Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-856/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı İslamov Rauf Ziyadxan oğlunun, onun nümayəndəsi və vəkili Babayeva Xeyransa Qubat qızının, Cavabdeh İslamova Gülxanım Həşim qızının nümayəndəsi və vəkili Eynullayev Hüseyn Əmin oğlunun iştirakları ilə, İddiaçı İslamov Rauf Ziyadxan oğlunun cavabdehlər İslamova Gülxanım Həşim qızı və İslamov Rahim Ziyadxan oğluna qarşı “əmlakın paylara uyğun naturada bölünməsi, əmlakın açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh İslamova Gülxanım Həşim qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İslamov Rauf Ziyadxan oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu, Cəyli Ə/D, Şahbəyli kəndində Kürdəmir rayon Aqrar İslahat Komissiyasının ## ####### 1997-ci il tarixli, ** saylı qərarına əsasən, torpağın mülkiyyətə verilməsinə dair JN-025 A KOD ******** saylı şəhadətnamə ilə 0,47 ha torpaq sahəsinə, JN-025 B KOD ******** saylı şəhadətnamə ilə 0,38 ha torpaq sahəsinə və JN-0025 KOD ******** saylı şəhadətnamə ilə 3,30 ha torpaq sahəsinə mərhum İslamov Ziyadxan Mayıl oğlunun, İslamova Gülxanım Həşim qızının, İslamov Rahim Ziyadxan oğlunun və iddiaçı İslamov Rauf Ziyadxan oğlunun paylarının müəyyən olunması və naturada paylara uyğun bölünməsi, razılıq əldə edilməsi mümkün olmadıqda isə əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin, iddiaçı İslamov Rauf Ziyadxan oğlunun və cavabdehlər İslamova Gülxanım Həşim qızı və İslamov Rahim Ziyadxan oğlunun paylarına uyğun olaraq bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, torpağa mülkiyyət hüququna dair, JN-025A Kod ******** saylı dövlət aktına əsasən Kürdəmir rayonu, Şahbəyli kəndində yerləşən 0,47 ha torpaq sahəsinin, JN-025B Kod ******** saylı Dövlət Aktına əsasən Kürdəmir rayonu, Şahbəyli kəndində yerləşən 0,38 ha torpaq sahəsinin, JN-0025 Kod ******** saylı Dövlət Aktına əsasən 3,30 ha torpaq sahələri Kürdəmir rayon Aqrar İslahat Komissiyasının ## ####### 1997-ci il tarixli, ** nömrəli Qərarı ilə mərhum İslamov Ziyadxan Mayıl oğlunun, İslamova Gülxanım Həşim qızının, İslamov Rahim Ziyadxan oğlunun və iddiaçının özü İslamov Rauf Ziyadxan oğlunun mülkiyyətinə verilmişdir. Lakin uzun müddətdir ki, cavabdehlər –anası İslamova Gülxanım və qardaşı İslamov Rahim onu yuxarıda sadalanan torpaq sahələrinə buraxmır və bununla da ona özünə aid olan paylı mülkiyyətdə olan torpaq sahələrindən istifadə etməsinə maneə yaradırlar. Bu səbəbdən də iddiaçı ilə cavabdehlər arasında mübahisə yaranmışdır. Cavabdehlər iddiaçıya maneələr yaratmaqla torpaq sahələrini faktiki olaraq bütünlüklə ələ keçirtmək istəyirlər, bu da birbaşa iddiaçının mülkiyyət hüquqlarının pozulması deməkdir. Bu səbəbdən də iddiaçı Rauf İslamov Kürdəmir rayon Məhkəməsinə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət edərək mübahisəli torpaq sahələrinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin **(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri ilə bağlı ərizə təmin edilmişdir. İddiaçının həmin əmlaklara dair mülkiyyət hüququ tanınmasına baxmayaraq, digər payçılar yəni cavabdehlər İslamova Gülxanım və İslamov Rahim iddiaçı Rauf İslamovu əmlaklara dair sərəncam vermək, istifadə etmək hüququndan məhrum etmişlər. Bu səbəbdən paylı mülkiyyətçilərin yuxarıda göstərilən mübahisəli torpaq sahələrinə payları müəyyən olunaraq naturada bölünməsinə, naturada bölgü mümkün olmadıqda isə əmlakların hərracda satılması tələbinə dair iddia qaldırılmasına ehtiyac yaranmışdır. Hazırda iddiaçı mülkiyyət hüququ ilə özünə məxsus hissəsi müəyyən olunmadığından, torpaqlardan təyinatı üzrə istifadə edə bilmir. Birinci instansiya məhkəməsində icraat Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Xaliq İmanov) iddia qismən təmin edilmiş, ##.##.1998-ci il tarixdə Dövlət aktı qeydiyyat kitabında 25 nömrə ilə qeydiyyata alınmış, JN-**** nömrəli (KOD 90609046) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən kənd təsərrüfatı təyinatlı 3,30 ha torpaq sahəsi üzərində iddiaçı İslamov Rauf Ziyadxan oğlunun ¼ hissədə (0.825 ha) payının müəyyən edilməsi və həmin hissənin naturada ayrılaraq onun istifadəsinə verilməsi, JN-025A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,47 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və köməkçi tikililərlə birlikdə açıq hərraca çıxarılması və satışdan əldə olunmuş pul vəsaitinin ¼ hissəsinin iddiaçı İslamov Rauf Ziyadxan oğluna ödənilməsi, 0,47 ha torpaq sahəsinin ilkin bazar dəyərinin 42300 manat müəyyən edilməsi, JN-025B (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,38 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və köməkçi tikililərlə birlikdə açıq hərraca çıxarılması və satışdan əldə olunmuş pul vəsaitinin ¼ hissəsinin iddiaçı İslamov Rauf Ziyadxan oğluna ödənilməsi, 0,38 ha torpaq sahəsinin ilkin bazar dəyərinin 34200 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər İslamova Gülxanim Həşim qızı və İslamov Rahim Ziyadxan oğlundan müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manatın tutularaq iddiaçı İslamov Rauf Ziyadxan oğluna verilməsi, iddiaçı İslamov Rauf Ziyadxan oğlundan ekspertiza xərci olaraq 200 (iki yüz) manatın cavabdehlər İslamova Gülxanım Həşim qızı və İslamov Rahim Ziyadxan oğlundan müştərək qaydada 400 (dörd yüz) manat tutularaq “xxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: -Kürdəmir rayon Cəyli kənd icra nümayəndəliyinin ## ### 2026-cı il tarixli, AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İslamov Ziyadxan Mayıl oğlu ##.##.2004-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 12-ci ayının 01-ci günündə 12 nömrə ilə qeyd edilmişdir. -JN-**** nömrəli (KOD 90609046) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından məlum olur ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının ## ####### 1997-ci il tarixli, ** nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 3,30 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Kürdəmir rayonu, Şahbəyli kənd sakinləri İslamov Ziyadxan Mayıl oğluna, İslamova Gülxanım Qəşəm qızına, İslamov Rahim Ziyadxan oğluna və İslamov Rauf Ziyadxan oğluna verilmiş, ##.##.1998-ci il tarixdə Dövlət aktı qeydiyyat kitabında 25 nömrə ilə qeydiyyata alınmışdır. -JN-025A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən məlum olur ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının ## ####### 1997-ci il tarixli, ** nömrəli qərarı ilə 0.47 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və sair məqsədlər üçün İslamov Ziyadxan Mayıl oğlunun, İslamova Gülxanım Qəşəm qızının, İslamov Rahim Ziyadxan oğlunun və İslamov Rauf Ziyadxan oğlunun mülkiyyətinə verilmiş, Dövlət aktı qeydiyyat kitabında 28 nömrə ilə qeydiyyata alınmışdır. -JN-025B (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən məlum olur ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının ## ####### 1997-ci il tarixli, ** nömrəli qərarı ilə 0.38 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və sair məqsədlər üçün İslamov Ziyadxan Mayıl oğlunun, İslamova Gülxanım Qəşəm qızının, İslamov Rahim Ziyadxan oğlunun və İslamov Rauf Ziyadxan oğlunun mülkiyyətinə verilmiş, Dövlət aktı qeydiyyat kitabında 29 nömrə ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin ** saylı Ucar Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, -Kürdəmir rayonu, Şahbəyli kənd ərazı vahidi sərhədləri daxilində yerləşən, Kürdəmir rayon Agrar İslahat Komissiyasının ## ####### 1997-ci il tarixli, ** saylı qərarı ilə İslamov Ziyadxan Mayıl oğlu, İslamova Gülxanım Qəşəm qızı, İslamov Rahim Ziyadxan oğlu və İddiaçı mülkiyyətinə verilmiş 0.47 ha (JN-**A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) həyətyanı torpaq sahəsinin, 0.38 ha (JN-**B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) həyətyanı torpaq sahəsinin və kənd təsərrüfatı təyinatlı 3.30 ha (JN-**** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı) torpaq sahələrinin döngə nöqtələrinin koordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. -Üzərində fərdi yaşayış evi mövcud olan 0.47 ha və 0.38 ha həyətyanı torpaq sahələrinin hansı hissəsindən hansı mülkiyyətçiyə düşəcək pay ilə bağlı müvafiq bölgü planı mövcud olmadığı üçün torpaq sahələrinin naturada bölünməsi mümkün olmamışdır. -Kənd təsərrüfatı təyinatlı 3.30 ha torpaq sahəsi ilə bağlı 4 ədəd nömrələnmiş hər biri 0.825 ha torpaq sahəsi olmaqla bölgü planı təqdim edilmişdir. -Azərbaycan Qiymətləndiricilər Palatasında qeydiyyatdan keçmiş “xxxx” MMC nin ##.##.2026-cı il tarixli rəyinə əsasən, -Kürdəmir rayonu, Cəyli Ə/D, Şahbəyli kəndində yerləşən qiymətləndirilən 3,30 ha torpaq sahəsinin (beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq) 0,01 ha üçün bazar dəyəri: 11,31 + 24,36 + 9,83 = 45,50 manat (qırx beş manat, 50 qəpik) müəyyən edilmişdir. Torpaq sahəsinin ümumi sahəsi 3,30 ha = 330 sot olduğundan: 330 sot x 45,50 manat = 15015, manat, yuvarlaq olaraq 15 000,0 (on beş min) manat təşkil edir. -İddiaçının tələb etdiyi Kürdəmir rayonu, Cəyli Ə/D, Şahbəyli kəndində Kürdəmir rayon Aqrar İslahat Komissiyasının ## ####### 1997-ci il tarixli, ** saylı Qərarına əsasən, torpağın mülkiyyətə verilməsinə dair JN-025 A KOD ******** saylı şəhadətnaməsi ilə 0,47 ha torpaq sahəsinin, JN-025B Kod ******** saylı Dövlət Aktına əsasən Kürdəmir rayonu, Şahbəyli kəndində yerləşən 0,38 ha torpaq sahəsinin, JN-0025 Kod ******** saylı Dövlət Aktına əsasən 3,30 ha torpaq sahələrinin hazırkı bazar qiyməti: -Kürdəmir rayonu, Cəyli Ə/D, Şahbəyli kəndində ümumi sahəsi 0,38 ha olan torpaq sahəsinin bazar dəyəri: 34 200,00 (otuz dörd min iki yüz) manat təşkil edir. -Kürdəmir rayonu, Cəyli Ə/D, Şahbəyli kəndində ümumi sahəsi 0,47 ha olan torpaq sahəsinin bazar dəyəri: 42 300,00 (qırx iki min üç yüz) manat təşkil edir. -Kürdəmir rayonu, Cəyli Ə/D, Şahbəyli kəndində ümumi sahəsi 3,30 ha olan torpaq sahəsinin bazar dəyəri: 15 000,00 (on beş min) manat təşkil edir. -X4 Qiymətləndirmə Standartlarına (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. -“xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, **-**/** nömrəli rəyinə əsasən, JN-0.25 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə göstərilən 0.47 ha torpaq sahəsi hər biri 0.1175 ha, JN-025 B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə göstərilən 0.38 ha torpaq sahəsi isə hər biri 0.095 ha olmaqla 4 hissəyə bölünməsi mümkündür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, tərəflər (mərhum İslamov Ziyadxan Mayıl oğlu istisna olmaqla) ümumi mülkiyyətlərində olan 0,47 ha və 0,38 ha torpaq sahələrindən payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərinə görə onların hər birinin payının naturada ayrılması mümkün olmamışdır. Bunun əsas səbəbi də torpaq sahələrinin birində İslamov Rauf Ziyadxan oğlu, digərində onun qardaşı İslamov Mahir Ziyadxan oğlu tərəfindən tikilmiş fərdi yaşayış evlərinin və köməkçi tikililərin olması, nəticədə mülkiyyət hüququndakı payın tənasübsüzlüyüdür. 3,30 ha torpaq sahəsinin ¼ hissədə bölgüsü ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İşə əlavə edilmiş ekspert rəyində 0,47 ha torpaq sahəsinin bazar dəyəri 42300 manat, 0,38 ha torpaq sahəsinin bazar dəyəri 34200 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, 221-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ##### 2014-cü il tarixli Qərarı, Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88, 119.1, 217.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Gülxanım İslamova apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum İslamov Ziyadxan Mayıl oğlundan qalan miras əmlaka münasibətdə vərəsəlik işi açılaraq vərəsələrin payları müəyyən edilməmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi ilə üzərində fərdi yaşayış evi mövcud olan 0.47 ha və 0.38 ha həyətyanı torpaq sahələrinin hansı hissəsindən hansı mülkiyyətçiyə düşəcək pay ilə bağlı müvafiq bölgü planı mövcud olmadığı üçün torpaq sahələrinin naturada bölünməsi mümkün olmamışdır. Kənd təsərrüfatı təyinatlı 3.30 ha torpaq sahəsi ilə bağlı 4 ədəd nömrələnmiş, hər biri 0.825 ha torpaq sahəsi olmaqla bölgü planı təqdim edilmişdir. Həmçinin ##.##.2026-cı il tarixdə tərəfindən məhkəməyə təqdim olunmuş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixli, **-**/** nömrəli rəyində JN-0.25 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə göstərilən 0.47 ha torpaq sahəsi hər biri 0.1175 ha, JN- 025 B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə göstərilən 0.38 ha torpaq sahəsi isə hər biri 0.095 ha olmaqla 4 hissəyə bölünməsinin mümkün olduğu göstərilməklə hər iki torpaq sahəsinin bölgü planı sxemdə göstərilmişdir. ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tərəfindən sözügedən müqayisəli rəy və vəsatət təqdim edilərək, Kürdəmir rayonu Şahbəyli kənd ərazi vahidində yerləşən Kürdəmir rayon Aqrar İslahat Komissiyasının ## ####### 1997-ci il tarixli ** saylı qərarına əsasən, torpağın mülkiyyətə verilməsinə dair JN-025 A KOD ******** saylı şəhadətnamə ilə 0,47 ha torpaq sahəsinin və JN-025 B KOD ******** saylı şəhadətnamə ilə 0,38 ha torpaq sahəsinin natura bölünməsi mümkün olub-olmaması, əgər mümkündürsə həmin torpaq sahələrinin koordinatları göstərilməklə hansı qaydada mümkün olduğuna dair sxem tərtib edilməsi məqsədi ilə mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə göndərilməsi xahiş olunmuşdur. Kürdəmir Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə vəsatətimiz təmin olunaraq iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Lakin sonradan bəlli olmayan səbəblərdən Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı mülki iş təzələnmiş və məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “qərardadın surəti tərəflərə göndəriləndən sonra cavabdeh tərəf “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli **-**/** saylı rəyini elektron bazaya yerləşdirmiş, həmin rəyə ekspert qarşısında qoyulan suallarla bağlı torpaq sahəsinin bölgü planı əlavə edilmişdir.” Halbuki sözügedən rəy elektron məhkəmə sisteminə ##.##.2026-cı il tarixdə əlavə olunmuş, eləcə də məhkəmə hazırlıq iclasında təqdim olunmuşdur ki, bu da məhkəmə iclasının videogörüntüsü ilə sübuta yetirilə bilər. Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının surəti isə tərəflərə ## ##### 2026-cı il tarixli məktub ilə göndərilmişdir. Məhkəmə yalnız JN-**** nömrəli (KOD 90609046) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən kənd təsərrüfatı təyinatlı 3,30 ha torpaq sahəsinin ¼ hissədə iddiaçının payının bölünməsi ilə kifayətlənərək, JN-025A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,47 ha torpaq sahəsinin və JN-025B (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,38 ha torpaq sahəsinin hansı səbəbdən bölünməməsi hissəsini əsaslandırmamışdır. Halbuki tərəfimizdən təqdim olunmuş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixli, **-**/** nömrəli rəyində JN-0.25 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə göstərilən 0.47 ha torpaq sahəsi hər biri 0.1175 ha, JN-025 B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə göstərilən 0.38 ha torpaq sahəsi isə hər biri 0.095 ha olmaqla 4 hissəyə bölünməsinin mümkün olduğu göstərilməklə hər iki torpaq sahəsinin bölgü planı sxemdə göstərilmişdir. Bütün bunlardan başqa məhkəmə qeyd etmişdir ki, 3,30 ha torpaq sahəsinin ¼ hissədə bölgüsü ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Lakin onlar ümumiyyətlə iddianı qəbul etməmiş iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin 3,30 ha torpaq sahəsinin ¼ hissədə bölgüsü ilə bağlı tərəflər arasında mübahisə olmaması qənaətinə hansı əsaslarla gəlməsi məlum deyildir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh İslamova Gülxanım Həşim qızının nümayəndəsi və vəkili Eynullayev Hüseyn Əmin oğlu apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İslamov Rauf Ziyadxan oğlu apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, mübahisəli torpaqlar açıq hərraca çıxarılmalıdır, naturada bölüməsinə və ya kompensasiya verilməsinə razı deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Babayeva Xeyransa Qubat qızı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdeh İslamov Rahim Ziyadxan oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hal-hazırda mübahisələndirilən qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddianın təmin edilmiş hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən 0,47 ha və 0,38 ha torpaq sahələrinin üzərlərinə yerləşən fərdi yaşayış evləri və köməkçi tikililərlə birlikdə açıq hərraca çıxarılması hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı iddia edir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının ## ####### 1997-ci il tarixli, ** nömrəli qərarı ilə JN-025A KOD ******** nömrəli şəhadətnamə üzrə 0,47 ha, JN- 025B KOD ******** nömrəli şəhadətnamə üzrə 0,38 ha və JN-0025 KOD ******** nömrəli dövlət aktı üzrə 3,30 ha torpaq sahələri mərhum İslamov Ziyadxan Mayıl oğlunun, İslamova Gülxanım Həşim qızının, İslamov Rahim Ziyadxan oğlunun və onun mülkiyyətinə verilmişdir. Lakin cavabdehlər tərəfindən həmin torpaq sahələrindən istifadəsinə və öz payına uyğun olaraq əmlak üzərində hüquqlarını həyata keçirməsinə maneələr yaradılmışdır. Bu səbəbdən ümumi paylı mülkiyyətdə olan torpaq sahələrində tərəflərin paylarının müəyyən edilərək naturada ayrılmasını, naturada bölgünün mümkün olmadığı hissədə isə həmin əmlakların açıq hərracdan satılaraq satışdan əldə edilmiş pul vəsaitinin tərəflərin paylarına uyğun bölüşdürülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında ümumi mülkiyyətdə olan 0,47 ha və 0,38 ha torpaq sahələrindən payların ayrılması üsulu və şərtləri barədə razılıq əldə edilməmiş, həmin torpaq sahələrinin üzərində fərdi yaşayış evləri və köməkçi tikililər yerləşdiyindən onların naturada bölünməsi mümkün olmamışdır. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, kənd təsərrüfatı təyinatlı 3,30 ha torpaq sahəsinin hər bir mülkiyyətçiyə ¼ hissədə, yəni 0,825 ha olmaqla naturada ayrılması mümkündür. Bu əsasla iddia həmin hissədə təmin edilmiş, 0,47 ha və 0,38 ha torpaq sahələri üzərində yerləşən fərdi yaşayış evləri və köməkçi tikililərlə birlikdə açıq hərraca çıxarılması və satışdan əldə olunmuş vəsaitin ¼ hissəsinin iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh isə iddiaya etiraz edərək apellyasiya şikayətində qeyd edir ki, mübahisəli torpaq sahələrinin ilkin mülkiyyətçilərindən olan İslamov Ziyadxan Mayıl oğlu vəfat etdiyindən onun payına münasibətdə vərəsəlik məsələləri həll edilməmiş, vərəsəlik işi açılaraq vərəsələrin payları müəyyən edilməmişdir. Bundan başqa, iş üzrə ##.##.2026-cı il tarixli “xxxx” MMC-nin rəyində 0,47 ha və 0,38 ha torpaq sahələrinin hər birinin dörd hissəyə bölünməsinin mümkün olduğu və müvafiq bölgü planlarının mövcud olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin rəyi nəzərə almamış, sözügedən torpaq sahələrinin naturada bölünməsinin mümkün olmamasına dair nəticəsinin əsaslarını qətnamədə kifayət qədər əsaslandırmamışdır. Həmçinin məhkəmənin 3,30 ha torpaq sahəsinin ¼ hissədə bölünməsi ilə bağlı tərəflər arasında mübahisənin olmaması barədə gəldiyi nəticə də iş materialları ilə təsdiq olunmur. Bu səbəbdən cavabdeh qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” # ##### 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, «Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.» Hazırkı işdən görünür ki, 1) JN-**** nömrəli (KOD 90609046) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Kürdəmir rayon Aqrar İslahat Komissiyasının ## ####### 1997-ci il tarixli ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,30 ha torpaq sahəsi İslamov Ziyadxan Mayıl oğlunun, İslamova Gülxanım Qəşəm qızının, İslamov Rahim Ziyadxan oğlunun və İslamov Rauf Ziyadxan oğlunun mülkiyyətinə verilmiş və ##.##.1998-ci il tarixdə Dövlət aktı qeydiyyat kitabında 25 nömrə ilə qeydiyyata alınmışdır. 2) JN-025A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0,47 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və sair məqsədlər üçün İslamov Ziyadxan Mayıl oğlunun, İslamova Gülxanım Qəşəm qızının, İslamov Rahim Ziyadxan oğlunun və İslamov Rauf Ziyadxan oğlunun mülkiyyətinə verilmiş və Dövlət aktı qeydiyyat kitabında 28 nömrə ilə qeydiyyata alınmışdır. 3) JN-025B (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən müəyyən edilir ki, 0,38 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və sair məqsədlər üçün eyni şəxslərin mülkiyyətinə verilmiş və Dövlət aktı qeydiyyat kitabında 29 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Ucar Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, üzərində fərdi yaşayış evləri mövcud olan 0,47 ha və 0,38 ha həyətyanı torpaq sahələrinin hansı hissəsindən hansı mülkiyyətçiyə düşəcək payla bağlı müvafiq bölgü planı mövcud olmadığından həmin torpaq sahələrinin naturada bölünməsi mümkün olmamışdır. Bununla yanaşı, kənd təsərrüfatı təyinatlı 3,30 ha torpaq sahəsi ilə bağlı hər biri 0,825 ha olmaqla 4 ədəd nömrələnmiş bölgü planı təqdim edilmişdir. Lakin iş üzrə sonradan təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, **-**/** nömrəli rəyindən fərqli nəticə müəyyən edilmişdir. Belə ki, həmin rəyə əsasən JN-***A nömrəli şəhadətnamədə göstərilən 0,47 ha torpaq sahəsinin hər biri 0,1175 ha olmaqla 4 hissəyə, JN-***B nömrəli şəhadətnamədə göstərilən 0,38 ha torpaq sahəsinin isə hər biri 0,095 ha olmaqla 4 hissəyə bölünməsi mümkün hesab edilmiş və müvafiq bölgü sxemləri təqdim olunmuşdur. Beləliklə, iş üzrə mövcud sübutların müqayisəli qiymətləndirilməsi nəticəsində müəyyən olunur ki, 0,47 ha və 0,38 ha torpaq sahələrinin naturada bölünməsinin mümkünsüzlüyü barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan ##.##.2026-cı il tarixli ekspert rəyi ilə təkzib olunur. Sonuncu rəydə sözügedən torpaq sahələrinin hər birinin dörd hissəyə bölünməsinin mümkünlüyü konkret sahə ölçüləri və bölgü sxemləri ilə göstərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi həmin ekspert rəyinə lazımi hüquqi qiymət vermədən və onun əvvəlki rəyi ilə ziddiyyət təşkil etməsinin səbəblərini araşdırmadan 0,47 ha və 0,38 ha torpaq sahələrinin naturada bölünməsinin mümkün olmadığı qənaətinə gəlməklə düzgün nəticəyə gəlməmişdir. Digər tərəfdən, Mülki Məcəllənin 220.3-cü maddəsinin tətbiqi baxımından əmlakın açıq hərracdan satılması məsələsinə keçilməzdən əvvəl qanunla nəzərdə tutulmuş mərhələlərin ardıcıllığına riayət olunması zəruridir. Yəni ilk növbədə payın naturada ayrılmasının mümkün olub-olmaması müəyyən edilməli, yalnız naturada ayrılmanın mümkün olmadığı müəyyən edildikdən sonra payın dəyərinin kompensasiya şəklində ödənilməsi imkanına münasibət bildirilməli, həmin imkanın mövcud olmadığı və ya digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinin mümkün və ya arzuolunan olmadığı halda əmlakın açıq hərracdan satılması məsələsinə baxılmalıdır. Hazırkı iş üzrə isə 0,47 ha və 0,38 ha torpaq sahələrinin naturada bölünməsinin mümkünlüyünü təsdiq edən ##.##.2026-cı il tarixli ekspert rəyi mövcud olduğu halda birinci instansiya məhkəməsi tərəfindən birbaşa həmin əmlakların açıq hərraca çıxarılması barədə nəticəyə gəlinməsi Mülki Məcəllənin 220.3-cü maddəsində nəzərdə tutulmuş mərhələli yanaşma ilə uzlaşmır. Bundan başqa, iddiaçının ilkin iddia tələbindən də görünür ki, o, mübahisəli torpaq sahələrinin naturada bölünməsini, naturada bölünmənin mümkün olmadığı halda isə əmlakların açıq hərracdan satılmasını tələb etmişdir. Başqa sözlə, iddiaçı tərəfindən payın naturada ayrılmasının mümkün olmadığı təqdirdə öz payının dəyərinin digər paylı mülkiyyətçiləri tərəfindən kompensasiya şəklində ödənilməsi tələbi irəli sürülməmişdir (halbuki qanunvericiliyə əsasən bu prosedur həyata keçirilməli idi). Məhkəmə tərkibi qeyd edir ki, açıq hərracdan satış paylı mülkiyyətdə olan əmlakın bölünməsinin ilkin və ya alternativ üsulu deyil, qanunla müəyyən edilmiş əvvəlki mərhələlərin nəticəsiz qalmasından sonra tətbiqi mümkün olan prosedur olmuşdur. Bu səbəbdən də naturada bölgünün mümkünlüyü müəyyən edilmədən və kompensasiya məsələsinə hüquqi qiymət verilmədən birbaşa əmlakın hərraca çıxarılması barədə nəticəyə gəlinməsi əsaslı hesab edilə bilməz. İş materiallarından görünür ki, apellyasiya baxışı zamanı məhkəmə tərkibi tərəfindən iddiaçıya cavabdeh tərəfindən kompensasiya təklifi irəli sürülmüş, lakin iddiaçı həmin təkliflə razılaşmamışdır. İddiaçının izahatından onun kompensasiya almaq əvəzinə əmlakların açıq hərracda satılmasını üstün tutduğu, bunu hərrac nəticəsində daha yüksək məbləğ əldə edilə biləcəyi ehtimalı ilə əsaslandırdığı müəyyən edilir. Məhkəmə tərkibi hesab edir ki, bu halda iddiaçının hüquqi mövqeyinin yalnız onun subyektiv mülahizəsi ilə deyil, paylı mülkiyyət münasibətlərinin mahiyyəti və mülki hüquqların həyata keçirilməsinin qanuni hədləri baxımından qiymətləndirilməsi zəruridir. Belə ki, mülkiyyət hüququ yalnız əmlakın iqtisadi dəyərindən faydalanmaq imkanını deyil, eyni zamanda digər mülkiyyətçilərin hüquq və qanuni mənafelərinə hörmət edilməklə həyata keçirilməli olan sahiblik, istifadə və sərəncam vermə səlahiyyətlərini özündə ehtiva edir. Paylı mülkiyyət münasibətlərində mülkiyyətçilərdən birinin öz payı ilə bağlı hüququnu həyata keçirməsi digər payçıların mülkiyyət hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması ilə nəticələnməməlidir. Hazırkı halda iddiaçı tərəfindən natura şəklində bölgünün mümkünlüyünü göstərən ekspert rəyinin nəticəsi qəbul edilmir, eyni zamanda onun payının dəyərinin kompensasiya şəklində ödənilməsi təklifi ilə də razılaşılmır və əmlakın açıq hərracda satılması tələb olunur. Bu mövqe öz-özlüyündə mülkiyyətçinin öz payı üzərində hüquqlarını həyata keçirməsinin qanunla müəyyən edilmiş ardıcıllığına uyğun olub-olmaması məsələsinin araşdırılmasını zəruri edir. Görünür ki, iddiaçının torpaqların naturada bölünməsinin mümkünlüyünü nəzərdə tutan rəylə razılaşmamasının əsas səbəbi sonda açıq hərrac nəticəsində əldə edəcəyi gəlirdir. Məhkəmə tərkibi xüsusilə nəzərə alır ki, açıq hərracda satış nəticəsində əmlakın bütövlükdə özgəninkiləşdirilməsi digər paylı mülkiyyətçilərin həmin əmlak üzərində mövcud olan mülkiyyət hüquqlarına birbaşa təsir göstərəcək. Buna görə də belə nəticəyə yalnız qanunla nəzərdə tutulmuş digər imkanların mövcud olmadığı və ya həyata keçirilməsinin mümkün olmadığı müəyyən edildikdən sonra gəlinə bilər. İddiaçının naturada bölgünün mümkün olduğu halda həmin üsuldan imtina etməsi, kompensasiya almaq imkanını da qəbul etməməsi və birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etməsi onun mülki hüquqlarının həyata keçirilməsinin qanuni hədləri baxımından dəyərləndirilməlidir. Halbuki MM-in 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə tərkibi qeyd edir ki, hüquqdan sui-istifadənin müəyyən edilməsi üçün şəxsin subyektiv niyyətinin formal şəkildə müəyyən olunması deyil, onun konkret hüququ həyata keçirmə üsulunun qanunun məqsədlərinə, həmin hüququn mahiyyətinə və digər şəxslərin hüquq və qanuni mənafelərinə uyğun olub-olmamasının qiymətləndirilməsi əhəmiyyət kəsb edir. Hazırkı halda iddiaçının öz payının naturada ayrılması mümkün olduğu halda bundan imtina etməsi, kompensasiya variantını qəbul etməməsi və yalnız əmlakın açıq hərracda satılmasını tələb etməsi, xüsusilə də bu tələbin digər payçıların həmin əmlak üzərində hüquqlarına xitam verilməsi ilə nəticələnəcəyinin nəzərə alınması, iddiaçının seçdiyi hüquqi müdafiə üsulunun qanunun məqsədinə uyğunluğunun şübhə altına alınmasına əsas verir. Halbuki, ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ya ondan payın ayrılması zamanı mülkiyyətçilərin hüquq və qanuni mənafelərinin qarşılıqlı şəkildə nəzərə alınması tələb olunur. Mülki Məcəllənin 220.3–220.6-cı maddələrinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi, əmlakın açıq hərracdan satılması ilkin və müstəqil üsul olmayıb, naturada bölgünün və kompensasiya imkanının nəticəsiz qalmasından sonra nəzərdən keçirilə bilən hüquqi vasitədir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi 0,47 ha və 0,38 ha torpaq sahələrinin naturada bölünməsinin mümkün olmadığını müəyyən etməklə və bunun əsasında həmin əmlakların açıq hərraca çıxarılmasına dair nəticəyə gəlməklə iş üzrə mövcud sübutları tam və hərtərəfli qiymətləndirməmiş, payın ayrılması ilə bağlı qanunda nəzərdə tutulmuş mərhələləri nəzərə almamışdır. Nəticə etibarilə, iddiaçının öz payına dair hüququnun həyata keçirilməsini tələb etmək hüququ mövcud olsa da, həmin hüququn həyata keçirilməsi qanunla müəyyən edilmiş üsul və ardıcıllıqdan kənara çıxmaqla, digər mülkiyyətçilərin hüquq və qanuni mənafelərinin nəzərə alınmaması hesabına həyata keçirilə bilməz. Əks yanaşma ümumi paylı mülkiyyət münasibətlərində tərəflərin hüquqlarının balansının pozulmasına və hüquqdan sui-istifadəyə yol verilməsi riskinin yaranmasına səbəb ola bilər. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdehlər iddiaçının mübahisəli əmlakdakı paylarının onlara naturada ayrılması və ya başqa formada təmin edilməsi ilə bağlı razılıq verməmiş, bununla da ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi məsələsində razılığa gələ bilməmişlər. Belə vəziyyətdə iddiaçının öz paylarının ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququ vardır. Hazırkı iş üzrə iddiaçının məqsədi öz payının naturada ayrılması deyil, mübahisəli əmlakın açıq hərrac yolu ilə satılması nəticəsində həmin payın pul ifadəsində əldə edilməsidirsə, belə tələbin irəli sürülməsi zamanı hərracın tətbiqinin qanunla müəyyən edilmiş ilkin şərtlərinin mövcudluğu ayrıca müəyyən edilməlidir. Belə ki, əmlakın hərracdan satılması naturada bölgünün mümkün olduğu halda ona alternativ və ya iddiaçının sərbəst seçə biləcəyi üsul kimi qəbul edilə bilməz. Digər tərəfdən, cavabdehlərin iddiaçının payının verilməsinə razı olmaması, iddiaçının hüququnun həyata keçirilməsini mümkünsüz etmir. Məhz tərəflər arasında razılığın əldə olunmaması halında Mülki Məcəllənin 220.3-cü maddəsi iddiaçıya öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək imkanı verir. Buna görə də cavabdehlərin payın ayrılmasına razı olmaması ilə iddiaçının əmlakın hərracdan satılmasını tələb etməsi arasında birbaşa hüquqi bağlılıq yaradılmamalıdır. xxxx” MMC tərəfindən verilmiş **-**/** nömrəli, ##.##.2026-cı il tarixli mütəxəssis rəyində isə qeyd olunan torpaq sahələrinin naturada bölünməsinin mümkünlüyü müəyyən edilmişdir. Belə ki, rəyin 4-cü səhifəsində əks olunan bölgü planı 2-də 0,47 ha torpaq sahəsinin dörd mülkiyyətçinin payına uyğun olaraq bölünməsi nəzərdə tutulmuş və ikinci bölgü kimi göstərilən hissənin iddiaçının 1/4 payına uyğun olduğu müəyyən edilmişdir. Həmin hissənin torpaq sahəsinin şimalından 37,88 m, cənubundan 28,33 m, şərqindən 26,13 m, 9,83 m və 6,54 m, qərbindən isə 32,79 m ölçülərində olduğu göstərilmişdir. Eyni zamanda, həmin ekspert rəyinin 3-cü səhifəsində əks olunan bölgü planı 1-də 0,38 ha torpaq sahəsinin də naturada bölünməsinin mümkünlüyü müəyyən edilmiş, dördüncü bölgü kimi göstərilən hissənin iddiaçının 1/4 payına uyğun olduğu müəyyən edilmişdir. Həmin hissənin şimalından 20,53 m, cənubundan 32,14 m, şərqindən 37,39 m, qərbindən isə 40,05 m ölçülərində olduğu rəyin nəticə hissəsindən görünür. Beləliklə, ekspert tərəfindən aparılmış tədqiqat nəticəsində hər iki torpaq sahəsinin faktiki olaraq mülkiyyətçilərin paylarına uyğun hissələrə ayrılmasının mümkünlüyü müəyyən edilmiş, həmin bölgünün konkret ölçüləri və yerləşmə istiqamətləri müvafiq bölgü planlarında göstərilmişdir. Odur ki, 0,47 ha və 0,38 ha torpaq sahələri üzrə iddiaçıya məxsus 1/4 payın naturada ayrılması mümkün olduğu halda, həmin əmlakların bütövlükdə açıq hərraca çıxarılmasına zərurət yaranmır. İddiaçının payının naturada ayrılması onun ümumi mülkiyyətdə olan əmlak üzərində hüququnun təmin edilməsinə, eyni zamanda digər mülkiyyətçilərin həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının saxlanılmasına imkan verir. Odur ki, iddiaçının 0,47 ha və 0,38 ha torpaq sahələrindəki 1/4 paylarının məhz “xxxx” MMC tərəfindən verilmiş **-**/** nömrəli, ##.##.2026-cı il tarixli mütəxəssis rəyində müəyyən edilmiş bölgü planlarına uyğun olaraq naturada ayrılması məqsədəmüvafiq hesab edilməlidir. Apellyasiya şikayətinin paylı mülkiyyətçilərdən mərhum İslamov Ziyadxan Mayıl oğlundan qalan miras əmlakla bağlı vərəsəlik işinin açılmaması və vərəsələrin paylarının müəyyən edilməməsi barədə dəlilini əsassız hesab edən məhkəmə tərkibi qeyd edir ki, hazırkı mübahisənin predmetini paylı mülkiyyətdə olan torpaq sahələri üzərində iddiaçıya məxsus payın müəyyən edilməsi və həmin payın naturada ayrılması təşkil edir. Hazırkı iş üzrə vərəsələrin dairəsinin və onların miras əmlakdakı paylarının müəyyən edilməməsi hazırkı iş üzrə iddiaçıya məxsus payın tanınmasına və naturada ayrılmasına mane olan hal kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən 0,47 ha və 0,38 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və köməkçi tikililərlə birlikdə açıq hərraca çıxarılması və satışdan əldə olunmuş pul vəsaitinin ¼ hissəsi iddiaçı İslamov Rauf Ziyadxan oğluna ödənilməsi hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh İslamova Gülxanım Həşim qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən-JN-025A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,47 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və köməkçi tikililərlə birlikdə açıq hərraca çıxarılması və satışdan əldə olunmuş pul vəsaitinin ¼ hissəsi iddiaçı İslamov Rauf Ziyadxan oğluna ödənilməsi, 0,47 ha torpaq sahəsinin ilkin bazar dəyəri 42300 manat müəyyən edilməsi, JN-025B (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,38 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və köməkçi tikililərlə birlikdə açıq hərraca çıxarılması və satışdan əldə olunmuş pul vəsaitinin ¼ hissəsi iddiaçı İslamov Rauf Ziyadxan oğluna ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. JN-025A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,47 ha torpaq sahəsi üzərində iddiaçı İslamov Rauf Ziyadxan oğlunun ¼ hissədə payı müəyyən edilsin və “xxxx” MMC tərəfindən verilmiş **-**/** nömrəli, ##.##.2026-cı il tarixli mütəxəssis rəyinin 4-cü səhifəsində bölgü planı 2-də ikinci bölgü kimi qeyd edilmiş hissə (torpaq sahəsinin şimalından 37.88 m; cənubundan 28.33 m; şərqindən 26.13 m, 9.83 m, 6.54 m; qərbindən 32.79 m) naturada ayrılaraq onun mülkiyyətinə verilsin. JN-025B (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,38 ha torpaq sahəsi üzərində iddiaçı İslamov Rauf Ziyadxan oğlunun ¼ hissədə payı müəyyən edilsin və “xxxx” MMC tərəfindən verilmiş **-**/** nömrəli, ##.##.2026-cı il tarixli mütəxəssis rəyinin 3-cü səhifəsində bölgü planı 1-də dördüncü bölgü kimi qeyd edilmiş hissə (şimalından 20.53 m; cənubundan 32.14 m; şərqindən 37.39 m; qərbindən 40.05 m) naturada ayrılaraq onun mülkiyyətinə verilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-856/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-856/2026
17.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver