 3.2-ci bəndinə əsasən, Cəmiyyətin mənafeyinə zidd olan işləri, hərəkətləri (hərəkətsizliyi) etməmək, Nazirliyin və Cəmiyyətin adına xələl gətirə bilən yerlərdən, hərəkətlərdən və şəxslərlə əlaqədən çəkinmək işçinin əsas vəzifələrindəndir. - 4.2-ci bəndinə əsasən, işçilər nümunəvi nizam-intizamı və davranışı ilə Cəmiyyətin adına olan ictimai etimadı yüksəltməli, hüquq və vəzifələrini davranış və nizam- intizam prinsiplərinə müvafiq olaraq həyata keçirməlidirlər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2011 -ci il tarixli 148 saylı əmri ilə təsdiq edilmiş “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları”nın: - 5.4-cü bəndinə əsasən, işçilər onun xidməti vəzifəsinə aid olmadığı hallarda Nazirliyin və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Nazirliyin və çalışdığı müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərkətlərdən çəkinməlidir. - 5.7-ci bəndinə əsasən, işçilər Azərbaycan Respublikasının, Nazirliyin və işlədiyi müəssisənin nüfuzunu möhkəmləndirməyə, adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. - 6.34-cü bəndinə əsasən, işçi işgüzar qaydalara və etik davranış qaydalarına uyğun olmayan davranışa qarşı tədbirlər görməli, həmin Qaydaların 6.35-ci bəndi əsasən, özünə və həmkarlarına qarşı tələbkar olmalı, etik davranış qaydalarının iş yoldaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbirlər görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir. - 7.9-cu bəndinə əsasən, rəhbər işçi tabelikdə olanların işgüzar qaydalara və etik davranış qaydalarına əməl etməsinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin «ç» maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə bilməsinin əsaslarından biri kimi bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması da nəzərdə tutulmuşdur. Qeyd olunan Məcəllinin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Bu hallardan bəziləri də «ç» bəndində sadalanan hallardır. Məhkəmə iddiaçının faktiki olaraq mübahisəli əmrdə onun törətmədiyi inzibati xəta əsas göstərilməklə onunla bağlanmış əmək müqaviləsinə 27 gün sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının inzibati xəta Ağcabədi RPŞ-nin xx xxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarının ləğv ediməsi barədə heç bir sübut növü təqdim edilmədiyindən həmin qərar hazırda qüvvədə olan qərar kimi qiymətləndirilir. Məhkəmə iddianın dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, iddiaçının inzibati xəta törətməsinə dair qərar xx.xx.2020-ci il tarixdə qəbul ediməsinə baxmayaraq qərarın məzmununda göstərilənlər cavabdeh tərəfindən onun barəsində xx.xx.2020-ci il tarixdə qeyd edilən əmək qanunvericiliyi normasının tətbiq edilməsinə tam hüquqi əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinin əsaslı olmasına dair məhkəməyə heç bir mötəbər sübut növü təqdim edilməmişdir. Məhkəmə iddiaçının həmkarlar ittifaqı komitəsi tərəfindən hər hansı araşdırma aparılmadan, onun izahatı alınmadan, dəvət edilmədən, ümumiyyətlə bu barədə ona hər hansı xəbərdarlıq edilmədən onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilməyimə öz razılığını verən həmkarlar ittifaqı komitəsinin üzvləri ilə telefon danışıqlarına dair iddia ərizəsinə əlavə edərək istinad etdiyi diski sübüt əhəmiyyətli kimi qiymətləndirmir və hesab edir ki, bu danışıqlar həqiqətən mövcud olmuş olsa da belə onun barəsində verilən əmrin qanunsuz olmasına hüquqi təsir göstərmir. Çünki iddiaçının polis orqanı tərəfindən qəbul edilmiş və qüvvədə olan qərarı ilə təsdiq edilmiş əməlləri Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli 224 saylı əmri ilə təsdiq edilmiş “Daxili intizam Qaydaları” və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2011-ci il tarixli 148 saylı əmri ilə təsdiq edilmiş “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları”nın tələblərinə zidd olmuşdur. Belə olan halda iddiaçı tərəfindən qanuni əsaslarla cavabdeh barəsində AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehini tətbiq etməkdə haqlı olmuşdur. Başqa sözlə, iddiaçının cavabdeh tərəfindən tutduğu vəzifədən azad edilməsi qanuni əsaslarla həyata keçirilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə müəyyən edilmiş əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmışdır. Azərbaycan Respublikasının MPM-nin: - 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iddiaçının mübahısəli əmrdə müəssisənin hüquqi ünvanının qeyd edilməməsi, onun ata adının «Afik» əvəzinə «Afiq» kimi göstərilməsi ilə əmrin Əmək Məcəlləsinin 84-cü maddəsi ilə müəyyən edilmiş forma və məzmununa cavabdeh tərəfindən əməl edilməməsinə dair və faktiki olaraq mübahisəli əmrin ona aid edilməməsi ilə bağlı dəlillərinə qiymət verərək əsassız sayır. Belə ki, məhkəmə qeyd edir ki, mübahisələndirilən əmrdə müəssisənin hüquqi ünvanının qeyd edilməli olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulsa da, həmin normanın İİ hissəsində bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilməsi məhkəmə üçün imperativ norma deyildir. Məhkəmə hesab edir ki, müəssisənin hüquqi ünvanının qeyd edilməməsi əmrin qanunsuz olması əsası ilə etibarsız sayılmasına ciddi hüquqi əsas kimi qiymətləndirilmir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının ata adının «Afik» əvəzinə «Afiq» kimi göstərilməsi texniki səhv olmaqla faktiki olaraq mübahisəli əmr məhz iddiaçıya aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək iddiaçı barəsində verilən əmrin qanunsuz olmasının əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi üçün və onun tələbinin bu hissəsinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddianın əmrin ləğv edilməsi hissəsində təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə iddiaçının digər tələbləri üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının barəsində verilən əmrin ləğv ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından və iddia həmin hissədə əsassız sayıldığından, digər, yəni, işə bərpa, məcburi işburaxmaya görə ödənişlərin cavabdehdən tutulmasına dair tələblər üzrə araşdırma aparılmasına zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar