Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2129/2025 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Əliyev İlhami Şahmalı oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı Əliyev İlhami Şahmalı oğlu və onun nümayəndəsi(vəkil) vəkil1, cavabdeh Cavabdeh nümyəndəsi(vəkil) vəkil2 Nemət qızının iştirakı ilə, iddiaçı Əliyev İlhami Şahmalı oğlunun(bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan hərəkətlərin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Ağdam rayonu, Əfətli kəndində yerləşən 0,12 ha torpaq sahəsinə cavabdehin mülkiyyət hüququ ## ### 2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır (********** qeydiyyat nömrəli çıxarış). Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus Ağdam rayonu Əfətli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyətçi hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərinin aradan qaldırılmasına və həmin hərəkətlərin cavabdehə qadağan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayonu Əfətli kəndndə yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur, həmin torpaq sahəsi üzərində 3 otaq zal və mətbəxdən ibarət yaşayış evi tikdirmişdir. Qeyd olunan yaşayış evinin dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş, lakin keçmiş gəlini, cavabdeh Cavabdeh təşkilatın mütəxəssislərini təhqir edərək evə baxış keçirmələrinə və qanunda nəzərdə tutulmuş ölçü işlərinin aparılmasına mane olmuşdur. Bu səbəbdən də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bərdə Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə yaşayış evinin dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur, həmin məktubda cavabdeh Cavabdeh tərəfindən Daşınmaz Əmlakın mütəxəssislərinə texniki baxışın keçirilməsinə mane olması səbəbindən müayinə baxışının keçirilməsi mümkün olmadığı göstərilmişdir, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyətində olan həmin torpaq sahəsindən sərbəst mülkiyyətçi hüquqlarını həyata keçirə bilmir. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) *(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı Əliyev İlhami Şahmalı oğlunun mülkiyyətində olan Ağdam rayonu, Əfətli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyətçi hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərin aradan qaldırılması və həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərin edilməsinin cavabdeh Cavabdeh qadağan edilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Ağdam rayonu, Əfətli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin iddiaçı Əliyev İlhami Şahmalı oğlunun mülkiyyətində olması mübasələndirilməyən haldır. Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə Əliyev İlhami Şahmalı oğluna ünvanlanmış bildirişdən görünür ki, idarənin mütəxəssisləri Ağdam rayonu Əfətli kəndində olan qeyd olunan əmlaka baxış üçün əraziyə getmiş, lakin ailə üzvləri arasında əmlak mübahisəsi olduğu üçün evin gəlininin qəti narazılığı səbəbindən müayinə baxışın keçirilməsi mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunan bu hal iddiaçının mülkiyyət hüquqlarından istifadə etməyə maneə törədir. Belə olan halda həmin maneə aradan qaldırılmalıdır. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 164.1, 165.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri İddiaçının məhkəməyə verdiyi izahatda ziddiyyət mövcud olmuşdur. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun ##.##.2025-ci ildə qeydə alınması və orada inşa edilmiş tikililər üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair imtinanın ##.##.2025-ci ildə iddiaçıya təqdim edilməsinə baxmayaraq iş üzrə 1 ay 5 gün ərzində iddiaçının həmin ünvanda hansı qaydada tikili inşa etdirə bildiyini aydınlaşdırmamışdır. İddianı təmin edən məhkəmə qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 164.1, 165.1 maddələri ilə əsaslandırmışdır. İşin həqiqi halları bundan ibarətdir ki, cavabdeh iddiaçı İlhami Əliyevin oğlu Əlizadə Cavid İlhami oğlu ilə ##.##.2016-cı ildə nikah bağlamaqla ailə qurmuşdur. Bu münasibətdən onların ##.##.2017-ci il təvəllüdlü Pünhan adlı oğlu olmuşdur. Ailə qurarkən cavabdeh Cavid Əlizadənin atası İlhami Əliyevə məxsus fərdi yaşayış evinə gəlin köçüb orada yaşamışdır. Ancaq sonradan Cavid Əlizadəyə məxsus Əfətli kənd ƏİD-nin Məmmədbağırlı kəndində yerləşən 0,12 ha torpaq sahəsində özləri üçün ev tikməyə başlamışlar. Belə ki, 2018-ci ildə məşğulluqdan onlara 3 ədəd yanıbalalı inək vermişdirlər. Hansı ki, onu bəsləyərək 9 inəyə çatdırmışlar. Əlavə olaraq cavabdehin atası Elmar cavabdehə qoyun alıb böyütmək üçün 18.000 manat pul vermişdir. Hansı ki, həmin qoyunları da bəsləyib qazanc əldə etməli idilər. Bu niyyətlə də həmin həyətdə 2018-ci ildə 12x10 kv. metr olan ölçüdə dam tikmişlər. Sonra isə cavabdehin atasının verdiyi pulla yanıbalalı cəmi 50 ədəd qoyun almışlar. Həmçinin cavabdeh həyətdə toyuq-cücəyə də baxmağa başlamışdır. Bir müddətdən sonra 9 ədəd inəyi və 50 ədəd böyüdülmüş qoyunu satıb həmin həyətdə 11x 21 metr ölçüdə 1 mərtəbəli 6 daşdan kürsülü evin tikintisinə başlamışdır. 2019-cu ildə həyətdə tikilən ev tam tikilib başa çatdığından və damı örtüldüyündən evin 1 otağını, mətbəxini və sanuzelini zəruri əşyalarla təmin edib orada yaşamağa başlamışlar. X1 içki aludəçisi olduğundan cavabdehdən pullar tələb edirdi. Cavabdeh isə ev tikdirdiklərini əsas gətirib ona pulu xərcləməsinə mane olduğundan Cavid Əlizadə 2020-ci ildə cavabdehə qarşı nikahın pozulmasına dair iddia qaldırmışdır. Həmin vaxt Cavid Əlizadə heç bir yerdə işləmirdi və münaqişə etməməsi üçün cavabdeh ondan aliment tələb etməmişdir. Tərtər Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə Cavid Əlizadənin iddiası əsasında aralarındakı nikah pozulmuşdur. Ancaq yenə də bir evdə yaşadıqlarından barışıb birgə yaşamağa davam etmişlər. Cavabdeh yenə də toyuq bəslədiyindən 2-ci cücə sexi tikib qazanclarını artırmağa çalışmışdır. Cavid Əlizadə cavabdehə həmin cücə sexinin içərisini təmir etdirmək üçün kredit götürmək istədiyini, cavabdehin ona zamin duracağı halda həmin pulu alıb ona kömək etmək istədiyini bildirdiyindən ona inanıb “xxxx” QSC-nin Bərdə filialından onun adına kredit xəttinin açılmasına özü və bacısı Şəhanə Əlizadə zamin olmuşdur. ##.##.2023-cü ildə həmin xətt üzrə Cavid Əlizadəyə 12.000 manat kredit verilmişdir. Bankdan kredit götürdükdən sonra Cavid Əlizadə vəd etdiyi kimi cücə sexinin təmiri üçün cavabdehə heç bir vəsait verməmişdir. Digər tərəfdən Şəhanə Əlizadə həmin kredit üzrə zamin olduğundan onun əmək haqqından kredit ödənişi tutulacağı halda ailəsində münaqişə yaranmaması üçün aylıq 633 manat vəsaiti cavabdeh ödəmişdir. 7 ay həmin pulu öz kartından ödəsə də, 7 aydan sonra kartda problem yarandığından 3 ayı da Cavid Əlizadəyə əlbəəl vermiş, sonuncu da həmin pulu dostu Laçının kartı vasitəsilə ödəmişdir. Cavabdehdən xəbərsiz Cavid Əlizadə həmin kredit xətti üzrə ## ###### 2024cü ildə əlavə 3000 manat aldığından həmin kreditin ödənilməsində problemlər yaranmağa başlamışdır. Bu səbəbdən Cavid Əlizadə əvvəl götürmüş olduğu krediti cəmləməsi və cavabdehin ödədiyi 6330 manat pulu cavabdehə qaytarmağı vəd verdiyindən yenidən ## ####### 2024-cü ildə Cavid Əlizadənin “YelloBank”dan cavabdehin zaminiliyi ilə kredit götürməsinə zamin durmağa razılaşmışdır. Cavid Əlizadə cavabdehi yenə aldatdığından məcbur qalıb aylıq ödənişdən artıq olmaqla aylıq 1028 manat olmaqla ödəyib krediti bağlamağa çalışmışdır. Daha sonra Cavid Əlizadə cavabdehdən evdən çıxmağını tələb etmişdir. Cavabdeh etiraz etdikdən sonra o, cavabdehi döymüş, bununla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Sonuncu dəfə ## ### 2025-ci il tarixdə krediti ödədikdən sonra Cavid Əlizadəyə krediti ödəməyəcəyini bildirdiyindən o da cavabdehin həyətə gələn yolunu bağlamaqla onu evdən çıxartmağa çalışmışdır. Cavid Əlizadə evin satılmağına cavabdeh razılıq vermədikdən sonra, həmin fərdi yaşayış evinin tikintisinə qoyduğu vəsaiti və əmlakın dəyərini artıran hərəkətlərini nəzərə almadan, ## ### 2025-ci il tarixdə ************* saylı bağışlama müqaviləsinə əsasən həmin 0,12 ha torpaq sahəsini atası Əliyev İlhami Şahmalı oğluna bağışlamışdır. Bundan sonra isə atası İlhami Əliyev cavabdehin inşa etdirdiyi tikililəri öz adına qeydə alınması ilə bağlı ölçü işləri aparmaq üçün * saylı Bərdə Ərazi İdarəsinin nümayəndələri ilə həyətinə gələrkən cavabdeh mane olmuşdur. Cavid Əlizadə 0,12 ha torpağı atası İlhami Əliyevə bağışlayarkən onun inşa etdirdiyi tikililərin yerləşdiyi torpağı bağışlamaqla cavabdehin əmlakını əlindən çıxarmağa çalışmışdır. Həmin 0,12 ha torpaq sahəsi Ağdam rayonu Əfətli Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı, torpaqların alğı-satqısına dair ## ### 2007-ci il tarixli *** saylı aktı əsasında ## #### 2021-ci il tarixdə 1821013249 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümyəndəsi(vəkil) vəkil2 Nemət qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi(vəkil) vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84.3 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri məlumatlardan məlum olur ki, cavabdeh Cavabdeh iddiaçı Əliyev İlhami Şahmalı oğlunun oğlu Əlizadə Cavid İlhami oğlu ilə ##.##.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların ##.##.2017-ci il təvəllüdlü Pünhan adlı övladı olmuş, sonradan onların nikahı Tərtər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, hazırda iddiaçının mülkiyyətində olan Ağdam rayonu, Əfətli kəndində yerləşən 0,12 ha torpaq sahəsi cavabdehin Cavid Əlizadə ilə nikaha daxil olmasından əvvəl, ##.##.2007-ci il tarixdə Ağdam rayonu Əfətli Bələdiyyəsinin ** №-li qərarı və torpaqların alğı-satqısına dair ##.##.2007-ci il tarixli *** nömrəli akt əsasında Cavid Əlizadəyə satılmışdır. Cavid Əlizadənin həmin sənədlər əsasında əldə etdiyi torpaq sahəsi ##.##.2021-ci il tarixdə 1821013249 qeydiyyat №-si ilə daşınmaz əmlakın dövlət reyestrində Cavid Əlizadənin adına dövlət qeydiyyatına alınmışdır. Daha sonra, ##.##.2025-ci il tarixdə Cavid Əlizadə həmin torpaq sahəsini bağışlama müqaviləsinə əsasən atası, hazırkı iş üzrə iddiaçı Əliyev İlhami Şahmalı oğluna bağışlamış və nəticədə torpaq sahəsinə dair mülkiyyət hüququ iddiaçının adına dövlət reyestrində qeydə alınmışdır. İş materiallarından görünür ki, torpaq sahəsinə dair mülkiyyət hüququnu əldə etdikdən sonra iddiaçı həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması və müvafiq sənədləşdirmənin aparılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmişdir. Həmin müraciətlə əlaqədar qurumun mütəxəssisləri mübahisəli torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə baxış keçirmək, qanunvericilikdə nəzərdə tutulmuş müayinə və ölçü işlərini aparmaq üçün əraziyə gəlmişlər. Lakin iş materiallarında olan ##.##.2025-ci il tarixli bildirişdən göründüyü kimi, iddiaçı və cavabdeh arasında əmlak mübahisəsinin olması və cavabdehin narazılığı səbəbindən mütəxəssislərin əraziyə daxil olaraq müayinə-baxış işlərini aparması mümkün olmamışdır. Nəticədə yaşayış evinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətin icrasından imtina edilmişdir. Cavabdeh mütəxəssislərin fərdi yaşayış evinə baxış keçirmək üçün torpaq sahəsinə daxil olmasına etirazını onunla izah edir ki, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisi onun keçmiş əri Cavid Əlizadə ilə ailə münasibətləri dövründə həyata keçirilmiş, tikintiyə həm onun, həm də ailə üzvlərinin vəsaiti və əməyi sərf edilmişdir. Onun bildirdiyinə görə, Cavid Əlizadə ilə birlikdə 2018-ci ildən etibarən həmin torpaq sahəsində təsərrüfat fəaliyyəti ilə məşğul olmuş, sonradan əldə etdikləri vəsait hesabına yaşayış evinin tikintisinə başlamış və 2019-cu ildə tikilidə yaşamağa başlamışlar. Cavabdeh həmçinin həmin əmlakın yaradılmasına və saxlanılmasına vəsait sərf etdiyini, o cümlədən Cavid Əlizadənin müxtəlif kredit öhdəlikləri üzrə ödənişləri həyata keçirdiyini bildirmişdir. Cavabdehin izahatına görə, mübahisəli yaşayış evinin onun iştirakı və vəsaiti hesabına inşa edilməsinə baxmayaraq, Cavid Əlizadənin ##.##.2025-ci il tarixdə həmin torpaq sahəsini bağışlama müqaviləsi əsasında atasına verməsi onun əmlak maraqlarına toxunur. Məhkəmə tərəflər arasında yaranmış bu mülki mübahisənin həlli ilə bağlı bildirir ki, iş materiallarına əsasən müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə Cavid Əlizadə ilə iddiaçı Əliyev İlhami Şahmalı oğlu arasında bağlanmış bağışlama müqaviləsi əsasında mübahisəli 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququ iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında həmin müqavilənin etibarsız hesab edilməsi, ləğv edilməsi və ya onun əsasında aparılmış dövlət qeydiyyatının hüquqi qüvvəsinin aradan qaldırılması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu baxımdan Məhkəmə hazırkı iş üzrə iddiaçının torpaq sahəsinə dair dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun qüvvədə olduğunu qəbul edir və hesab edir ki, həmin hüququn həyata keçirilməsinə cavabdeh tərəfindən müdaxilənin hüquqi əsasının olub-olmaması müəyyən edilməlidir. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mülkiyyətçinin öz əmlakı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qeydiyyat və sənədləşdirmə prosedurlarından istifadə etməsi də mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı hərəkətlərdən biri kimi qiymətləndirilməlidir. Hazırkı halda həmin prosedurun həyata keçirilməsi üçün zəruri olan baxış və ölçü işləri cavabdehin etirazı nəticəsində aparılmamış və bununla da iddiaçının müraciəti üzrə dövlət qeydiyyatı və sənədləşdirmə prosesinin davam etdirilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin torpaq sahəsinin və üzərində yerləşən tikilinin ailə münasibətləri dövründə istifadə edilməsi, yaşayış evinin tikintisinə vəsait və əmək sərf olunması ilə bağlı izahatları onun mübahisəli torpaq sahəsinə dair iddiaçının dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnu məhdudlaşdırmaq və ya həmin hüququn həyata keçirilməsinə mane olmaq səlahiyyətinin mövcudluğunu təsdiq etmir. Həmin hallar cavabdehin yaşayış evinə və ya həmin əmlaka dair hər hansı hüququnun mövcudluğu barədə ayrıca hüquqi tələb irəli sürməsi məsələsinə aid olmaqla, hazırkı iş üzrə iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradılmasına hüquqi əsas vermir. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu hissədə irəli sürülən dəlilləri Rayon Məhkəməsinin gəldiyi nəticəni təkzib edən hüquqi əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin apellyasiya şikayətində torpaq sahəsinin ##.##.2025-ci il tarixdə iddiaçının adına rəsmiləşdirilməsi ilə ##.##.2025-ci il tarixdə yaşayış evinə baxış keçirilməsinin mümkün olmaması arasındakı müddətə dair irəli sürülən dəlili də əsaslı hesab etmir. Həmin dəlilin mahiyyəti ondan ibarətdir ki, torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi ilə yaşayış evinə baxış keçirilməsi arasında qısa müddət olduğundan, bu müddət ərzində belə tikilinin yaranması mümkün deyildir. Lakin cavabdehin bu yanaşması mübahisəli tikilinin yaranma tarixini torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına keçdiyi tarixlə eyniləşdirir. Halbuki cavabdehin öz izahatından da göründüyü kimi, mübahisəli tikilinin inşası 2018-2019-cu illərdə, yəni iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu əldə etməsindən xeyli əvvəl həyata keçirilmişdir. Buna görə də torpaq sahəsinə dair mülkiyyət hüququnun 2025-ci ildə iddiaçının adına keçməsi ilə yaşayış evinin həmin tarixdən əvvəl faktiki mövcud olması arasında ziddiyyət yoxdur. İddiaçının müraciətinin məqsədi də yeni yaşayış evinin inşası deyil, mövcud tikilinin dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş baxış və ölçü işlərinin aparılması olmuşdur. Beləliklə, mübahisəli yaşayış evinin əvvəlki illərdə inşa edilməsi və həmin tikilinin yaradılmasında cavabdehin də iştirak etdiyini bildirməsi iddiaçının sonradan əldə etdiyi və dövlət reyestrində adına qeydə alınmış torpaq sahəsinə dair mülkiyyət hüququnun mövcudluğunu və həmin hüququ həyata keçirmək imkanını aradan qaldırmır. Cavabdehin bu hallarla bağlı hər hansı əmlak hüququnun olduğunu hesab etdiyi halda, həmin hüququn müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi vasitələrdən istifadə etməsi mümkündür. Lakin belə mübahisənin mövcudluğu iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsi üçün aparılması zəruri olan baxış və ölçü işlərinin qarşısının alınmasına əsas vermir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər Rayon Məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə MPM-nin 384.0.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətinə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2129/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2129/2025
14.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver