Məhkəmə qərarları › İş №2(004)-3617/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3617/2023

28.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3617/2023 28.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməs tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli 75k nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında xx.xx.2023-cü il tarixli barışıq sazişi və iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edərək bildirdi ki, İddiaçı və Cavabdeh ASC xx.xx.2023-cü il tarixdə aralarında barışıq sazişi bağlamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-ci, 14.3-cü, 52.3-cü, 52.4-cü, 191-ci və 261.0.5ci maddələrini rəhbər tutaraq, Tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: Tərəflər bu Sazişi imzalamaqla və onun məhkəmə qaydasında təsdiqini təmin etməklə aralarında olan bütün mübahisələri, o cümlədən Mübahisəni tamamilə və birdəfəlik qaydada bu Sazişdə göstərilən şərtlərlə həll edir, bir-birini hər hansı mövcud və ya gələcək tələblərdən, iddialardan, etirazlardan və ya narazılıqlardan azad edirlər. Barışıq sazişinin nəticələri tərəflərə tam şəkildə aydındır. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında xx.xx.2023-cü il tarixli barışıq sazişini müdafiə etdi və bildirdi ki, İddiaçı və Cavabdeh ASC-nin arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin nəticələri tərəflərə tam şəkildə aydındır. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, tərəflərin arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişini nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 75-k nömrəli əmrlə Cavabdeh ASC-nin X1 Müdiriyyətinin direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İddiaçı və Cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən iddiaçı və cavabdeh hər biri ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırıla bilərlər, hazırda Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3617/2023 saylı mülki iş üzrə mübahisəni və narazılıqları qarşılıqlı razılıq əsasında bu Sazişi imzalamaq vasitəsilə tamamilə və birdəfəlik həll etmək niyyətindədirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-ci, 14.3-cü, 52.3-cü, 52.4-cü, 191-ci və 261.0.5-ci maddələrini rəhbər tutaraq, Tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: 1.Sazişin predmeti Tərəflər bu Sazişi imzalamaqla və onun məhkəmə qaydasında təsdiqini təmin etməklə aralarında olan bütün mübahisələri, o cümlədən Mübahisəni tamamilə və birdəfəlik qaydada bu Sazişdə göstərilən şərtlərlə həll edir, bir-birini hər hansı mövcud və ya gələcək tələblərdən, iddialardan, etirazlardan və ya narazılıqlardan azad edirlər.

2. Sazişin icrası 2.1.Bu Saziş qüvvəyə mindikdən sonra onun icrası üçün Tərəflər aşağıdakı hərəkətləri edəcəklər: 2.1.1.bu Saziş qüvvəyə mindikdən sonra ən gec 15 iş günü ərzində İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “öz təşəbbüsü ilə” xitam verilməsi barədə ərizəsini (əmək müqaviləsinə xitam verilmə tarixi həmin ərizənin imzalanma tarixi olmaqla) cavabdehə təqdim etməlidir; 2.1.2. Cavabdeh bu Sazişin 2.1.1-ci bəndində göstərilən ərizəni aldıqdan sonra 15 iş günü ərzində aşağıdakıları etməlidir: a) iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, 75-k nömrəli əmrini ləğv etmək və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69- cu maddəsinə əsasən “işçinin öz xahişi əsasında” xitam vermək və bu barədə əmrin surətini İddiaçıya təqdim etmək; b) İddiaçının əmək kitabçasında xitam əmrinin ləğv edildiyini və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən İddiaçının öz xahişi ilə xitam verildiyi barədə qeyd aparmaq; c) əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə xitam verildiyi barədə müvafiq icra hakimiyyətinin elektron sistemində zəruri qeydlər aparmaq;

3. Tərəflərin digər öhdəlikləri 3.1. Bu Saziş üzrə cavabdehin aşağıdakı öhdəlikləri vardır: 3.1.1. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək; 3.1.2. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq; 3.2. Bu Saziş üzrə İddiaçının aşağıdakı öhdəlikləri vardır: 3.2.1. bu Saziş qüvvəyə mindikdən sonra cavabdehə qarşı əmək müqaviləsindən və ya aralarında mövcud olmuş əmək münasibətlərindən irəli gələn və ya onlarla bağlı hər hansı dövlət orqanında, məhkəmələrdə və ya hər hansı digər müstəvilərdə hər hansı iddia, tələb, etiraz və ya şikayət irəli sürməmək; 3.2.2. bu Saziş qüvvəyə mindikdən sonra bütün müddət ərzində Cavabdehin kommersiya sirlərini, məxfi və özəl xarakterli bütün məlumatlarını mümkün ən güclü səylə qorumaq; cavabdehin nüfuzuna xələl gətirə biləcək hər hansı məlumatı hər hansı formada yaymamaq və ya Cavabdehə hər hansı digər formada zərər vura biləcək hərəkət etməmək; 3.2.3. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək və bu Sazişin icrası üçün Cavabdehə lazımi dəstəyi göstərmək.

4. Digər müddəalar 4.1. Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 4.2. Bu Sazişin imzalanması Cavabdeh tərəfindən hər hansı pozuntunun və ya İddiaçının hər hansı hüququnun pozuntusunun etirafı demək deyildir və bu cür təfsir oluna bilməz. 4.3. X4 4 nüsxədə imzalayır. Nüsxələrdən biri Yasamal Rayon Məhkəməsinə təqdim edilir. Digər nüsxələr isə tərəflərdə saxlanılır. Göstərilənlərin təsdiqi olaraq, Tərəflər bu Sazişi - iddiaçı: İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1; cavabdeh: Cavabdeh ASCnin (VÖEN **********) sədri vəzifəsini müvəqqəti icra edən X2 imzalamışlar. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun xx.xx.2023-cü il tarixli 13-4/3-1-29Ü/2023 nömrəli əmri ilə “Su ehtiyatları, su tərərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023cü il tarixli 2074 nömrəli Fərmanının 5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu hazırlanıb təsdiq edilənədək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti sədrinin vəzifə səlahiyyətlərinin icrası müvəqqəti olaraq Cavabdeh ASC-nin sədr müavini Köçərli Həsənova həvalə edilmişdir. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.3, 191.1, 191.2, 261, 261.0.5, 262-264, 267-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə - İddiaçı və Cavabdeh ASC (VÖEN **********) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və 2(004)- 3617/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən bu Saziş qüvvəyə mindikdən sonra ən gec 15 iş günü ərzində İddiaçı vəkili və namayəndəsi Nümayəndə1 İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “öz təşəbbüsü ilə” xitam verilməsi barədə ərizəsini (əmək müqaviləsinə xitam verilmə tarixi həmin ərizənin imzalanma tarixi olmaqla) Cavabdeh ASC-yə təqdim etsin. Cavabdeh ASC İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “öz təşəbbüsü ilə” xitam verilməsi barədə ərizəsini aldıqdan sonra 15 iş günü ərzində aşağıdakıları etsin: a) iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli 75-k nömrəli əmrini ləğv etsin və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “işçinin öz xahişi əsasında” xitam versin və bu barədə əmrin surətini İddiaçıya təqdim etsin; b) İddiaçının əmək kitabçasında xitam əmrinin ləğv edildiyini və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən İddiaçının öz xahişi ilə xitam verildiyi barədə qeyd aparsın; c) əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə xitam verildiyi barədə müvafiq icra hakimiyyətinin elektron sistemində zəruri qeydlər aparsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar