Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3623/2025 17.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsinin Cavabdeh Şamil oğluna qarşı “qanunsuz şəkildə zəbt olunmuş binadan çıxarılma və binanın boşaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsi Cavabdeh Şamil oğluna qarşı “qanunsuz şəkildə zəbt olunmuş binadan çıxarılma və binanın boşaldılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şamil oğlunun "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsinin inzibati ərazisində qanunsuz şəkildə yerləşdirdiyi binadan çıxarılması, binanın boşaldılması, binadan olan əşyaların çıxarılması və məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin balansında olan və qanuni istifadəsində olan torpaq sahəsində (“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏmlaK Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin Reyestr nömrəsi **********75-12101 olan Texniki Pasport)- Xəstəxananın inzibati ərazisində olan- cavabdeh şəxs Cavabdeh Şamil oğlu qanunsuz şəkildə, heç bir razılaşdırılmış hüquqi əsas (icarə, sərəncam, müvafiq icazə sənədi və s.) olmadan ölçüsü təxminən 110 m” olan qanuni müəssisəyə məxsus binanı zəbt etmişdir. Hal-hazırda “Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq həmin binanın təmir-bərpa işlərinin aparılmasına ehtiyac yaranmışdır. Qeyd olunan qanunsuz zəbt olunan tikilinin boşaldılması barədə bizim tərəfimizdən dəfələrlə tələbin edilməsinə baxmayaraq, cavabdeh ərazidən çıxmamışdır və ona aid əşyaları binadan çıxarmamışdır. Cavabdehlə dəfələrlə telefon danışıqları və şifahi xəbərdarlıqlar aparılmış, lakin heç bir nəticə əldə olunmamışdır. Bu qanunsuz zəbt Xəstəxananın əraziyə dair istifadə hüququnun pozulması, normal fəaliyyətinin məhdudlaşdırılması və mülki hüquqlarının pozulması ilə nəticələnir. Məhkəmə iclasında iştirak edən iddiaçı "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh Şamil oğlu izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. İzahatına əlavə olaraq bildirmişdir ki, həmin sahə xəstəxanaya məxsusdur, baxış keçirən zaman bəzi əşyaları itmişdir və həmin əşyaların verilməsini tələb edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏmlaK Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş Reyestr nömrəsi **********75-12101 olan Texniki Pasporta əsasən müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsinin balansındadır. Beləliklə müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsinin balansındadır. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı araşdırılan fotoşəkillərlə müəyyən edilir ki, publik hüquqi şəxsin balansında olan ərazidə Cavabdeh Şamil oğlunun istifadəsində olmuş tikili mövcuddur. Cavabdehə qeyd olunan tikilidə qanunsuz şəkildə yerləşdirdiyi binadan çıxarılması, binanın boşaldılması, binada olan əşyaların çıxarılması ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq həmin tələbə əməl edilməmişdir. Hazırda iddiaçının tələbi qanuni iustifadəsində olan əmlak kompleksində qanunsuz saxlanılan əşyaların çıxarılması, binanın boşaldılması ilə əlaqədardır. Məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsindən cavabdehin hazırda hər hansı hüquqi əsas olmadan istifadə etməsi iddiaçının həmin həmin torpaq sahəsindən istifadə etmək hüququnu qanunsuz olaraq məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə qeyd edir ki, Cavabdeh Şamil oğlunun hazırda hər hansı hüquqi əsas olmadan mübahsilə torpaq sahəsindən qanunsuz istifadə etməsi iddiaçının həmin torpaq sahəsindən istədiyi kimi istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırdığından, iddiaçının hüququnun pozulmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün Cavabdeh Şamil oğlunun həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Odur ki, iddia tələbi Cavabdeh Şamil oğlunun "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsinin inzibati ərazisində qanunsuz şəkildə yerləşdirildiyi binadan əşyaları ilə birlikdə çıxarılması və həmin bina boşaldılması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Şamil oğlu "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsinin inzibati ərazisində qanunsuz şəkildə yerləşdirildiyi binadan əşyaları ilə birlikdə çıxarılmalı və həmin bina boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsinə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Şamil oğlu "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsinin inzibati ərazisində qanunsuz şəkildə yerləşdirildiyi binadan əşyaları ilə birlikdə çıxarılsın və həmin bina boşaldılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçı "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3623/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3623/2025
17.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver