Məhkəmə qərarları › İş №2(004)-361/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-361/2022

19.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-361/2022 19.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh 1 nömrəli Bakı Tibb Kollecinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 nömrəli Bakı Tibb Kollecinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “1 nömrəli Bakı Tibb Kolleci”-nin 06.04.2007-ci il tarixli əmrinin etibarsız hesab edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı “1 nömrəli Bakı Tibb Kolleci”-nə işə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “1 nömrəli Bakı Tibb Kolleci”-nin 06.04.2007-ci il tarixli əmri ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Lakin əmək müqaviləsinə xitam verilməsinə dair ərizəyə öz iradəsinə zidd olaraq, mənəvi təzyiqlər və hədənin təsiri altında, məcburiyyət qarşısında qalaraq imza çəkmişdir. Məsələ ilə bağlı dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə etməmişdir. Əlavə olaraq qeyd olunmuşdur ki, işlədiyi uzun zaman ərzində barəsində heç bir şikayət olmamış, öz vəzifələrinin öhdəsindən layiqincə gəlmişdir. Cavabdeh tərəfindən əmək hüquqlarının kobud şəkildə pozulması onu qanuni işindən və gəlirindən məhrum etməklə ciddi qanun pozuntusudur və ona mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd etdiyi məzmunda izahat verərək bildirdi ki, əmək müqaviləsinə xitam verilməsi onun öz xahişi ilə olmamışdır. Əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi onun iradəsinin ifadəsi deyil, təzyiqlər olunduğuna görə məcburiyyət qarşısında ərizəni imzalamışdır. Ona görə də qeyd edilən əmr etibarsız hesab edilməli, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaçının öz ərizəsi ilə əmək müqaviləsinə xitam verildiyini qeyd etdi və belə olan halda məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan 19 saylı 24.07.02 tarixli “İşə qəbul edilməsi haqqında” əmrdən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25.06.2002-ci il tarixli 5-59/a-2186 saylı məktubu və özünün ərizəsi əsasında 1 nömrəli Bakı Tibb Kollecinə ştat cədvəlinə uyğun müəllim vəzifəsinə qəbul edilmişdir. Belə ki, iş materiallarında olan 1 nömrəli Bakı Tibb Kollecinin Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(004)-7099/2021 nömrəli işlə bağlı sorğusuna cavab olaraq ünvanladığı məktubda qeyd olunmuşdur ki, İddiaçı kollecin arxivində mövcud olan 06 aprel 2007-ci il tarixli 4/a nömrəli əmr və əmrin əsasının (ərizə) surəti məhkəməyə təqdim olunur. 06.04.2007-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surətindən görünür ki, İddiaçı ilə “1 nömrəli Bakı Tibb Kolleci” arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı İddiaçı 06.04.2007-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı 06.07.2007-ci tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 69-cu maddəsinə görə əmək müqaviləsinə işçi tərəfindən aşağıdakı qaydada xitam edilə bilər:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, 06 aprel 2007-ci tarixli 4/a nömrəli əmrin və əmrin əsasının (ərizə) surətindən də görünür ki, 1 nömrəli Bakı Tibb Kolleci” ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh 1 nömrəli Bakı Tibb Kollecinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “1 nömrəli Bakı Tibb Kolleci”-nin 06.04.2007-ci il tarixli əmrinin etibarsız hesab edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı “1 nömrəli Bakı Tibb Kolleci”-nə işə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, ilk növbədə iş materiallarında olan 06 aprel 2007-ci tarixli 4/a nömrəli əmrin və əmrin əsasını təşkil edən ərizənin surətindən də görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə səbəb onun öz xahişi ilə işdən azad olunmasını nəzərdə tutan ərizəsidir və həmin ərizəni öz şəxsi imzası ilə təsdiqləmişdir. Ərizəni hədə və təzyiq altında imzaladığını əsas gətirsə də, bunu təsdiqləyən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əmək müqaviləsinə 06.04.2007-ci il tarixdən xitam verilməsinə baxmayaraq, işə bərpa olunması ilə bağlı ötən müddət ərzində bugunə kimi hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar